• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

Nuriyyə Əhmədova: “Bir qaraçı oğlan hər gün qapını kəsdirirdi ki...”

  • Digər
  • 6 İyun 2012 13:21
  • 19 Baxış
Nuriyyə Əhmədova: “Bir qaraçı oğlan hər gün qapını kəsdirirdi ki...”

...O ərəfədə ciddi, mövhumatçı, zəhmli nənəm tez-tez yuxuma gəlirdi. Elə hey məni danlayıb tənbeh eləyirdi: “Nolub kəndə yolu azmısan? Niyə Ağanın qəbrini ziyarət eləmirsən?”

Hədələyirdi, elə bil mən yenə həyətdə oynayan, rəqs edən həmin qızcığazam. Sonra da o sözü deyirdi: “Bu qız yaman dingildəyir!”. Yuxudan ayılıb narahat qalırdım ki, Allah xeyir eləsin! Görən bu arvad məndən nə istəyir? Amma xeyir olmadı... Az sonra dəhşətli faciə baş verdi.

Qızımı itirdim... 21 yaşında... Xoreoqrafiya Məktəbini bitirmişdi, gözəl rəsm çəkirdi. Sənətimin davamçısı ola bilərdi. Demək, qismət deyilmiş...

Onda Vaqif Mustafayev “Yerlə göy arasında” filmini çəkirdi. Bəlkə də o film olmasaydı, çəkilişlərə getmək məcburiyyətində qalmasaydım, çoxdan havalanmışdım. Mən “Yerlə göy arasında” dəli olmaqdan qurtuldum. Taleyə bax ki, filmdə yaxınını itirib ağlayan bir qadını oynayırdım. Əslində isə özümü...

Mən heç vaxt oynamamışam. Nə həyatda, nə kinoda. Obrazı yaşamışam sadəcə. Özümünküləşdirmişəm. Öz mənimi obraza gətirib başqa bir Nuriyyə yaratmışam. Odur ki, bütün rollarımda mən varam – Şüvəlanda böyüyən qızcığaz, həyatı acılarlar, göz yaşları ilə dolu olan bir qadın və ana...

İki dəfə ölümdən qurtuldum

Əmim Seyidağa Qazıəhməd oğlu Əhmədov müharibə veteranı, polkovnik idi. Müharibədən qayıdandan sonra ailəsini saxlayıb, böyüklük etdi. Həbsxanadan tutmuş hərbi komissarlığa qədər işlədi. Atam Əliağanı da o böyüdüb.

O da qardaşının yolunu davam etdirib hərbçi oldu. Atam anama ilk dəfə “pasport stol”da rast gəlib. Görüb ikisi də eyni ildə, eyni gündə doğulub. Sonra anamın dalınca düşüb, izləyib. Kim olduğunu soraqlayıb və evlənib.

Hərdən atama sataşırdım ki, mamanın yaşını azaltmısan, yoxsa artırmısan?

Dayım Ağabala Salmanov da müharibə veteranı idi, Berlinə qədər gedib çıxmışdı. Ana nənəmsə məşhur milyonçu Muxtarovlardandı. Amma hansı qoludu bilmirik. Nənəm həmişə bunu bizdən gizlətdi. Şura hökumətinə nifrət edirdi.

İki oğul evləndirib, bir qız ərə vermişdi. Heç yerdə işləməyə-işləməyə hər il yayda bağa dincəlməyə gedirdi. Deyirdi “putyovka” almışam. O vaxt belə şeyləri anlamırdıq.

Biz ailədə beş uşaq olmuşuq – iki oğlan, üç qız. Mən ailənin ikinci övladıyam. Atam birinci qızına anasının adını qoyur - Nuriyyə xanım. Ancaq atama demədən “metirkaya” Nurxanım yazırlar. O da həmişə deyirdi vaxt gəlsə, adını tam yazdır.

Eə də elədim. Şəxsiyyət vəsiqəmdə adım Nuriyyə xanım Əhmədovadır.

Məndən sonra iki uşaq doğulub öldü. O vaxtlar yatalaq xəstəliyi yayılmışdı. Uşaqlar da ondan ölürdü. Hətta mən də yatalaq olmuşdum, amma qismət beləymiş, ölmədim, sağ qaldım. Bu hadisələrdən sonra atam əmimə dedi ki, bu ev mənə düşmür, kömək elə, buranı dəyişim.

Əmim dövlət tərəfindən ona verilən torpaq sahəsini atama verdi. Atam orda ev tikdirdi. Düz 9 ildən sonra bacım dünyaya gəldi. Sonra o biri uşaqlar.

Bütün uşaqlığım Şüvəlanda, o evdə keçib. Nənəm, dayım demişkən, “dingildəyə-dingildəyə”. Atam evə iki əşya almağa icazə vermirdi – televizor və soyuducu. Özü həyətdə quyu qazmışdı. 24 metr dərinliyində. Hətta o quyuya yıxılmışam da.

Həmin gün güclü qar yağmışdı. Məni nəyəsə görə yaxınlıqda yaşayan nənəmgilə göndərmişdilər. Oynaya-oynaya gedəndə düşdüm quyunun içinə. Nə qədər qışıqrıram heç kim səsimi eşitmir. Əgər qardaşımı dalımca göndərməsəyidlər, orda qalıb donacaqdım. İkinci dəfə də ölümdən qurtuldum.

Tamaşaya görə erməni baletmeystr mənə xəbərdarlıq verdi

Atam həbsxanada işləsə də, musiqini, sənəti sevirdi. Əruz vəznini gözəl bilirdi. Hər dəfə bizi kinoya, teatra aparırdı. Anamın da gözəl səsi və rəqs qabiliyyəti vardı. Amma heç birini etmirdi. Çox ciddi, ağır qadın idi. Bazardan qayıdanda deyirdi: “Ay qız, bəsdi də, səsin bilirsən hara gedir? Səni biabır olasan!”

Bütün günü öz-özümə oxuyub oynayırdım axı. Nənəm də, dayım da deyinirdi ki, bu qız ancaq dingildəyir.

Qonşumuz Sona xala anama deyirdi, ay Püstəxanım, qoy bu qız oxusun, yaxşı səsi var. Məktəbdəki bütün tədbirlərdə iştirak edirdim. Mədəniyyət sarayında Əşrəf Əşrəfzadənin ansamblına gedirdim. Evdə pianom, qarmonum, nağaram vardı, atamla çalıb oxuyurduq.

8-ci sinfi qurtaranda Sona xalayla birlikdə sənədlərimi yığıb Asəf Zeynallı adına Musiqi Texnikumuna yollandıq. Evdə də dedim Sona xalanı şəhərə, qohumlarıgilə aparıram. Gəldik texnikuma, sənədlərimi qəbul eləmədilər ki, gərək 18 yaşın tamam olsun. Kor-peşman geri qayıtdım. İki il sonra məktəbi bitirib Tibb İnstitutuna hazırlaşdım. Fizika imtahanından “3” aldığıma görə daxil ola bilmədim.

Fikirləşdim ki, gələn il Asəf Zeynallı adına Musiqi Texnikumuna gedərəm. Amma yenə də qismət...

Anamın rəfiqəsi Tofiq Bakıxanovla bağ qonşusu idi. Bir gün onlara qonaq getmişdik. Tofiq müəllim də ordaydı. Orda anam dad elədi ki, “bu qız bütün məhəllədə, bazar-dükanda məni rüsvay eləyib. Həyətdə bir oxuyur ki, səsi yeddi məhəlləni götürür başına. Siz Allah, başa salın ki, oxumaq onun peşəsi deyil, getsin özünə layiq iş tapsın”.

Bax, elə bununla da anam istəmədən məni səhnəyə yönləndirdi. Tofiq müəllim piano arxasına keçib məni yoxlayandan, bir neçə mahnı oxutdurandan sonra anama dedi: “Püstəxanım, qoy mən bu qızı aparım şəhərdə yoxlasınlar, sonra gəlib fikrimi sənə deyərəm”.

Anam ona ağız açmağına peşman oldu. Demə, həmin vaxt Musiqili Komediya Teatrında Tofiq Bakıxanovun “Məmmədəli kurorta gedir” tamaşası hazırlanırdı. Məni orda Hindli qızı roluna uyğun bilmişdi.

Səhəri Tofiq müəllimlə görüşüb “Muskomediya”ya getdik. Yolda dedi, narahat olma, teatra götürməsələr, səni Mahnı və Rəqs Ansamblına aparacam.

Birbaşa teatrın direktoru Şəmsi Bədəlbəylinin kabinetinə girdik. Səsimi yoxladılar. Şəmsi müəllim utanıb qızardığımı görəndə tərəddüd elədi: “Bu qız burda belə utanıb-pörtür, səhnədə neyləyəcək?”

Məsləhətləşib dedilər, qoy bir özünü sınasın. Elə həmin gün “Kuba lyubov moya” tamaşsına buraxdılar. Heç elə bil bayaq utanan qız mən deyildim. Mahnı oxuyanda balerinalara qoşulub oynadım. Sonradan ona görə erməni baletmeystr mənə xəbərdarlıq verdi.

Bax belə, həmin gündən əmək kitabçam açıldı və mən “Muskomediya”da işə başladım.

Evdəkilər bunu biləndə aləm dəydi bir-birinə. Atam yazıq kənarda dinməz oturmuşdu. Axırı dilləndi: “Tamaşalar gecə qurtarır. Bəs şəhərdən Şüvəlana necə gələcəksən?”

