Həm gülməli, həm ağlamalı...
Bizi izləyin

Digər

Həm gülməli, həm ağlamalı...

Elariz Məmmədoğlu: "...Bahalı menyü seçmişəm ki, yaxşı-yaxşı yeyib-içəsiz"

Yəqin, hər kəsin başına maraqlı və yaddaqalan hadisələr gəlir. Adi insanlardan fərqlənən şou-biznes əhlininin toylarda, musiqili tədbirlərdə, çəkilişlərdə başlarına gələn əhvalatlar oxucular üçün həmişə maraq kəsb edir. Biz də oxucuların marağını nəzərə alaraq "başınıza gələn və unuda bilmədiyiniz hadisələr" məzmunlu suallarla populyar şou-biznes nümayəndələri arasında sorğu keçirdik. Sözügedən sorğunu Publika. Az-ın oxucularına təqdim edirik:

Müğənni Səidə Sultan:

-Bir dəfə həmkarım Natavan Həbibi ilə Moskvaya yəhudilərin toyuna getmişdik. Toy mərasimi bitdikdən sonra vətənə qayıtmalı idik. Aeroporta gəldik və qeydiyyatdan keçdik. Təyyarənin uçmağını gözləyirdik. Birdən baxdıq ki, aeroportda dörd bir yanımız ermənilərlə doludur. Çox qorxdum və ağlamağa başladım. Elə bildim ki, azərbaycanlı olduğumuz üçün ermənilər bizə qarşı təxribat hazırlyıblar. Natavan mənim ağlamağımı görəndə başladı qışqırmağa ki, burda azərbaycanlılar yoxdur? Kənarda əyləşən yaşlı bir dayıdan səs gəldi ki, mən də azərbaycanlıyam. Daha sonra anladıq ki, ermənilərlə azərbaycanlıların təyyarələri eyni saatda uçmalıymış...

Stilist Samir Əliyev:

-1 aprel günü aldanmağımı heç cür yadımdan çıxara bilmirəm. Həmin gün gecə saat 4-də rəfiqəm tərəfindən telefonuma zəng gəldi ki, bəs "xarici ölkəyə gedirəm. Gəl, təcili mənim saçımı düzəlt". Birinci qəbul etmək istəməsəm də, sonra razılaşıb getdim. Gəlib evlərinə çatanda söylədi ki, al-dan-dın...1 aprel - aldatma günüdür. O gün mənim yadımdan yəqin ki, heç vaxt çıxmayacaq...

Müğənni Elariz Məmmədoğlu:

- Toylara tez-tez getdiyimdən maraqlı əhvalatlar ən çox orda baş verir. Toy mərasiminin birində ritmik mahnı ifa edirdim. Demək olar ki, məclisə gələnlərin doxsan faizi rəqs edirdi. Musiqi ifa edən zaman bəyin atası yaxınlaşıb xahiş etdi ki, mahnını dayandır. Təbii haldır ki, oxuyan zaman musiqiçiləri dərhal saxlamaq çətin olur. Amma bəyin atasının xahişini nəzərə alaraq musiqini yavaş-yavaş dayandırdım. Ağsaqqal mikrafonu əlinə alıb söylədi ki, "ay camaat bahalı menyu sifariş eləmişəm ki, mənim oğlumun xeyir işində yaxşı yeyib-içəsiniz. Ancaq siz elə Elarizi oxudub oynayırsız. Xahiş edirəm, bir az yemək yeyin, sonra oynayarsınız...

Müğənni Manaf Ağayev:

-Toyların birinə dəvət almışdım. Bəylə gəlin şadlıq evindən içəri girəndə ikisini də güllələdilər. Güllələnməklərinə səbəb o idi ki, gəlini ailəsi tərəfindən məcburən başqa oğlana ərə verirdilər. Qızın öz istədiyi oğlan şadlıq evinin qarşısında dayanıb onların gəlməyini gözləyirmiş... Bəylə gəlinin şadlıq evinin qapısının ağzındaca qətlə yetirilməsi hamı kimi, məni də dəhşətə gətirmişdi. Bu kədərli hadisəni istəsəm də, unuda bilmərəm...

Müğənni Firuzə İbadova:

-İllər öncə - xoşbəxt günlərimizdə aktrisa Amaliya Pənahova və aktyor Lütfəli İmanovla Şuşaya Cıdır düzünə bir tədbirə getmişdik. Birdən dolu qarışıq yağış yağmağa başladı. Hər kəs avtobusa minib. Ancaq bizi - məni, Amalya xanımı və Lütfəli İmanovu unudublar... Qalmışdıq yağışın altında. Avtobus uzaqlaşandan bir az sonra rəhmətlik Ulu Öndərimiz Heydər Əliyev avtobusa göz gəzdirib ki, biz içəridə yoxuq. Dərhal arxamızca maşın göndərdi və bizi yağışın caynağından qurtardı...

Ceyran Əsgərqızı

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm