• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Elnarə Təhməzova: “Bizim doğrudan da seks problemimiz var“

  • Digər
  • 30 May 2012 20:57
  • 13 Baxış
Elnarə Təhməzova: “Bizim doğrudan da seks problemimiz var“

"Kişinin belə zəifliyini görəndə dünya gözümdən düşür"

Publika.Az-ın "Ev havası" layihəsinin növbəti qonağı ANS televiziyasının "İncə maraqlar" proqramının aparıcısı Elnarə Təhməzovadır.

Layihəmiz hər ay yenilənən rəsm əsərlərinin qalereyasına çevrilmiş "ROOM" kafesində baş tutur.

- Yaşadığın şəhər, iş yerin... Daxilən necəsən?

- Hamı deyir ki, burda istədiyi kimi yaşamır. Münasibətlər, insanların əsəbiliyi bəzən dözülməz olur. Hamı hirsini tökməyə kimisə axtarır. Biz yorğun əsgərdən törəmiş insanlarıq. Əsəbi, tənbəl... İş yerinə gəlincə, bizdə vəziyyət o qədər də qəliz deyil. Bu da rəhbərliyin səyi nəticəsində belə olub. Bəlkə də yeganə telekanalıq ki, rəhbərliklə birbaşa təmasdayıq. Heç kim qeybət edə bilmir. Cəhd edən kimi rəhbərliyin otağında üzləşməli olur.

- Kişilər çox qeybət qırır, ya qadınlar?

- Əlbəttə, kişilər. Qadınların danışa biləcəyi çox az mövzular var ki, qeybət həddinə çatır. Kişilər isə qadınlardan tutmuş, başqalarının pulu necə qazanmağına qədər hər şeyin qeybətini edirlər. Bəzən olur ki, kollektivdə söz-söhbət yaranır, həmin konfiliktin altından mütləq kişi qeybəti çıxır.

- Kişilərdən niyə belə narazısan?

- Narazılıq deyil. Qadın özündən daha güclüsünü axtarır. Bu qadının xislətindədir. Kişinin belə zəifliyini görəndə dünya gözümdən düşür. Bizdə qadınların işi çətindir. Bir kişini "əhliləşdirmək" uzun vaxt aparır. Proses bitdikdən sonra isə adam o qədər yorulur ki, ayrılmaq istəyir.

- Səni bezdirən çox olur?

- Bezdirən deməzdim. Sevgi etiraf edənlər çoxdur. Aralarında evlilər də var.

- Sənin münasibətin necə olur?

- Bayaq dediyim kimi, bizdə hamı hirsini tökməyə adam axtarır. Mən də istəmirəm kiminsə xətrinə dəyim. Kimsə sevgi etirafı edirsə, çalışıram xətrinə dəymədən uzaqlaşım. Ancaq bəzən xəstəlik həddinə də gətirib çıxarırlar. Kiməsə "məni narahat etmə" deyəndə anlamırlar. Mən insanlarla xoş davranmağı sevirəm. Ancaq bizim kişilərdə bir xüsusiyyət var. Xoş davrananda bunu "sürüşkənlik" kimi qəbul edirlər. Sonra da deyirlər, xaricdə hamı gülür, burda isə insanlar qaşqabaqlıdır.

- Səncə, çox tanınırsan?

- Az-çox tanınıram. Bu da mənim xoşuma gəlir. İnsanlar mənə yaxşı münasibət göstərir. Küçədə, hansısa ictimai yerdə olanda ətrafdakılardan müsbət enerji alıram.

- Sənin "İncə maraqlar"ın kimə hesablanıb?

- Mövzularımız müxtəlifdir. Əsas ailə-məişət məsələləri müzakirə olunduğuna görə, proqrama daha çox evdar qadınlar baxır. Ona görə də, kifayət qədər çalışıram ki, proqramda qonaqlar müxtəlif olsun. Proqramın dili sadə və anlaşıqlı olsun.

- Efirdə gördüklərinlə razılaşırsanmı? Azərbaycan teleməkanında nə qədər peşəkar var?

- Gördüklərimlə razılaşmıram. Bəzən dözülməz olur. Qeyri-peşəkarlar efirləri basıb. Danışıq qabliyyəti, diksiya sıfırdır. Dünyagörüşü, məsələlərə baxışı isə orta statistik vətəndaşın düşüncə səviyyəsinin altındadır. Bəzən baxırsan ki, efirdə hansısa gündəmi narahat edən mövzu müzakirə edilir. Mövzunu isə dünyagörüşü olmayan, bisavad birinə tapşırıblar. Eyibdir. İndi bizim telekanallara dünyanın hər yerindən baxmaq mümkündür. Bu biabırçılığa baxıb bizə güləcəklər.

- Elnarə Təhməzova necə, professionaldırmı?

- Mənim Türkiyə, Gürcüstan, Rusiya kimi ölkələrdə keçdiyim təcrübə yolu var. Türkiyədə "Dogan" qrupu ilə işləyirdim. Ordan geri qayıtdıqdan sonra alışmağım vaxt apardı. Türkiyədə televiziya sistemində hər şey, hər şey tamam başqadır.

- Sən aparıcıya olan münasibəti nəzərdə tutursan?

- Hər şeyi. Türkiyədə proqram aparıcısı ilə şahzadə kimi davranırlar. Televiziya onun bütün xərclərini ödəyir. Eyni zamanda da yüksək qiymətləndirir. Efirə çıxan aparıcının əhvalının qayğısına qalırlar. Efir zamanı baş verən problemləri aparıcıdan gizlədirlər ki, qanı qaralmasın. Çünki, bu efirdə hiss oluna bilər. Burda isə pult arxasında oturan işçi canlı efirdə olan aparıcıya az gülməsi ilə bağlı çəmkirməyi özünə borc bilir. Hər şey efirin gedişatına təsir edir. Keyfiyyətli proqram tələb edən rəhbərlik bunları nəzərə almalıdır.

- Demək istəyirsən ki, burda istədiyin sərbəstlik yoxdur?

- ANS-də kifayət qədər sərbəstəm. Hətta, o qədər sərbəstəm ki, arada özümü unudub ağzımdan efirdə deyilməyəcək sözlər də qaçırıram.

- Telekanallarda xarici görünüşü efirə uyğun olan aparıcılar azdır. İllah da ki, ANS-də.

- Razıyam. ANS-in efirində, eləcə də bütün yerli telekanallarda efirə uyğun olmayan simalar var. ANS-in isə bir fərqi var: ANS-də Mirşahin, Vahid Naxış kimi jurnalistikanın biliciləri var ki, efirə yad, heç bir qabiliyyəti olmayan şəxslərdən, adi satıcıdan, sürücüdən də ən yaxşı efir adamı düzəldə bilir. Ona görə də, ANS-də o çatışmazlıq ancaq görüntüdə qalır.

- Evlilik proqramlarının bağlanacağı haqda hər gün məlumat gedir. Ancaq hələ də davam edir.

- Evlilik proqramları bizdə baş tutmadı. Bunun əsas səbəbi gündəlik həyatımızla bu proqramların ziddiyət təşkil etməsidir. Bura Azərbaycandır. Hamı bir-birini yaxşı tanıyır. Həmin proqramların aparıcıları evlilyə yad insanlardır. Primitiv bir reallığı deyim. Kiminsə qapısına elçi göndərəndə göndərən tərəf öz ağsaqqalını, ziyalısını, hamı tərəfindən qəbul edilən və hörmət sahibi birini göndərir. İndi təsəvvür edin, kiməsə elçi qismində Elgizi və ya Zauru göndərirsən. Absurddur. Elgizi aparıcı kimi hamı qəbul etmir. Zaura gəlincə, o hələ də efirdə olduğunun fərqində deyil. Yanındakı aparıcı Günayın funksiyası isə Zaurun dediklərini alqışlamaqdan ibarətdir. Bir ağıllı günün birində Biləcəridən o tərəfdən sual verəcək ki, ay Zaur, ay Elgiz, siz nə bilirsiniz evlilik nədir? Bizdə evlilik proqramları odla oynayır. Ailə dəyərlərimiz orda görünənlər deyil.

- Biləcəridən o tərəfdə nə var, nə yox?

- Tərifləyəcəm, inciyəcəklər. Doğurdan da kənarda yaradıcı insana qayğı və hörmət var. İnsan hiss edir ki, o kiməsə lazımdır, çünki yaradıcıdır. Burda onu hiss edə bilmirəm. Aparıcıya avtomat maşın kimi yanaşmaq olmaz. Hər proqrama aparıcı can qoyur.

- Kişilərin sənə marağının çox olmasının efirlə əlaqəsi varmı?

- Bəlkə də. Mənə maraq çoxdur. Ancaq, bu mənə elə də maraqlı deyil. Təkliflər həmişə yaxşı olmur. İçlərində elələri var ki, məndən "hə" cavabı almamış gələcək həyatımı planlaşdırır. İndidən "işləmə" əmrləri verir. Həm yanlarında mənim kimi qız istəyirlər, həm də, qadağa qoymağa çalışırlar. Qadağa qoymaq istəyən özünə uyğun, evdə oturan qadın tapa bilər. Daha kimisə dəyişdirməyə çalışmaz. Elnarə Təhməzova kimi tanıyıb, sevən insan, niyə məni sonradan Fatmaya, Nisəxanıma döndərməyə çalışır?

- Ciddi təkliflər necə?

- Ailə qurmaq bizdə kütləyə qarışmaq məqsədi daşıyır. Hamı evlənir, sən də evlən. Standartdan kənara çıxma. Mən belə fikirləşmirəm. Hələ ki, ailə hıyatı ilə bağlı təzadlı fikirlər içindəyəm. Başqa təkliflər isə məni maraqlandırmır. Kiminsə "lyubovnitsası" olmağın, o biri əxlaqsızlıqdan fərqi nədir? Elə həyat Azərbaycan cəmiyyətində bir ev, bir maşın, uzaqbaşı gözəllik salonu vəd edir. Nəticədə isə, gözükölgəli olursan. Həm münasibətin olan şəxsin, həm də Azərbaycan kimi işi-gücü bir–birini müzakirə etmək olan cəmiyyətin qarşısında.

- Bizdə niyə hamı başqalarının həyatı ilə maraqlanır?

- Çünki, insanların şəxsi həyatlarında yeniliklər, maraqlı nüanslar azdır. Hamı daha çox üzdə olan insanların həyatları ilə başını qatır. Demirəm ki, bu xaricdə yoxdur. Bu hər cəmiyyətdə var. Ancaq bizdəki qədər deyil.

- İşlədiyin mövzular bir vaxtların qadağan olunmuş söhbətləridir.

- Doğrudur. Bir neçə il əvvəl efirdən belə intim söhbətlər etmək qadağan idi. İntim dedim, yadıma bir hadisə düşdü. Efirdə "intim" sözünü işlətdiyimə görə proqramın içindəcə mənə bir mesaj gəlmişdi ki, eyibdir, o sözü az təkrarla. "İntim" sözünün mənasını bilməyənlər bu sözü istifadə etdiyimə görə mənə irad tuturlar.

- Bəs seks kəliməsi necə? Bunu efirdən deyə bilirsənmi?

- "Seks" sözünü nəinki efirdə, heç gündəlik həyatımızda da yüksək səslə demək olmur. İnsanlar yaşadıqları hissləri dilə gətirməyə qorxur. Öz hissləri haqqında danışmağa günah kimi yanaşır. Mən proqramlarımda bu mövzuları işləyirəm. Bizim doğurdan da seks problemimiz var. Ailələrin çoxu araşdırılma aparılsa, məlum olar ki, buna görə dağılır. İki şəxsin temperamenti uyğun gəlmir. Bu haqda isə danışmaqdan qorxurlar. Səbəb isə çox vaxt kişilərdir. Elə kişilər var ki, kənarda çox sərbəstdir. Öz həyat yoldaşı ilə rəis tonu ilə danışır. Qadın ona hansısa hissini biruzə verəndə onu sorğu-suala çəkir ki, bunu hardan öyrənmisən. Dəhşətlidir. Bu cür şeylər məni evlilikdən çəkindirir.

- Bəs toy adətləri necə?

- Bu hamının şəxsi işidir. Nigah iki insan arasında bağlanır. Bunu qlobal müsibətə çevirib evlənənlərin burnundan gətirmək lazım deyil. Bu mövzular mənim proqramımın ənənəvi mövzularıdır.

- Buralardan köçüb getmək fikrin yoxdur ki?

- Türkiyədən iş təklifi var idi. Getmədim. Fikirləşdim ki, doğmalarımı qoyub birdəfəlik uzaqlaşa bilmərəm. Ancaq ordakı telekanalların aparıcıya münasibəti yadıma düşəndə peşman oluram. Məhşur filmdə deyildiyi kimi, hörməti hörmət, pulu pul. Ancaq bizim elə xüsusiyyətlərimiz var ki, başqa ölkələrdə yoxdur. Biz çox istiqanlıyıq. Bir-birimizin necə deyərlər, ətimizi yesək də, sümüyümüzü çölə atmarıq. İstiqanlılığımızdan heç yerdə yoxdur. Bu xarakterimizi Azərbaycana gələn xaricilər də hiss edir.

- Gələcək üçün nikbinsən?

- Hazırkı yerim məni qane edir. Həm cəmiyyətdə, həm də şəxsi həyatımda özümü xoşbəxt hiss edirəm. Xaricdə uğur qazanmaq çətindir. Hətta müğənnilərimiz belə, gedib əliboş qayıdır. Çalışıb buranı mükəmməlləşdirmək lazımdır. Efirdən dili qüsurlu, bisavad insanları uzaqlaşdırmaq, bu işə bilənləri cəlb etmək lazımdır.

- Nəhayət, xoşbəxtlik hissinə nə qədər yaxınsan?

- Mən maksimalistəm. Hər şeyin ən yaxşısını həyatdan tələb edirəm. Azla qane olan, taleyi ilə barışan insanlara yanımda yer yoxdur. Söhbət puldan getmir, insanın mübarizə aparmaq bacarığından gedir. İstəyirəm ki, həyatımda hər şey qaydasında olsun. Yüz faizli komfort olmasa da, rahat yaşayım. Ailə qurmaq planı olan insan gərək uşaqlığını da düşünsün. Mən gələcəkdə uşağıma nəyisə maddi imkanım olmadığı üçün qadağan eləsəm, hər şeydən əvvəl özümə hörmətim itər. Eyni ilə də özümlə bu cür davranıram. Çalışıram özümə "yox" deməyim ki, öz yanımda qürurum sınmasın. Bu hiss ən böyük xoşbəxtlikdir.

Günay Muradlı

Publika.Az

Oxşar xəbərlər

Xəbər lenti

DAHA ÇOX XƏBƏR