• USD 1,7369 0,00% EUR 1,8716 0,00%
    • GBP 2,1974 0,00% RUB 0,0274 0,00%

Nəriman Həsənzadə: “Əsgərlikdən avtomatla qaçdım”

  • Digər
  • 2 İyun 2012 14:46
  • 17 Baxış
Nəriman Həsənzadə: “Əsgərlikdən avtomatla qaçdım”

Xalq şairi, gözəl insan Nəriman Həsənzadəni çoxdan, lap tələbəlik illərimdən tanıyıram. O vaxt tez-tez dərs dediyi universitetdə görüşüb söhbətləşər, hər dəfə ondan müsbət enerji və özümə inamla ayrılardım.

Bu dəfə onunla 1965-ci ildən yaşadığı, özünün dediyi kimi, Mir Cəlal Paşayevin oğlu Arif Paşayevdən aldırıb ona verdiyi evdə görüşdük. Bu sadə evdə Nəriman müəllimlə maraqlı söhbətimiz oldu. Söhbətimiz yavaş-yavaş onun gəncliyinə sarı yol almağa başladı. Gördüm ki, Nəriman müəllim artıq gəncliyindən söhbət açmağa başlayıb, diktafonu işə saldım...

Dünyanın bir çox klassik şair və yazıçısıyla görüşüb təmaslar quran xalq şairi öz keşməkeşli gəncliyindən danışmazdan qabaq söhbətinə maraqlı bir epizodla başladı...

“Nazim Hikmətin xahişi ilə Münəvvər Kələntərlinin evini mənə verdilər”

– Gənc idik. Xəlil Rzayla Moskvada Şoloxovun görüşünə getmişdik. Şoloxov gəldi zala, yaralı barmağıni bağlaya-bağlaya girdi içəri... Şoloxuvun birinci sözü bu oldu: “suallarınızı verin”. Bunu deyəndə bir professor yerdən qayıtdı ki, əvvəlcə sizin haqqınızda məruzə eləyəcəklər. Onda Şoloxov təəccüblə soruşdu ki, məgər yaradıcılığımla tanışlığınız yoxdur, təzədən məruzə eləyəcəksiniz? Elə bu sualları vermişdi ki, onlar qaldı belə. Dedilər, yox, yox, suallara keçək. Tələbələr çox maraqlı suallar verirdilər. Bir sual da belə oldu: “Mayakovskiyə münasibətiniz necədir?”. Şoloxov çox qəribə bir cavab verdi: “Mən onu tanıyırdım... Başqa sualınız...”

Şoloxov orijinal adam idi. Xəlil dedi, gəl gedək onunla şəkil çəkdirək. Dedim, sən get çəkdir.

– Bəs sonra kimlərlə görüşdünüz?

– Sonra Lui Araqonla görüşümüz oldu Moskvada. Nazim Hikmətin evində görüşdük. Nazim Hikmət də Peredelkinoda yaşayırdı. Onun evi bizim yataqxanaya yaxın idi. Nazimlə tez-tez görüşürdük. Sonra onun evində çilili şair, Nobel mükafatçısı Pablo Nerudayla görüşdük... İnanın ki, onların hamısı Nazim Hikmətə pərəstiş edirdilər. Nazim dünya miqyasında çox böyük nüfuza sahib idi. Təsəvvür edin, Nazim Hikmətin bircə şifahi rəyi ilə mənim Moskvada kitabımı buraxdılar. Birinci evi də mənə Bakıda Nazim Hikmət aldırdı...

– Bu, necə oldu?

– Moskvadan Xəlilnən evə gəlirdik. Pul yığmışdıq ki, qatarda ikinəfərlik yerdə – SV-də gələk. Pulu da xərclədik, elə oldu ki, ümumiyə düşdük. Yolda eşitdik ki, Nazim Hikmət də gəlir Bakıya. Hardadı? İkinəfərlik yerdə. Gəldik görüşdük. Onun yanında rəhmətlik Əziz Şərif idi, İbrahim Kəbirli idi, bir də bizə Qorki adına Ədəbiyyat İnstitutunda dərs deyən müəllimimiz idi. Gəldik, Nazim şeir oxudu- “Böyük adam kimdir?”. Dedi, böyük adam odur ki, ayaqyalın gəzir, kimsəsizdir, həbsxanalara düşür... Mən zarafatla dedim ki, Nazimcan, onda Xəlilnən mən böyük adamıq, çünki biz qatarda ümumi vaqonda gedirik, siz xüsusidə. Nazimə ləzzət verdi, gülüşdük. Dedi canım, böyüksünüz, böyüksünüz.

Sonra dedi, şeir oxuyun. Əlavə də elədi ki, kimin şeiri xoşuma gəlsə, onlara qonaq gedəcəm. Hərəmiz bir şeir oxuduq. Nə isə, mənim şeirim xoşuna gəldi. Söz verdi ki, Nərimangilə qonaq gedəcəm. Mənim də evim yoxdur Bakıda. Onda İbrahim Kəbirli qayıtdı ki, axı heç Nərimanın evi yoxdur. O biri SV-də də Bakının o vaxtkı meri Nəcməddin Əhmədov gəlirdi. O da Nazim Hikmətlə görüşmək istəyirdi. İbrahim Kəbirli bu sözü deyəndən sonra araya sükut çökdü. Bir də gördük Nazim Hikmət qalxdı, getdi Əhmədovun yanına. İndi vaqondakılar məni təbrik edirlər ki, artıq evin var. Nazim çıxandan sonra biz də çıxıb pəncərənin qarşısında dayandıq. O, merlə görüşdü və vaqondan ikisi də eyni vaxtda çıxdı. Əhmədov dərhal qayıtdı ki, ay Nəriman, haçan gəlmisən, ev verməmişəm?.. Sonra Nazim Hikmətdən soruşdu ki, neçə gün Bakıdasan? Nazim dedi, üç gün. Dedi, üç günə Nərimanın evi olacaq...

Nazim Hikmətin xahişindən sonra Münəvvər Kələntərlinin boşalmış evini mənə verdilər. Üç günə. Necə və nə cür verdilər, indi bilmirəm. Onu bilirəm ki, Nazim Hikmət olmasaydı, mənə ev verən olmayacaqdı. Birinci dəfə evi Nazim Hikmət, beləcə aldı, verdi mənə...

– Bəs Nazim Hikmət sizə qonaq gəldi?

– Nazim Hikmət bir neçə dəfə bizə gəlib. Özü aldığı evə. Mən dedim, Nazimcan, xoş gəlmisiniz bizə. O da dedi, canım, mən öz evimə gəlmişəm. Onda Verayla evlənmişdi. Gəldilər bizə. Sara xanım da sağ idi. Bərabər şəkil çəkdirdik. Sonra Mehdi Hüseyn idi, Osman Sarıvəlli idi və başqalarıyla gəldi. Ondan sonra Nazim Hikmətlə biz Moskvada tez-tez görüşürdük...

“Mir Cəlal müəllim öz oğlu Arif Paşayevin evini mənə verdirdi”

– Bəs ikinci evi sizə necə aldınız?

– İkinci evi, bax elə bu evi mənə Mir Cəlal Paşayev verdirdi. Öz oğlu Arif Paşayevin eviydi. 1965-ci ildə onlara ev verəndə Mir Cəlal Mehdi Hüseyndən xahiş elədi ki, Arifin adına yazdığın evi Nərimanın adına keçir. Onda mən Mir Cəlalın aspirantı idim. Bakı Dövlət Univeritetində. Mənim də Nazim Hikmət vasitəsilə aldığım evi verdilər başqasına. 1965-ci ildən bu evdə yaşayıram...

– İlk dəfə nə vaxt çap olundunuz?

– İlk dəfə 1953-cü ildə çap olundum. Gəncədə institutu bitirib gəlmişdim Bakıya. Gəldim ki, anamı da gətirim özümlə. Bircə anam vardı, heç kəsim yox idi. Onda məni burda kiminsə yerinə əsgərliyə göndərdilər. Sonra bir əsgər yoldaşım buraxılandan sonra gedib anama danışıb ki, Nərimanın əsgərliyi necə çətindi. Mən də anamın varı-yoxu bir oğluydum. Əsgərlikdə olanda anam rəhmətə getdi. Dekabr ayı idi. Xəbəri eşidəndə qaçdım əsgərlikdən. Bu, necə oldu bilirsən? Avtomatlı gəldim, bir mayor var idi, ondan icazə istədim. Dedi yox, gərək Hərbi Komissarlıqdan kağız gəlsin, sonra biz sənə icazə verək... Mənim kimin var idi ki. Qazaxın uzaq kəndindən idim, rayon da uzaq. Onda cavan idim, bir az dəlisovluğum da vardı. Avtomatı tutdum ki, vururam səni. Əlini qaldırdı, icazə verdi. Gəldim, qapıdan keçəndə əsgərlər məni əhatəyə aldılar ki, avtomatı qoy yerə. Hikkəylə dedim ki, üçəcən sayıram, çəkilməsəniz özümü də vuracam, sizi də. Doğrudan o məqamda hər şey ola bilərdi. Hamısı dağıldı. Gəldim avtomatla şəhərə. Avtomatı qoydum bir qohumumuz vardı, onlarda. Getdim qatarla, anamı dəfn elədim, gəldim. Heç kəsim yox idi. Gələndə isə məni Hərbi Tribunala verdilər...

Mir Cəlal humanizmi

– Onda Bakıda qulluq edirdiniz?

– Bəli, Bakıda. “Salyanski Kazarma” deyilən yerdə... Həmin vaxt yazıçılar bizim kazarmaya görüşə gəlmişdilər. Onda rəhmətlik Rəsul Rza və Nigar Rəfibəyli general Əbilovdan mənim əfvimi xahiş etdilər. Yəni heç kəsi yoxdur bunun, cavan şairdir. O da güzəştə getdi. Yoxsa mənə altı il iş düşürdü. Üç il də təzədən qulluq eləmək. O vaxtlar vəziyyət çox pis idi. Ordudan qaçmaq yaxşı qarşılanmırdı. Buraxıldım.

– Bəs hərbi xitmət bitəndən sonra...

– Buraxılandan sonra qapıda dayanıb axşamacan ağlayıram ki, kimin evinə gedim. Gedən yerim yox idi mənim... Sonra gəldim bir az işlədim. Daha sonra Yazıçılar İttifaqı məni göndərdi Qorki adına Ədəbiyyat İnsititutuna oxumağa. Bitirib gələndən sonra elə bilirdim ki, mənə dərhal iş verəcəklər... Mən əvvəl Gəncə Pedaqoji İnstitutunu bitirmişdim.

“Qorki”dəki ikinci ali təhsildən sonra ötkəm-ötkəm gəlmişdim ki, iki ali təhsillə yəqin mənə rahat iş verəcəklər. Gördüm heç məni sayan yoxdu. Adamın heç kəsi olmayanda, kim olursan ol, səni doğrudan, sayan olmur – mən bunu onda hiss elədim. Sonra getdim Ali Ədəbiyyat Məktəbində də iki il oxudum. Gələndən sonra Mir Cəlal müəllimlə rastlaşdım. Dedi Nəriman, nə axtarırsan? Dedim Mir Cəlal müəllim, iş axtarıram. Dedi iş axtarma, adam axtar. Mir Cəlal müəllim uzaqgörən adam idi. Dedi gedək Bakı Dövlət Univeritetinin aspiranturasına. Dedim Mir Cəlal müəllim, yorulmuşam oxumaqdan. Dedi yox, gedək... Məni apardı aspiranturaya. Bakı Dövlət Univeritetinin aspiranturasını bitirdim, dərs dedim bir az. Oğlum, belə bir məqamda dadıma çatdı Mir Cəlal. Ona görə də Mir Cəlal müəllimin portreti hələ də atamla yanaşı bu evdədir.

– Bəs Mir Cəlal Paşayevin sizin yaradıcılığınaza münasibəti necə idi?

– Onun aspirantı idim, mənim yaradıcılığımdan məqalələr yazırdı. Həm də tez-tez. Çox maraqlı adam idi... İlk şeirimi birinci dəfə “Azərbaycan” jurnalında Böyükağa Qasımzadə çap elədi, sağ olsun. Məmməd Arazla birgə. İkimiz də getdik “Azərbaycan” jurnalına. Məmməd Araz baş redaktor Əli Vəliyevin yanına, mən də poeziya şöbəsinə baxan Böyükağa Qasımzadənin yanına girdim. İndiki “Azərbaycan” jurnalının baş redaktoru İndiqam Qasımzadənin atası idi. Sonra mənim də şeirlərim çıxdı, Məmmədin də. Şeirimiz çıxanda göynən uçurduq. Deyirdik bizim şeirimiz çıxıb “Azərbaycan” jurnalında, “Ədəbiyyat və incəsənət” qəzetində. Hadisə idi bizimçün. Ədəbi mühitdə tanınırdın, hamı hörmət edirdi. Onda şairə, şeirə yüksək qiymət verilirdi... Ədəbiyyatla bağlı bir maraqlı faktı da deyim, çox xarakterik məsələdi. Qabil bir gün bazara gedir. Görür ki, biri ət alıb, “Ədəbiyyat və İncəsənət” qəzetinə bükür. Görür, ədə, bunun şeiri də ordadır. Qışqırır adamın üstünə, niyə ətə bükürsən o qəzeti? Adam deyir, necə yəni? Ət almışam da... Deyir, görmürsən mənim şeirim var orda... (Gülürük).

“Anam, bacım və yoldaşım – hamısı 50 yaşında vəfat elədi”

– Yaradıcılığınızın sonrakı dövrü necə getdi? Burda ilk kitabınız bəs nə vaxt çap olundu?

– İlk kitabım yenə Mir Cəlalın köməkliyilə “Gənclik” nəşriyyatında çap olundu. Əsgərlikdəydim, arada gəlmişdim gənclər gününə. Orda şeirlər oxudum, Mir Cəlalın xoşuna gəldi. “Gənclik” nəşriyyatnda şöbə müdiri var idi – Əzizov. Mir Cəlal dedi Əzizov, Nərimanın kıtabını çap elə. Məni əsgər paltarında Əzizov apardı nəşriyyata, müqaviə imzaladı, ilk şeirlər kıtabım çap olundu 1956-cı ildə. Onun qonorarını da mənə vermədilər ki, əsgərə bu qədər pulu vermək olmaz.

– Gələndən sonra aldınız o qonorarı?

– Mən ondan əvvəl Çoban Əfqanın da şeirlərini toplamışdım. Onu da çap elədilər. Əsgərlikdən sonra qonorarları aldım.

– Bəs o qonorarı nəyə xərclədiniz?

– Mənim həmişə arzum olmuşdu ki, qonorarımla anama bir kələğayı alım. Onu eləyə bilmədim. Həm də arzum var idi əsəgrlikdən gələndən sonra anamı gətirim Bakıya, ana-bala yaşayaq. Atam rəhmətə gedəndən sonra anam ailə qurmadı. Atam anamdan yaşca bir az böyük idi və anam həmişə ondan razılıq eləyirdi. Deyirdi, nə yaxşı sən varsan. Anam 26 yaşında dul qalmışdı. Anam da, bacım da, yoldaşım da – hamısı 50 yaşında vəfat etdilər.

– Allah rəhmət eləsin!

– Çox sağ ol, oğlum... Yadımdadı, Bakıya ilk dəfə gələndə, əsgərliyə getməmişdən qabaq məni göndərdilər Balaxanıya, axşam məktəbində dərs deməyə. Çox maraqlıdır. Gəlib oturdum və gözləyirəm ki, indi mənim tələbələrim gələcək axşam məktəbinə. Gördüm yaşlı kişilər gəlir, başıpapaqlı-filan. 60-70 yaşlarında. Mənim də 23 yaşım var. Dedim, siz kimsiniz? Dedilər biz Mirzə Ələkbər Sabirin tələbələriyik... yerinə düşür lap, Sabirin də bu il 150 illiyidir. Onların adları da indiyə kimi yadımda qalıb. Əslində mən onlara dərs demədim, onlar mənə dərs verdilər. Onlardan soruşurdum ki, Sabir sizə necə dərs deyirdi? Sən demə, Sabir onların evlərinə də gedirmiş, çanta, kitab-dəftər, qələm alırmış. Öz şeirlərini onların dəftərinə yazıb əzbərlətdirirmiş. Və sonra bir gün yoxlama gəlir. Sabiri, guya Azərbaycan dilini yaxşı bilmədiyinə görə məktəbdən çıxarırlar. Satiriki cəmiyyətin iç üzünü faş elədiyinə görə onu başqa adla məktəbdən kənarlaşdırırlar. Çox maraqlı idi, çox...

– Nəriman müəllim, belə məlum olur ki, sizin qarşınıza yalnız yaxşı adamlar çıxıb...

– Bəli, qarşıma yaxşı adamlar çox çıxıb. Ulu öndərimiz Heydər Əliyevə çox minnətdaram. Mənə çox köməyi dəyib. Yaxşı adam idi... Ancaq bu cəmiyyətdə yaşamaq çətindir. İstəyir on ali təsilin olsun, xeyri yoxdur.

– Doğrudan elə fikirləşirsiniz ki, insanın arxasında kimsə olmasa, heç nə eləyə bilməz?

– İnsanın yox, istedadın. Oğlum, dediyim odur ki, istedada kömək olmasa, o, irəli gedə bilməz. Məsələn, mənim qarşıma Moskvada Nazim Hikmət, burda Mir Cəlal, sonra Heydər Əliyev... çıxdı. Heydər Əliyev əvvəl məni partiya təşkilatının sədri, sonra “Azərbaycan” jurnalında poeziya şöbəsinin müdiri qoydu. Əli Kərimlə ikimiz işləyirdik. Bundan sonra məni “Ədəbiyyat qəzeti”nə baş redaktor qoydular. Orda da 14 ilə yaxın işlədim. Sonra Mətbuat və İnformasiya nazirliyinə birinci müavin göndərdilər. Onda komitə idi, mən gedəndən sonra nazirlik elədilər. Sabir Rüstəmxanlı nazir idi , mən də onun müavini. Amma sonradan nazirliyimiz bağlandı.

“Mən Xəlil Rzanın toyunda sağdış oldum, o da mənim toyumda”

– Ən yaxın dostlarınız kim idi, kimlərlə tez-tez görüşürdünüz?

– Onu deyim ki, günün əksər hissəsini işləyirdim. Çoxlu poemalar, pyeslər yazmışam. Universitetdə dərs demişəm. Ora-bura az gedirdim. Görüşdüyüm adamlar əsasən Məmməd Araz, Xəlil Rza idi. Xəlillə qırx ildən artıq ailəvi dost olmuşam. Xəlilin yoldaşı Firəngiz xanımla mənim yoldaşım rəfiqə idilər. Biz iki dost iki rəfiqəylə evləndik. Mən onun toyunda sağdış oldum, o da mənim...

Söhrab Tahir, Əli kərim, Famil Mehdi, Nüsrət Kəsəmənli, Tofiq Bayram, Sərdar Əsədlə də çox doğma olmuşuq. Bəxtiyar Vahabzadəylə də çox yaxın idik. Mənim haqqımda o qədər yazı yazıb ki! Dəfn olunanda onu öz çiynimdə apardım. Və gəldim üç ay xəstə yatdım. Çox sarsılmışdım. Mən həmişə böyüklərdən hörmət görmüşəm- Əli Vəliyevdən, İlyas Əfəndiyevdən və başqalarından...

Məmməd Arazla işsiz idik, getdik Əli Vəliyevin yanına. Yazıçılar İttifaqı Rəyasət Heyətinin iclası idi. Dedi ki, Mehdi, bu cavanlara iş ver işləsinlər. Bunu deyəndə yerdən zarafatla söz atdım ki, bizi yarımştat Vyetnama – müharibəyə göndərin. Onda Vyetnamda müharibə gedirdi. Xəlil də yerdən söz atdı ki, yox, Nəriman, gedib orda ölüb-eləyərik, şöhrət qazanarıq, onu da bizə çox görərlər. Hamı gülüşdü. Vaxt ötdü, yavaş-yavaş hərəmiz bir işə düzəldik. Sonralar “Gənclik” nəşriyyatında redaktor işlədim...

– Bəs Səməd Vurğunu görmüşdünüzmü?

– Səməd Vurğunla görüşdə olmuşam. Gəncliyimdə məni çox uzağa – İrkutska əsgər aparmaq istəyirdilər. Amma Səməd Vurğun zəng eləyib Bakıda saxlatdırdı. Əslində məni heç əsgərliyə aparmamalıydılar. Çünki anamın heç kəsi yox idi...

– O vaxtlar sizə qarşı ən çox kimlər çıxırdı?

– Onu deməzlər. Belə şeyləri danışmaq kişilikdən deyil. Mən o sirri özümlə aparacağam... O vaxt Heydər Əliyev Moskvada olanda deyirdi ki, Azərbaycanın oxuduğum yeganə qəzeti Nərimanın baş redaktor olduğu “Ədəbiyyat qəzeti”di. Həmişə məni müdafiə edirdi. Dediyim kimi, o qəzetə məni baş rekaktor da o təyin etmişdi.

"Bir şair ömürünü girov qoymuşam"

– Nəriman müəllim, məncə, ən əsas sualımız qalıb. Bəs sizin sevgi münasibətləriniz, ilk məhəbbətiniz necə olub?

– İlk məhəbbətim Gəncədə oxuyanda olub. Bibim Gəncədə yaşayırdı. O, mənə analıq elədi. O, məni Gəncəyə gətirib oxutdu. İlk məhəbbətim də o vaxt yarandı. Orda bir qız var idi, onu sevirdim. Sonralar həyat yoldaşım olmuş Sara da mənim otaq yoldaşım idi. O, yeznəmin qardaşı qızıydı. Məni bibim gətirmişdi yanına, onu da əmisi. Mən Saranı göndərirdim ki, get gör o qızın işləri necədi? Haçan göndərirdim, gəlib o qızı pisləyirdi (gülür). Tale elə gətirdi ki, o qıza qovuşa bilmədim. “Kimin sualı var?” poemamda həyatımın bu epizodlarını da yazmışam.

Sən demə, Sara özü məni sevirmiş. Bir rəssam şəklimi çəkmişdi, evdən asmışdım. Rəssam şəklin altında belə yazmışdı:

“Bir şair ömrünü girov qoymuşam,

Bir insan ömrünü yaşatmaq üçün...

Sonra da Sara götürüb “bir insan ömrünü” qaralayıb yazmışdı:

“Bir qadın ömrünü girov qoymuşam,

Bir şair ömrünü yaşatmaq üçün...”

Rəhmətlik İsmayıl müəllim bizə gəlmişdi, şəkil altındakı şeiri görəndə dedi, Nəriman, nə yaxşı dəyişmisən. Dedim xəbərim yoxdu, yəqin Sara dəyişib. O da təsdiqlədi ki, elə düz yazıb. Sara da qayıtdı ki, İsmayıl müəllim, şairlə çox çətindir. Şair ömürünü yaşatmaq üçün gərək qadın ömrünü girov qoyasan. Sonra biz – Xəlil də, mən də Moskvaya gedəndə evləndik.

Biz getdik Moskvaya, qızları qoymadılar ki, yataqxanada yer yoxdur. Qızlar incidi bizdən. Sonra qızlar adımızdan atalarına məktub yazırlar ki, guya Nəriman da, Xəlil də deyirlər ki, qızlar gəlin Moskvaya, sizi gözləyirik. Bizimsə xəbərimiz yox. Ataları deyir, yaxşı, gedirsiniz, gedin. Bunlar da yalandan naz edirlər ki, yox, getmirik. Ataları israr edirlər ki, gedin. Xəlillə oturmuşduq, teleqram gəldi ki, gəlirik, qarşılayın. Qaldıq belə- yer yox, yurd yox. Bir yandan da sevinirdik, uçurduq. Getdik gətirdik onları, ayrıca bir ev tutduq. Firəngizlə Sara orda yaşadı, Xəlilnən mən də yataqxanada. Onda biz bir otaqda qalırdıq. Firəngiz xanım bu xatirələri gözəl bilir. Bacım mənə Gəncədə toy elədi. Sara xanım 1986-cı ildə rəhmətə getdi. Mən də ondan sonra ailə qurmadım.

1985-ci ildə Moskvaya Zərifə xanım Əliyevanı ziyarət eləməyə getmişdim. Sara xanım da orda xəstəxanada yatırdı. Vəziyyəti ağır idi. Bir də gördüm Heydər Əliyev gəlir. Gəldi, görüşdük, qucaqladı məni. Və biləndə ki, mənim yoldaşım burda yatır, ertəsi gün xəstəxanaya gedəndə məni axtarmadıqları, soruşmadıqları yer qalmamışdı. Heydər Əliyevin nüfuzu öz işini görmüşdü. Xəstəxananın baş həkimi, tapılmayan dərmanları da tapıb gətirmişdi. Buna görə mənim yoldaşım bir il artıq yaşadı. Sara dedi, Nəriman, qoy sağalım, özüm Heydər Əliyevə minnətdarlığımı ayrı cür bildirəcəm. Amma bir ildən sonra yaşamadı. Çox kədərli həyatım olub. Heydər Əliyev o hökmdarlardan idi ki, qadını sevirdi. Belə üç hökmdar olub: biri Şəmsəddin Eldəgiz idi ki, sevdiyi qadına abidə qoydu – “Mömünə Xatun” türbəsini. İkincisi Cahan şahdır. XV əsrdə Hindistanda sevdiyi qadına “Tacmahal”ı hədiyyə elədi. Üçününcü də Heydər Əliyev idi. Onun Zərifə xanıma məhəbbəti çox böyük olub...

-Ustad, sonuncu sual sizin adınızla bağlıdır. Hardan gəlir sizin Nəriman adınız?

– Uşaq vaxtı adımı Vaqif qoyublar. O vaxt atam dəmir yolunda yoldəyişən işləyirdi.Bir gün Nəriman Nərimanov bizim kəndə gəlir. Onun şərəfinə atam adımı dəyişib Nəriman qoyur...

Əsəd Qaraqaplan

Oxşar xəbərlər

Xəbər lenti

DAHA ÇOX XƏBƏR