Modelyer Gülnarə Xəlilova: “Kişi geyimində o rəngləri qəbul eləmirəm“
Bizi izləyin

Digər

Modelyer Gülnarə Xəlilova: “Kişi geyimində o rəngləri qəbul eləmirəm“

Dəbin gizlinclərini moda aləminin peşəkarından eşitmək üçün Gülnarə Xəlilova ilə həmsöhbət olduq.

Ali məktəblərarası keçirilən "Univision" mahnı müsabiqəsində Təşkilat Komitəsinin üzvü olmuş Gülnarə xanımı məşq zamanı yaxaladıq. Modelyer-dizayner bildirdi ki, bütün dünyada keçirilən "Univsion" yarışması bu il ilk dəfə Azərbaycanda da baş tutub: "Vaxt azlığından yalnız tövsiyələrlə kifayətlənib, repertuarlara uyğun geyimlərin seçilməsində məsləhətlər verdik".

- Gülnarə xanım, dəb bizə nələri diktə edir?

- Dəb bizə geyim formalarını diktə edir. İnsanların özləri də dəbə nizam verirlər. Düzgün, müasir üsluba və yeni tendensiyalara uyğun zövqlə geyinmək lazımdır. Bu gün dəbdə aktual olan tendensiyalar çoxdur - hamımıza rahat olan idman üslubu, hər zaman dəbdə olan klassik geyim… Bu mövüm etnik üslub da dəbdədir.

Hər yeni dəb mövsumündə köhnə illərin dəbi də yeni interpretasiyada təqdim olunur. Bu yay 20-ci illərin qlamur görüntüləri, 50-ci illərin yay dəbinin aktuallığı daha çox nəzəri cəlb edəcək. Hər üslubda fərqli forma və dizayn var. Bu formalara uyğun da rənglər çeşidi ortaya çıxır.

Yaz və yay mövsümündə əlvan rənglər bolluğuna düşürsən, bununla yanası soyuq rənglərdən də istifadə olunur. Əksər hallarda yayda ağ rəngə üstünlük verilir, bu yay isə qara da paralel şəkildə dəbdədir. Sarı, yaşil, qırmızının açıgından tündə çalan rəng tonları, göy, mavi rənglərin palitrası da seviləcək. Parıltılı, qaşlı, piləli parçalardan hazırlanmış geyimlər, gül-çiçək və etnik naxışlar da diqqətə çıxacaq.

-Adətən, mövsüm və ya ilin dəbin öncədən proqnozlaşdırılır. Modelyerlər bunu necə müəyyən edirlər?

- Bununla məşğul olan xüsusi qurumlar var. Məşhur modelyerlər yeni kolleksiya hazırlayarkən hansısa ideya ətrafında işləyirlər. Yaxud modelyer duyğularının və beyninin məhsulunu ortaya qoyur. Yaradıcı insanların beynindəki ideyalar daim yenilənir, dəyişir. Modelyerlər də o cürdür, bir yerdə dayanmır, fəaliyyətini inkişaf etdirirlər və nəticədə yeni formalar yaranır.

Nəzərə almaq lazımdır ki, bütün geyimlərdə hər rəngdən istifadə həmişə yaxsı nəticə vermir. Ümumilikdə, modelyerlərin bütün ideya və fikirləri cəmlənir, hər birinin kolleksiyaları təqdim olunur. Məşhur modelyerlərin kolleksiyalarından məlum olur ki, kim hansı rəngə üstünlük verib, kim hansı üslubu daha çox qabardıb.

Beləliklə, hər mövsümdən əvvəl modelyerin kolleksiyası yaranır və bu o deməkdir ki, artıq bir neçə ay qabaq hansı üslubun və ya rəngin dəbdə olacağını diktə etmək mümkündür.

- Niyə Azərbaycanda modelyerlər siyahısı Fəxriyyə Xələfova və Gülnarə Xəlilova ismi ilə məhdudlaşır?

- Əslində modelyerlərin bir yerə toplanması çox vacibdir. Bizdə hamını bir yerə yığan hansısa birlik yoxdur. Bəzən Fəxriyyə Xələfova ilə maraqlı söhbətlərimiz olur. İpucu olaraq onu deyə bilərəm ki, Azərbaycan adına yaxın zamanlarda nəsə etməyi düşünürük. Dünyadakı kimi moda həftələri təşkil edib dəbi özümüz diktə etməyə hazırlaşırıq, buna istedadımız da, bacarığımız da çatar. Azərbaycanda bu prosesin sürətlənməsini istəyirik. Ümumi iş uğrunda birləşmək lazımdır.

Artıq müəyyən yaşa çatmışıq. Azərbaycanda gənc modelyerlər yetişir, bunu da inkar etmək olmaz. Xalqımız çox istedadlı xalqdır. Sadəcə, istedadlı insanları tanıtmaq lazımdır. Bizim də gənclərə kömək məqsədi güdən ideyalarımız, planlarımız var. İstədiyimiz işləri qura bilsək, Azərbaycanda da moda həftələrinin keçirilməsinə və yeni simaların tanınmasına nail olarıq.

Zəhmətsiz və əziyyətsiz heç nə əldə olunmur. Özüm daim işləyirəm - televiziya ilə əməkdaşlıq edirəm, Musiqili Komediya Teatrının rəssamıyam, bir çox filmlərdə geyim rəssamı oluram, bir çox layihələrə qatılıram, Gülnarə Xəlilova Moda Evinə rəhbərlik edirəm... Bu gün Fəxriyyə Xələfova və Gülnarə Xəlilova ismi tez-tez çəkilirsə, bu, təsadüfi deyil. Bunun arxasında böyük əziyyət, fasiləsiz zəhmət durur.

- Bakı küçələrinə baxsaq oğlanların əksəriyyəti qırmızı ayaqqabı geyinir, eyni rəngdə kəmər taxırlar. Sizcə, kütləvi şəkildə, xüsusilə, oğlanların qırmızı rəngdən istifadəsi dəbdir?

- Düzü, özüm görməmişəm, sosial şəbəkələrin birində şəkil qoyulmuşdu, neçə oğlan sıra ilə qırmızı ayaqqabı və kəmərdə düzülmüşdülər. Bunu xoşlamadım. Dəblə geyinmək də lazımdır, onu gözləmək də. Amma elə məqamlar var, kişi geyimlərində o rəngləri qəbul etmirəm.

Gənclərdə ayrı məsələ... Çılğındırlar, tendensiyalara uyğun ekstravaqand görünməyə çalışırlar. Amma şəxsən mənim özüm üçün bəlli yaş həddində qəbuledilməz rənglər var.

Bundan başqa. Əgər bu gün sarı rəng dəbdədirsə, mən artıq dəbdə olsa belə, ona laqeyd qalacam. Modelyerlər rəng və formaları əvvəlcədən müəyyənləşdirirlər, deməli, onlar həmişə dəblə yox, dəbdən qabaq geyinməyi üstün tuturlar. Əsl yaradıcı insan belə də olmalıdır.

- Tutalım, modelyerlər bir rəngin dəbə minəcəyini proqnozlaşdırır və bütün insanlar o rəngə bürünür. Bu, nə dərəcədə düzgündür?

- Mənə də o qədər xoş gəlmir... Bəzən insan həqiqətən əsəbləşməyə başlayır, gözü yorulur... Bir mövsüm sarı və bənövşəyi rəng bizi çox bezdirdi. İndi isə hər rəngdən var deyə o qədər də sıxılmırıq. Hazırda yaşıl və qırmızı rəngdən onun açığına qədər bütün tonları dəbdədir. Cavanlar geyinir, hamının geyindiyindən fərqli görünmək istəyən insanlar isə o rəngə müraciət etmirlər. Baxmayaraq ki, dəbdədir... Burada zövq olmalıdır.

Zövq seçimə imkan yaradır. Dəblə geyinmək yaxşıdır, amma birinci növbədə zövqlü olmaq lazımdır. Dəbdə olan bir şey birinə yaraşmaya bilər. Ona görə də hamı özünə tənqidi və obyektiv yanaşsa onda düzgün, səliqəli, zövqlü, həm də dəblə geyinmiş olar. Mənə gorə təbiətin bütün rəngləri gözəldir, hər zaman çoxlu rənglərdən istifadə etməyi sevirəm.

- Bu il Azərbaycan "Eurovision" mahnı müsabiqəsinə ev sahibliyi edir. Bizim indiyədək hər üç qadın təmsilçimizin geyimi üzərində ukraynalı komanda işləyib. Hər üç geyimin qabağı qısa, arxası uzundur... Buna fikir vermisiniz?

- Bunu canlı yayımda Fəxriyyə Xələfova gözəl qeyd elədi və onun sözləri çox xoşum gəldi, xeyli güldüm. Fəxriyyə xanım dedi ki, deyəsən, o dizaynerin başqa eskizi yoxdur. Bir modelyer kimi belə geyim məni təmin eləmir. Neçə ildir geyimlər eyni üslubdadır. Görək bu il nə göstərəcəklər.

Modelyer-dizayner bir xətlə işləməməlidir. Caz ifaçısının, muğam və ya estrada müğənnəsinin müxtəlif repertuartları var, fərqli tərzdə mahnı ifa edirlərsə, onların tərzinə uyğun geyim, obraz hazırlanmalıdır.

- Bəs niyə bununla azərbaycanlı modelyer-dizaynerlər məşğul olmur?

- İnşallah... Arzu edək gələcəkdə azərbaycanlı dizaynerlərin də bacarığından istifadə olunsun.

-Özünüz təşkilatçılara müraciət etmisiniz?

-Yox. Adətən, modelyerlərə təkliflə müraciət olunur. Biz də, əlbəttə, canla-başla işləyirik. Mən istəyərdim ki, beynəlxalq müsabiqələrdə Azərbaycan modelyerləri birgə işləsinlər. Maraqlı olardı, işbirliyi yaranardı və hər birimiz Azərbaycan adına öz istedadımızı və ideyamızı ortaya qoyardıq.

- Bəs bu müsabiqədə Avropadan ölkəmizə hansısa dəb gələ bilərmi?

- Fikrimcə, onlar bizim mədəniyyətdən nəsə götürə bilərlər. Biz avropalılardan nəyisə əxz eləmək məcburiyyətində deyilik. Zaman və həyat göstərir ki, mədəniyyətin başlanğıcı Şərqdən Qərbə gedir. Onlar sadəcə müəyyən detalı alıb inkişaf etdirir, öz adlarına çıxırlar. Düşünürəm ki, yenə də bizdən nəsə götürəcəklər.

- Müğənnilərlərdən kimlə çalışırsınız?

- Saysam böyük bir siyahı yaranar. Bir çoxları ilə iş birliyim olub və hazırda da var: Səkinə İsmayilova, İlhamə Quliyeva, Tunzalə Agayeva, Simarə İmanova, Nəzakət Teymurova, Asiq Samirə Əliyeva, Samirə Allahverdi, Röya...

– Bəs kişilərdən?

- Kişi müğənnilərdən Elnur Məmmədov, Nadir Qafarzadə konsert layihəsi üçün müraciət etmişdi. Eləcə də Əbdül Xalid solo ifaçısına keçəndə onunla işlədik. Aparıcılardan Səxavət Nur, Zaur Baxşəliyev, Murad Arif, Saleh Bağırovla çalışmışıq.

-Qadınlarla işləmək çətindir, yoxsa kişilərlə?

- Ümumiyyətlə, insanlarla işləmək çətindir. Çünki hər birinin öz xasiyyəti, düşüncəsi, daxildən gələn mədəniyyəti var, dünyagörüşlər də fərqlidir.

- Amma qadınlar daha "kapriz"li olur.

- "Kapriz"ləri sevmirəm və qəbul etmirəm. Çünki özüm iş prosesində şıltaq olmuram. Heç kim ulduzluğunu göstərməməlidir. Uğurlu və maraqlı iş üçün hər iki tərəf qarşılıqlı şəkildə birgə işləməlidir. "Kapriz" görəndə o insana marağım azalır və işləmək istəmirəm.

- Moda eviniz var, bəs butik açmaq niyyətindəsinizmi?

- Təəssüf ki, hələlik butikimiz yoxdur. Moda evimiz var, burada sifarişlər qəbul olunur. Əlbəttə, hər bir modelyer və iş xanımı butik açmaq istəyər.

- Brendlərimiz də yoxdur...

-Bunların hamısı küllü miqdarda vəsait tələb edir. Sualların dərinliyinə getsək aylarla danışa bilərik. Bunun üçün biznes-planlar tutulmalıdır, burada dəb industriyasından söhbət gedir. Bu isə Azərbaycanda demək olar ki, yox dərəcəsindədir.

- Gülnarə xanım, Fəxriyyə Xələfovanın moda sərgisi barədə təəssüratınız necədir?

- Tədbirə məni Fəxriyyə xanım dəvət eləmişdi. Məmnuniyyətlə iştirak etdim və çox böyük zövq aldım. İstəyərdim ki, belə sərgilər Azərbaycanda tez-tez keçirilsin.

- Siz də Heydər Əliyev Sarayı kimi böyük salonda bu cür sərgi keçirməyi planlaşdırırsınız?..

-Mənim hazirda çox sıx iş qrafikim var. Bu işləri qaydasına qoyan kimi mütləq maraqli bir dəfilə keçirməyi düşünürəm.

- Bu gün hansısa məşhur azərbaycanlı modelin adını çəkməkdə də çətinliklə qarşılaşırıq...

-Azərbaycanda dəb industriyası çox zəif inkişaf edir. Belədə hansı model biznesinin inkisafından söhbət edə bilərik?

-Ümumiyyəətlə, bizdə model sənəti varmı? Bu sənətdən pul qazanmaq mümkündürmü?

- Zəif də olsa bu sənət və onunla məşğul insanlar var. Hər işə pul qazanmaq naminə yanasşılsa, uğur və nailiyyət əldə eləmək çətin olar. Yalnız işə böyük zəhmət sərf elədikdə və məsuliyyətlə yanaşdıqda, hədəfə çatırsan...

Nərgiz Ehlamqızı

Fotolar: Bayram İsgəndərov

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm