“Qaranlıqlar çiçəyi“nə 10 üstündən 20 bal verərdim“
Bizi izləyin

Digər

“Qaranlıqlar çiçəyi“nə 10 üstündən 20 bal verərdim“

Müsahibim "Kurtlar Vadisi", "Əşrəf Saatı", "Sərsəri", "Hücrə" kimi seriallarda rol almış, eyni zamanda Azərbaycanda "Qaranlıqlar çiçəyi", "Cavanlıq" kimi seriallara öz imzasını atmış məşhur aktyor və rejissor Osman Albayrakdır. Onunla söhbətimiz olduqca səmimi alındı. Oxuyun və o zövqü siz də yaşayın.

- Teatra sevgi sizdə hardan yarandı?

- Dördüncü sinifdən müsabiqələrdə iştirak edirdim. Sonra İzmir şəhər teatrında oynamağa başladım. Ailəmin təzyiqi nəticəsində onların xətrinə dəyməyib İnşaat Universitetində təhsil almağa razılaşdım. Sonra öz-özümə dedim ki, çertyojlar , layihələr yaxşıdır, amma mənim işim deyil. Özümü mühəndis olaraq görmürdüm. İkinci kursun axırından İnşaat Universitetindəki təhsilimi yarımçıq qoyub Ankara Universitesinin Konservatoriyasına girdim və dörd il sonra oranın məzunu oldum.

- Sizi hər kəs "Kurtlar Vadisi"ndən tanıyır. "Kurtlar Vadisi"ni həyatınızın dönüş nöqtəsi adlandırmaq olarmı?

- "Kurtlar Vadisi"ndən əvvəl başqa proyektlərdə də yer almışam. Məsələn, "Sərsəri", "Ada", "Köpək", "Əşrəf Saatı" kimi seriallarla türk xalqı arasında tanınmağa başladım. "Kurtlar Vadisi"nə həyatımın dönüş nöqtəsi deyə bilmərəm. Sadəcə, mənim üçün gözəl proyektlərdən biri idi.

- Niyə Türkiyədə özünüzü rejissor kimi sınamadınız, məhz Bakıda serial çəkmək qərarına gəldiniz?

- Türkiyədə həddindən artıq serial çəkildiyini siz də bilirsiniz. Orda serial çəkimləri on səkkiz-iyirmi saat ərzində olur. Mən də bir az özümə vaxt ayırmağı sevən insanam. Ona görə də Türkiyədə rejissor yox, aktyor olmağı daha çox sevirəm. Özümə vaxt ayırdığım zaman səhvlərim üzərində işləyirəm, özümü yetişdirməyə çalışıram.

- Azərbaycanda aktyor, aktrisa qıtlığı olduğu doğrudurmu? Gənc sənətçilərdən kimləri bəyənirsiniz?

- Əslində aktyor və aktrisa qıtlığına inanmıram. Burda yetəri qədər aktyor və aktrisa var. Gənclərə gəldikdə isə Günəş Mehdizadənin adını çəkə bilərəm. Bir-bir ad çəksəm, adlarını çəkmədiklərim inciyə bilərlər. Sadəcə, Azərbaycanda çox serial çəkilmədiyi üçün sənətçilər o qədər də tanınmırlar. Türkiyədə bir ildə demək olar ki, 300 serial çəkilir. Mən hələ ciddi filimləri demirəm.Ancaq burda dörd- beş dənə, barmaq sayı qədər az serial çəkilir. Bununla belə Azərbaycanda yetəri qədər talantlı gənclərin olduğuna əminəm.

- Seriallara ayrılmış hesabla keyfiyyətli məhsul ortaya qoymaq mümkündürmü?

- Bu qədər pul ayrılıbsa, ona da şükür etmək lazımdır. Təbii ki, daha çox olmasını hamımız istəyərdik. Zənnimcə, bu, başlanğıc üçün gözəl addımdır. Serial sənayesi üçün pis məbləğ deyil. Ancaq bu işdə kanalların əllərini daşın altına qoymasını istərdim. Seriallar və filmlər istehsalı hamımızın dəstəyi ilə inkişaf etməlidir. Yoxsa bu, bir nəfərin görə biləcəyi iş deyil. Hər şey sadəcə, pulla bitmir, doğru, işini bilən, ortaya məhsul qoymağı bacaran komanda da qurmaq lazımdır.

- "Qaranlıqlar çiçəyi"ni keyfiyyətli serial saymaq olarmı? On ballıq şkala üzrə ona neçə bal verərdiniz?

- Azərbaycan meyarları ilə götürəndə 10 üstündən 20 bal verərdim. Bildiyiniz kimi, "Qaranlıqlar çiçəyi" Azərbaycan və Türkiyə sənətçilərinin ortaq ərsəyə gətirdiyi bir filmdir. İş montajdan tutmuş musiqimizə qədər professional insanların əlindən çıxmışdır. Keyfiyyət məsələsindən danışsaq, Azərbaycan və Türkiyənin izlədiyi "Kuzey-Güney" serialının montajçısı montajçımız, "Kaybolan yıllar"ın bəstəkarı bəstəkarımız, Ozcan Dənizlə Məltəm Cumbulun oynadığı filmin rejissoru rejissorumuzdu. Bu çox sağlam bir heyət, sağlam bir komanda idi. Türkiyədən Bülənt Şakrak, Gülər Göktən və bir çox başqaları gəlib bizə pulsuz- parasız dəstək oldu. Hamısı könüllə, xatırla gəldi, heç biri pul qarşılığında gəlmədi.

- "Qaranlıqlar çiçəyi"nin ssenaristləri haqqında nə deyə bilərsiniz?

- Hekayəni Məhmət Uluqanla birlikdə düzüb-qoşduq. Mənim dialoq yazmaq bacarığım yoxdur. Hekayələr sahəsində daha yaxşıyam.

- Azərbaycanlı və türk aktyorlar arasında fərq görürsünüzmü?

- Heç bir fərq görmürəm. Türkiyədə çox güclü aktyorlar var. Eləcə Azərbaycanda da. Bu, dünyanın hər yerində belədir. Sadəcə, Türkiyədə çox serial çəkildiyindən oyunçuların praktikası, öyrənmək şansı çoxdur. Qalan başqa sahələrdə türk və azəri oyunçular arasında fərq görmürəm.

- Azərbaycan kinolarından hansılarını bəyənirsiniz?

- Köhnə kinoları daha çox bəyənirəm, "Şərikli çörək", "Babək" çox başarılı filmlərdir. Axır vaxt çəkilən kinoların heç birini izləməmişəm. Ona görə bir fikir bildirsəm, yalan olar.

Günay Babazadə

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm