Bu şəhər uşaqları sevmir
Bizi izləyin

Digər

Bu şəhər uşaqları sevmir

Onun sevimli məşğuliyyəti idi yol kənarında dayanmaq, gələnə-gedənə baxmaq...

Sevirdi anasının əlindən tutub gülümsünə-gülümsünə gedən qız uşaqlarına baxmağı...

Sevirdi atasının aldığı oyuncağını sürüyə-sürüyə arxasınca çəkən oğlan uşaqlarını seyr etməyi...

Sevirdi... İçində uşaq olan bütün səhnələri sevirdi...

Uşaq... O kim idi bəs?

Uşaqmı?

Deyildi, uşaq deyildi... O çoxdan böyümüşdü, lap çoxdan.

Aradan keçən illəri özü belə unutmuşdu, amma bilirdi ki, daha uşaq deyil.

Böyümüşdü, məcburən, zoraki böyümüşdü, qocalmışdı uşaq yaşda.

Bu şəhər xırda insanları məcbur böyüdür, zorla böyüdür.

Bu şəhər uşaqları sevmir...

Uşaqlara qarşı daha nəvazişli deyil, əvvəlki tək...

Yolun o tayındakı uşaq da bunu bilirdi, ona görə tez böyüdü...

Yolun bu üzündən ona baxdığımı da hiss etdi, əlindədn tutduğum 5 yaşlı oğlumu süzdü təbəsümlə.

Oğlumdan üçcə yaş böyük idi, amma üzündə illərin ağrı-acısı vardı onun.

Bəlkə də ömründə oyuncaq görməyən əllərinin birində vedrə, o birində çırıq əski...

Gəlib-gedən maşınlara doğru qaçır yağışlı payız günündə yay şəpitləri olan çılpaq ayaqları ilə..

İndi də yolun o tayından bu tayına doğru qaçdı.

Qara rəngli bir maşına yaxınlaşdı, pəncərəsinə boylandı: "Yuyummu, əmi?!" dedi...

Qara eynəkli əmi pəncərəni bir qarış endirib onun üzünə baxdı...

Həyat üzünə gülsə bu gün tox yatacaq

Qalıbsa əgər azacıq bu şəhərin insafı...

Bu gün hər axşam kartonlara bürünüb yatdığı arxa küçələrdəki, dar dalandakı sığınacağına bir çörək apara biləcək bəlkə.

Bəlkə ayağına bir çəkmə də aldı, kim bilir?!

Yükü çoxdu, lap çox, bircə bu əmi izin versəydi maşınını yumağa...

Gülümsünürdü uşaq, "hə" gözləyirdi, "yox" duymamaq keçirdi içindən.

Eynəyini endirdi qara maşının sahibi, gözlərini qıyıb baxdı uşağa, yalın ayaqlarına, əlindəki su dolu verdəyə baxdı. Eynəyini qaldırdı gözünə, şüşəni də yerinə qaldırdı, maşını işə saldı, çirkli suyu uşağın üzərinə sıçratdı və… Getdi!

Mənim 8 yaşlı qəhrəmanım baxdı o maşının arxasınca, içindən dəli kimi ağlamaq keçdi, amma özünü saxladı, "böyüklər ağlamaz" dedi pıçıltı ilə.. O böyümüşdü, yaşadığı hər il ona 8 yaş gətirmişdi, 8 yaşlı qəhrəmanımın sən hesabla indi neçə yaşı var...

O yenə gülümsünür, bu şəhərə gülür...

O məsum "uşaq" bu şəhərin amansızlığına gülür...

Bu həyata veriləcək ən gözəl dərs verdiyi acılara gülümsəməkdir çünki.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm