• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

İqtisadi dayaqlarımız neftin ucuzlaşmasının təsirinə imkan vermir

  • Digər
  • 18 Dekabr 2014 16:59
  • 2 949 Baxış
İqtisadi dayaqlarımız neftin ucuzlaşmasının təsirinə imkan vermir

Məlumdur ki, dünya bazarlarında neftin 1 barelinin qiyməti 60 ABŞ dollarından da aşağı səviyyədədir. Bu cür sürətlə ucuzlaşma gəlirləri adı çəkilən xammalın ixracından asılı olan ölkələrdə dövlət daxilolmalarını azaldır. Ancaq bizdə vətəndaşlarımız bunu real olaraq hiss etmir və “görmürlər”.

O səbəbdən ki, əvvəla, Azərbaycanın dövlət büdcəsi mədaxilinin yarıdan çox hissəsini Dövlət Neft Fondundan (ARDNF) trasfert təşkil edir, ikincisi, başa çatmaqda olan 2014-cü ilin dövlət büdcəsində neftin qiyməti 100 dollar müəyyən edilmişdi, üçüncüsü isə, valyuta ehtiyatlarımız bufer rolu oynayır.

Ancaq ucuzlaşma 2015-ci ilin ortasınadək davam edərsə və dərinə doğru inkişaf edərsə, makroiqtisadi sabitlikdə “titrəyiş” yarana bilər. Bu da özünü, ilk növbədə manatın alıcılıq qabiliyyətində nümayiş etdirə bilər.

Qonşu Rusiyada vəzyyət buna əyani sübutdur. Son günlər digər qonşu ölkələrdə - Türkiyə və Gürcüstanda da eyni tendensiya start götürmüşdür ki, bu heç də rublun ucuzlaşmasından qaynaqlanmır. Yeri gəlmişkən, rublun enişi Azərbaycan manatına da birbaşa olaraq təsir etmir və edə də bilməz. Sözümüz bundan deyil.

Azərbaycan Mərkəzi Bankı (AMB) 2013-cü ilin yanvarın 10-dan manatın məzənnəsini müəyyənləşdirməkdə manat və ABŞ dollarının nəzərə alınması siyasətindən istifadə edir ki, əvvəl bivalyuta (dollar\avro) səbətindən istifadə olunurdu. Hansı ki, bu mexanizm, yəni manatın məzənnəsinin müəyyən edərkən bivalyuta (dollar/avro) səbətindən istifadə 2008-ci ildən qüvvədə idi.

Dediyimiz odur ki, rubl ABŞ dollarına görə məzənnədən düşdükcə, manat da ona nəzərən bahalaşır. Lakin qeyd etdiyimiz kimi, ucuzlaşma əgər yeni ilin ortasınadək davam edərsə, manatın da ABŞ dollarına görə məzənnəsində "titrəyiş" hiss oluna bilər.

Ümumiyyətlə, hər bir ölkənin milli valyutası dünyanın aparıcı valyutalarına nəzərən məzənnədən düşməyə başlayırsa bu, həmin ölkənin iqtisadiyyatında makrosabitlik üçün təhlükədir. Milli valyutaların dəyəri məxsus olduğu ölkərin iqtisadi gücünü və onlarda istehsal olunan ümumi daxili məhsul həcmini göstərir. Milli valyuta ölkənin Mərkəzi Bankı tərəfindən ya “şüurlu” və yaxud “düşünülmüş” şəkildə dəyərdən salına, ya da ölkədə tədiyyə balansının pozulması - idxalın ixracı getdikcə kəskin üstələməsi ucuzlaşdıra bilər.

Azərbaycanda hər iki cəhətdən vəziyyət qənaətbəxşdir.

Düzdür, ixracının əsas hissəsini neft və karbohidrogen məhsulları təşkil edən ölkələrin milli valyutaları ABŞ dollarına çox bağlıdır. Çünki, dünya bazarlarında neft və neft məhsulları ABŞ dollarına alınıb-satılır. Rusiya ilə Azərbaycan da bu qəbildən olan ölkələrdəndir.

Belə ki, rublun ABŞ dollarına görə məzənnədən düşməsi məlum səbəblər üzündən Moskvaya qarşı tədbiq edilən iqtisadi sanksiyalarla yanaşı, həm də neftin ucuzlaşması ilə əlaqədardır. Sözügedən ölkəyə, demək olar, hər gün bir qədər də az dollar daxil olur, odur ki, dövriyyədə artıq rubl kütləsi yaranır. Ona görə də ya rubl sərbəst buraxılmalı, ya da dövriyyəyə müdaxilə edərək artıq rubl kütləsi çıxarılmalıdır.

Bu isə dövlətin əlində mövcud valyuta ehtiyatları vasitəsilə həyata keçirilə bilər. Başqa sözlə desək, sözügedən müdaxilə müəyyən limitə sahibdir ki, Rusiyada da bundan istifadə çoxdan maksimuma yaxınlaşmışdır.

Bizdə isə manat sabit vəziyyətdədir. Əvvəla, ölkəmizə qarşı Rusiyadan fərqli olaraq iqtisadi sanksiyalar tədbiq edilməyib. İkincisi, Azərbaycan Rusiya kimi böyük ölkə olmadığından sahib olduğu iqtisadi “təhlükəsizlik yastığı” daha uzun müddətə yararlı xüsusiyyət kəsb edir. Üçüncüsü də, ölkəmizin tədiyyə balansı bayaq da qeyd etdiyimiz kimi müsbət saldoya malikdir.

Düzdür, maliyyə naziri Samir Şərifov da bu günlərdə neftin ucuzlaşması ilə əlaqədar dövlət büdcəsində olmasa da, icmal büdcədə özünü əyani göstərəcəyini qeyd edib. Belə ki, yuxarıda qeyd etdiyimiz kimi ucuzlaşma 2015-ci ilin ortasınadək davam edərsə ARDNF-ə gəlirlər azala bilər.

İcmal büdcə "əriyərsə" onun daxilində dövlətin əsas maliyyə sənədi üzrə də gəlir və xərclərin də nəzərdə tutulduğu kimi həyata keçirilməsi mümkün deyil. Yəni, belə vəziyyət yaranarsa ardınca büdcə xərcləri də azaldılmalıdır. Bu zaman sosial xərclər isə azaldıla bilməz, çünki bunlar sekvestri mümkün olmayan xərclərdir. Deməli, investisiyalar dayandıılmalıdır. Bu isə qeyri-neft sektorun maliyyələşməsini məhdudlaşdıra bilər.

Lakin bütün bunlara rəğmən, dövlət başçımız da bu günlərdə vurğuladı ki, neftin ucuzlaşmaqda olması ölkəmizdə hiss edilməyib və edilməyəcək də... “Çünki bizim çox güclü iqtisadi dayaqlarımız var" – deyə, Prezident İlham Əliyev qeyd etmişdir.

Pərviz Heydərov

Oxşar xəbərlər

Xəbər lenti

DAHA ÇOX XƏBƏR