Paşa Qəlbinur avtomobil qəzasına düşdü - Fotolar - Video
Bizi izləyin

Digər

Paşa Qəlbinur avtomobil qəzasına düşdü - Fotolar - Video

“Anam məni xəlvətə çəkib dedi ki, bunu atan bilməsin”

Azərbaycanın məşhur göz həkimi, professor, incə ruhlu şair Paşa Qəlbinuru “Uşaqlıqan reportaj”a dəvət edəndə bəziləri kimi nə məndən vaxt istədi, nə də “fotoşəkillərim qalmayıb”- deyə bəhanə gətirmədi. Tez razılaşdı. Əslində Paşa müəllimin uşaqlığı elə də uzaqda deyil. O, danışdıqca bunu anladım. Anladım ki, uşaqlığını içində saxlayan Paşa Qəlbinuru balaca Paşadan sən demə, nə zaman ayıra bilib, nə də məkan.

“Anam məni xəlvətə çəkib dedi ki, bunu atan bilməsin”

“Babamın adını daşıyıram, atam öz atasının adını mənə verib - Paşa. Çox qəribədir ki, uşaq vaxtı bu adı heç cürə bəyənmirdim. Deyirdim bu köhnə addır, xoşuma gəlmir, niyə bu adı mənə qoymuşunuz. Anam da məni xəlvətə çəkib, tapşırırdı ki, nəbadə atamın yanında belə sözlər danışmayım, çünki onun xətrinə dəyə bilərdim. İllər keçdi, adıma münasibətim dəyişdi. Paşa adından çox xoşum gəlməyə başladı. Onu da deyim ki, ailəmizdəki isti münasibətin həyat tərzimə böyük təsiri olub. Evimizdə göz açıb hər zaman atamla anamın bir-birinə əbədi sevgisinin şahidi olmuşam. Hələ bir dəfə olsun, onların bir-birilərinə səslərini qaldırdığını görmədim. Başqalarının ailəsində belə şeylər mənə dan gəlirdi. İllər keçdikcə o sevgi biz uşaqlara transfer olundu. Biz sevməyi, hörmət etməyi atamla-anamdan öyrənmişik. Anam mənim kumirim olub, o mənim idealım idi. Mən həmişə anamdan güc almışam”.

İndi o sevginin havası qalıb”

“Orta məktəbdə bütün qiymətlərim beş olub. Qızıl medalla bitirmişəm orta məktəbi. Çox xəyalpərvər uşaq olmuşam. Yadımdadır, anam kitabı açıb, mənə deyərdi ki, bunu oxu. Gedib gəzib gələrdi, görərdi ki, hələ də kitabın həmin səhifəsini çevirməmişəm. Deyirdi ki, ay xəyalpərvər, sən hələ yarım saatdır, xəyaldan ayrılmamısan? Mən xəyallar qurmağı, düşünməyi çox sevirdim. İlk şeirimi 13 yaşımda yazmışam. Artıq unutmuşam o şeiri, bir-iki söz yadımda qalıb. Qara gözlər, filan… Eyni partada oturduğum qıza həsr etmişdim o şeiri. Elə ilk sevdiyim qız da o, olub. Desəm kimliyini, siz də tanıyarsınız, məşhur adamdır. Amma qoy bu sirr qalsın, axı aradan görün nə qədər illər keçib. Əslində o vaxtın bütün sevgiləri platonik sevgilər idi. Mən çox-çox sonralar onun özünə deyəndə ki, filan vaxt həyətinizdə dayanıb saatlarla yolunu gözləyərdim, deyir kaş o vaxt bunu biləydim. İndi o sevginin sadəcə havası qalıb – bir az dostluq, bir az sevgi, bir az hörmət… Həyat yoldaşımı Gəncədə seçdim. Təyinatla getmişdim Gəncədə işləməyə, qismət belə gətirdi. Sevmək deyəndə ki, xoşuma gəlməsəydi, evlənməzdim ki...”

“”Zim” maşınının altında qaldım”

“Mən taleyə inanan adamam. Nə isə gözlər mənim həyatımda böyük rol oynayıb. Onu da deyim ki, uşaqlıqdan mənim görmə qabiliyyətim digər insanlardan qat-qat güclü olub. Elə bil göz həkimi olmaq üçün doğulmuşdum. Mən əlamətə inanan adam deyiləm. Ay, qarşımdan qara pişik keçdi, 13 rəqəmi nəhsdir, belə şeylərə inanmırdım. Amma çox şeydə ilahi mizan - tərəzini görürəm. Həm də, Allahın məni qoruduğunu hiss edirdim. Bütün həyatım boyu Allah tərəfindən hifz olunduğumu hiss etmişəm. Sizə bir hadisə danışmaq istəyirəm, özünüz də dediklərimın şahidi olacaqsınız. Yadımdadır ki, 8-9 yaşım olanda iri “Zim” maşın məni vurdu, yıxıldım. Təkərlərin ortasında qaldım, maşın üstümdən keçdi. Hamı qışqırışdı, mənim öldüyümü zənn etdilər. Maşının sürücüsü qorxusundan ağappaq ağarmışdı. Amma mən heç nə olmamış kimi ayağa qalxıb yoluma davam etdim. Mən ömrüm boyu gözəgörünməz bir qüvvənin məni idarə etdiyinə, qoruduğuna inanmışam. Başıma çox hadisələr gəlib e, xarici ölkələrdə olanda da. Elə olub ki, orda faciə baş verib, amma mən həmin yerdən bir dəqiqə əvvəl çıxıb getmişəm. Sonradan bu faciədən xəbər tutanda heyrət içində qalmışam. Deməli ilahi qüvvə məni həmin yerdən uzaqlaşdırıb”.

“Dayımın romantik qız xəstəsini gördüm və...”

“Orta məktəbdə oxuyanda fikirləşirdim ki, görəsən hansı sənəti seçsəm yaxşı olar? Hələ dəqiq qərarımı verməmişdim. Böyük dayım göz həkimi idi. Onun romantik bir qız xəstəsi vardı. İyirmi yaşına qədər o qız kor idi, amma dayım onun gözlərini açmışdı. Yadımdadır ki, hər il əməliyyat günü həmin qız və ailəsi gül-çiçək, pay-püşlə dayımgilə gəlirdilər. Dayımgildə şənlik olardı, deyib-gülərdilər. Onların minnətdarlıq hissi mənə bu sənəti sevdirdi və göz həkimliyi mənə romantik təsir bağışladı. Dayıma bir şeir də həsr etmişdim o vaxtlar. Mən onun sənətini seçdim və buna heç vaxt peşman da olmadım. İnsanlara işıq bəxş etmək, onları nurla dolu aləmə çıxarmaq böyük səadətdir”.

“Coğrafiya müəlliməm buna görə çox pis oldu”

“Nənəm-babamla bağlı çoxlu xatirələrim qalıb. Babam çox ziyalı idi, bir neçə dil bilirdi. Onun fəlsəfi dünyası, Allaha olan sevgisi və inamı məni həmişə təəccübləndirirdi. 6-cı sinifdə oxuyanda ata-anam qərara gəlmişdi ki, məni Gəncədə yaşayan babamgildə qoysunlar. Çünki Şəmkirdə pambıq yığımı vaxtı dərsə getmirdilər və anamgil istəmirdilər ki, mən dərslərimdə zəifləyim. Gəncədə məktəbə gedirdim. Coğrafiya müəllimi mənə dörd yazdı, bunu da belə izah etdi ki, rayondan gəlmisən, çatan kimi sənə beş yazmalı deyilik ki…Bir söz demədim. Dərslərimi oxuyandan sonra, yalan olmasın, azı iki saata qədər yalnız coğrafiyanı mütaliə edirdim. Xəritəni demək olar ki, gözüyumulu öyrənmişdim. On beş gün sonra uşaqlara dedim ki, gözümü bağlayın, dünya xəritəsinin yanında dayanıb mənə istənilən ölkənin, şəhərin adını deyin, tapım. Dediyimi etdilər. Bunu biləndən sonra o coğrafiya müəllimi çox peşman olmuşdu mənə dörd yazdığına görə”.

“Can verəndə hamını bayıra çıxarıb, babama deyib ki...”

“Tay-tuşlarım arasında hər zaman xarici görkəmimlə diqqət çəkirdim. Səliqəli geyinərdim, anam geyimimə xüsusi fikir verərdi. Elə maddi baxımdan da imkanlı idik, atam sovxoz direktoru idi, yaxşı dolanırdıq. Deyilənə görə də qızların xoşuna gəlirdim. Müəyyən xüsusiyyətlərimlə yaşıdlarımdan fərqlənirdim. Güləşə gedirdim. İdmanla məşğul olurdum. Yadımdadır ki, biz uşaq vaxtı çayda çimərdik, saatlarla suyun altında dayanmağımızla öyünərdik. Mən hamıdan çox suyun altında dayanardım.

Anamın atası Hüseyn babamla bağlı xatirələrimdən danışmaq istəyirəm. Çünki uşaqlığımın bir hissəsi onunla bağlı olub. Onun yuxuları həmişə çin çıxardı. Yadımdadır ki, İranda olan bacısı ilə bağlı mənə bir yuxu danışmışdı. Onun bacısı İranda idi. Bir dəfə babam yuxuda görübmüş ki, bacısı gəlib onunla öpüşüb-görüşüb gedib. Həmin tarixi babam özündə qeyd edibmiş. Bir il keçəndən sonra xəbər tutublar ki, bacısı dünyasını dəyişib. Babam hesablayıb görüb ki, bir il əvvəl yuxuda gördüyü gün bacısı rəhmətə gedib”.

“Bacısının ölümünü yuxusunda görmüşdü”

“Babam danışırdı ki, atası dünyasını dəyişəndə hamını bayıra çıxarıb, təkcə ondan başqa. Onu yanına çağırıb deyib ki, nə vaxt çətinə düşsən gələrsən qəbrimin üstünə sənə kömək edəcəyəm. Maraqlıdır ki, babamdan başqa böyük qardaşı da varmış, amma atası məhz ona deyib bunları. Babam danışır ki, Universitetdə oxuyan zaman çətinliyə düşüb, maddi cəhətdən problemlərlə üz-üzə qalıb. Birdən yadına düşüb ki, babasının qəbri üstə gedib kömək istəsin. Deyir İrəvana atasının qəbri üstünə gedəndə qəbiristanlığın yaxınlığında qəfildən külək-tufan qopub, bir “Nikolay qızıl onluğu” gəlib düşüb üstünə. O vaxt üçün bu böyük bir məbləğ imiş”.

“Anam dedi ki, bəs filankəsin xanımı hamilədir”

“Ümumiyyətlə, yuxular həyatımda böyük rol oynayıb. Mənim bir dostum vardı, on il idi ki, uşaqları olmurdu. Cavan vaxtlarımdan danışıram ha. Yuxuda gördüm ki, həmin dostumun bir oğlu olub. Yayda rayona getmişdim, anam dedi ki, bəs filankəsin xanımı hamilədir, uşaqları olacaq. Həmin yuxunun vaxtını hesabladım, gördüm ki, eyni vaxta düşür. Bir hadisəni də xatırlayıram. Moskvadan yeni gəlmişdim, çox gənc idim, məni hələ heç kim tanımırdı. Ukraynadan bir qadın gəldi, yanında da 13 yaşında qızı. Dedi ki, bəs yuxuda görmüşəm ki, qızımın gözünü açırsınız. Hansı ki, o, qızın gözünün açılması mümkünsüz bir şey idi. O qadın bunu elə inamla dedi ki, mən əməliyyat etməli oldum. Amma özüm də bilirdim ki, onun gözünün açılması imkansızdır. İnanın, özüm də gözləmədiyim halda o, qızın gözləri açıldı. Yəni yuxuların həmişə həyatımda böyük rolu olub”.

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm