Ləhlü lülü...
Bizi izləyin

Digər

Ləhlü lülü...

"Həyat tamaşadır adamlar onun aktyorları" - deyən Şekspir yəqin bilirdi ki, nə deyir.

S.Moem isə dahi faciə ustadının bu obrazlı ifadəsinə istinadən bir haşiyə çıxmışdı - "peşəkar aktyorlardan başqa. Çünki onlar səhnədə yorulana qədər aktyorluq edirlər və həyatda bunu etməyə ehtiyac qalmır". Eldəniz Zeynalov kimi.

Onun haqqında keçmiş zamanda danışmağa dilim gəlmir. Ölüm ona heç yaraşmır. Bəlkə də, buna görə onun ölüm xəbərini eşidəndə hamı bərk kədərlənib məyus olarkən, kimsə özünü saxlaya bilməyib ürəyindən keçən ani fikri dilinə gətirdi: "Öldü Eldəniz, - dedi, tərk edib bizi getdi, özü demişkən "ləhlü-lülü" oldu..."

Ətrafa dərin sükut çökdü. Hamı bir-birinə baxıb gülməkdən özünü güclə saxladı.

Bundan sonra daha bir nəfər ruhlanıb Eldənizlə bağlı lətifələrdən birini yada saldı: "Bir gün Eldənizin sənət dostlarından biri rəhmətə gedir. Hamı mərhumun cənazəsinin ətrafına yığışıb bir-bir ənənəvi vida sözlərini deyirlər. Növbə Eldənizə çatır. O yaxınlaşıb mafəni qaldırıb başını silkələyir:

-Hə, indi necəsən? - deyir, gördün? Ölüb getdin. Bax gör nəyə oxşayırsan? Armud qaxına! Bəs bilmirdin ki, Eldənizə rol verməyənin axırı belə olar?!!!

Bu dəfə hamı özünü saxlaya bilməyib gülür. "Neynək" - deyə kimsə bu gülüşə bəraət qazandırmaq istəyir, rəhmətlik toyda da əməllərindən qalmırdı. Yasda day mollanın başına nə oyunlar açmırdı. Heç adam inana bilmir ki, ölüb. Allah rəhmət eləsin, Eldəniz...

Yadıma gəlir ki, "Bizim Əsr" qəzeti üçün müsahibə götürmək istəyirdim. Zəng vurdum ona. Telefonda məni tanıyan kimi dil-boğaza qoymadı:

- Səndən nə əcəb? Aya-günə dönmüsən. Xeyir ola, bəlkə, yenə kinoda çəkiləcəyik hə, yoxsa kino birdəfəlik ləhlü-lülü oldu?

- "Bizim Əsr" üçün müsahibə götürmək istəyirəm.

- "Nə? Müsahibə? Ağəz, o boyda aktrisasan, müxbir işləyirsən? Hə... belə-belə... fikir vermə mən, zarafat edirəm... Yaxşı soruş.

- "Humay" mükafatını alanda Sizə nə qədər pul verdilər?

- Ağəz nə pul? Bəxtəvərlikdən danışırsan. Quşu verdilər qoltuğuma, dedilər get ləhlü-lülü!

- Bəs hədiyyə?

- Hədiyyə bir dənə qalstuk verdilər, bir dənə də fitçalan çaynik...

- Neynirsiz onları?...

- Ay aton behiştlik... Day neyniyəcəm? Qalstuku hərdən taxıram boynuma. "Aclıq olsun, kef olsun", hahaha... ləhlü-lülü... Çaynik də ki, hərdən fit çalır özüyçün...

- Filmə çəkilmək istərdiniz?

- Yaralı yerimə toxunma! Sən istəmirsən?... Belə də jizn olar? Mənə bax, sən ağıllı qızsan, qərdeş kimi məsləhət görürəm, müsahibə-zad yazma, hekayə, oçerk yaz səndə alınar, canımçün düz deyirəm... Əyübdü axı, adımız-sanımız var. Yaxşı?

-Yaxşı.

- Malades, arifə bir işarə kifayətdir...

Onun ölüm günü bayramlarla bir sıra dövlət tədbirləri ilə zəngin vaxta təsadüf etdi. Bu, təsadüf idimi, yoxsa həyatın qəribə qanunauyğunluğu? Həmin gün mərhum Hamlet Xanızadənin 60 illiyi ilə əlaqədar xatirə gecəsi keçirildi. Həmin gün Azərbaycan Dövlət Teleradio Şirkətinin yubileyi (Radio-60; Televiziya-45) qeyd olunurdu. Həmin gün Dünya Azərbaycanlılarının I Qurultayı ilə əlaqədar "Nizami" kinoteatrında Azərbaycan kinosu həftəsinin açılış mərasimi keçirildi. Həmin gün Eldəniz Zeynalov dəfn olundu... Mərhumun üçü cümə axşamına təsadüf etdi və həmin gün 10 gün əvvəl planlaşdırıldığı kimi, "Nizami" kinoteatrında onun çəkildiyi ilk film - "Bir cənub şəhərində" göstərildi...

Qaranlıq zalda işıldayan ekranda Eldənizin gənc qəhrəmanı yarı rus, yarı azərbaycanca izdiham qarşısında çıxış edib zalda əyləşənləri növbəti dəfə güldürərkən kimsə, qəhərlənib bərkdən "Allah sənə rəhmət eləsin, Eldəniz", - deyə boğuq səslə qışqırdı.

-"Ləhlü-lülü!.." - deyə qaranlıqda əks-səda gəldi...

O, elə komediya ustası idi ki, ölümü ilə də insanları güldürə bildi...

Oxumağa davam et
Reklam
Reklam

Gündəm