Pivə ilə milyarderə çevrilən sanitar – futbol kralı, top-modellər, bahalı villalar...
Bizi izləyin

Digər

Pivə ilə milyarderə çevrilən sanitar – futbol kralı, top-modellər, bahalı villalar...

O, “Monako” Futbol Klubunun sahibidir. Əvvəlcə həkim işləyirmiş. Maaşının azlığı səbəbindən biznes fəaliyyətinə başlayır. 5 il müddətində Rusiyanın ən böyük şirkətlərinin səhmdarına çevrilir. Necə? Bunu rusların özləri də yaxşı bilmir. Rəsmi olaraq onun Rusiyada 1990-cı ildə yaşanan özəlləşmə bumunun sayəsində milyarderə çevrildiyi qeyd edilir. Qeyri-rəsmi mənbələrdə isə böyük pulları pivə satmaqla qazandığı irəli sürülür. Söhbət Dmitri Rıbolovlevdən gedir.

Publika.az “Milyonçu” layihəsi çərçivəsində sadə həkimin milyardlara gedən yolu barədə hekayəsini təqdim edir.

Sanitarlıqdan milyarderliyə

Dmitri Rıbolovlev 1966-cı ilin 22 noyabrında Permdə həkim ailəsində anadan olub. Onun valideynləri Perm Tibb Universitetində işləyiblər. Dmitri Rıbolovlev də valideynləri kimi həkimlik ixtisasını seçib. Tələbəlik illərində qrup yoldaşı Yelenaya aşiq olması bütün həyatının axarını dəyişib. Belə ki, üçüncü kursda oxuyarkən Yelenaya evlilik təklif edib və müsbət cavab alıb. 1989-cu ildə cütlüyün ilk övladı dünyaya gəlib. 1990-cı ildə Perm Tibb Universitetini bitirən Dmitri həkim diplomu alıb. Kordeologiya şöbəsinin reanimasiyasında əvvəlcə sanitar, sonra həkim işləməyə başlayıb. Lakin həkim-interna maaşı gənc ailəyə yetməyib. Bu zaman Dmitri atası ilə birlikdə “Maqnetiks” adlı şirkət yaradıb və sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa başlayıb. Tibb sahəsində fəaliyyət göstərən şirkət konkret olaraq iri sənaye müəssisələrinin işçilərinin daxili orqanlarının maqnit sahəsinin təsiri ilə müalicəsinə dair müqavilələr bağlayırmış. Yazılanlara görə, ata-balanın qazancı pis deyilmiş. Bununla belə, kiçik biznesdə çox qalmaq istəməyən Dmitri iki ay sonra brokerliyi öyrənmək məqsədilə Moskvaya üz tutur.1992-ci ildə qiymətli kağızlarla əməliyyat aparmaq üçün Rusiya Federasiyası Maliyyə Nazirliyinin attestatını alır. “İnkombrok” investisiya-broker şirkətini və “Kamennıy poyas” çek investisiya fondunu yaradıb (bəzi mənbələrə görə, Dmitri, sadəcə, bu şirkətə işə qəbul edilib). Elə həmin il Rıbolovlev “Finansovıy dom“ investisiya şirkətinin prezidenti olur. 1994-cü ildə isə öz bankını yaradır. Bu, onun böyük pullara gedən yolunun rəsmi tərəfləridir.

“Uralkali”nın sabiq maliyyə direktoru Aleksandr Yaskov Dmitrinin dollar milyarderinə çevrilməsini belə nəql edir: “O, mənə deyirdi ki, qatar vaqonunda Permdən Moskvaya pivə gətirib satmaqla milyonlar qazanıb”.

Bir həkim maliyyə bazarında necə bu qədər irəli gedə bilərdi? Göründüyü kimi, məsələ heç də brokerlik fəaliyyətində deyil.

Şirkətlər və həbs

D. Rıbolovlev getdikcə kimya sektoruna istiqamət alır. Özünün kiçik ortağı Vladimir Şevsovla Perm vilayətindəki sərfəli müəssisələrə investisiya qoyur. Artıq 1993-1995-ci ildə onun portfelində “Uralkali”nin, “Silvinita”nın, “Solikamski PPM”, “Metafraksa” (metanol istehsalı) və “Nefteximika”nın (texniki spirt istehsalı) səhmləri var idi. Konkret olaraq o, 1994-cü ildə “Uralkali”nin idarə heyətinin üzvü, 1995-ci ildə “Kredit FD” bankının idarə heyətinin sədri olur. 1996-cı ildə “Uralkali”nin rəhbəri vəzifəsinə yüksəlir. 1996-cı ildə ortaqlar – Dimitri Rıbolovlev və Vladimir Şevsov Oleq Lomakin adlı şəxsin ifadələri əsasında həbs edilirlər. Hüquq mühafizə orqanları onları ”Nefteximik” ASC-nin rəhbəri Yevqeniya Panteleymonovanı öldürməkdə günahlandırır. İstintaq iddia edir ki, ASC-nin səhmlərinin 40 faizinin məxsus olduğu Rıbolovlev gəlirlərinin azalmasından qorxaraq Panteleymonovanın qətlini sifariş edib. Belə ki, D. Rıbolovlev Panteleymonovanın onun pul vəsaitlərinin hərəkətinə nəzarət etməsi ilə bağlı müqaviləni ləğv etmək niyyətindən qorxub. Lakin istintaqın gedişi zamanı əvvəlcə Lomakin ifadəsindən imtina edir. Sonradan Rıbolovlev və Panteleymonovanın qarşılıqlı razılıq əsasında müqaviləni pozmaq istədikləri ortaya çıxır. 11 ay həbsdə qalan Dmitri 1 milyard rubl ödəyərək zaminə çıxır, 1997-ci ildə isə bəraət alır. Lomakinin özü cinayətin təşkilatçısı kimi həbs edilir. Amma hələ də cinayət işində qaranlıq məqamlar var və əsl sifarişçini tapmaq mümkün olmur.

Futbol klubuna satılan “Uralkali”

Azadlığa çıxdıqdan sonra D. Rıbolovlev biznesini davam etdirir. 2000-ci ildə “Uralkali”nin səhmlərinin 50 faizinə sahiblənir. Həmin ildə şirkətin göstəriciləri 2,5 dəfə artır. 2007-ci ildə Rıbolovlev “Uralkali”dəki payının 12,75 faizini satır və bu əməliyyatdan 1,07 milyard dollar qazanır. Əgər 2000-ci ildə “Uralkali” tam şəkildə Rusiya şirkəti olduğu zaman dəyəri 100 milyon dollar təşkil edirdisə, 2008-ci ildə bu rəqəm 35 milyard dollara yüksəlir. O, 2010-cu ilin iyununda “Uralkali”nin səhmlərinin 53,2 faizini “Kaliha Finance Limited” (Süleyman Kəriumov 25 %), “Aerellia Investments Limited” (Aleksandr Nesis 15 %), “Becounioco Holdings Limited” (Filaret Qalıçev 13,2 %) şirkətlərinə satır. Müqavilənin dəqiq dəyəri bilinmir. Təxmini qiymətləndirmələrə görə, səhmlər 5,32 milyard dollara satılıb. 2011-ci ilin aprelində Dmitri “Uralkali”nin əlində qalan səhminin 10 %-ni də Aleksandr Nesisin müəssisəsinə satır. 2010-cu ildə “Banka Kipra”nın kontrolunu tamamilə ələ alır. 2011-ci ildə Monakoya gələrək “Monako” Futbol Klubunun səhmlərinin 66,67 faizini satın alır. Hazırda futbol klubunun səhm paketinin 67 faizi Dmitrinin, 33 faizi Knyaz Alıberindir.

Milyarderin kapitalı

“Uralkali”ni satmasının ardından milyarderin idarəsində “Banka Kipra” və “Monako” Futbol Klubu qalır. “Forbes”in qiymətləndirməsinə görə, 2010-cu ildə iş adamının sərvətinin həcmi 8,6 milyard dollar, 2011-ci ildə 9,5 milyard dollar, 2012-ci ildə 9 milyard dollar, 2013-cü ildə 9,1 milyard dollar, 2014-cü ildə 8,8 milyard dollar təşkil edib. Onun adı jurnalın Rusiyanın ən varlı vətəndaşları ilə bağlı sıralamasında 17-ci sırada yer alır.

Ailəsi

Tələbəlik illərində qrup yoldaşı Yelena ilə ailə quran D. Rıbolovlevin bu evlilikdən Yekatirina və Anna adlı iki qızı var. Qızlarından biri 1989-cu ildə, digəri 2001-ci ildə dünyaya gəlib. 2007-ci ildə çütlük boşanmağa qərar verir. Yelena Dmitrinin varidatının yarısına iddia edir. 2012-ci ildə tərəflər, demək olar ki, razılığa gəlsələr də, son anda Rıbolovlev müqaviləni imzalamaqdan imtina edir. Nəticədə, Yelena məhkəməyə müraciət edərək ərinə qarşı dələduzluq ittihamı irəli sürür. Müxtəlif ölkələrdə - Sinqapurda, Kiprdə, Vircin adalarında biznesmenə qarşı məhkəmədə iş qaldırılır. 2014-cü ildə Cenevrə məhkəməsi D. Rıbolovlevin keçmiş həyat yoldaşına 4 milyard İsveç kronu (o zamanın avro ekvivalenti ilə 3,3 milyard avro) ödəməsinə dair qərar çıxarır. Yelena həmçinin 13 yaşlı qızları Anna üzərində himayədarlıq hüququ qazanır. Bundan əlavə, məhkəmə milyarderin Koloni şəhərində yerləşən daşınmaz əmlakını da arvadına verməsini tələb edir.

Top modellər aşiqi

İş adamı yaxtada əyləncələr təşkil etməyi sevir. Onun adı tez-tez məşhur top modellərlə gündəmə gəlir. Hətta onun top model Tatyana Dzyaqileva ilə birmənalı sayılmayan fotoları da var.

95 milyon dollarlıq ev

D. Rıbolovlev dünyada ən bahalı evin sahiblərinin sıyahısında da yer alır. Onun daşınmaz əmlakları arasında Floridada yerləşən “Maison de L’Amite” adlanan rezidensiyası daha məşhurdur. O, 2008-ci ildən bu əmlakın sahibidir. Rezidensiyanın qiyməti 95 milyon dollar təşkil edir. “Maison de L’Amite” 33 min kvadratmetrdir. Orada 18 yataq otağı, 22 hamam, 50 avtomobil üçün dayanacaq, fitnes-sent, ev teatrı, kitabxana və şərab zirzəmisi yerləşir. “Maison de L’Amite” fransızcadan tərcümədə dostluq evi adlandırılır. Amma rezidensiyanın adı reallıqla uyğun gəlmir. Onu da qeyd edək ki, milyarder malikanəni aldıqdan sonra eks-həyat yoldaşı əmlakdan pay tələb edib.

Yeri gəlmişkən, milyarderin qızı Yekatirina Nyu-Yorkda 88 milyon dollara penthausa sahibdir. Ümumiyyətlə, iş adamı bahalı əmlaka pul xərcləməyi sevir. O, Hollivud ulduzu Uil Smitdən Havay adalarında 20 milyon dollara villanı satın alıb. Deyilənlərə görə, aktyor bu villanı 2009-cu ildə 13,5 milyon dollara əldə edibmiş. Bundan əlavə, Dmitri 2013-cü ildə Yunanıstanda 100 milyon dollara iki ada satın alıb. Bu adalar əvvəllər Aristotel Onassisusa (yunan milyarderi) aid olub. Onun əmlak ehtirası bununla bitmir. Dmitri eyni zamanda amerikalı biznesmen Donald Trampdan 95 milyon dollara ev, Monakoda 300 milyon dollara penthaus alıb.

Özü haqqında dedikləri

Milyarder nadir hallarda mediaya müsahibə verir. Özü bu haqda “xarakterim belədir” deyə bildirir: “İctimaiyyətə açıq insan deyiləm. Özüm haqqında danışmağı sevmirəm”.

Milyarder nadir müsahibələrindən birində ixtisasca həkim olması, amma bu sahədə işləməyərək digər sahəyə maraq göstərməsi barədə danışıb: “Hər şey sadədir. İnstitutu 1990-cı ildə bitirmişəm. Həmin dövrdə artıq yenidənqurma gedirdi. Əməkhaqqım 120 rubl idi, qırmızı diploma görə də əlavə 10 rubl alırdım. 3-cü kursda evləndim, balaca qızımız dünyaya gəldi. Tələblər bizneslə məşğul olmağımı gündəmə gətirdi. Əvvəlcə bunu elə sevməsəm də, sonradan çox xoşuma gəldi. Pul qazanmaqdan əlavə, bu sahədəki müstəqillik məni cəlb etdi. Biznesdə qərarları özün verə bilirsən”.

Milyarder 90-cı illərdə iş adamlarına divan tutan cinayətkar qruplaşmalara heç bir zaman haqq vermədiyini də iddia edir. Bununla belə, ailəsini qorumaq üçün 1995-ci ildə İsveçrəyə köçürdüyünü də inkar etmir.

Leyla Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm