Şəxsiyyətin cazibəsi
Bizi izləyin

Digər

Şəxsiyyətin cazibəsi

Xaliq Bahadır... Bu imza "Azadlıq" qəzetini vərəqləyənlərə yaxşı tanışdır.

Saçını tənqidçi jurnalistikada ağardanlardandır.


Son vaxtlarsa İctimai Palataya müxalif mövqeyi ilə gündəmdəydi. İP rəhbərlərini ədalətsizlikdə, Pənah Hüseyni və digərlərini hakimiyyətə işləməkdə suçlayırdı. Amma bilmirəm Xaliq bəy fərqindədirmi, onun bu yöndəki müxalifliyi nə köşə yazarı kimi az qala hər gün çıxış etdiyi "Azadlıq"da, nə də "Yeni Müsavat"da hiss olunmadı. Qarışqadan fil düzəltməyi xoşlayan həmkarlarımız X.Bahadırın aqressiyasını görməzlikdən gəldilər və onun narazılığını oxuculara "unutdurdular".

Deyəsən, X.Bahadır elə özü də "unutdu".
Çünki onun "Azadlıq"a qayıdıb Əli Kərimlinin "baş redaktorluğu" altında çalışmağa davam etməsinə başqa ad vermək olmur.

Hər kəs özünü haqlı hesab edə bilər və bəlkə də bu, normaldır. Amma onda ədalət hissindən az da olsa, uzaqlaşmağımızı etiraf etməliyik. Azərbaycan hakimiyyətini tənqid etmək, hətta çox sərt tənqid etmək olar, necə ki, "Azadlıq" "ölkədə demokratiya yoxdur" "harayı"yla hər gün cəmiyyətə kin-küdurət aşılayır. Təbii, soruşan da olmur ki, demokratiya yoxdursa, tənqidi jurnalistika ilə necə məşğul olursunuz? Necə olur ki, hakimiyyətin ən yuxarı pilləsinədək yüksək çinli məmurları tənqid atəşinə tutursuz, amma hansısa nazir... unudulur! Xaliq bəy, ilginc deyilmi?

Axı hakimiyyət tənqid olunursa, bu, onun bütün qollarına və bütün nümayəndələrinə şamil olunmalıdır. "Baş redaktor"unuzdan soruşursunuzmu ki, niyə filan məmur, filan din xadimi də... tənqid olunmur?
Səbəb doğrudanmı, sizi maraqlandırmır?

Axı ədalət tələb edirsiz. Ədalət birtərəfli, birqütblü ola bilməz axı. Ədalətli cəmiyyət yaratmaq istəyirsizsə, bunu iqtidardan tələb etdiyiniz sərtliklə müxalifətdən də tələb etməli deyilsinizmi? Niyə "Azadlıq"da Əli Kərimli, "Yeni Müsavat"da İsa Qəmbər tənqid olunmur? Çoxmu idealdırlar?

Çoxlarını iqtidara satılmaqda ittiham edirsiz. Azərbaycan müxalifətində satqınlığın bünövrəsini kim qoyub? Əbülfəz Elçibəyə kim xəyanət edib? 2000-ci ilin parlament seçkiləri öncəsi Elçibəyin imzasını kim saxtalaşdırmışdı?..
Haqqı-ədaləti müdafiə edən X.Bahadır yaza bilərmi bunları? Çap etdirə bilərmi köşə yazarı olduğu qəzetdə?
Əli Kərimlinin senzurasından keçərmi?

İllərlə gəldiyim qənaət budur: özü demokrat olmayan adam demokratiya mübarizəsi apara bilməz!
Özü sözü boğan adam söz azadlığından dəm vurmamalıdır.
Ola bilməz ki, yüzdəyüz haqlı olasan, haqlı mübarizə aparasan, ancaq uduzasan.
Elçibəyin ölüm yatağındakı son fikrini xatırlayıram: "Mənə xəstəliyimlə söhbət etmək imkanı vermədilər"...

Bəlkə səmimi olmaqda, hər kəsi öz adıyla, necə varsa, necə görünürsə, çağırmaqda gecikirsiz? Bəlkə də səhvləri vaxtında etiraf etmək, səhvləri doğuran səbəbləri açıq demək, müxalifətə öz "xəstəliyi" ilə dərdləşmək imkanı yaratmaq daha döğru olardı?

Radikal müxalifət bəlkə də bu səmimiyyəti ilə toplumun rəğbətini qazana bilərdi. Hakimiyyət uğrunda mübarizədən öncə radikal müxalifətin daha önəmli, daha mühüm bir vəzifəsi var: xalqla anlaşmaq, toplumla dil tapa bilmək, insanların etibarını qazanmaq... Bu, olmasa, yüz il qala "Azadlıq" qəzeti Əli Kərimlini AXCP sədrliyindən yuxarı qaldıra bilməyəcək.

Hətta "Azadlıq" radiosu ABŞ Dövlət Departamentinin yox, AXCP-nin mətbu orqanı olduğunu rəsmən boynuna alsa belə heç nə dəyişməyəcək. Buna əmin olun.
İllər öncə Elçibəyin təsisçiliyindən imtina edib də redaksiya heyətinə ərməğan etdiyi "Azadlıq" qəzetini evinin divar qəzetinə çevirən Ə.Kərimlinin "azad sözün müdafiəçisi" kimi xalqa sırımaq mübarizə deyil.
İcazəsiz aksiyalarda polislə insident yaradıb özünü döydürməklə Avropa ölkələrindən sığınacaq almağa ümid etmək müxalifətçilik deyil.

Özü rüşvət ala bilmədiyinə görə rüşvətxor məmurları tənqid eləmək də siyasi mübarizə və müxalifətçilik sayıla bilməz...
Bəlkə də Qərbin, Avropanın müəyyən dairələrində dediklərinizə maraq hiss edəcəksiz. Bəs xalq?..
Xalq müdrikdir. Təsəvvür etdiyimizdən də qat-qat artıq müdrikdir. Hər kəsin qiymətini verir...
Yaxşıya yaxşı, pisə pis deməklə müxalifətçinin şəninə xələl gəlmir, əksinə, sözünə qüvvət, mötəbərlik gəlir, sözü eşidilir...
Bunları niyə yazıram?

"Azadlıq"ın ötən saylarından birində X.Bahadırın "Anarın anmazlığı" adlı yazısı dərc olunub. Xaliq bəy yazıçı Anarla bahəm Anar adlı həmkarına ittiham yağdırır. Çünki... Anar Mahmudoğlu bu qəzetdəki son yazısında mühacir polkovnik İsa Sadıqovun mərhum Heydər Əliyevi Şevardnadze və Dəmirçiyanla müqayisə edərək üstünlüyü ədalətsizcəsinə qonşularımıza verməsini etirazla qarşılayıb. X.Bahadırsa hakimiyyətin əleyhinə ən kəskin yazılara imza atan yazarı az qala xəyanətdə günahlandırır. X.Bahadır deyəsən, əksər cəbhəçilər kimi, onu da unudub: vaxtilə Elçibəyin başı üzərindən asdığı şəkildəki azərbaycanlıdır Heydər Əliyev! Və o, gerçəkdən dahidir!

Dahidir ki, cəbhəçilərin bircə il belə sahiblənə bilmədiyi müstəqilliyimizi qorudu, Azərbaycanı Cənubi Qafqazın lider dövlətinə çevirdi və xalq da bunu yüksək qiymətləndirir, bu böyük şəxsiyyətin cazibəsindən ayrıla bilmir...


Xatirimdədir ki, bir vaxtlar AXCP sədrinin özü də bu CAZİBƏdən qopa bilmirdi...

Oxumağa davam et
Reklam
Reklam

Gündəm