Anamın şəhərdə bir bacılığı vardı, tək yaşayırdı. Apardı onun yanına ki, tamaşadan çıxanda gedib orda qalım: “Bu qızı verdim sənə, daha mən onu qızlıqdan çıxardım, nə istəyirsən, elə onunla. Evə gec gələndə söy, döy, özün bilərsən”.

Anam ölənə kimi aktrisa olmağımla barışmadı. Ölənəcən şikayətlənirdi ki, bu da getdi özünə sənət tapdın. Mənə qarğış da elədi. Bəlkə məni elə onun qarğışı tutdu ki, başıma elə bir faciə gəldi. Nə bilim.

“O uzun, gursaçlı, iri, qaragözlü qızı bizə verin”

Hardasa bir il olardı teatrda işləyirdim. Rusiyanın şəhərlərinə qastrola getdik. Moskva yaxınlığında “Romen” Qaraçı Teatrı da ora qastrola gəlmişdi. İmkan düşəndə bir-birimizin tamaşalarına baxırdıq. O teatrdan bir neçə qıvrımsaçlı cavan aktyorlar elə hey bizim yerləşdiyimiz teatrın həndəvərində fırlanır, məşqlərimizə gəlirdilər.

Əsas da aralarında bir hündürboylusu vardı. Onların teatrımıza belə maraq göstərmələri yavaş-yavaş şübhə yaratmağa başladı ki, görəsən, xeyir ola, kimi tutub gözləri? Nəhayət, onların teatrının rəhbərliyi bizim teatrın rəhbərliyinin yanına gəldi ki, “o uzun, gursaçlı, iri, qaragözlü qızı bizə verin. Qaraçıya oxşayır. Əsl bizim aktrisadır. Onu istəyən oğlan da var”.

Demə, söhbət məndən gedirmiş. Bizim rəhbərlik də bir təhər onları truppamızdan uzaqlaşdırdılar. Sonra da tapşırıldı ki, məni bir dəqiqə də gözdən qoymasınlar. Qaraçılar üçün bir qızı götürüb-qaçırmaq asan idi. Hara gedirdimsə, bizim oğlanların bir neçəsi qoşulurdu mənə, cangüdən kimi düşürdülər yanıma. Şükür ki, ordan salamat qayıdıb gəldim.

1970-ci ildə teatrda işləyə-işləyə İncəsənət İnstitutuna girdim. Dərsə gedirdim deyə teatrda az olurdum. Səhər məşqə gedirdim, günorta dərsə, axşam da tamaşaya gəlirdim.

O aralar teatrda işləyən bir nəfərin də mənə gözü düşür. Əvvəl çaş-baş qalır. Səhər gördüyü qızla axşam tamaşaya çıxan qızın eyni adam olduğunu müəyyənləşdirə bilmir. Axşam tamaşaya qrimlənib çıxırdım axı.

Bir neçə aydan sonra o oğlan teatrdan çıxıb filarmoniyaya getdi. Təxminən bir ildən sonra qarlı bir gündə teatrın yaxınlığında küçədə üz-üzə gəldik. Bir iki addım aralanandan sonra arxadan çağırdım: “Xanlar”. O da qayıtdı “Nuriyyə, sənsən?”

O gün yolumuz kəsişdi. Həyatımız da. Xanlar həmin gün məni evə ötürdü. O vaxtdan bu vaxta qədər həyatda hər yerə məni ötürür...

İlk dəfə onda Azərbaycan kinosuna açıq-saçıq söyüşlər gəldi

Musiqili Komediya Teatrında 15 il işlədim. Ailə ilə çətin idi. Ona görə də yolumu kinoya saldım. Epizodlardan baş rola qədər çəkildim. “Bağ mövsümü”, “Köpək”, “Yaramaz”, “Yuxu”. Rasim Ocaqov məni filmlərinə çəkməyə başladı: “Ölsəm, bağışla”, “Təhminə”, “Özgə həyat”.

Şahmar Ələkbərovun “Sahilsiz gecə” filmi isə yaradıcılığımda bir dönüş nöqtəsi oldu, sənətimin təməlini qoydu sanki. Əvvəl Şahmar məni qonşu arvad obrazına çəkdi. Sonra çağırdı yanına ki, “ssenarini oxumusan? Apar oxu, mənə fikrini de”.

Oxuyanda dəhşətə gəldim. Aktrisa üçün nə qədər material vardı. Səhəri gəldim yanına ki, oxudum ssenarini. O da ayağa durub pəncərəyə tərəf getdi. Üzünü çevirib studiyanın həyətinə baxa-baxa siqaret yandırdı. Utandığından üzümə də baxmadan söhbət eləməyə başladı. Hansı rolu bəyəndiyimi soruşdu. Dedim, hamısı yaxşıdı, amma bu rola əsl aktrisa lazımdı. Qayıtdı ki, “siyirməni aç, sınaq çəkilişlərindəki fotolara bax gəlirəm”.

Otaqdan çıxdı. Amma köməkçisi ordaydı. Şəkillərə baxıb qayıtdım ki, məni də elə qrim eləsələr, şlyapa qoysam, ondan yaxşı olaram. Köməkçisi də himə bəndmiş elə bil, məndən söz alırmış. Demə, Şahmar məni o rola çəkmək istəyirmiş. Amma utanıb təklif edə bilmirdi.

O saat qaçıb Şahmara xəbər verdi. Gəldi otağa. Yenə üzünü pəncərəyə çevirib dedi “get, sabah çəkilişə gələrsən, Rozanı sən oynayacaqsan”. İndi oturduğum yerdən qalxa bilmirəm. Qızarıram, tər gəlir. Evi, uşaqları, ailəmi fikirləşirəm. Necə də olmaya qızları əxlaqsızlığa cəlb edən erməni Roza obrazını yaratmalıydım. Birtəhər özümü onunla ovundurdum ki, filmdə yataq səhnəsi yoxdu. Amma söyüş vardı. İlk dəfə məhz o obrazın dili ilə Azərbaycan kinosuna açıq-saçıq söyüşlər gəldi.

Gecəni yata bilmədim. Gözümün qabağına Şüvəlanda qonşuluqdakı Xavər xala, onun mimikaları, plastikası gəldi. Onun gizli işdəklərini mənə danışmışdılar.

O qadının həyatını daxilən yaşamağa çalışdım ki, təbii çıxsın.

Elə bildim müharibə başladı

“Sahilsiz gecə”nin ardınca Şahmar məni “Qəzəlxan”a çəkdi. Amma Nuriyyə Əhmədovanı tamaşaçılara daha çox tanıdan və sevdirən “Həm ziyarət, həm ticarət” oldu. O rolu Rüstəm İbrahimbəyov mənim üçün yazmışdı. Adı da elə Nuriyyə idi.

Yadımdadı, məşqlər başlayanda Şəki ləhcəsi ilə tam doğru danışa bilmirdim, vurğunu düz vurdum. Sonra Hacının danışığına baxıb ahəngi tutdum. Filmin əvvəlindəki bir səhnə alınmırdı. Orda Hacıya deyinirəm. Rasim Ocaqov qayıtdı ki, “yox, Nuriyyə, elə yox. Nə əl qatmısan özünə? Onun fərasətsizliyini başına vurma, sakit şəkildə yol göstər, dalaşma”.

İstədiyi kimi alındı, səhnə çəkiləndən sonra əl çalmağa başladılar. Türkiyədəki çəkilişlər də yadda qalan oldu. Aeroportda çəkiliş gedirdi. Bir də gördük “stop” deyib çəkilişi saxladılar. Demə, ordakı çəkilişə görə pul köçürmək lazım imiş.

Türkiyədəki çəkiliş müddətində oteldə qalırdıq. Otaqlarda da daxili nömrə vardı. Gecənin bir yarısı küçədəki qışqırıq səslərinə oyandım. O qədər qorxdum, elə bildim orda da müharibə başladı. Tez Hacının nömrəsini yığdım. Telefonu götürən kimi dedi, qorxma, futbolda hansısa komanda qalib gəlib, ona görə qışqırırlar.

“Həm ziyarət, həm ticarət”dən sonra “Bala başa bəla” televiziya tamaşasına çəkildim. Sonra Vaqif Mustafayev məni “Fransız”a dəvət etdi. Onun ardınca bütün filmlərinə.

Artıq kino mənim həyatıma çevrilib. Hər obrazımda bir Nuriyyə yaşayır. Həyatın hər üzünü görmüşəm. Yarı tox, yarı ac yaşamışam. Güləndə də ürəyim ağlayıb. Necə sınaqlardan keçmişəm. Ana qarğışı da görmüşəm. Çətin də olsa hər şeyi öz gücümə etmişəm, sənət və həyat yolumu keçmişəm.

Artıq gücüm nə qalıb, nə də sağlamlığım. Allahdan bir azacıq ömür payı istəyirəm. Mənə möhlət versin, həyatıma səbəb olan Faiqimi ağ günə çıxardım. Bir də Allah mənə illərdir arzuladığım bir ev qismət eləsin. Kirayələrdə yaşamaqdan canım qurtulsun. Qalan hər şey ötüb keçəndi. Həyatın özü kimi...

Xəyalə Muradlı

Publika.Az

Oxşar xəbərlər

Xəbər lenti

DAHA ÇOX XƏBƏR