Digər
"Ciddi nəticə çıxarmaq hər bir vəzifəli şəxsin borcudur "
Azərbaycan Respublikası Prezidenti Administrasiyası
İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun Trend
İnformasiya Agentliyinə müsahibəsi
- Əli müəllim, Prezident İlham Əliyevin regionların
sosial-iqtisadi inkişafı Dövlət proqramlarının icrasına həsr
olunmuş konfransda korrupsiyaya qarşı mübarizəyə dair səsləndirdiyi
fikirlər ictimaiyyət tərəfindən müsbət qarşılanıb. Sizcə, ölkə
başçısının qeyd etdiyi kimi, Azərbaycanın korrupsiya ilə mübarizə
sahəsində nümunəvi ölkəyə çevrilməsi üçün daha hansı zəruri
addımlar atılmalıdır?
- Azərbaycanda korrupsiyaya qarşı mübarizə mexanizminin
formalaşdırılması istiqamətində mühüm tədbirlər həyata
keçirilmişdir. "Korrupsiyaya qarşı mübarizə haqqında" qanunun qəbul
edilməsi, müvafiq dövlət proqramının, milli fəaliyyət planının və
digər hüquqi-normativ sənədlərin təsdiq olunması ilə korrupsiyaya
qarşı mübarizə sahəsində möhkəm qanunvericilik bazası
yaradılmışdır. Korrupsiyaya qarşı Mübarizə üzrə Komissiyanın, Baş
Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin təşkili və
fəaliyyətə başlaması, həmçinin "ASAN xidmət" kimi innovativ
strukturun formalaşdırılması, "Elektron Hökumət" proqramının
tətbiqi və s. əyani şəkildə göstərir ki, bu sosial problemin aradan
qaldırılması dövlət siyasətinin prioritet istiqmətlərindən birini
təşkil edir.
Regionlarının sosial-iqtisadi inkişafı Dövlət proqramlarının icrasına həsr olunmuş konfransda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizə sahəsində görülən işləri vurğulamaqla, bu sahədə institusional, sistem və inzibati, cəza xarakterli tədbirlərin daha səmərəli şəkildə davam etdirilməsini bir vəzifə kimi qarşıya qoymuşdur. Dövlət başçısı strateji hədəf kimi Azərbaycanın korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizədə də nümunəvi ölkə olması üçün zəruri tədbirlərin həyata keçiriləcəyini bəyan etmişdir. Son 10 ildə Azərbaycan sürətli və dinamik inkişaf yolu keçmiş, beynəlxalq arenada böyük nüfuz sahibinə çevrilmişdir. Bu gün Azərbaycan dünyanın ən sabit ölkələrindən biridir, xalqımız həyata keçirilən siyasətə böyük dəstək verir. Buna görə də hansısa subyektiv amillərin əldə olunmuş mühüm uğurlara kölgə salmasına imkan verilməməlidir və verilməyəcək. Qarşıdan gələn dövrdə korrupsiyaya qarşı mübarizə sahəsində kompleks tədbirlər davam etdiriləcək, lakin sistem xarakterli tədbirlərə daha çox üstünlük veriləcək. Eyni zamanda, dövlət orqanlarının tam şəffaf fəaliyyətinin təmin olunması, ictimai nəzarət mexanizminin stimullaşdırılması, məmur-vətəndaş münasibətlərinin ictimai və hüquqi normalara uyğun tənzimlənməsi, dövlət qulluqçularının məsuliyyəti, Vətənə sədaqətli xidmət kimi məsələlər diqqət mərkəzində olacaqdır. Bu norma və prinsiplərə əməl etməyən, öz işində ardıcıl nöqsanlara yol verən dövlət qulluqçuları, vəzifəli şəxslər ya Azərbaycan Prezidentinin tapşırıq və tövsiyələrindən ciddi nəticə çıxarıb öz işlərində dönüş yaratmalıdırlar, ya da qanunun sərt üzü ilə üzləşəcəklər.
"Azərbaycan güclü dövlətdir və istənilən təhdidlərin, milli təhlükəsizliyə xələl gətirmək cəhdlərinin qarşısını layiqli şəkildə almaq iqtidarındadır"
- Azərbaycan gənclərinin xarici ölkələrdə, xüsusilə
Suriyada silahlı münaqişələrə cəlb edilməsi geniş müzakirə
mövzusuna çevrilmişdir. Bu cür neqativ halların qarşısının alınması
üçün qanunvericiliyin daha da sərtləşdirilməsinə və ya digər
qabaqlayıcı tədbirlərin həyata keçirilməsinə ehtiyac
varmı?
- Bilirsiniz ki, humanizm, problemlərin dialoq vasitəsilə həlli
dövlətimizin xarici siyasətinin başlıca istiqamətlərindən biridir.
Azərbaycan dünyanın müxtəlif nöqtələrində baş verən münaqişələrdə,
o cümlədən Suriyada tərəf kimi iştirak etmir və belə bir niyyəti də
yoxdur. Azərbaycan özü münaqişədən əziyyət çəkən, ərazisinin 20
faizi işğal altında olan bir ölkədir və bütün resurslarını bu
problemin ədalətli şəkildə, beynəlxalq hüquq prinsiplərinə uyğun
həll edilməsinə yönəltmişdir. Buna görə də vətəndaşlarımızın
ayrı-ayrı bölgələrdə münaqişələrə cəlb olunması, hansısa anlaşılmaz
ideyaların, kimlərinsə maraqlarının qurbanına çevrilməsi narahatlıq
doğurmaya bilməz. Çünki həmin şəxslər bizim vətəndaşlarımızdır və
dövlət onların taleyinə biganə qala bilməz. Digər tərəfdən, bu gün
Azərbaycanın özünün vətənpərvər, millətini sevən, mübariz
insanlara, gənclərə ehtiyacı var. Azərbaycan dövləti bütün mümkün
vasitələrdən istifadə edərək bunun qarşısını almağa çalışır. Həm
təhlükəsizlik orqanları, həm də Xarici İşlər Nazirliyi,
səfirliklərimiz bu məsələ ilə yaxından məşğuldurlar və müvafiq
tədbirlər həyata keçirirlər. Ancaq onu da nəzərə almaq lazımdır ki,
bu, çox mürəkkəb məsələdir və müəyyən mərhələdə daha sistemli
yanaşma tələb edə bilər. Azərbaycan vətəndaşlarının müxtəlif qaynar
nöqtələrdəki münaqişələrə cəlb olunması fərdi xarakter daşıyır.
Lakin bu proses kütləviləşərsə və cəmiyyət üçün təhlükə yaradarsa,
qeyd etdiyim kimi, sistem xarakterli tədbirlərin həyata keçirilməsi
və bunun tərkib hissəsi kimi, qanunvericiliyin sərtləşdirilməsi
istiqamətində addımlar atıla bilər.
- Bəzi KİV-lərdə və sosial şəbəkələrdə radikal dini
təmayüllü cərəyanların, qrupların nümayəndələrinin Azərbaycanın
milli təhlükəsizliyinə xələl gətirə bilən, onu təhdid edən
təbliğatlarına geniş yer verilir. Azərbaycanda əsrlər boyu hökm
sürən məzhəblər və dinlərarası tolerantlığa zidd olan bu cür
fikirlərin yayılmasının arxasında hansı qüvvələr dayanır?
Ümumiyyətlə, bu qüvvələrin məqsədi nə ola bilər?
- Dünyada iqtisadi böhran, sosial təlatümlər, vətəndaş
qarşıdurması, qanlı münaqişələr, gərginlik müşahidə olunduğu bir
dövrdə Azərbaycanın dinamik inkişafı, hökm sürən sabitlik ölkəmizi
istəməyən müəyyən xarici qüvvələri narahat edir. Bəzi hallarda
xarici KİV-lərdə Azərbaycan haqqında obyektivlikdən uzaq, qərəzli
materialların şahidi oluruq. İnternet, sosial şəbəkələr isə tam
sərbəst bir məkandır və çox təəssüf ki, qlobal şəbəkədən həm də
müxtəlif şəxslərə, ölkələrə qarşı kampaniya təşkil etmək, ictimai
fikrə təsir göstərmək, cəmiyyətdə süni şəkildə narazılığı, o
cümlədən dini radikallığı stimullaşdırmaq üçün istifadə olunur.
Bəzi hallarda belə cəhdlərin arxasında müəyyən xarici qüvvələrin,
beynəlxalq təşkilatların kölgəsi də sezilir. Lakin Azərbaycan güclü
dövlətdir və istənilən təhdidlərin, milli təhlükəsizliyə xələl
gətirmək cəhdlərinin qarşısını layiqli şəkildə almaq
iqtidarındadır.
"Mahir Zeynalovun deportasiyası iki qardaş ölkə arasında əməkdaşlığa kölgə sala bilməz"
- Azərbaycan vətəndaşı Mahir Zeynalovun Türkiyədən
deportasiya edilməsi faktı bəzən çox şişirdilir. Bununla, iki ölkə
arasında olan strateji əməkdaşlığa kölgə salmaq istəyirlər. Bu
məsələyə münasibətinizi bilmək istərdik.
- Türkiyənin rəsmi instansiyaları məsələyə münasibət bildirərək
bəyan etmişlər ki, M.Zeynalovun deportasiyası onun ölkədə qalma
müddətinin başa çatması ilə bağlı olmuşdur. Hesab etmirəm ki, bu
hadisə iki qardaş ölkə arasında əməkdaşlığa kölgə sala bilər. Buna
cəhd göstərənlər də bu reallığı anlamalı və qəbul etməlidirlər.
Digər tərəfdən, hər hansı xarici ölkədə əmək fəaliyyəti ilə məşğul
olan şəxs, fəaliyyət istiqamətindən asılı olmayaraq, həmin ölkənin
qanunlarına, ictimai yaşayış normalarına, xalqın mədəniyyətinə,
adət-ənənələrinə hörmətlə yanaşmalıdır.
- Ermənistan tərəfi Soçi olimpiadası dövründə atəşkəsə əməl
olunacağını vəd etsə də, buna əməl etmir. "Soçi barışığı" dövründə
cəbhə xəttində gərginlik davam edir...
- Bu hal bir daha təsdiq edir ki, Ermənistan konstruktiv dialoqda, münaqişənin sülh yolu ilə tənzimlənməsində maraqlı deyil. Ermənistan rəhbərliyi mövcud status-kvonun saxlanmasına çalışır və istənilən sülh təşəbbüslərini müxtəlif vasitələrlə əngəlləyir. Hər halda, Ermənistanın növbəti təxribatı ATƏT-in Minsk qrupunun həmsədrləri - həm Olimpiya oyunlarının keçirildiyi Rusiya, həm də bu barədə sosial şəbəkədə məlumat verən amerikalı həmsədr üçün aydın mesaj olmalıdır.
"Köçürülmə nəzərdə tutulan ərazi, köçürməni həyata keçirən orqanlar, kompensasiyaların məbləği artıq müəyyənləşmişdir"
- Bakıda bir sıra iri infrastruktur layihələri həyata
keçirilir. Bununla bağlı şəhərin mərkəzində, o cümlədən Yasamal
rayonu ərazisində minlərlə evin sökülməsi nəzərdə tutulur.
Azərbaycanın müvafiq qurumları vətəndaşların mülkiyyət hüququnun
qorunması üçün hansı işləri həyata keçirəcək?
- Artıq bir neçə ildir ki, ölkəmizdə, xüsusilə də Bakı şəhərində
genişmiqyaslı infrastruktur layihələri həyata keçirilir. Yeni
parklar salınır, müasir binalar, mədəniyyət abidələri və s. inşa
olunur. Bütün bunlar paytaxtımızın inkişafına, müasirləşməsinə
xidmət edir. Bəzi hallarda layihələrin icrası zamanı vətəndaşların
köçürülməsinə ehtiyac yaranır və bu işə məsul orqanlar vətəndaşlara
müvafiq kompensasiyalar ödəməklə zəruri tədbirlər həyata
keçirirlər. Tam əminliklə deyə bilərəm ki, bu günə qədər olduğu
kimi, bundan sonra da vətəndaşların mülkiyyət hüququ ilə bağlı hər
hansı problem olmayacaq. Köçürülmə nəzərdə tutulan ərazi, köçürməni
həyata keçirən orqanlar, kompensasiyaların məbləği artıq
müəyyənləşmişdir və bütün bu məsələlər müvafiq qaydada
tənzimlənəcəkdir.
-
İqtisadi gündəm14:17
Azərbaycan əhalisi ərzağa bu qədər pul xərcləyir: Maaşdan yerdə nə qalır?
-
Səhiyyə13:51
Teymur Musayev əmr imzaladı - Bu uşaqlara...
-
İdman13:26
Musa Qurbanlının Messi ilə FOTOSU yayıldı: Onlar necə görüşüb?
-
İdman13:01
"Real"ı yarımfinala daşıyan Luninin memar gözəlçəsi - FOTOLAR
-
Sosial12:31
Kəmaləddin Heydərov onu yüksək vəzifəyə təyin etdi - FOTO
-
Maraq dünyası12:00
May ayının şanslı BÜRCLƏRİ
-
Hadisə11:18
"Oğlan subay olub, qız isə..." - Bakıda gənclər hamamda necə ölüb? - VİDEO
-
Dünya10:41
Rusiya hərəkətə keçdi: Bu ölkə qırıcıları havaya qaldırdı