Yeganə: “Ərimin üst-başını iyləmirəm” – FOTOLAR, VİDEO
Bizi izləyin

Digər

Yeganə: “Ərimin üst-başını iyləmirəm” – FOTOLAR, VİDEO

“Ulduzlu axşam”da qonağım Türkiyəyə gəlin köçən, qardaş ölkədə yaşayan azərbaycanlı müğənni Yeganədir. Lirik mahnıları ilə tanınan müğənni Bakıya gələr-gəlməz biz də onu söhbətə çəkdik. Görək qardaş ölkədə türk kürəkənlə necə dolanır, əhvali-ruhiyyəsi necədir, türklər demiş, mutludurmu?

- Türkiyədən yeni gəlmisən, deyəsən? Olmaya, Yeni ili qarşılamaq üçün burdasan?

- Yox, bir neçə gündür gəlmişəm və gəlişimin başqa səbəbi var. Yeni il şənliyi ilə bağlı telekanallardan birindən dəvət almışdım. Onlar sənət yoldaşlarımla birgə evimdə çəkiliş etdilər. Yeni ili harda qarşılayacağımızı hələ planlaşdırmamışıq.

- Yəqin ki, yeni verilişlərə həm də yeni mahnı ilə gəlmisən?

- Musiqisi Tunara, sözləri Cəlilə məxsus lirik bir mahnım hazırdır. Həm də mahnını lentə aldıracağam deyə burdayam.

- Türkiyədə necə dolanırsan?

- Yaxşı. Ailəm, uşağım haradadırsa, deməli, xoşbəxtlik də ordadır. Mənim evim-ocağım oradadır və özümü Türkiyədə çox doğma hiss edirəm.

- Bir azərbaycanlı ailəsi ilə türk ailəsinin fərqi nədədir?

- Məncə, ailə elə hər yerdə ailədir. Fərqi yoxdur, türk olsun, ya azərbaycanlı. Ailənin qorunub saxlanmasında həm qadının, həm də kişinin böyük rolu var. Kim səbir edib fədakarlıq göstərirsə, bu, xüsusən də xanımlara aiddir, o ailə tam olur, eyni zamanda, sona qədər xoşbəxt olur. Əgər fədakarlıq olmursa, ailə yarıda qırılır. Tərəflər mütləq bir-birini anlamalı və tamamlamalıdır. Şərt o deyil ki, mən hər gün lüks restoranlarda gəzim, şam edim, yox. Əlbəttə, mən evimin xanımıyamsa, evimin kartofunu da qızartmalıyam, plovunu da dəmləməliyəm, şorbasını da bişirməliyəm. Öhdəmə nə düşürsə, bir ana və qadın olaraq onların öhdəsindən gəlməyə çalışıram.

- Bir azəri qızı üçün türk ailəsinə gəlin köçmək və onların adət-ənənəsi ilə yaşamaq çətin olmadı ki? Hər halda, eyni kökdən olsaq da, yaşam tərzimizdə fərqlərimiz də var.

- Yox, heç bir çətinlik çəkmədim. Çünki həyat yoldaşımla evlənməzdən öncə iki illik tanışlığımız vardı. Demək olar ki, bu iki il ərzində mən onu tanıdım, xasiyyətinə bələd oldum və sonra evlənməyimizə razılıq verdim. Şükür Allaha ki, hələ ki ailəmiz çox mehribandır. Demirəm “beş beşlik”, “on onluq” bir ailəyik. Deyir, gor əzabsız, ev söz-söhbətsiz olmur. Bütün evlərdə olduğu kimi, bizim evdə də xırda söz-söhbətlər olur, amma bu, ailə içində qalır. Ailə kiçik bir dövlətdir, gərək ailənin sirrini, dərdini heç kim bilməsin.

- Xırda dediyiniz o söz-söhbətlər, adətən, nə üstündə düşür?

- Mən çox pul xərcləyirəm, mübahisəmiz də bunun üstündə yaranır.

- Nəyə xərcləyirsən pulu?

- Pal-paltara, şoppinqə. Nəyə xərcləyəcəyəm ki?

- Hər halda, sən də müğənnisən və az pul qazanmırsan. Büdcəniz birdir, yoxsa?

- Mütləq şəkildə ailənin büdcəsi eyni olmalıdır. Anamın gözəl bir sözü var, gəlinin gətirdiyi su öz əl-üzünü yumağa bəs eləmir. Yolda ya o bardağı vurub aşıracaq, ya da nəsə olacaq, evə suyun yarısı gəlib çıxacaq.

- Həyat yoldaşında ən çox bəyəndiyin xüsusiyyət hansıdır?

- İsrafçı deyil. Amma mən çox israfçıyam. Oğlum da atasına oxşayıb.

- Qayınananla münasibətiniz necədir, bir evdə yaşayırsınız?

- Yox, evlərimiz ayrıdır, amma tez-tez görüşürük. Qayınanamın qızı olmadığından, məni öz qızı kimi sevir. Məsələn, bir də görürsən, yeni mövsüm yaxınlaşıb, mənim xəbərim olmadan, görürəm yeni mövsüm üçün libaslar alıb gətirib. Onun yaxşılıqlarını dana bilmərəm.

- Heç qayınananla arada həyat yoldaşının dedi-qodusunu edirsən?

- O qədər… Qayınanam dini baxımdan qapalı bir xanımdır, namaz qılır. Onun bir yaralı yeri var ki, oğlu spirtli içki içməsin. Yoldaşım içki içən deyil, amma bununla belə hər zaman qayınanam onu məndən soruşur. Bir də görürsən, yoldaşımın dostunun ad günü, yaxud bir düyün gecəsi olur, onda uşağı aparıb qayınanamın yanında qoyuruq. Geri götürəndə yoldaşım maşında oturur, mən qalxıb qayınanamdan uşağı götürəndə o, məndən soruşur ki, Allah aşkına, söylə, Fateh içdimi? Hər zaman məndən soruşduğu sual budur.

- Analar həm də qısqanc olur ha!..

- Bütün analar qısqanc olur, onu da deyim ki, qayınanam heç vədə oğlunu mənim ayağıma verməz. Bütün hallarda onu qoruyur və haqlı sayır. Onu hər zaman hiss edirəm.

- Bunu onun üzünə vurursanmı?

- Hərdən deyirəm. O, mənə cavab verir ki, sən də oğul anasısan, vaxt gələcək, məni anlayacaqsan. Doğrudan da, düşünürəm ki, oğlum gələcəkdə evlənəndə mən də onu gəlinimin ayağına vermərəm. Bunu ana olandan sonra hiss etdim.

- Yoldaşın səndə ən çox hansı xüsusiyyəti bəyənir və qiymətləndirir?

- Çox xasiyyətimi bəyənir. Bəyənməsə, mənimlə evlənməzdi. Çünki Fateh çox kaprizli insandır. İkimiz də eyni bürcdə doğulmuşuq – Qız bürcündənik.

- Bəs hansı xasiyyətini bəyənmir?

- Səbirsiz olmağımı heç sevmir. Hətta bunu jurnalistlərlə söhbətində də söyləyib ki, Yeganə çox səbirsizdir.

- Bayramları necə qeyd edirsiniz? Məsələn, qarşıdan Yeni il gəlir, necə qeyd edəcəksiniz?

- Məsələn, keçən il mən həyat yoldaşım, oğlum Ömər yaxın ailə dostlarımızla bərabər Yeni ili Rusiyada keçirdik. İstədik qar görək, sevinək, Yeni ilin dadını çıxaraq. Çünki Ömər qara həsrət idi və Rusiyada qaldığımız o günlərdə qara baxıb çox sevinirdi. Bir ay oğlum qarla doyunca oynadı. Amma bu il hələ planlaşdırmamışıq ki, Yeni ili harda qeyd edəcəyik.

- Uşağın tərbiyəsi ilə daha çox kim məşğul olur – atası, yoxsa sən?

- Özüm.

- Burada böyümüsən və ata-ananın tərbiyə üsulu ilə oradakı tərbiyə üsulu arasında hansı fərqlər var? Burada uşağı necə tərbiyə edirlər, orada necə?

- Bakıda bir də görürsən, uşaqla ana mağazaya gedəndə uşaq ağlayıb özünü öldürür ki, filan oyuncağı mənə al. Ana yazıq cibində pulunun qədərindən asılı olmayaraq, mütləq o oyuncağı alıb uşağa verir ki, sakitləşsin. Uşaq da sakitləşmir, ayağını yerə vurub israr edir axı. Amma mən orada Öməri elə tərbiyə etmişəm ki, o, mağazaya getməmişdən öncə sual verir: “Ana, sənin paran varmı?” Mən ona deyirəm ki, tutalım, param var, istədiyin oyuncağı ala bilərsən. Yaxud da deyirəm ki, oğlum, bu gün param yoxdur, vəssalam, bununla o, işini bilmiş olur. Mağazada mənə qətiyyən “bu oyuncağı al” deyə israr etmir.

- Oğlun hansı dildə danışır səninlə?

- Türkcə və azərbaycanca. Rus dilində, demək olar ki, yarıyadək danışa bilir. Üç dilin üçünü də başa düşür. Daha çox türk dilində danışdırıram, çünki gələn il məktəbə gedəcək...

- Həyat yoldaşını qısqanırsan?

- Oyyy, Qız bürcündə doğulasan, qısqanc olmayasan? Bu, mütləqdir.

- Bunu üzünə vurursan, yoxsa elə içində əziyyət çəkirsən?

- Üzə vurmuram. Heç vaxt bəzi xanımlar kimi həyat yoldaşımın telefonunu qurdalamıram, üstünü iyləmirəm. Bu, məndə yoxdur. Hətta nəsə hiss etsəm də, üzünə vurmuram, deyirəm, qarşımdakı şəxs özü utansın.

- Olub yəni belə hal?

- Bəlkə də, dəfələrlə olub, amma özünə heç nə deməmişəm. Ümumiyyətlə, bunu açıq şəkildə bildirmirəm.

- Yoldaşının sənə sərt qadağaları olur?

- Yox, çünki hara getmişiksə, bərabər getmişik. Ailə dostlarımızın, sənət yoldaşlarımın xeyir işlərinə, hətta cənazə mərasimlərinə belə çalışmışıq bərabər gedək.

- Bəs yoldaşında hansı xüsusiyyəti görmək istəmirsən, yaxud onun hansı vərdişi səni bezdirir?

- Siqaret çəkməsə, super olardı. Siqaret iyinə qarşı məndə allergiya var. Hətta bir də görürsən, bayırda siqaret çəkir, amma içəri girəndə üst-başından gələn o qoxu ürəyimi bulandırır. Hətta qaytardığım anlar da olub. Əslində, siqareti nə qədər çox çəkirsə, özünə ziyan vurur. Əziyyətini də özü çəkir. Bilir ki, mən siqaretə qarşı çox həssasam. Buna görə hər dəfə siqaret çəkəndən sonra dişlərini yuyur. Axırda həmişə ona gülə-gülə deyirəm ki, dişlərini yumaqdan dişin töküləcək.

- Evdə daha çox türk mətbəxinə aid olan yeməklər bişirilir, yoxsa, Azərbaycan yeməkləri?

- Azərbaycan yeməkləri. Çünki yoldaşımgil qaradənizlidirlər və Qaradəniz yeməkləri bizim yeməklərə çox bənzəyir.

- Həyat yoldaşın sənə tez-tez sürprizlər etməyi xoşlayır?

- Dedim axı, biz ikimiz də Qız bürcündə doğulmuşuq və bu bürcün nümayəndələri sürprizlər etməyi çox sevirlər.

- Sonuncu dəfə sənə sürprizi nə vaxt edib?

- Beş-altı gün bundan qabaq mənə televiziya çəkilişləri öncəsi sürpriz etdi. O bilir ki, mən geyim xəstəsiyəm və rəngli paltoları çox sevirəm. Mənə yaşıl rəngdə gözəl bir palto və qara rəngdə çəkmə aldı. Baxan kimi “Vau“ -, deyib xoşladığımı bildirdim. Ümumiyyətlə, o, mənim ölçülərimi o qədər dəqiq bilir ki, aldıqlarını heç vaxt geri qaytarmıram. O dəqiqə geyinirəm və çox da xoşuma gəlir.

- Geyimlərinə qarışırmı, ay, bu qısadır, ya bu dekoltedir deyə?..

- Mən onun nəyi bəyənib, nəyi bəyənmədiyini bilirəm və çalışıram elə geyinim ki, söz gəlməsin.

- Ən çox geyim xəstəsi olduğunu dedin…

- Geyimləri xoşlayıram, amma ən çox ətir və çanta dəlisiyəm. Bəzən bir çantanı o qədər sevirəm, onu cırılana qədər götürürəm. Halbuki evdə üç yüzdən artıq çantam var. O çanta əlimdə parçalanmalıdır, sonra əl çəkməliyəm. Bir də, çox gözəl ayaqqabıları sevirəm. Bir ayaqqabını sevdimsə, gedib o ayaqqabının hər rəngindən alıram.

- Brend olması mütləqdirmi?

- Mütləq! Bahalı və brend olması şərtdir.

- Qarderobunda ən bahalı paltarının qiyməti neçəyədir?
- Çoxdur belə geyimlərim. Avropaya gedən zaman oradan aldığım geyimlərim var. Bəzən bir parçadan çox xoşum gələr, amma çox ucuzdur, onu alıb, libaslar da tikdirirəm. Amma dünyanını ən bahalı brendlərinin hamısından çantalarım, geyimlərim var. Bunların da qiymətini hər kəs bilir. Qiymət söyləməyi mən heç sevmirəm.

- Türkiyədə Azərbaycan üçün darıxırsan?

- Vallah, Türkiyədən çox Azərbaycanda oluram.

- Heç həyat yoldaşına deyirsənmi ki, bəlkə, birdəfəlik yığışıb Azərbaycana köçək?

- Əksinə, mən Bakıda çox olanda Türkiyədəki evim-ocağım üçün çox darıxıram. Yoldaşım, uşağım orada, ocağım orada.

- Türkiyədə evə bazarlığı kim edir?

- Həyat yoldaşım. Həm də bölüşmüşük bu işləri. O, işdən evə tez gəlirsə o, yaxud mənim işim yoxdursa, mən bazarlıq edirəm. Çox vaxt da bərabər edirik bazarlığı...

- Yenidən ana olmağı planlaşdırırsan?

- Çox istərdim bunu. Artıq oğlum da böyüyüb. Fevralda dörd yaşı tamam olacaq. Qismət, ilahinin verdiyi paydır. Çox istərdim ki, çoxlu övladlarım olsun. Təkcə Ömərlə qalmayaq.

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm