Baloğlan Əşrəfov: “Azərbaycanda elə müğənni var ki...“
Bizi izləyin

Digər

Baloğlan Əşrəfov: “Azərbaycanda elə müğənni var ki...“

Müğənni Publika.Az-a verdiyi müsahibədə şou-biznes əhlini yıxıb-sürüdü. İndiki ifaçılarla keçmişdəki müğənniləri müqayisə edərək, eyibləri üzə çıxardı.


- Estradadan muğam janrına keçən ifaçılara münasibətiniz necədir?

- Azərbaycanda muğam oxuyanlar çoxdur. Hazırda muğam ifaçıları içərisində səsi ilə dünyanı lərzəyə gətirən sənətçi Alim Qasımovdur. Təbii ki, istedadı olan ifaçılar estradadan muğam janrına keçə bilərlər. Ancaq nəyinsə və kiminsə xatirinə ifa etmək lazım deyil. Hər bir müğənninin öz janrı olmalıdır.

- Hansı ifaçılar muğam yox, estrada janrında oxusalar, daha yaxşı olar?

- Adlarını dəqiq bilmirəm.

- İncəsənətə gələn cavanlar nəyə görə muğama yox, məhz estrada janrında oxumağa üstünlük verirlər?

- Onu deyim ki, estrada janrında ifa etmək o qədər də asan iş deyil. Sözügedən janrı oxumaq üçün insanda ürək olmalıdır. Kimə necə xoşdur, o yolu da tutur. Onu da deyim ki, mərhum Mirzə Babayev estrada oxuyan olub. O, sənətini inkişaf etdirərək böyük uğurlar qazanıb.

- İfaçılardan kimlərin səsi sizi qane edir?

- Babək Niftəliyevin, İlkinin səsini çox bəyənirəm. Onlar istədikləri mahnını ifa edə bilərlər. Çünki səs imkanları buna yol verir.

- Oxumaqdan çox, danışmağa üstünlük verən müğənnilərə münasibətiniz necədir?

- Hansısa bir müğənnini verilişə dəvət edəndə, o qədər danışır ki, oxumağına vaxt qalmır. Mənə elə gəlir ki, hər bir sənətçi özünə və sənətinə hörmət etməlidir. Müğənnilər qalmaqalla gündəmdə cəmi 1 həftə və 1 ay qala bilərlər. İfaçını qalmaqallarla yox, mahnıları ilə tanımaq lazımdır. Şəxsən Azərbaycanda elə müğənni var ki, mən ancaq onu qalmaqallarda görmüşəm. Sənətindən xəbərim yoxdur.

- Söhbət kimdən gedir ?

- Adını demək istəmirəm. Çünki mənim yaş səviyyəmə uyğun deyil. Adını çəkməsəm belə, bilirlər ki, söhbət kimdən gedir. Yəni ki, “arifə bir işarə də yetərlidir”.

- Azəri ulduzları ancaq qalmaqallarla gündəmə gəlirlər?

- Xeyr. Artıq qalmaqal gündəmdən düşüb. İndi gündəmdə qalmaq üçün yaşadıqları həyat tərzindən danışaraq efirlərdə reklam olunurlar.

- Sizin fikrinizcə, belə söz-söhbətlər haradan yaranır?

- İnanın ki, boşluqdan yaranır. Ancaq mənim vaxtım olsaydı, əvvəllər ifa etdiyim musiqiləri yenidən aranjeman edərdim.

- Keçmişdə ifa edən müğənnilərlə bugünkü cavan müğənnilərin nə fərqi var?

- Bizim dövrümüzdə az danışıb, çox işləmək var idi. Vətəndən kənarda kassetlərimiz çıxanda, heç kəs onu efirlərə çıxıb elan etmirdi. Nə də ki, heç bir müğənni paltarından və libasının qiymətindən danışmırdı. Pərdə arxası məqamlardan heç kəsin xəbəri olmurdu. Yalnız kasetlərimizlə özümüzü tamaşaçılara sevdirirdik. İndiki müğənnilər yalnız qalmaqal edib, şəxsi həyatlarından danışırlar.

Ceyran Əsgərqızı
Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm