• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

“Əmisini çağırıb Rəqsanəni döydürdüm”

  • Digər
  • 20 Aprel 2012 11:10
  • 21 Baxış
“Əmisini çağırıb Rəqsanəni döydürdüm”

Hər bir insanı anasından dəqiq, anasından gözəl heç kəs bilməz. Publika.Az yeni layihəsi bu düstura əsaslanır. Layihədə məşhurları anası tanıdacaq. İlk müraciəti qalmqallı bir müğənninin – Rəqsanənin anası Adilə İsmayılovaya elədik. Onun tanıtımını oxucuların ixtiyarına buraxırıq. Özünüz hər şeyi sezəcəksiz...

- Rəqsanə ikinci övladımdır. İlkim Elladadı. Dünyaya gələndən qayğısına demək olar ki, özüm qalmışam, tək böyütmüşəm. Gədəbəydə doğulub, anamın evində dünyaya gətirdim. Göbəyini də dayısı kəsib nərdivanın yanında basdırdı ki, tez-tez ora gəlsin. 40 gün orada qaldım, gəldim qaynanamın yanına.

Rəqsanənin atası ağır seyiddir, onların evlərinə həmişə nəzir gətirirdilər. Gəncədən bir nəfərin qardaşı bizim kənddə yaşayırdı, adı Eldar idi, tez-tez yoldaşıma nəzir gətirirdi. Bir gün yoldaşıma dedi, gedək Rusiyada alverə. O da razılaşdı, getdi. Bir müddətdən sonra həbs olundu. Məni də özü ilə aparmaq istəyirdi, deyirdi Adilə, sən də gəl, ancaq heç kim bilməsin, qardaşın gətirsin, uşaqlarla birgə başqa yerdə saxlayacam. Uşaqlarını çox sevirdi.

O vaxt qızların 4-5 yaşı olardı, anamdan soruşdum, nə deyirsən, Rusiyaya köçüm? O da qaynanamla məsləhətləşdi, dayım da bir tərəfdən anamgilə qoşulub mane oldu, axırda razılaşmadılar. Həyat yoldaşım Mirismayıldan narazılığım yox idi, yaxşı yola gedirdik. Ailəm bax beləcə boş şeylərin üstündə dağıldı.

“Əmisini çağırıb Rəqsanəni döydürdüm”

Özüm kəndə torpaq aldım, ev tikdirdim. O vaxt partiya komitəsinin təşkilat katibi işləyirdim. Çox əzab çəkdim, rəhmətlik qayınanam evdən çıxmağımı istəmirdi, amma görürdüm ki, baldızlarım getməyimi istəyir. Qaynım evdən çıxanda qabağımı kəsib ağladı ki, bacı, getmə, nə qədər ki, canımda can var, sən bizdə qalacaqsan.

Ora yığışanda qızlar məktəbə getməyə başladı. Nə Ellada, nə də Rəqsanə məni övlad kimi incitmədilər. Alver də edirdim, Moskvadan mal gətirib satırdım, uşaqlar atasız böyüdüklərini demək olar ki, hiss eləmirdilər.

Atası həbsdən çıxanda xəbər gəldi ki, rus qadınla evlənib, Ramin adlı bir oğlu da var. Mənlə barışmaq istədi, ailələri yenidən barışmağımıza qarşı çıxdılar. O da ailəsinin sözü ilə razılaşıb dedi, qayıdıram birdəfəlik Rostova, sən də qal burda uşaqlarına bax...

Rəqsanə bədii özfəaliyyət kollektivinə yazılmışdı, düzü, Rəqsanənin sənətdən uzaqlaşdıran mən olmuşam. Ellada 14 yaşında ailə qurdu, Rəqsanə hələ məktəbdə oxuyurdu. Bir gün Elladanın uşağına süd aparırdı, özü ilə bərabər paltarını da götürüb gedib özfəaliyyətdə müsabiqəyə, bir də xəbərləşdim ki, birinci yeri tutub. Aqronomumuz var idi, onun qızı mədəniyyət evinin müdiri idi, gəlib xahiş elədi ki, Adilə, icazə ver Rəqsanə özfəaliyyətə gedib-gəlsin, qoy kənddə də inkişaf olsun. Düzü, mən əmisini çağırıb Rəqsanəni həmin gün döydürdüm.

“Atası kəndə rus qadınla gələndə gizlicə ora qaçırdı”

Rəqsanə çox dəcəl idi, evdə iki bacı nə iş görürdülərsə, həmişə Rəqsanə qaçırdı, aradan çıxırdı, yazıq Ellada qalırdı. Bir dəfə evdə hər ikisini tutub döydüm, çölə çıxartdım, dedim, bir də evə qayıtmayacaqsınız, inandılar, dedilər, bizi bağışla, bir də etməyəcəyik.

Atası Rəqsanəni, Rəqsanə də atasını çox sevirdi. Atası kəndə rus qadınla gələndə bu qız gizlicə qaçıb atası ilə görüşürdü, ancaq Ellada getmirdi.

Tez-tez mənim gəlin paltarımı geyinirdilər, həyətdə toy edirdilər. Yaxında Əzizbəyov kəndi var idi, deyirdilər, mama, biz Əzizbəyov kəndinə gəlin gedirik.

Rəqsanə uşaqlıqdan mənlə bölüşürdü. 8-də oxuyurdu, dedi, mama, məni gəncəli bir oğlan sevir, deyir, səninlə evlənmək istəyirəm, dedim, sənin işin yoxdu, “svidaniya” ver, qoy gəlsin. Əlimə bir ağac aldım, oğlanı beləcə yola saldım.

“Uzaqdan bir oğlanı göstərib dedi...”

Rəqsanə nişanlı olanda atadan bir, anadan ayrı qardaşı vardı, axtarıb tapdım. Adı Elçin idi, həmin vaxt Daxili Qoşunlarda hərbi xidmətdə idi. Bir gün Rəqsanəni də götürüb getdik Gəncəyə, ana-bala hərbi komissarlığa. Əsgərlər gələnədək yolun kənarında gözləyrdik.

Birdən Rəqsanə uzaqdan bir oğlanı göstərib, dedi, mama, canın üçün, bu qardaşımdır. Həqiqətən elə oldu. Oğlana dedim ki, bala, bu qız sənin bacındır. Qızlarıma dayaq, arxa istəyirdim. Oğlan da, ana da qızlarımı qəbul elədi.

Rəqsanənin toyunda Elçinin anasına dedim, Südabə, səni bu məclisə böyük seçirəm. Toya Elçin başçılıq elədi. Elçinin iki qızı var, indiyədək bir-birlərinə dayaqdırlar. Həmişə də deyirəm ki, əlinizi Elçindən çəkməyin.

“Döşəmə silməyin üstündə qardaşı onu döyürdü”

Özfəaliiyət kollektivinə gedəndə qızı Aysunun atası ilə tanış olmuşdu, onunla bir neçı ildən sonra evləndilər. Düzü, mən əvvəl razı deyildim, oğlan ucqar kənddə yaşayırdı, fikirləşdim uzaq yerdi, qızın da 17 yaşı var, oxusun bir yerə çıxsın. Nə isə qismət oldu, ZAQS-la, kəbinlə ailə qurdular, həm qız, həm oğlan evində toyları oldu. Ailə qurdu, getdi üç il də yaşadılar. Goranboyda qalırdılar.

Rəqsanənin ailə həyatı ağır keçirdi, çox kasıb idilər. Kasıblıq ayıb deyil, mən də kasıb olmuşam. Amma görürdüm evdəki vəziyyətə dözə bilmir. Döşəməni silməyin üstündə qayınatası onu döyürdü. Taburetkanı götürüb onunla vururdu. Evdəkilərin qorxusundan qonşularla da görüşmürdü. Çaya paltar yumağa gedəndə qonşununun gəlini paketdən yeməyi suyun üzərindən axıdırmış, o da götürüb yeyirmiş.

Evliliyi üç il sürdü. Mən o vaxtlar Moskvada yaşayırdım, quru çaylarına kimi qızımın evinə yollayırdım. İşlərim düz getməyəndə artıq ərzaq göndərə bilmədim. Qızım kartof qızartması nədir, ona da həsrət idi. Əri musiqiçi idi. Günlərin birində Rəqsanənin nə qızılı var idisə, götürüb satdı.

Sonra Mokvaya köçdülər, Rəqsanə də yoldaşı ilə bərabər Moskvada yaşayırdı. Bir gün yoldaşı bir nəfərdən üç min manat alıb dedi, qaynanam qaytaracaq, elə o gedən getdi...

“Ellada dedi, Rəqsanə oxuyur, dizimə döyüb ağladım”

Rəqsanə müğənniliyə Moskvada başladı. O vaxt artıq Aysunun 3-4 yaşı var idi. Bir gün evə gəldim, Ellada mənə dedi, mama, Rəqsanə oxuyur. Dedim, necə oxuyur? Qayıtdı ki, restoranda işə düzəlib mahnı oxuyur. Özümü döyüb ağladım. Damarlarımdan qan açılırdı, ayağım xəstə idi. Rəqsanə gəldi ki, mama, nə vaxta qədər aşbaz işləyib bu ayaqla bizə baxacaqsan? Vallah, mən ağıllı olacam...

Moskvada Ağcəbədu uşaqlarının “Viktoriya” restoranı var idi, toy qurtaran kimi, maşınla gətirib evə qoyurdular. İlk dəfə 800 dollar almışdı. Əmiləri də bir az narazı idi, sonra bacımın yoldaşı, o həm də qaynım idi, dedi, mən heç nə deyə bilmərəm, biz onlara heç nə etməmişik, anası onları köməksiz böyüdüb, o razılıq veribsə, oxusun.

Azərbaycana Rəqsanəyə sintezator çalan musiqiçi Hikmət Aslanov kömək etdi. Mahnılar da onun idi, onun vasitəçiliyi ilə Rəqsanə tanındı. Rəqsanə Azərbaycana gələndə mən Moskvada Aysunla qalırdım. Sonra mən uşağı götürüb gəldim.

“Rəqsanənin qızı da anası kimidir”

Mən bu evin böyüyəm, ağbirçəyiyəm, amma bir xeyir-şər olanda Rəqsanə ilə məsləhətləşirəm, deyir, mənlə niyə məsləhətləşirsən, sən evin böyüyüsən, bu yolu sən getməlisən. Deyirəm sən mənim həm balam, həm böyüyümsən.

Həqiqətən də elədir, bacısının da iki balasını yanına alıb böyüdür. Deyir, qoymaram onlar hərbi xidmətdən qalsın, böyük oğlan 11-ci sinifdə oxuyur, istəyir aparsın onu Xarkovda hərbi məktəbdə oxutdursun.

Rəqsanənin qızı da anası kimidir. Gəncədən gəlirdik, yolda mənə dedi, nənə, atamı görmək istəyirəm. Rəqsanəyə vaxtilə kömək edən həmin o qonşu gəlinə zəng vurub dedim, Cəmilə, Aysun atası ilə görüşmək istəyir. Cəmilə də sevindi, dedi, Yaşara deyərəm ki, qızın səni görmək istəyir. Atası əvvəl razı oldu, sonra görmək istəmədi. Çox sonra Rəqsanəyə hər şeyi açıb danışdım.

“Dedim, atanızı axtarın

Rəqsanəyə də mən dedim, atanızı axtarın. Bilirdik ki, Rostovdadı, ancaq harada yaşadığını bilmirdik. Ötən il qayınanam rəhmətə getdi. Baxmayaraq ki, boşanmışdım, rəhmətliyi gətirib qışda Bakıda yanımda saxlayırdım. O rəhmətə gedəndə Rəqsanə Alma-Atıda idi, əşyaları yerbəyer etməmiş getdik yas yerinə.

Öz oğlu dəfn mərasimində iştirak edib getdi, yasın üçünü, yeddisini Rəqsanə verdi. Bu günlərdə ili tamam oldu, Rəqsanə Bakıda yox idi, biz uşaqlarla iştirak etdik.

Rəqsanə atasını görmək istədi, atası dedi, mənim artıq iki uşağım var. Görüşmək istəmədi.

Yaxşı övladdır, evimiz isə qonaqlı-qaralıdır. Xəta-bəladan üzüağ çıxmağımız da qızımın qonaqpərvərliyinə, yardımsevərliyinə bağlıdı. Bir dəfə rəfiqəm Sara xanımgilə getmişdim, xəbər gəldi ki, Rəqsanə yol getdiyi yerdə beyninə qan işləməyib, ayaqları maşında pedalın üstündə hərəkətsiz qalıb.

Neçə qəzalar keçirib, sağ-salamat çıxıb. Qızımı Allah qoruyur. Xoşuma gəlməyən ən pis xüsusiyyəti odu ki, dostu ilə düşmənini tanımır. Bu gün ona balta vur, səhər sənə əl uzadacaq. Rəfiqəsi bir qızıdır, bir də mənəm.

Ailə qurmağını istəmirəm. Qızı yekəlib. Özü də istəmir. İstəsə mən də razı olaram, istəsə mən dünyanı tutub gedən deyiləm ki...

Rəqsanənin ikinci qızı olanda icazə vermədim, dedim çox da ki, xəsətəyəm, qoy mən baxım. O uşaq mənim səhhətimə yaxşı təsir göstərir. Hirslənəndə şəkər dərmanımı, ya da iynəni yanıma gətiririr, “tez elə, “səşər”in qalxıb, al bunu iç” deyir.

Rəqsanə bəzən yorulur, deyir, neynirdim bu məşhurluğu, həyat yoldaşım olaydı, bir tikə gətirəydi evə, yeyib rahat oturardım. Sonra da deyir, min şükür, çoxundan xoşbəxtəm, var idi ailəm, xoşbəxtlik orda olsaydı, sonadək davam edərdim də...

Lalə Yusifqızı
Publika.Az

Oxşar xəbərlər

Xəbər lenti

DAHA ÇOX XƏBƏR