Varlı-kasıb mərtəbələr, qapısız tualet və “Norton”la işləyən kompüterlər – Nəşriyyatdan FOTOREPORTAJ
Bizi izləyin

Digər

Varlı-kasıb mərtəbələr, qapısız tualet və “Norton”la işləyən kompüterlər – Nəşriyyatdan FOTOREPORTAJ

Hamı bu məkanı – Azərbaycan Nəşriyyatını mətbuatın evi kimi tanıyır. Ən azı ona görə ki, son illər istisna olmaqla ölkəmizin əksər yazılı mətbu orqanları illərlə burada fəaliyyət göstərib. Bir qismi indi də fəaliyyət göstərməkdədir. Yüzlərlə, minlərlə jurnalist, redaktor, publisist təcrübəli yazar kimi burda yetişiblər. Keçmiş Ali Sovetin, indiki Milli Məclisin bir sıra jurnalist deputatları öz qələmlərini məhz nəşriyyatda püxtələşdiriblər. Elə bizim də Azərbaycan Nəşriyyatına gəlişimiz, bu “ev”də müşahidələr aparmağımız qəzet və jurnalların nəşr olunma şəraiti, jurnalist həmkarlarımızın mövcud iş şəraiti ilə tanış olmaq idi.

İlyas Ərnəfəs, köhnə lift və yarıqaranlıq dəhlizlər

Həmişə olduğu kimi bu gün də nəşriyyatın qarşısında qələbəlik müşahidə olunurdu. Binaya gəlib-gedənlər, redaksiyalardan tapşırıq alıb yazı arxasınca qaçanlar, habelə reportajdan, müsahibədən qayıdanlar pilləkənləri enib-qalxırdılar. Vaxtilə mətbuatın tanınmış simalarından olmuş keçmiş yazar İlyas Ərnəfəs əlindəki qəzeti bükməklə ənənəsinə sadiq qalmışdı.

O, bu gün də binaya gəlib-gedənləri müşahidə edir, hər kəsi öz baxışları ilə yola salırdı. Yerə qəzet sərərək pilləkənin üstündə oturmuşdu. Mühafizəçi polisin isə, deyəsən, başı qarışıq idi. Sağ tərəfdəki liftə yaxınlaşdıqda, qaldırıcı qurğunun ancaq beşinci mərtəbəyə qədər işlədiyini gördükdə hər şey aydın oldu – burada o qədər də ciddi yeniliklər yoxdur. Binanın içindəki digər iki lift də texniki cəhətdən nasaz vəziyyətdə olduğundan bəzi jurnalistlər bu qaldırıcı qurğulardan istifadə etmir.

Rəngi qaralmış, köhnə üzlüklü pilləkənlərlə yuxarı qalxıb bütün mərtəbələri müşahidə etdik – işıqlandırma sistemi zəif, köhnə sistemli olduğundan bir sıra mərtəbələr zülmətə qərq olmuşdu. Təəssüf ki, burada lampaların, tavanların işıq sistemləri sıradan çıxıb.

Bəzi işıqlandırma sistemləri isə ancaq közərməklə dəhlizləri yarımçıq işıqlandırır. Bir sıra mərtəbələrin illər öncə quraşdırılmış dəstəksiz, köhnə qapıları bu məkanın bəzi yerlərinin hələ də sovet dövründə qaldığını göstərirdi. Təəssüf ki, Azərbaycan Nəşriyyatının çatışmazlıqları bununla yekunlaşmır.

Binanın bəzi mərtəbələrinin sıradan çıxmış döşəmələrini də bu sıraya aid etsək, mətbuat “ev”ində hansı şəraitsizliyin, ağır durumun olmasını təsəvvürə gətirmək o qədər də çətin olmur. Əfsuslar olsun ki, bir sıra mərtəbələrin parketi tamamilə sıradan çıxsa da, təmir olunmayıb. Ayrı-ayrı yerlərdə dağılan parket parçaları burdan hərəkət edən jurnalistlərin ayağı altında adda-budda səpələnib. Adam yeridikcə ayağının altından qaçan taxta parçaları sanki inildəyərək kömək istəyir.

Bu səbəbdən də bir sıra qəzetlərin rəhbərləri öz otaqlarının qabağına “doroşka” səriblər. Bəzi yerlərdə isə hətta dağıdılan parketin yerini suvayıblar. Nə yaxşı ki, bəzi yerlərdə köhnə parketi metlaxlarla əvəz ediblər. Lakin mərtəbələrdən birindəki ağ metlaxlar da qopub.

Stomatoloq, bağlı redaksiya qapıları...

Qeyd edək ki, mətbuatımızın bir sıra aparıcı qəzetləri Azərbaycan Nəşriyyatının 4, 5 və 6-cı mərtəbələrində yerləşir. Bina “VİP” və kasıb mərtəbələrə bölünür. Giriş qapıları ilə fərqlənən varlı mərtəbələr xarici görkəmləri, nisbətən normal şəraitləri, işıqlandırma sistemləri ilə də seçilirlər. Nəşriyyatın 4-cü və 5-ci mərtəbələri nisbətən normal xarici görkəmləri ilə seçilirlər.

Kasıb mərtəbələrin diqqət çəkən acınacaqlı durumu buradakı redaksiya otaqlarının icarə əsasında fəaliyyət göstərməsindən ibarətdir. Dəhlizlərdə var-gəl edən, telefonla danışan, papiros çəkmək üçün çölə çıxan həmkarlarımızla söhbətləşirik. Binanın söhbətləşdiyimiz daimi “sakinləri” bildirdilər ki, burada fəaliyyət göstərən bəzi mətbu orqanlar icarə haqlarını vaxtında ödəyə bilmirlər. Bir sıra qəzetlər isə otaqlarına öz hesablarına əl gəzdiriblər.

Mərtəbələrdən birində gözümüzə dəyən “Stomatoloq” elanı diqqətimizi cəlb etdiyindən həmin otağa yaxınlaşdıq. Yanılmamışdıq – stomatoloq öz pasiyentinin dişlərini müalicə edirdi.

Azərbaycan Nəşriyyatının bir sıra otaqlarının qızdırılması kafi vəziyyətdə olduğundan həmkarlarımız öz otaqlarında elektrik qızdırıcılarından istifadə etməyə məcburdur. Qəribədir ki, binanın mühafizə sisteminin olmasına baxmayaraq, hansısa səbəblər üzündən bir sıra redaksiyalar öz otaqlarına dəmir, seyf qapılar quraşdırıblar. Bəziləri öz otaqlarını hətta dəmir “reşotka”yla da “mühafizə” edir.

Antisanitar vəziyyətdə iş şəraiti

Qeyd edək ki, bəzi redaksiyalar hələ də 2003, 2004-cü illərin istehsalı olan kompüterlərlə işləyirlər. Artıq çoxumuzun yadından çıxan və tarixin arxivinə qovuşan “Norton” sistemi hələ də redaksiyalarda əsas yazı proqramıdır.

Mətbuat “evi”ndə müşahidə etdiyimiz ən acınacaqlı vəziyyət isə qadın və kişi ayaqyolundaydı. Belə ki, bir sıra tualetlərin giriş qapısı belə yoxdur. İçəridə hökm sürən natəmizlik onu göstərir ki, burada sanitar vəziyyətdən danışmağa dəyməz. Biz hələ yerə atılmış zibil qalıqlarını və torbalarını demirik. Ayaqyolunun girişindəki su kranının hansı vəziyyətdə olmasını isə fotoda özünüz çox yaxşı görürsünüz. Qəribədir, bu cür natəmiz məkanın bir addımlığında redaksiyalar fəaliyyət göstərir. Həmkarlarımız bildirdilər ki, bəzən kişi ayaqyolunda spirtli içki butulkalarına da rast gəlinir.

P.S. Bizim nə deməyimizdən, yazmağımızdan asılı olmayaraq unutmaq olmaz ki, respublikamıza gələn, ölkəmizin mətbuatının durumu ilə maraqlanan əcnəbi həmkarlarımız bəzən yollarını Azərbaycan Nəşriyyatından salırlar. Şübhəsiz ki, bizim bir saat ərzində bu binada müşahidə etdiklərimizi onlar da gözdən keçirir, baxır, görür, təəccüblənirlər. Ümid və arzu edirik ki, Azərbaycan Nəşriyyatındakı bu cür acı “mənzərələr” tezliklə aradan qaldırılacaq.

Anar Tağıyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm