“Evimizdə düyü bişmir, manqalım yoxdur, keflənəndə isə şənlənirəm” - Sabir Rüstəmxanlı ilə söhbət
Bizi izləyin

Digər

“Evimizdə düyü bişmir, manqalım yoxdur, keflənəndə isə şənlənirəm” - Sabir Rüstəmxanlı ilə söhbət

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, Vətəndaş Həmrəyliyi Partiyasının sədri, 72 saylı Yardımlı-Masallı seçki dairəsindən deputat seçilmiş Sabir Rüstəmxanlı... Biz onu hər zaman belə təqdim etmişik. Qanunverici orqanın deputatı, partiya sədri kimi. Lakin “Siyasətsiz siyasətçi” rubrikasının növbəti qonağı olan Sabir Rüstəmxanlını adi vətəndaş, ailə başçısı kimi müsahib seçdik. Söhbətimiz qeyri-siyasi olsa da, onu qalstukunu çıxartmağa razı sala bilmədik.

“Onlar qalstuksuz olsunlar, mən qalstuklu...”

- Sabir bəy, “Siyasətsiz siyasətçi” rubrikamızın qonaqları qalstuksuz olmalıdırlar və söhbətin də mövzusu qeyri-siyasi olmalıdır. Əvvəlki qonaqlarımızdan fərqli olaraq, qalstukunuzu çıxarmadınız.

- Onlar qalstuksuz olsunlar, mən qalstuklu (gülür). Şükür Allaha ki, hər şey qaydasındadır. Dünyanın, millətin, ölkənin vəziyyəti necədirsə, bizim də vəziyyətimiz o cürdür. Belə hallar çox olur - şəxsi məsələlərlə bağlı suallar verilir, amma söhbət fırlanıb gəlir dünyada baş verən proseslərə. Çünki bu dünyanın üstündə yaşayırıqsa, ondan təcrid olunmaq mümkün deyil. “Zaman məndən keçir” şeirim var:

Ürəyim bir qaçqın düşərgəsidir,

Keçir körpələrin göz yaşı məndən

Elə bilirəm 25 ildir ürəyim qaçqın düşərgəsidir. Bir sözlə, dünyadan təcrid olunmaq mümkün deyil.

- Nə çox dəyişmisiniz! Saçlarınız da yaman ağarıb. Bu nə ilə bağlıdır – qayğılar çoxalıb, həyatın yükü artıb, yoxsa..?

- Şübhəsiz ki, qayğılar da artıb, həyatın yükü də. Bir şeirimdə deyirəm ki, “Şöhrət artıranın qeybəti artır”. Təəssüf ki, mühitimiz o qədər də sağlam deyil. Çevrən, ətrafın... Dünyanı çox gəzmişəm. Biz çox hallarda öz mühitimizi, torpağımızı öz vətəndaşımız üçün cəhənnəmə çeviririk. Kiçik dedi-qodularla, qeybətlərlə, rüşvətlə... Gərək insan öz vətənində, yurdunda özünü evindəki kimi hiss etsin. Havasını rahat udsun. Təəssüf ki, bəzən dincəlməyə öz mühitimizdən kənara qaçırıq.

- Bildiyimə görə, sutka ərzində çox az yatırsınız.

- Mən, demək olar ki, həmişə rejimsiz yaşamışam. Ciddi bir rejimim yoxdur. Nə vaxt yemək, nə vaxt içmək. Nə vaxt imkan olub onda yatmışam, nə vaxt imkan olub onda çörək yemişəm. Məsələn, bu gün gecə saat 2-də yatmışam, sübh tezdən oyanmışam. Yuxusuzluq mənim ömürlük problemimdir. Özümü bu cəzaya məhkum eləmişəm.

- Niyə?

- İşləməsəm, yazmasam, yaşaya bilmirəm. Yazanda da rahat yaşaya bilmirəm.

“... bu sarıdan özümü çox da səliqəli adam hesab edə bilmirəm”

- Əyninizdəki kostyumu özünüz seçmişiniz?

- Mən bu sarıdan özümü çox da səliqəli adam hesab edə bilmirəm. Xaricə gedəndə paltar alıram. Bakıda son illər yeni geyim almamışam. Baxmayaraq ki, dünyanın hər yerində nə varsa, Bakıda da var. Sadəcə olaraq, paytaxtımızda iki dəfə baha qiymətə satılır. Məsələn, Bakıda alacağın kostyumun puluna Türkiyədə 3 kostyum ala bilərsən. Qiymət fərqləri təxminən belədir. Paltarı yoldaşımla seçib alıram. Ola bilsin, uşaqlardan biri yanımda olsun. İldə bir-iki dəfə. Paltarı bu cür seçirəm. Onda da kostyum alıram. Çalışıram cibimə uyğun olan yerlərdən paltar seçim. Kiçik şeyləri – qalstuku, köynəyi isə yox. Evdə bunun səliqə-sahmanına baxırlar. Bəzən elə olur, eyni kostyumu bir neçə ay geyinirəm, dəyişmək yadımdan çıxır. Amma köynəklə, qalstukla bağlı xüsusi rejimim var. Məsələn, bir köynəyi 3 gündən artıq geymirəm. Ayaqqabını da uzun müddət geyinirəm. Bəzən o qədər köhnəlir ki, evdə deyirlər bu ayaqqabı səndən bezdi, yoruldu. Təzə ayaqqabı geymək, ayağının ona öyrəşməsi zülmdür (gülür). Bəzən də elə olur, təzə ayaqqabını çıxarıb köhnəni geyinirəm.

- Bildiyimə görə, evə də vaxtlı-vaxtında gəlmirsiniz. Sistemsizlik mövcuddur.

- İndi mümkün qədər vaxtıma qənaət edirəm. Çalışıram ki, işdən sonra tədbir olmayanda evə gedim. Ancaq tədbirlərin də ardı-arası kəsilmir. Demək olar, hər gün tədbir var. Toy mövsümlərində toylar ara vermir. Əgər onların hamısına vaxt ayırsan, özünə vaxt qalmır. Bunları nəzərə almasaq, evə vaxtında, işdən sonra gedirəm. Sistemsizlik daha çox əvvəlki - gənclik illərinə aid idi.

- Səhv etmirəmsə, kitabxananızda 2-3 mindən çox kitab var.

- Mənim çox zəngin kitabxanam var. Bakıda, Türkiyədə, Rusiyada və digər ölkələrdə aldığım kitablar məni evə cəlb edir. Deyirəm, kaş oxumağa çoxlu vaxtım olaydı. Gənclik illərində asudə vaxtlar kifayət qədər idi. Kaş bu kitablar onda olaydı. Saylarını dəqiq bilmirəm.

- Bayaqdan sayıram, elə burada – kabinetinizdə təxminən 600 kitab var.

- Bəli, burda 500-600 kitab var. Bunlardan qat-qat artığı evdə, bağdadır. Kitab oxumaqla yanaşı, yazı-pozuyla da məşğul oluram. Ola bilsin, şənbə-bazar rayona gedim, bacı-qardaşlarımla görüşüm. Həftəsonu özümü rəsmi işlərdən kənar saxlamağa çalışıram.

“Düyü bizim evimizdə o qədər də bişmir”

- Deyəsən, yeməklərdən plovu daha çox xoşlayırsınız.

- Yemək məsələsində heç bir tələbim və ərköyünlüyüm yoxdur. Evimizə Allah verəndən nə varsa, onu yeyirəm. Səhərlər ağartıyla ənənəvi qaydada yemək yeyirəm. Günorta burda (partiya qərargahında-müəl.) olduğuma görə, çox vaxt yeməyi də burda yeyirəm. Milli Məclisdə olanda arabir nahar edirəm. Ümumiyyətlə, ilin 365 gününün təxminən 300 gününü günorta nahar etmirəm. Axşam evə qayıdanda şam yeməyi, vəssalam.

- Səhv etmirəmsə, əvvəllər içki içirdiniz.

- Cavanlığımda kifayət qədər şair-yazıçı mühitində olduğumdan dostlarla, yoldaşlarla içirdik. Lakin hələ yadıma gəlmir ki, hansısa məclisdən keflənib gedim. Yaxud kefliliyimin hansısa layiqsiz nəticələri olsun. İndi içkiyə o qədər də meyilli deyiləm. Çox az içirəm. Bəziləri keflənəndə dalaşqan olur. Amma mən keflənəndə şənlənirəm. Yalnız zərurət olanda – hansısa dost məclisində, yaxud evdə əlamətdar nəsə olanda yüngülvari içirəm. Çox nadir hallarda evdə deyirəm ki, filan yemək bişirilsə, yaxşı olar. Evdə nə bişirilirsə, onunla kifayətlənirəm. Bizim Azərbaycan mətbəxinin öz yeməkləri var. Bu yeməklər bizə xolesterol qazandırsa da, ondan qopmaq olmur. Düyü yeməkləri bizim evimizdə o qədər də bişmir. Amma məclislərimizdə kifayət qədər olur. Ümumiyyətlə, milli mətbəxlərimizdə xolesterollu, yağlı – ziyanlı yeməklər kifayət qədərdir. Amma bizim evdə düyü yeməkləri çox az olur. Ya yoldaşımın doğulduğu bölgənin, ya da bizim bölgənin ənənəvi plovları bişirilir. Bunlar o plovlardır ki, onun tərkibində yağ, yaxud xolesterol azdır. Bizim evdə, demək olar ki, heç vaxt kabab çəkmirik. Ya bağ evində, ya da restorana gedəndə kabab olur. Bizim evdə, ümumiyyətlə, manqal yoxdur.

- Çayı da az içirsiniz.

- Bəli, çayı çox içən deyiləm. Səhər və günorta cəmi bir stəkan.

- Niyə? İndiki çayların tərkibinin ziyanlı olmasına görə?

- Yox, sadəcə, ürəyim istəmir. Əsasən su içirəm. Əgər tərkibi normaldırsa, təmizdirsə. Rayonlara gedəndə bulaq suyunu xüsusi qablarda gətirirəm. Dükandan aldıqda da çalışıram ki, yaxşı su olsun. Çünki mən gecələr yazı yazanda mütləq yanımda su olmalıdır. Meyvə - alma - daim yanımda, yazı masamın üstündə olmalıdır. Yaşa dolduqca qadağan olunan şeylərin heç birinə hələ qadağa qoya bilməmişəm. Məsələn, şirin şeyi gərək az yeyəsən. Amma mən bundan imtina etməmişəm. Evdə də zarafatla deyirəm ki, uşaqlıqda bunun qıtlığını çox çəkmişik. Əvəzini indi çıxırıq.

- Bacı-qardaşlarınız çoxdur.

- Bəli, uşaqlıqdan həmişə gur ailəmiz olub. Bacı-qardaşlarım çoxdur. Amma indi gur məclislərə vaxt yoxdur. Mümkün qədər tək qalmağa çalışıram. Bir vaxtlar baş götürüb gedir, sakit yerə çəkilib yazırdım. Öz evimdə yaradıcılıq otağıma çəkilib təklənmək xoşdur. Bir çox kitabları oxumaq, qeydləri oradan bura, burdan ora daşımaq yaxşıdır. Özün üçün sakitlik yaradıb işləmək çox yaxşıdır. İmkan düşəndə dağlara qaçmağı xoşlayıram – ya Şamaxıya, ya Yardımlıya. Bir neçə gün dağ havası olmayanda hiss edirəm ki, sanki dənizdən çıxmış balıq kimi nəsə çatışmır. Təəssüf ki, Bakının havası, yerləşdiyi yer uşaqlığı dağda keçmiş insanlar üçün darıxdırıcıdır. Amma elə öyrəşmişəm nə burdan qopa bilirəm, nə də rahat yaşaya...

“... ordan yüz faiz mənim meyitim çıxmalı idi”

- Bir neçə dəfə ölüm təhlükəsi ilə üzləşmisiniz. Ən çox qorxduğunuz hansı hadisə olub?

- ... (Susub fikrə gedir)

- Onda birini mən deyim.

- Buyurun.

- Dünya Azərbaycanlıları Konqresinin tədbirindən gələndə təyyarədə yüksək təhlükə riski vardı.

- Hə, Dünya Azərbaycanlıları Konqresinin tədbirindən qayıdanda belə hadisə baş vermişdi. Bir dəfə də başqa təyyarədə belə bir hal yaşandı. Onda radar itmişdi. Mühərrikin biri sıradan çıxmışdı. Çexiya təyyarəsi ilə Bakıya uçanda baş vermişdi. Parisdə Güney Azərbaycan Milli Hökumətinin qurulmasının 60 illiyini qeyd edib geri qayıdanda belə hal baş verdi. Ondan əvvəl də bir dəfə Moskvaya gedəndə təyyarə qəbul edilmirdi. Çünki təkərlər açılmırdı. İki saat havada qaldıq. Zarafatla bir-birimiz üçün nekroloq yazırdıq. Amma mən bunların heç birində ölüm təhlükəsi hiss etmədim və vahimələnmədim. Ölüm təhlükəsi hiss etdiyim vaxt Qara dəniz sahilinə - Bolqarıstana turist aparanda olub. Dəniz sahilində istirahət edir, dincəlir, çimirdik. Çox uzağa üzürdüm. Bir dəfə bizim kursdan olan bir nəfər dedi ki, siz yaxşı üzürsünüz, gəlin birlikdə üzək. Uzaq məsafəyə üzdük. Elə bir yer idi ki, sahildən xeyli aralıydı. Üzə-üzə söhbət edirdik. Adı Aleksey idi. O, yüksək peşəkarlığa malik adam idi. Geri qayıdanda o dedi ki, mən Azərbaycanın Vaterpol üzrə yığma komandasının mərkəz hücumçusuyam. O, mənə bu sözləri deyəndə sanki birdən-birə qollarım qurudu. Üzə bilmədim, kürəyi üstə suda uzandım. Heç dalğa da yox idi. Amma boğulmağa başladım. O, üzə-üzə çıxıb getdi. Hiss etdim ki, boğuluram. Sahilə cəmi bir neçə metr qalırdı. Bir neçə dəfə suyun dibinə batdım. Düşünürdüm ki, görəsən, necə olacaq? Sonuncu dəfə suya batanda hiss etdim ki, qollarım açıldı. Bədənimin gücü özünə qayıtdı. Üzüb sahilə çıxdım. Bir dəfə də keçmiş Qutqaşendə - indiki Qəbələdə suda təhlükə ilə üzləşdim. Suya baş vurdum, sən demə, o, adamı özünə çəkirmiş. Dizə qədər suya batdım. Ağacla birtəhər sahilə çıxdım. Başqa təhlükələr də olub. Məsələn, avtomobil qəzası. Hansı ki, oradan yüz faiz mənim meyitim çıxmalı idi. Cəlilabad yoluyla gedəndə yüksək sürətlə idarə etdiyim maşın aşdı. Amma Allah bizi qorudu. Yoldaşımın qabırğası batmışdı. Qəribədir ki, belə ağır qəzada mən heç nə olmamışdı. Saçlarıma şüşə qırıntılarının dolmasını nəzərə almasam, mənə isə heç nə olmamışdı.

- Avtomobilinizi özünüz sürürsünüz?

- Bəli. Yeri gəlmişkən, bir dəfə də sükan arxasında yatmışdım. Yuxu tutmuşdu. Bir kilometr dərinliyi olan uçurumun ətrafında ölüm təhlükəsi yaşadıq. Təsadüfən elə oldu ki, sola dönəndə məni yuxu tutdu. Qışqırığa oyandım. Halbuki tərsinə olsaydı, biz uçurumun dibinə yuvarlanacaqdıq.

“Əgər yalana bənzər nəsə bir şey olubsa, ümumi işin xeyrinə olub”

- Yalanlarla çox üzləşirsiniz?

- Təəssüf ki...

- Yəqin, özünüz də siyasətçi olaraq bəzi hallarda yalan danışırsınız.

- Təbiətim etibarilə yalandan uzaq adamam. Mənə ziyan verən şeylər olanda da çalışmışam düz danışım. Çünki yalan deyəndə başqalarından daha çox özüm özümü incidirəm. Ona görə ki, vicdanımı incidirəm. Prinsiplərimə zidd getdiyimi başa düşürəm. Ona görə ki, həyatda nə əldə etmişəmsə, düz söz dediyimə görə, içimdəki mənəvi rahatlıqla qazanmışam. Əgər yalana bənzər nəsə bir şey olubsa, ümumi işin xeyrinə olub. Üzümə yalan deyənlər də çox olur. Onların doğru danışmadıqlarını başa düşürəm. Amma bunu onların üzünə vurmuram. Belə olduqda, mən o adamların yerinə utanıram.

Anar Tağıyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm