SƏSdən sonra
Bizi izləyin

Digər

SƏSdən sonra

Muğam Teatrının kafesi. Milli Parkın gecə səs-küyündən qaçıb Muğamın səssizliyinə pənah aparmışıq. Bu gecə yarısında zatən səssiz danışacaqdıq Akif İslamzadə ilə.

- Akif bəy, Səsin bitdiyi yerdən nə başlayır?

- Səs bitmir, yox olmur, kosmosun yaddaşında da olsa, qalır…

Bakını bitirən Xəzərə boylanmaq istəyirəm – bəlkə, "kosmik yaddaşı" axtarmaq üçün "sirli" qaranlığı görmək keçir könlümdən?

- Əslində, hər şeydən əvvəl Söz vardı. Səsdən sonra yəqin Rəng gəlir, - deyir.

Tapdım, Səsin Rəngini axtarırdım. Bəs, niyə qaranlıqda?

Səsin Özü

Səsin Sözlə birləşdiyi məqama aid məşhur deyim var: "Bu Səs ayrı aləmdir, ayrı dünyadan soraq verir"…

Bu Söz - sanki Səsin kosmik informasiyanı bizə çatdırması ismarışıdır.

- …Günlərin birində Akif İslamzadənin Səsini o aləmə yolladıq ki, Söz gətirə, amma özü geri qayıtmadı. Nə gördü orda, niyə qayıtmadı?

- …

Gözləri dolur, sakitcə əlini siqaretə uzadır. Bunu cavab kimi qəbul eləyirəm – siz də eləcə anlamağa çalışın.

- Akif bəy, Səs – İlahinin bir millətə ərmağanıdır. Nə boyda günah elədik ki, Tanrı Akif İslamzadə Səsini geri aldı?

- Səbəbsiz heç nə olmur. Bugünkü mənzərəyə baxanda Allahın məsləhətinə şükürlər oxuyuram. İndiki vaxtda adımın belə musiqi mühitində hallanmasını istəməzdim. Tanrı nəticəni bizdən əvvəl bildiyi üçün mənə bu yolu qoydu…

- Və sizi yaşaya-yaşaya yaddaşlara köçürdü…

- Elədir. 26 ildir oxumuram, ancaq hətta bu gün tanınmış, peşəkar müğənnilər mənə deyirsə ki, sizə gəlib çatmamışıq… Bunu yazma ha, qeyri-təvazökarlıq kimi çıxır.

- Belə yanaşmada öz-özünə təskinlik yoxdur ki?

- Yox, qətiyyən…

Səsin Rəngi

- Əgər sizdən sonra bir ənənə yaransaydı, bəlkə də bu təskinliyi anlamaq olardı. Ancaq…

- Bilirsən, niyə yaranmır? Çünki sözü, musiqini içindən keçirmir müğənnilər. Rəhmətlik Hacıbaba Hüseynov deyirdi ki, sənətkar elmli olmalıdır. Elm – dünyagörüşdür, miqyas genişliyidr. Hacıbaba dayını bir gün Seyid Əzimi oxuyan görürdüm, başqa gün Mopassanı, Balzakı… Ədəbi duyumu vardı - "Qraf Monte Kristo"nu oxuyandan sonra dedi ki, rejissorlar burdakı Abbat obrazını aça bilməyiblər, halbuki bütün əsərin episentrində dayanır bu obraz; necə ki, musiqimizin mərkəzində Üzeyir bəy dayanır.

- Üzeyir bəyə maraqlı keçid elədiniz…

- Üzeyir bəy mürşidimizdir, musiqidən danışırıqsa, onun adıyla başlamalıyıq. Bəzən mənə deyirlər ki, Azərbaycan xalq mahnılarını estrada ilə sintez eləmisiniz. Bu sintez Üzeyir bəyindir, mənim deyil: fikir, ideya onundur, biz, sadəcə ona forma vermişik, bir rəngini qabartmışıq…

- Sizin oxuduqlarınız Üzeyir bəy musiqisinin hansı rəngidi?

- O, əsərdən asılıdı. Ümumiləşdirsək, daha çox çəhrayı, bir az da yaşılı-zümrüdü rəngini oxumuşam...

Fikirləşmədən deyir və onun Səsin Rəngini gördüyünə heç şübhə etmirəm…

Sözsüz Səs

- Akif bəy, səsiniz nə vaxt getdi?

- Müğənnilər səsdəki narahatlığı əvvəlcədən hiss eləyir. 1986-cı ildə hiss elədim ki, səsimdə tarazlıq pozulub.

- Səhnədə, konsertdə olmadı ki?

- Yox. Elə birdən-birə…

- Səsiniz səssizcə, xəbərsizmi getdi?

- Hə.

- Bəs, gedəndə heç bir söz demədi?

- ...

Azacıq nəmlənən gözlərini "Muğam binası"nda gəzdirir…

- Xalq arasında müxtəlif şayiələr gəzirdi – dərman veriblər, filan… Desəm ki, hə, ola bilər, günahdır. Belə bir şey olmayıb…

- İlk səssiz günü necə qarşıladınız?

- Onun ağrısını hiss eləmirsən axı? Fikirləşirsən ki, düzələr, səsdi də, yəqin, soyuq olub.

- Nə vaxt bildiniz ki, düzəlməyəcək?

- Altı aydan sonra...

I Xatirə

Bir dəfə televiziyadakı konsertimdən sonra Şövkət xanım (Ələkbərova) zəng elədi. Dedi, ay köpəyoğlu, elə oxudun ki, qapını bağladın, açarı da atdın Xəzər

dənizinə… Şövkət xanımın repertuarından 3 mahnı oxumuşdum orda: "Qaragilə", "Hardasan", bir də Tofiq Quliyevin "Axşam"ı.

Həmin konsertdə "Olmaz-olmaz" mahnısının əvvəlində balaca bir muğam parçası – Zabul da eləmişdim. Hacıbaba dayı (Hüseynov) – xalamın əriydi – zəng elədi mənə ki, gələrsən yanıma, sənə Zabul segahını öyrədərəm, səndə alınar.

İlk dəfəydi ki, Hacıbaba dayı belə söz deyirdi – halbuki ona qədər çoxlu ifalarım olmuşdu, fondda 150-yə qədər mahnım vardı. Bu sözün mənası "ifanı qəbul edirəm" demək idi.

Ancaq... O - sonuncu konsertim oldu…

Sözün Rəngi

- Şəkil çəkməklə, rəssamlıqla aranız necədir?

- Bacarmıram. Ancaq tez-tez rəssamların emalatxanalarında oluram, rəssam dostlarım da çoxdur.

- Yazı-pozunuz necə, varmı?

- Demək olar ki, yox. Mən sözə qarşı çox həssasam. Müğənnilərə adətən 2-3 bəndlik şeir verirlər də, elədirmi? Ancaq mən şeirin hamısını götürürdüm, onların içindən 2-3 bəndi özüm seçirdim, ya da bəyənmirdimsə, geri qaytarırdım…

- "Demək olar ki, yox", həm də "demək olar ki, hə" anlamına gəlir. Belə çıxır ki, nəyinizsə var…

- Bəzən fikirlərimi qeyd eləyirəm, yəni cızma-qaralarım olur. Ancaq onlar hekayə, povest, roman səviyyəsində deyil. Elə-belə, fikir parçalarıdır, həcmi də çox azdır…

- Bəs, musiqi bəstələmək ürəyinizdən keçməyib ki?

- "Mahnı yazmaq xatirinə mahnı bəstələmək" problem deyil. Ancaq hələ ki, məni narahat edən, yatmağa qoymayan söz olmayıb, ona görə də bəstələməmişəm.

- Akif bəy, mistikada belə bir deyim var: hər yaradıcı adam aldığı kosmik informasiyaları bir formada ifadə edir: sözlə, səslə, rənglə, filmlə… Bəs, siz 26 ildir aldığınız informasiyaları necə realizə edirsiniz?

- 26 il… 86-dan sonra o qədər intensiv, qaynar bir hərəkat başladı ki! Bu yolun qayıdışı olmaya bilərdi. Elə bir dövr yaşadıq ki, yaradıcı ovqata vaxt yox idi.

- Bəs, 1993-cü ildən sonra? Akif İslamzadə sonra özünü necə ovutdu?

- Bilirsiniz axı, mən ictimai-siyasi proseslərdən kənarda qalmamışam…

Səsin Küyü

- Toylara getmisiniz?

- Toylara getməsəydim, yamaqlı şalvarda gəzərdim.

- Xalq mahnılarını estrada ilə sintez edən lirik ifaçının toy auditoriyası kimlər idi?

- Əsasən, ziyalılar: universitet müəllimləri, sənətçilər.

- Toya neçəyə gedirdiniz?

- Min manata – ən bahalı müğənnilərdən idim.

- Sizi toy müğənnisi kimi təsəvvür etmək olmur, doğrusu…

- Bilirsən necə olurdu? Tutaq ki, "Karvansara"da keçirilirdi məclis: əvvəlcə, otaqlarda yemə-içmə olurdu, sonra, təxminən saat 9-da həyətdə çay, kofe, çərəzli masalar düzəldilirdi və toy adamları yığışırdı ora, sonra biz başlayırdıq ifaya. Yəni biz toyları konsert kimi oxuyurduq, indi konsertləri toy kimi oxuyurlar…

- Toya getməsəydim, yamaqlı şalvar geyərdim – dediniz. Amma 86-dan sonra yamaqlı şalvar geymədiniz…

Nə demək istədiyimi anında tutur.

- Bilirsən, mən 1993-dən bu tərəfə işləmirəm…

- Bəs, necə dolanırsınız?

- Allah saxlayır.

- Hamını Allah saxlayır. Ancaq sizdən bir balaca konkretləşdirməyi istədim...

- Yardım edənlər var, sağ olsunlar. Elə dostum var ki, imkansız vaxtında toyunu təmənnasız eləmişəm, hətta bəylik kostyumunu da almışam. İndi imkanı yaxşıdır, mənə dəstək olur... Sonra Kamaləddin müəllim (Heydərov)...

- Onu mətbuatdan oxumuşam... Akif bəy, 92-93-cü illərdə böyük vəzifə daşıyırdınız. Nə əcəb bir dolanışıq yeri yaratmadınız özünüzə?

- O vaxt Bakı Mədəniyyət İdarəsinin rəhbəriydim, 5 500 işçim vardı. İmkanlarımız geniş idi, hər şey edə bilərdim. Hətta bir dəfə mənə təklif elədilər ki, BDU yolunun üstündə komisyon mağazalar tikilir, razılaş, birini də səninçün düzüb-qoşaq. Razı olmadım. Düşündüm ki, Elçibəyin qulağına çatar, biabır olaram. Əgər Elçibəy mənə bircə kəlmə desəydi ki, Akif, bu nədir, ticarətə qurşanmısan və yaxud, rüşvət almısan, gərək gedib başıma güllə çaxaydım.

- Yəni ürəyinizdən keçirdi, yalnız Elçibəydən utandığınıza görə almırdınız?

- Əlbəttə! Nəfs – insanın xislətidir, yalandan niyə deyim ki, istəmirdim.

- Səmimi cavab verdiniz vallah, çox sağ olun…

(gülürük)

Sözün Gücü

- Elçibəydən söz düşmüşkən: Milli Hərəkata 80-ci illərdən qoşulmuşdunuz?

- Yox, özümü dərk edəndən. Mən 1971-ci ildə Dilsuz Mustafayevin üzünə Vaqif Bayatlı, Vaqifin üzünə Əbülfəz Elçibəylə tanış olmuşdum. Həmin dövrdən o mübarizənin içindəydim.

- Gizli dərnəklər, müzakirələr, azadlıq hissləri...

- Əsarətdən qurtarmaq üçün hər şeyimizi verməyə hazır idik.

- Milli hissləri necə yayırdınız, necə ifadə edirdiniz?

- Hərə öz sahəsində bununla məşğul idi. Mən mahnılarımla, konsertlərimlə... "Azərbaycan, Azərbaycan" mahnısı vardı, hamı qol götürüb, oynayırdı o havaya. Bizə də pis təsir edirdi ki, adam da Vətən haqqında mahnıya oynayarmı? Düşündük və "Bura Vətəndir" mahnısı ərsəyə gəldi. Oxuduq onu, dedik, indi oynayın, görək, necə oynayırsınız? Biz Vətən haqqında mahnılarla düşünməyə çağırırdıq insanları…

Səsin Haqqı

- Akif bəy, Səsdən sonra nə əcəb öz ixtisasınızla - mühasibliklə məşğul olmadınız?

- 60-cı illərin sonunda bir az işlədim, sonra…

- Diplomsuz işləyirdiniz?

- Mən uçot-iqtisad fakültəsini bitirməmişəm, maliyyəçiyəm. İşləyən vaxtı artıq tələbəydim.

- Siz neçənci ildə İqtisad Universitetinə girmisiniz?

- Orta məktəbi bitirən kimi, 1966-da.

- Bəs, axı 1979-da bitirdiyiniz yazılıb?

- Doğrudur.

- Universiteti 13 il oxumusunuz?

- Oxumaq istəmirdim, axı. Axşam şöbəsinə girmişdim, sonra keçdim qiyabiyə. Dərsə getmədim, kursda qaldım, bir-iki il təhsildən fasilə götürdüm…

- Oxumaq istəmirdinizsə, niyə sənədlərinizi İqtisad Universitetinə vermişdiniz? Yoxsa, ananız Sara xanım (Qədimova) sizi qəbul elətdirib, oxudurdu?

- Yox, Sara xanım ümumiyyətlə mənim işlərimə qarışmayıb. İnanırsan, hətta televiziyadakı konsertlərim barədə anama heç nə demirdim. Həmişə gileylənirdi ki, sənin konsertlərin barədə ordan-burdan zəng edib, xəbərləyirlər; evin içində mənə niyə demirsən?

- Hətta sənət barədə də müzakirələriniz olmurdu?

- Anamla belə qərara gəlmişdik ki, bir-birimiz haqda mətbuatda heç vaxt danışmayaq. Götürüb vərəqləyə bilərsən həmin dövrün mətbuatını – nə mən onun haqqında danışmışam, nə də o mənim barəmdə…

- Beləliklə, 13 illik "əziyyətdən" sonra nəhayət, diplom almağa qərar verdiniz…

- Universiteti atmışdım. Heç diplomu da almayacaqdım. Artıq tanınmış müğənni idim. Bir gün müəllimim Xeyrəddin İsmayılov zəng elədi, dedi, gözəl səsin var, tanınmış müğənnisən, niyə diplom almaq istəmirsən? Halbuki həmin Xeyrəddin müəllim məni kəsmişdi, kursda saxlamışdı... Nəsə, problemləri həll elədi, diplomumu verdirdi…

II Xatirə

O vaxt "Fialetov"da (AzTV-nin səsyazma studiyası) səs yazmaq üçün ərizə yazmalıydın, icazə verilməliydi, gün təyin olunmalıydı... Ancaq vaxt yox idi, axşam konsertə çəkiləcəkdim. Fonoqramm yazmaq üçün Emin Sabitoğlu ilə birlikdə öz nüfuzumuzdan istifadə elədik, studiyanı 15 dəqiqəlik götürdük, Nigar Rəfibəylinin söylərinə bəstələnən "Neyləyim" mahnısını yazdıq. Emin özü pianoda çaldı, mən oxudum. Fikirləşdk ki, arxayın vaxtı bunu bir daha yazdırarıq.

Ancaq qismət olmadı…

Səsin Sözü

- Heç səsinizi yuxuda görmüsünüz?

- O qədər!.. Az qala hər gecə yuxuda görürəm səsimi.

- Nə deyir, nə oxuyur sizə özünü bizdən alıb, gizli-gizli yuxunuza gələn səsiniz?

- Bu, zamandan, ovqatdan asılıdır. Bir ara yuxuda ancaq "Bura Vətəndir" oxuyurdum... Sonra "Qaragilə"…

- Sonuncu dəfə nə oxuyub sizə?

- "Ay duy-duy"u. Özü də başqa cür oxuyurdum…

Gözləri yol çəkir…

- Anar, tamam başqa cür oxuyurdum e, başa düşürsən?

Hiss eləyirəm, Akif bəy – üzünüzdən, gözünüzdən görürəm…

- Maraqlıdır ki, "Ay duy-duy"u sizin ifanızda eşitməmişik heç.

- Hə, bu mahnı səsyazılarımda yoxdur.

Səsin Sirri

- Akif bəy, Səsiniz özüylə nə apardı? Nələri deməyə fürsət vermədi?

- Xalq mahnısı var - "Getdi yar…" Onu oxumağa hazırlaşırdım… Bir də Rafiq Babayevlə üç muğam üzərində bir kompozisiya qurmuşduq. Orda muğam da oxuyurdum, ancaq sözsüz idi, vokalizmlə… Maraqlı bir şey alınmışdı, - onu da yaza bilmədik. Onlar yazılsaydı, indi müğənnilərə kömək olardı. Hiss edirəm ki, bəzi müğənnilərdə müəyyən halları ifa eləmək istəyi var, ancaq alınmır…

- Niyə yardım etmirsiniz ki, onlarda alınsın?

- Bilirsən, məsələ belədir ki…

- ...Səs yoxdur!

(gülür)

- Təkcə səslə bağlı məsələ deyil. Musiqi dünyasının öz halı var. Məsələn, mən "Qaragilə"ni elə oxuyaram ki, siz ehtirasa gələrsiniz; həm də elə oxuyaram ki, ülviləşərsiniz, təmizlənərsiniz… İstedadlı və səsli adamlar ola bilər, ancaq əxlaqında problem varsa, o halı ona necə öyrədəsən? Bundan pis məqsədlər üçün istifadə edər, axı!

- Onun adına "hal" deyək, ya "sirr"?

- "Elmi-hal" deyək.

- Belə çıxır ki, bu "elmi-hal" sizinlə birgə gedəcək?

- Heç vaxt! Kimsə gələcək və bu "elm" ona veriləcək.

- Deməli, bu "elmi-hal" verilən, İlahidən göndəriləndi, öyrədilənlərdən deyil.

- …Bir nəfəri bəyənmişdim - onun istedadı da, səsi də vardı. Özüm axtardım onu, xeyli söhbət etdik. Gördüm, sözün mistikası, gücü, enerjisi buna çatmır, sözün yükünü qaldırmağa hazır deyil. Belə adama səsin sirrini neçə açaydım?

Sözün Sirri

"Muğam" öz binasından Akif İslamzadəni Xəzərin sahilinə "çıxarır". "İşçilər yorulublar, gedək, dəniz kənarında davam edərik" - deyir Akif bəy.

Qalxırıq. Gecənin Xəzərə sərilən qaranlığına üz tuturuq...

- Akif bəy, ibadət edirsiniz?

- Namaz qılmıram, ancaq gün boyu öz ibadətimlə məşğulam.

- Hansı dini cərəyanları, təriqətləri oxumusunuz?

- Məzhəbləri, təriqətləri qəbul etmirəm.

- Ancaq Yol "şəriət, təriqət, mərifət, həqiqət"dən keçir, namazsız "daimi ibadət" də təriqətlərdədir. Siz dediniz, mən də ona görə soruşdum...

(gülür)

- Klassik ədəbiyyatda cəmləşən, müxtəlif dini kitablarda olan dini dünyagörüşlərdən məlumatlıyam. Nəsimi, Yunus Əmrə, Cəlaləddin Rumi, Xətai, Füzuli... "Nəhcül-bəlağə" stolüstü kitabımdır.

- Özünüzü daha çox kimdə tapmısınız?

- Təbii ki, İmadəddin Nəsimi böyük Yolçudur, Rumi yolu da çox ecazkardır. Ancaq Allahımla öz ünsiyyətim var mənim...

- "Quran"ı necə, oxumusunuzmu?

- "Quran" elə bir kitabdır ki, onu birdəfəyə oxuyub başa çıxmaq olmaz. Hələ Sovet dönəmindən "Quran"ın rusca tərcüməsini oxuyurdum. Ancaq hər dəfə "Əl-Bəqərə" surəsinin 25-ci ayəsinə çatanda qatlayıb bir kənara qoyurdum. Bir dəfə 26-ci ayəni oxudum, gördüm ki, "...Kafirlər deyər: Görəsən, Allahın bu məsəli çəkməkdə məqsədi nədir? Bəli, Allah bir həqiqəti bəyan etməklə çoxlarını azdırır və çoxlarını da hidayət edir" - yazılıb. Düşündüm ki, neçə müddətdir məni azdırırmış, indi hidayət edir. Başladım diqqətlə oxumağa.

- Nə tapdınız "Quran"da?

- Elə ayələr öz hikmətini, sirrini mənə bəyan edib ki, onları deyə bilmərəm.

- Niyə deyə bilməzsiniz?

- Çünki onların sirri mənə açılıb, məsləhət olsa, Tanrı onu başqaları üçün də açar.

- "Bu sirri açmaq qadağandır, deyə bilmərəm" - sözü ürfan dünyasında çox işlənib. İmam Qəzzali deyir ki, elə mətləblər var, onları sözlə ifadə etmək, sözə çevirmək olmur, gərək duyasan, hiss edəsən. Məncə, "deyə bilmərəm"in arxasında "ifadə edə bilmərəm" dayanır.

- Doğrudur. Elə sirlər var ki, sözlə deyəndə çox bəsit görünür...

Rəngin Özü

- Akif bəy, gününüzü necə bölürsünüz?

- Çox gec yatıram, ancaq səhər tez dururam – 4-5 saat yatmaq kifayət eləyir mənə. Səhər özümə çay qoyuram, günorta naharını hazırlayıram. Sonra kitab oxuyuram. Azərbaycan televiziyalarına baxmıram, bizdə proqramlar çox bəsitdir...

Əsasən, idman verilişlərini izləyirəm, - futbol azarkeşiyəm; klassik yapon güləşi var – "Sumo", ildə 6 dəfə keçirilir, 15 gün davam edir… Xoşuma gəlir...

- İdmanla məşğul olmusunuz?

- Cavanlıqda klassik güləşə getmişəm, Bakı çempionatında bürünc medal almışam.

- Gec yatmağınızın bir səbəbi varmı?

- Yəqin vərdiş öz sözünü deyir – gənclikdə toydan gecə yarıdan ötəndən sonra gəlirdim, 2-3 saat o gərginliyi, səs-küyü başımdan çıxarmaq üçün çalışırdım… Sonralar gecənin, qaranlığın sirri, sehri tutdu məni.

- Gecənin sirri, sehri nədədir?

- Gecə bir ayrı duyğu verir adama - daha geniş düşünmə imkanı yaradır. Gecənin qəribə paklığı, məhrəmliyi var. Peyğəmbərlərə vəhylər də gecələr gəlib…

- Gecələr nə düşünürsünüz?

- Nə düşünmürəm ki! Düşünürəm, "Quran" oxuyuram…

Rəngli Söz

- Akif bəy, mütaliəniz necədir?

- Mən "Elmlər Akademiyası"nda alimlərin sökülən binası vardı ha, bax orda böyümüşəm. Qonşularımız professorlar, akademiklər idi. Öz kitablarımızdan başqa qonşularımızın hamısının kitabxanalarını oxumuşam.

- İndi də həmin enerjiylə oxuyursunuz?

- İnsan ömrü çox qısadır, yaxşı kitabların hamısını oxumağa vaxt çatmır. Ancaq bacardığım qədər oxuyuram, izləyirəm...

- Gənclərdən - özünüzdən sonrakı nəsli demirəm, indiki gəncliyi nəzərdə tuturam - kimləri oxuyursunuz?

- Bilirsən, yaşım o yaş deyil ki, gəncləri diqqətlə izləyə bilim: gərək gənclər özləri kitablarını mənə göndərsinlər, onlar ünsiyyət qursunlar.

Eşitdinizmi, Gənclik? Akif bəy sizdən kitab gözləyir...

III Xatirə

1972-də Mahnı Teatrına getdim, Rəşid Behbudov mənimlə isti görüşdü, hal-əhval tutdu. Səsimə qulaq asmamış artıq qərarını verdi ki, sən qarabağlısan, deməli səsin var, bir yerdə işləyəcəyik.

Qarabağlılar belə yerlibazdılar haa... (gülür). Qoy, birini də danışım: Macarıstandaydım. Orda Cənubi azərbaycanlılar yaşayırlar, bir qarabağlı qız da ərə getmişdi güneyli soydaşımıza. Tanış olduq. Eşidəndə ki, Sara xanımın oğluyam, bir tərəfim qarabağlıdır (ata tərəfdən şirvanlıyam - Kürdəmirdən), o dəqiqə doğmalaşdı. Məni ordakılarla belə təqdim edirdi: "Tanış olun, mamam oğludur!"

Anamgili də bacılarıyla bir yerə yığışan kimi Qarabağ ləhcəsində danışırdılar – halbuki Bakıda doğulub böyümüşdülər. Görürsən, qarabağlılar necə ifrat yerlibazdılar?

Rəngin Adı

- Niyə tək yaşayırsınız?

- Oğlum anasıyla qalır. Mən Yasamalda, qardaşımgilin 5 addamlığındakı evimdə tək yaşayıram.

- Çətin deyil ki?

- Əksinə, belə rahatdır. Öz dünyam var, öz aləmimdəyəm, psixoloji rahatlıqdayam…

- "Keçən günlərimi qaytaraydılar, gələn günlərimi qurban verərdim"… Bunu çox gözəl oxumusunuz. Nəyi qaytarmaq istəyərdiniz?

- Mənim keçmişə heç bir nostalgiyam yoxdur. Ömrü uzunu arzuladığımız, yolunda qurbanlar verdiyimiz, dostlar itirdiyimiz müstəqil dövlətimiz var. Mən bu Dövlətli günlərimi nəyəsə dəyişərəmmi?

Rəngin Səsi

- Gecənin bu sirli-sehirli vədəsində, gecə saat 2-də, səsiniz bir anlıq qayıtsaydı, nə oxumaq istəyərdiniz?

- "Qaragilə".

- Bayaqdan bu mahnının adını bir neçə dəfə çəkmisiniz. Çox sevirsiniz deyəsən "Qaragilə"ni…

- Son vaxtlar ümumiyyətlə, "Qaragilə" ruhuma hakim kəsilib, yalnız onu düşünürəm…

- "Qaragilə"ni Təbrizin Azadlıq marşı adlandırırlar. Bəlkə, Güneydən əsən azadlıq havası sizi "Qaragilə" havasına kökləyib?

- Bəlkə də… "Qaragilə" gənclikdə də mənim yuxuma girmişdi, sonra onu gedib lentə yazdırdım…

- "Qaragilə"ni oxumağa yuxu sizi məcbur elədi?

- Hə. O vaxt "Təbrizin küçələri…" sözünü deməyə qoymurdular...

Sakitcə Xəzərə boylanır və pəsdən, nəfəsiylə oxuyur: "Təbrizin küçələri dolanbadolan, Qaragilə, dolanbadolan... Nə mənə qız qəhətdi, nə sənə oğlan, Qaragilə..."

Üzünü Bakıya sarı çevirəndə ləpələnən gözlərində gecə işıqlarının əks olunduğunu görürəm...

- Anar, bilirsən, o vaxt "Qaragilə" oxumaq asan deyildi. Amma oxuduq…

Yenə dayanır, yenə üzünü Xəzərin üstündən qaranlığa tutur.

- Allahın əlindədir, bir də gördün doğrudan da qayıtdı… Əgər qayıtsaydı, "Qaragilə"ni bir də oxuyardım… Bir-iki mahnı da var, onları da özümçün, yalnız özümçün oxuyardım, sonra oxumazdım…

ANAR

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm