Ən çox sevilən “kötü kadın“
Bizi izləyin

Digər

Ən çox sevilən “kötü kadın“

“Yarpaq tökümü”nün Fərhundəsi: Dəniz Çakır


Azərbaycanlı tamaşaçılara məşhur “Yarpaq tökümü” serialındakı Fərhundə obrazıyla tanış olan Dəniz Çakır Türkiyənin ən populyar aktrisalarından sayılır. Serial aləminə ilk dəfə “Qadın istərsə”dəki Alev roluyla qədəm bassa da, Azərbaycanda olduğu kimi, Türkiyədə də onu tamaşaçılara Fərhundə obrazı sevdirdi.

Təsadüfi deyil ki, qonşu ölkədə bu roluna görə onu “ən çox sevilən kötü kadın” adlandırırlar.

Dəniz Çakır 1982-ci il dekabr ayının 31-də Ankarada doğulub. Ankara Dövlət Konservatoriyasının teatr fakültəsini bitirib. Tələbə vaxtı sıx-sıx teatr tamaşalarına gedən Dəniz Zeynəb Eronatın yaratdığı rollara xüsusi maraq göstərib. Dediyinə görə, Eronatın performansı onun aktrisa olmaq arzusunu daha da gücləndirib.


Qadın istərsə...


Təhsilini başa vurandan sonra Ankaranı tərk edən və İstanbulda yaşamağa başlayan D.Çakır Birol Güvənin “Qadın istərsə” teleserialındakı Alev roluna dəvət alır. Baş rollarda Hülya Avşar və Cihan Ünalın çəkildiyi bu serial Deniz üçün yaxşı başlanğıc olur.

Teleserial yayınlanmağa başlayandan dərhal sonra aktrisa daha bir təklif alır. Bu, Birol Güvənin növbəti filmiydi. “İki arada aşk” filmindəki roluyla Dəniz nəinki Birol Güvənə, elə həm də Türkiyəyə kinoulduz olacağını sübut elədi. D.Çakırın “İşte benim” serialındakı obrazıyla da maraq doğurdu, amma bu film telekanallarda sonacan yayınlanmadı.


Yarpaq tökümü


Deniz Çakır kino aləmində ən büyük uğura Rəşad Nuri Güntəkinin eyniadlı əsəri əsasında çəkilən “Yarpaq tökümü” serialı ilə imza atdı. Serialdakı ən önəmli rollardan sayılan Fərhundə xarakteri ilə diqqətləri üzərində cəmləyən aktrisa 2010-cu ildə ilk dəfə təqdim olunan “Cem Yılmaz Televiziya ödülləri”nin “ən yaxşı aktrisa” nominasiyası üzrə laureatı oldu. Dəniz Fərhundə ilə hətta qonşu ölkələrdə məşhurluq qazandı. Bu arada İstanbul Dövlət Teatrında görünməyə və teatrsevərlərin rəğbətini qzanmağa başladı.

D.Çakır aktyorlar arasında yalnız Xəlil Ergünlə dostluq edir. O, TV8-də aktrisa kimi formalaşmasında Xəlil Ergündən ciddi dəstək aldığını bildirir.

D.Çakır Özləm Akovanın “Kako Si” filmində də baş rolu ifa edib. Çakır bu filmin Berlin Film Festivalına təqdim edilmək üçün çəkildiyini mediaya bəyan edib. Aktrisa daha sonra Emre Şahinin “40” adlı filmində baş rolu oynayıb. E.Şahin bu rolu məhz D.Çakır üçün yazdığını söyləyib.

Aktrisa Özcan Denizin “Ya sonra” filmində öz istedadı ilə hər kəsi bir daha heyrətləndirə bildi. Didəm obrazını məharətlə yaradan Dəniz “Ya sonra” mahnısını ifa etməklə filmin pərəstişkarlarının sayını artırdı. Təsadüfi deyil ki, onun bu mahnısı İnternetdə ən çox dinlənilən musiqi parçası kimi seçilib.

Ötən ildən “İffət” serialındakı İffət roluyla televiziyada görünən D.Çakır bu xarakteri ilə də maraqla izlənilir.


Fotoqrafiya həvəsi


Son bir neçə ildir ki, aktrisa çəkdiyi fotoşəkillərlə də Türkiyə mediasının gündəmindədir. D.Çakır hətta məşhur fotoqraf Sərdar Gözəllə birgə fotosərgisi ilə pərəstişkarlarının qarşısına çıxmağa hazırlaşır. O, şəkillər çəkməyə “Yarpaq tökümü” serialına çəkildiyi vaxtdan həvəs göstərdiyini və Məsudə Ərarslanın təhriki ilə bu işlə məşğul olduğunu bildirib. O, bu işi özü üçün hobbi saymadığını, fotoqrafçılığa ciddi yanaşdığını qeyd edib.

O, həmçinin, ara-sıra rəqs etməyi də xoşlayır.


Özəl həyatı


D.Çakır şəxsi həyatıyla gündəmə gəlməyi sevmir və bacardıqca telekameraların “nəzər”indən yayınmağa çalışır. Deyilənə görə, o, “Haneler” filmində iştirak edən aktyor Fırat Doğruloğlu ilə bərabərdir. Siqaret çəkmir. Qara, yaşıl və qəhvəyi rəngləri sevir. Sadə, amma iddialı geyinməyə cəhd göstərir. Daha çox 80-ci illərin modasına uyğun geyinir.

Aktrisa internet sorğularına əsasən, Türkiyənin ən çox pərəstişkarı olan 20 aktrisadan biridir. Fotogenik aktrisa hətta bu sorğuların nəticəsi olaraq, Türkiyədə “ən çox sevilən “kötü kadın” adlandırılır. Onun çəkildiyi filmlərdəki açıq-saçıq səhnələr İnternetdə rekord sayda izlənilir. Bəlkə elə bu səbəbdəndir ki, Türkiyənin ünlü “Boxer” jurnalı onu “ən seksi qadın” elan edib.

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm