Adını Dədə Qorqud vermədi...
Bizi izləyin

Digər

Adını Dədə Qorqud vermədi...

Azərbaycanda yeni doğulan çocuqlara qoyulan isimlər açıqlanıb.

Bu araşdırmaya görə, oğlan uşaqlarına qoyulan beş ən populyar ad bunlardır: Yusif (146), Hüseyn (134), Əli (122), Məhəmməd (88), Ömər (74).

Bu adların seçimi Azərbaycan ailəsində ciddi sosial-psixoloji sorunların olduğunu göstərir.
Bir qism ailələrdə yeni doğulan oğlana babasının adını qoymaq dəbdir. Ancaq bu dəb sadalanan adların populyarlaşmasının əsas nədəni deyil.

Digər bir kateqoriya üzrə, övlada ad qoymaq yetkisinin ailənin yaşlı üzvlərinə- babaya, nənəyə, əmiyə, dayıya, xalaya verilməsidir. Yaşlı adamlar istər-istəməz çağdaş deyə biləcəyimiz isimlər seçməkdən məhrum olurlar.

Ən qorxulu cəhət üçdür.
a) Bu adların çoxu yuxuda görülüb.
Təsəvvür edin, ər, gəlin, baba ya nənə, yaxud da yaxın bir ailədə hamilə qadın olduğunu bilən hansısa qohum qurban olduqlarımızdan kimisə yuxuda görür və xoruz tardan düşməmiş yaxınlıqdakı ağır ocağa nəzirdən-qurbandan deyib doğulacaq uşağı gələcəkdə adından utanmaq zorunda qoyur. Uşağın Allahın zaminliyində böyüməsi üçün valideynlər də lap ürəklərindən ayrı ad keçsə də, yuxuda görülən ismi şəhadətnaməyə yazdırırlar.

b) Hamiləliyi ağır keçən analar, oğul həsrətində olan atalar, körpələri hər hansı səbəbdən çox yaşamayan valideynlər uşağın göbəyi düşməmiş qoltuğuna bir çolpa vurub, cibinə on manat pul qoyub cumurlar mollanın, axundun yanına. Çolpa görəndə gözü işıldayan, pul adı eşidəndə üzü gülən Axund Hacı Filankəs, Molla Məşhədi Bəhmənkəs də Quran açır, surə vərəqləyir, ayə tapır və gələcək Azərbaycan vətəndaşının yolunu cənnətə kəsə edir.

c) Azərbaycan islamlaşır! Cəmiyyət müsəlmanlaşır! Ailələr ərəbləşir!- ən qorxulu tendensiya budur, məhz bu!

20-ci əsrin əvvəllərində Allahqulu, Ocaqqulu, Əliqulu adları dəbdə idi. Xalqımızı əmələ gətirən tayfalarən ağsaqqal və ağbirçəkləri törəmələrinə təkcə inanc üzündən yox, həm də nəslin davamlılığı üçün peyğəmbərlərin, imamların, ağır seyidlərin adlarını qoyardılar. Kəndlərdə, obalarda doğum evləri yox idi, Allahquluların, Ocaqquluların, Əliquluların arasından həkim çıxmamışdı, bir ailədə doğulan on uşaqdan üçü-dördü qızdırmadan-qripdən ölürdü. Bəzən də nəsildəki cinsiyyət balansını qorumaq üçün "Qızyetər", "Bəsdi", "Gərəkməz" (ulu nənələrimdən biri) kimi adlar qoyulurdu.

Sovetlər dönəmində Azərbaycan aydınlaşdı. Kommunist rejimi tarixi bir uğura imza atıb cəmiyyəti dindən uzaqlaşdırdı, kişiləri saqqaldan, qadınları çadradan azad etdi. Məktəb tikdi, xəstəxana açdı, qaz çəkdi, işıq verdi və... Azərbaycan insanına yeni isimlər qazandırdı.

Cəfər Cabbarlının, Səməd Vurğunun, İlyas Əfəndiyevin və sovet Azərbaycanının digər yazarlarının qəhrəmanlarının adı doğum şəhadətnamələrini bəzədi.

Hərçənd tipik azərbaycanlı görməmişliyi bizi Şokalad, Traktor, İspalkom, hətta Marksla Leninin adlarının"sintez"i olan Marlen kimi adlara gülməkdən məhrum etmədi.

Bütün hallarda adlar Azərbaycanın təfəkkürcə yeniləşməsinin göstəricisi idi.
Bütün hallarda adlar Azərbaycanın təfəkkürcə arxaikləşməsinin göstərir indi.
Bu gün adını Aişə qoyduğunuz qızı sabah yelləncəkdən düşürüb bir qoca kişiyə ərə verməyə də hazırsınızmı?
Heç bilirsiniz bu adları hələ də oğlunuza-qızınıza verdiyini duysa, Mirzə Fətəli Axundov, Mirzə Cəlil Sizə nə deyərdi?
İnsanın xarakterinin, ictimai missiyasının formalaşmasında ciddi rolu var.

Bir örnək vermək istəyirəm.
Hazırda Almaniyada yaşayan jurnalist Fəxrəddin Hacıbəyli yaxşı ateist və səmimi demokratdır.
İslam dinini heç cür qəbul etmir və öz fikirlərini kifayət qədər ciddi arqumentlərlə əsaslandırır.

Həmkarımın ərəb mənşəli adının mənası isə"dinin fəxri" mənasını verdiyindən Hacıbəyli ismindən bir hecanı atıb.
Bir zamanlar Azərbaycanda imicinin qayğısına qalanlar soyad dəyişmək kimi bir zərurət hiss edirdi.
Fəxrəddin Hacıbəylinin timsalında biz adını dəyişdirməyə ehtiyac duyan insanların varlığını hiss edirik.

Dünyanın gorunu lənətlədiyi İraq diktatorunun şərəfini daşıyan Səddamlar 21-ci yüzildə xəcalət çəkməyəcəklərmi, Sizcə?
Odur ki, papağımızı qarşımıza qoyub fikirləşməliyik- biz öz inancımızı oğlumuzun, qızımızın adına sırımaqla onun gələcəkdəki sərbəst düşünmək azadlığına basqı yaradırıqmı?
Bu nə ərəbləşmə, bu nə"7-ci əsrləşmə"dir belə?

Ağlınıza ana dilimizdə bir ad gəlmirmi?
Yadınıza qos-qoca tarixdən bir türk ismi düşmürmü?
Sevdiyiniz bir əsər, dönə-dönə baxmaq istədiyiniz bir film, tamaşa qəhrəmanı yoxdurmu?

Heç Siz bir çocuğun xəyalı ilə yaşamadınızmı? Onun ismini doğulmazan çox-çox öncə sevgilinizlə birgə düşünmədinizmi?
Adı doğulmazdan çox-çox öncə qoyulan cocuqlar imkan verməyəcək sönməyə bu millətin çırağını.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm