“Doğulduğum yurdu ziyarət edib, dünyadan köçməyə hazıram”
Bizi izləyin

Digər

“Doğulduğum yurdu ziyarət edib, dünyadan köçməyə hazıram”

Əvvəlcə müsahibəyə razı olmadı. “Mətbuatda müsahibələrim o qədər olub ki” – deyib qərarından dönmədi. Lakin sonradan suallarımız, söhbətimizin məğzi ilə qiyabi tanış olduqda söhbətləşməyə razılıq verdi. Biz də Milli Məclisin deputatı, parlamentin Hüququ siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Fəzail Ağamalını Publika.az-ın “Siyasətsiz siyasətçi” rubrikasına növbəti qonaq seçdik.

“Xalq olaraq zamanı xeyli qabaqlamışıq”

- Şükür Allaha, hər şey qaydasındadır. Gücümüz daxilində dövlətimizə xidmət etməyə çalışırıq. Sağlamlığımız yerindədir. Bütün kataklizmlərdən uzaq ölkənin vətəndaşı olmaqdan yaxşı nə ola bilər? Evə axşam rahat gəlirsən, səhər gözlərini problemsiz açırsan. Şəhərə çıxanda hər hansı xoşagəlməz problemlərlə qarşılaşmırsan. Hər kəs öz işi ilə məşğuldur, qarmaqarışıqlıq yoxdur.

- Eşitdiyimə görə, piyada gəzməyi çox xoşlayırsınız.

- Bəli, həm piyada gəzməyi sevirəm, həm də təyyarəylə, avtomobillə səyahətə getməyi xoşlayıram. Bunlar mənim həyatımın ayrılmaz tərkib hissəsidir. Azərbaycanın çaylı, göllü, meşəli ən dilbər guşələrini çox sevirəm. Onun göz oxşadıqca görünən, lakin bitki bitməyən çöllüklərini də seyr etməyi çox sevirəm. Çünki bura vətəndir.

- Fəzail müəllim, saatınız neçədir?

- Vaxt etibarilə, yoxsa..?

- Vaxt...

- Saat düz iki tamamdır.

- Saatınız düz işləyir, yoxsa dala qalır, geri gedir?

- Mənə elə gəlir ki, düz işləyir.

- Biz zaman baxımından qabaqdayıq, yoxsa arxada?

- Xalq olaraq zamanı xeyli qabaqlamışıq. Müəyyən zaman kəsiyində zamanı itirmişik. Müstəqilliyimizin, milli dövlətçiliyimizin qorunub saxlanılması baxımından zamanı itirmişik. Şübhəsiz ki, bu, xalqımızdan asılı olmayıb. Azərbaycan ətrafında, regionda baş verən proseslər, real güc sahiblərinin maraqlarının Qafqazda, eyni zamanda Azərbaycanda toqquşması ölkəmizin müstəqilliyinin süquta uğraması ilə nəticələnib. Biz uzun müddət – 70 il zamanı itirmişik. Müstəqilliyimizin ilk illərində isə zamanı dondurmuşduq. Sevindirici haldır ki, artıq 19 ildir zamanı xeyli qabaqlamışıq.

- Bir neçə ildən artıqdır bu qərargahda fəaliyyət göstərirsiniz.

- 7-8 ilə yaxındır.

- Otağınız çox səs-küylü yerdədir. Burda necə işləyirsiniz?

- Təbii ki, səs-küyün müəyyən təsiri olur. Amma binamızın önünün ictimai nəqliyyatın intensiv hərəkət etdiyi yer olmasına baxmayaraq, mən səs-küyü o qədər də hiss etmirəm. Çünki işə aludə olanda və işləyəndə sanki bütün kənar təsirlərdən təcrid olunuram. Nə qulağım eşidir, nə xarici təsirlərə məruz qalıram. Bütün düşüncələrimdə, emosiyalarımda, görmə, eşitmə orqanlarım sanki işləmir. Bir sözlə, bu cür səs-küyün işimə o qədər də təsiri yoxdur.

“Baba kimi çox sevincli və təkrarolunmaz anlar yaşadım”

- Bu günlərdə nəvənizin doğum günüydü. Necə qeyd etdiniz?

- Çox yüksək səviyyədə. O, mənim nəvələrimin ən böyüyüdür. 15 yaşını qeyd etdik. Bir baba kimi çox sevincli və təkrarolunmaz anlar yaşadım. Qürurlu duyğuların içində oldum. Qəribədir, insan subay olanda ailə qurmağı arzu edir. Ailə qurana qədər uşağının olmasını düşünmür. Evlənəndən sonra övladının olmasını istəyir. Dünyaya uşaq gələndə ondan xoşbəxt adam olmur. Bu hissləri biz yaşamışıq. Övladın uğurlara imza atdıqca, səninlə bərabər olan günə qədər, həyatda səninlə bərabər müvəffəqiyyətlərə nail olduqca hər ana sevinirsən. Onun əməllərinə, uğurlarına, toyuna baxıb sevinirsən. Görürsən ki, bu sevincin tayı-bərabəri yoxdur. Ancaq nəvə dünyaya gələndən sonra görürsən ki, bu sevincin ondan da üstündür.

- Nəvənizə doğum günü münasibətilə nə hədiyyə etdiniz?

- Saat.

- Hansı nəvənizi daha çox istəyirsiniz?

- Demək olar, hamısını çox istəyirəm. Hərəsinin özünəməxsus şirinliyi, yeri var. Onların birini o birindən fərqləndirmək istəməzdim.

- Heç ürəyinizdə də birini digərindən fərqləndirmirsiniz?

- Yox, qətiyyən. Biri daha şıltaqdır, digəri isə, əksinə, fağırdır, sakitdir. Düşünürsən ki, ona daha çox diqqət edim, inciməsin. Fikirləşər ki, baba şıltaqla daha çox ünsiyyətdə olur, deyib-gülür. Nəvələrin arasında olanda gərək o məhəbbəti proporsional şəkildə böləsən ki, baba olaraq özün-özünü içində qınamayasan, həm də nəvələrin inciməsin.

“Heydər Babaya salam”a nəzirə yazdım”

- Fəzali müəllim, şeir bilirsiniz?

- Bədii ədəbiyyata çox böyük həvəsim var. Hələ uşaqlıqdan bu sahəyə marağım çox idi. Kitab mənim üçün əvəzsiz dost olub. Orta məktəbi bitirdikdə kəndimizdəki kitabxananın bütün kitablarını oxuyub qurtarmışdım. Ən sonda Drayzerin “Dahi” əsərinə girişdim. Amma gördüm ki, bu əsəri başa düşə bilmirəm. O, mənim yaşıma uyğun kitab deyil. Orta məktəbi qurtaranadək “Səfillər”ə qədər oxudum. Təbii ki, şeirləri də oxudum. Elə adam var, şeirləri oxuyub əzbərləyə, yadında saxlaya bilir. Mən şeir oxumağı çox sevirəm. Ancaq məsələn Zəlimxan Yaqub kimi, rəhmətlik Mikayıl Mirzə kimi saatlarla şeir deyə bilmərəm. Belə qabiliyyətim yoxdur.

- Deməli, əzbər şeir bilmirsiniz.

- Elə şeirlər var, o, mənim yaddaşıma hopub. Məsələn, Məmməd Arazın “Vətən mənə oğul desə nə dərdim, mamır olub qayasına bitərdim” şeirinin ancaq bu hissəsi mənim yadımda qalıb. Yaxud Şəhriyarın “Azərbaycan” şeiri. Vaxtilə tələbə olanda onun fotoşəklini çıxarıb altında iki misranı yazardıq. 1970-ci ildə beşinci kursda oxuyanda mən də həmin kitabı aldım. Onun bütün şeirlərini oxudum, bir çoxunu əzbərlədim. Hətta elə həvəslənmişdim ki, onun “Heydər Babaya salam” şeirinə nəzirə də yazdım. Öz kəndimizin insanlarını və onların xüsusiyyətlərini nəzərə alaraq bunu bir şeirdə təsvir etməyə çalışdım. Lakin yadımda bir şey qalmadı. “Heydər Babaya salam”dan ancaq bir misranı yadımda saxladım.

- İdmanla məşğul olmursunuz.

- Vaxtilə məşğul olmuşam, amma indi yox...

- Niyə? Ərincəklikdən, yoxsa işin çoxluğundan?

- Görünür ərincəkliyim var, vərdiş formalaşdırmamışam. Amma bilirəm, bunu vərdişə çevirsəm, alınacaq. Bir ara idmanla məşğul oldum, sonra səhhətimdə problemlər meydana gəldi. Bu səbəbdən idmana ara verdim. Həmin fasiləylə də sanki idman vərdişini itirdim. Təbii ki, idmanla məşğul olmaq faydalıdır. Düşünürəm ki, mənim üçün belə yaş səviyyəsində ən optimal idman növü üzgüçülükdür. Trenajor, ağır fiziki yüklərin tətbiqi ziyanlı ola bilər. Ən yaxşısı qaçış, yerimək və üzgüçülükdür. Deyim ki, səhərdən axşama qədər evdə oturmuram. Xeyli piyada gəzməyə çalışıram. Hara gedirəmsə, imkan olduqca mütləq hovuzda üzürəm. Eləcə də yayda – iyundan sentyabra qədər bağımızdakı hovuzda hər gün üzürəm.

“20 ilə yaxındır parlamentdəki yerimi dəyişmirəm”

- Mühafizəkarsınız...

- Baxır nədə.

- Məsələn, uzun illərdir mobil telefonunuzun nömrəsini dəyişmirsiniz.

- Mən yerimi dəyişməyi də xoşlamıram. Baxın görün, 20 ilə yaxındır parlamentdəyəm, amma yerimi dəyişmirəm. Əvvəl harada oturmuşdumsa, indi də həmin yerdə əyləşirəm. Bəzi xasiyyətlərimə görə mühafizəkaram. Telefonumun nömrəsini də dəyişmirəm. Baxmayaraq ki, o, məni çox yorur. 10 ildən çoxdur həmin nömrə məndədir. Həmin nömrəni az qala hətta taksi sürücüləri də bilir. Ancaq tez-tez telefon nömrəsi dəyişməyi, nömrədən nömrəyə keçməyi xoşlamıram. Bu həm də o deməkdir ki, mən cilddən-cildə keçməyi də xoşlamıram. Bir sifət, bir görünüş! Yaxşısan, pissən! Hər halda, "busan" anlayışına təbiətən içimdən gələn bir yanaşmam var. Özümdən asılı olmayaraq. Geyimdə də elədir. Ayaqqabıdan tutmuş kostyuma qədər hər zaman klassik geyimə üstünlük vermişəm. Ancaq idman geyimini də elə geyinirəm ki, yaşıma uyğun görünür, şit alınmır. Bu, mənim təbiətimdən irəli gəlir. Ailədə bir qədər mühafizəkaram. Ailədə birmənalı olaraq Azərbaycanın adət-ənənələrinin hər zaman qorunub saxlanılmasının həm tərəfdarıyam, həm də daşıyıcısı. Lakin bununla bərabər, köhnə fikirlərlə yaşamıram. Yeniliyi sevənəm, qəbul edənəm. Övladlarımın həyatında yeniliyi görməyi arzulayıram.

- Ailədə tələbkarsınız?

- Bəli, tələbkaram. Eyni zamanda, övladlarıma qarşı çox lütfkaram. Yersiz tələbkarlığım yoxdur. Hətta övladlarımda müəyyən səhvləri görəndə bunu onlara elə çatdırmağa çalışıram ki, inciməsinlər. İradımı bildirirəm, amma kəskin formada, yüksək intonasiya ilə yox. Elə formada deyirəm ki, qəbul etsinlər. Düşünürəm ki, bu forma iradı yüksək intonasiya ilə deməkdən daha yaxşıdır. Kəskin irad aqressiv qarşılanır.

“... ola bilsin, özünü həm politoloq, iqtisadçı, həm də ginekoloq hesab edir”

- Hansı suallardan bezirsiniz?

- Təkrar, yeknəsəq.

- Məsələn jurnalistlər zəng edib bəzi məsələlərlə bağlı sual verəndə reaksiyanız necə olur?

- Deyirəm ki, bu sualın mənə aidiyyəti yoxdur. Bəzən jurnalistlər peşəmə, bildiyim sahəyə yaxın olmayan, mənə aidiyyəti olmayan suallar verdikdə belə sualları xoşlamıram. Dərhal cavab verirəm ki, bu sualın mənə aidiyyəti yoxdur. Peşəkara müraciət edin ki, dolğun cavab alın. Jurnalist deyir ki, axı başqaları hansı sualı veririksə, onu da cavablandırır. Onda deyirəm ki, başqalarının mənə aidiyyəti yoxdur. Mən bildiyim şey haqqında danışmağa üstünlük verirəm. Bilmədiyim şeydən danışdıqda hiss edirəm ki, özümü tapmıram və pis vəziyyətdə qalıram. Belə suallardan yayınmıram, qəti olaraq imtina edirəm. Adını çəkmək istəmirəm, bir dəfə jurnalistlərdən biri sual verdi. Cavablandırmaqdan imtina etdim. Müxbir dedi ki, bəzi deputatlar bütün suallara cavab verir. Dedim, bala, ola bilsin, o, özünü həm politoloq, iqtisadçı, həm də hüquqşünas, ginekoloq hesab edir. Mən neynəyim? Get sualı ona ünvanla və həm politologiya, həm də ginekologiya üzrə cavab al. Belə insanlar varsa, düşünürəm onlar cəmiyyətdə yetərincə qarşılanmır.

- Sizcə, ata-baba yurdunuza nə vaxt rahat şəkildə baş çəkəcəksiniz, oraları ziyarət edə, gedib-gələ biləcəksiniz?

- Bütün ruhum o yurdla bağlıdır. Gedim ulu Azərbaycan yurdu olan Zəngəzura, Qara Kilsə - Alban kilsəsinə - indi onun adını Sisyan qoyublar, o rayon mərkəzində gözümü bağlasınlar, oturtsunlar maşına, evimizə qədərki yolların haradan, hansı çaydan, dərədən, küçədən keçdiyini bir-bir deyim. Ora bu günə qədər gözümün önündədir, yaddaşımdadır, yuxularımdan çıxmır. Sizlə - jurnalist olaraq Anarla yuxularımda görüşürəm, ancaq məkan doğulduğum Şıxlar kəndi olur. Onun düzənlikləri, çöllükləri. Yuxularımda məkan hökmən kəndimiz olur, amma insanlar fərqli, bu yurdla bağlı olmayanlar. Dünyada ən böyük arzum doğulduğum yurda getmək, onu ziyarət etməkdir. Sonda bütün arzuların zirvəsində olan xoşbəxt insan kimi dünyadan köçməyə hazıram. Bu populizm deyil, daxili inam var ki, sonda yenə o torpağa qayıdacağı. O yurd bizi məmnuniyyətlə qəbul edəcək.

“Musiqini korlayan puldur, paradır”

- Musiqiyə qulaq asırsınız?

- Baxır hansı əhval-ruhiyyədəyəm, hansı məkandayam, zaman kəsiyindəyəm.

- Həm də oxuyan hansı müğənnidir...

- Bunlar əlbəttə rol oynayır. İstər Avropa klassikası olsun, istərsə də bizim Qara Qarayevin, Cövdət Hacıyevin, Fikrət Əmirovun, dahi bəstəkar Üzeyir Hacıbəyovun klassik musiqilərini çox sevirəm. Muğamı, xalq mahnılarını dinləməyi xoşlayıram. Siz demişkən, baxır hansı müğənniyə qulaq asırsan. Elə müğənnı var səsində məlahət yoxdur. Müasir estradanı da sevirəm. Habelə Avropanın, dünyanın yaxşı estrada müğənniləri var. Özümüzün də estrada ulduzlarımızın mahnılarını dinləməyi xoşlayıram. Elə estrada müğənnisi var, bir mahnısı kifayətdir ki, onu sevim. Məsələn, “Bakı sabahın xeyir” mahnısına görə Flora Kərimovaya çox vurğunam. İlhamənin elə mahnısı var, bircə o musiqiyə görə ona vurğunam. Müasir estrada müğənnilərindən ən çox xoşuma gələni və dinlədiyim Röyadır. Röyanın çox gözəl səsi var. Mübariz Tağıyevin də səsini sevirəm, səsində məlahət, titrəyiş var, adamı cəlb edir.

- Musiqi zövqümüz niyə korlanıb?

- Musiqini korlayan puldur, paradır. Çox təəssüf ki, bu gün musiqi ciddi biznesə çevrilib. İstisnalar olmaqla o, sənətdən daha çox pul qazanmağa xidmət edir. Elə mənasız, səviyyəsiz, düşüncəsiz “mahnılar” televiziya və ya radio efirinə buraxılır, sadəcə olaraq adamın musiqi haqqındakı bütün düşüncələri alt-üst olur. Bu cür yanaşmalar insanların sənətə olan zövqünü çox korlayır. Bilmirəm bunun qarşısı hansı səviyyədə alınmalıdır. Ancaq hesab edirəm, demokratik ölkələrdə olduğu kimi bizdə də bunun qarşısı ictimai qınaqla alına bilər. Habelə sizin kimi jurnalistlərin ciddi yazıları və təpkisi ilə... Habelə belə mahnılara qulaq asmamaqla – boykotla, bu cür insanları toylara dəvət etməməklə.

Anar Tağıyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm