• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Minimum fikirlə maksimum uğur qazanmağın yolu... - MÜSAHİBƏ

  • Digər
  • 15 Mart 2012 15:06
  • 18 Baxış
Minimum fikirlə maksimum uğur qazanmağın yolu... - MÜSAHİBƏ

- Zeynəb xanım, biz əvvəllər türk kinosu deyəndə yadımıza dərhal "Yeşilçam" meloldramları, Türkan Şoray, Kadır İnanır düşürdü. Amma türk kinosu son illərdə hamımızı yaxşı mənada təəccübləndirdi.

- Mən türk kinosunda son 13 ildə fəaliyyətə başlayan prodüserəm. Əvvəllər reklam sahəsində işləmişəm. Türk kinematoqrafiyasının inkişafının ən böyük səbəbi mədəniyyət nazirliyinin kinoya dəstək çıxması, bu sahəyə kreditlər ayırmasıdı. Təbii ki, rəqəmsal kameraların çoxalması, studiyaların müasir texnika ilə təchiz olunması da film istehsalını asanlaşdırır. 2005-ci ilə qədər Türkiyədə ildə maksimum 10-15 film istehsal olunurdu, indi isə bu rəqəm 80-ə çatıb. Bunlardan bəziləri dünya prokatına çıxır, festivallarda iştirak edir, mükafatlar qazanır və bu film istehsalçılarını daha da ümidləndirir, həvəsləndirir. Ancaq inkişaf bir az da cəsarət tələb eləyən işdi. Türkiyəli film istehsalçıları kinodan gəlir götürmək, dünya bazarına girə bilmək üçün nə isə eləməli idilər. Nəticədə prodüserlik və prodüser anlayışı dəyişib inkişaf eləməyə, genişlənməyə başladı. O vaxta qədər biz prodüser deyəndə sadəcə filmə pul verən, ya da adi təşkilatçılıqla məşğul olan insanları nəzərdə tuturduq. Ancaq prodüserlik anlayışı mənasını dəyişdikcə, inkişaf etdikcə istehsalat da artdı və bəzi hədəflərimizə çata bildik.

- Layihələri necə seçirsiniz? Sizin üçün filmin janrının, rejissorun tərzinin əhəmiyyəti varmı?

- Layihələri seçərkən müəyyən standart kriteriyaları nəzərə almağa çalışıram. Hər növ layihələrlə işləyə bilərəm- istər tarixi olsun, istər müasir dram. Ancaq şəxsən özümün bircə prinsipim var – dünyanın hər yerində izlənəcək filmlər istehsal eləmək istəyirəm. Bu tarixi film də ola bilər. Amma olmaya da bilər. Əsas olan filmin qaldırdığı problemdi, dərdidi, insanlara deyəcək sözünün olub-olmamasıdı.

- Prodüserlik çox geniş sahədi və siz bu genişliyi iki günə sığışdırmalısınız. Mühazirələrinizdə nələrə yer ayıracaqsınız?

- Yəqin ki, dünyanın iqtisadi vəziyyətindən danışmaqla başlayacam. Çünki prodüserlik hər yerdə fərqli qəbul olunur. Bəzi yerlərdə ona sərmayə sahibi kimi baxırlar, bəzi yerlərdə təşkilatçı kimi. Əslində prodüserlik bunların hamısını özündə birləşdirir. Bu gün kinonun gələcəyi görə bilən, layihəni düzgün dəyərləndirib doğru yerlərə aparmağa qadir olan prodüserlərə ehtiyacı var. Amerikada vəziyyət başqa cürdü - orda böyük studiyalar və o studiyalarda məvaciblə işləyən prodüserlər var. Avropada, bizdə isə sistem fərqlidi. Avropada prodüserin filmin büdcəsini təkbaşına təmin etməyi mümkün deyil, maliyyəni axtarmalıdı. Odur ki, mən kino sənayesində minimum fikirlə maksimum uğur qazanmağın yollarından və prodüserin bu prosesdəki rolundan danışacağam. Yəni dünyada “development” adı almış bir mərhələdən - layihəni necə inkişaf etdirməkdən. Mən bu mərhələyə - “layihəni layihələşdirmək” deyirəm. Bunun çoxlu variantları var. Bəzən sizə çox yaxşı bir ideya gətirirlər, prodakşn da ona uyğun təşkil olunur. Bəzən rejissor ssenarisini də götürüb gəlir- o zaman prodüser buna uyğun strategiya qurmağa məcburdu. Bəzən də ideya prodüserə məxsus olur. Ssenaristə deyir ki sən yazacaqsan, rejissora da deyir ki, sən də çəkəcəksən. Bu tamamilə layihənin nəyi hədəflədiyindən asılıdı. Yəni vacib olan hədəfi tapmaq – nə istədiyini müəyyənləşdirməkdi. Bir az da bu barədə danışacağam - bir layihənin hədəfi necə müəyyənləşdirilir və o hədəfə uyğün plan, yol xəritəsi necə cızılır...

- Sizin layihələrin büdcəsi nə qədər olur?

- Son üç filmimin büdcələri bir-birindən xeyli fərqlənir. Bunları dərsdə danışacağam. Amma son filmimiz- yəni “Bir zamanlar Anadoluda” mənim bu günə qədər prodüseri olduğum filmlər arasında da, Nuri Bilgə Ceylanın çəkdiyi filmlər içində də, Avropa kinosunda da ən böyük büdcəli bir filmdi. Hazırlıq, çəkiliş, post-prodakşn zamanı çoxlu məsrəflərimiz oldu. Filmin çox uzun bir post-prodakşn müddəti vardı. Dediyim kimi, “Bir zamanlar Anadoluda” istər aktyor heyəti, istərsə də istehsalat prosesi baxımından bu günə qədər çəkdiyimiz ən bahalı filmdi. Ondan əvvəl prodüserliyini etdiyim dörd film var. Onlardan ikisini başqa rejissorla işləmişəm. İş ondadı ki, bu gün Avropada orta hesabla götürülən bir büdcə rəqəmi var – təxminən, bir milyon avro. Mən yayda müştərək istehsalla bağlı bir çox toplantılarda iştirak elədim, Bosniyada, Romada, Salonikdə oldum. Oralarda da büdcələr, təxminən, bu qədərdi. Amma “Bir zamanlar Anadoluda” filminin büdcəsi iki milyon yüz əlli min avrodu. Yeri gəlmişkən bir məsələni dəqiqləşdirək - Büdcə dediyimiz şey hələ əsas maliyyət - sərf olunacaq vəsait deyil. Biz maliyyəti büdcə zənn edirik. Halbuki ikisi də bir-birindən fərqli şeylərdi. Layihəni reallaşdırmağa başlayanda birinci hədəf müəyyənləşdirilir, sonra ona uyğun ilkin büdcə hazırlanır, mənbələr tapılır. Yəni layihə kağız üzərində ikən ona pərakəndə satış qiyməti qoyursunuz və təbii ki, sərf olunan vəsait də həmin qiymətə yaxın olmalı, onu aşmamalıdı.

- Bu gün əksər kinofestivalların siyasiləşdiyi deyilir. Siz, az qala, A kateqoriyalı bütün festivallarda iştirak eləmisiniz. Məsələn, Kannda siyasi proseslər nə qədər nəzərə alınır?

- Prodüseri olduğum ilk film Berlin kinofestivalının “Panorama” bölməsinin açılış filmi olub. Növbəti filmim Monreal film festivalının baş mükafatını qazanıb. Ondan sonrakı üç filmim Kann festivalının əsas müsabiqəsində iştirak edib və hər üçü mükafata layiq görülüb. Mənim üçün festival fərqli bir prosesdi. Xüsusilə də Kann. Biz dalbadal mükafat alanda hamı elə bilir ki, bu çox asandı: gəldin seçildin. Elə deyil. Kannda çox ciddi seçım kriteriyaları var, filmləri izləyən məsləhətçi qurumlar var. Jürilərin seçimləri, nəticələr hər zaman fərqli olur. Yəni bir film jürinin birində çox bəyənilir, digərində heç bəyənilməz. Amma siyası acılımdan danışsaq, bunun Türk filmlərinə aid olduğunu deyə bilmərəm. Çünki Kannda türk kinosunu tanıyırlar. İllər öncə Yılmaz Güneyin “Yol” filmi orada mükafat alandan sonra. Üstəlik son dövrlərdə festivallarda mükafat alan türk filmlərinə baxdığımızda bunun tam tərsini görürük. Öz filmlərimi nümunə gətirim- mənim Kannda iştirak edən filmlərimin heç birində siyasət, ya da ona eyham vuran mövzu yoxdu. Amma bütövlükdə götürsək, dunyada hər zaman iqtisadiyyatın, siyasətin rolu nəzərə alınır və kinofestivallar da istisna deyil. Hərçənd düşünürəm ki, siyasətin təsir faizi çox azdı. Hər halda mən şahid olmamışam.

- Amma filmlərin başqa ölkələrlə müştərək çəkilməsinin rolu böyükdü.

- Müştərək filmlər çox faydalı, çox önəmlidi. Mən artıq bu sahədə peşəkar olmuşam. Bu günə qədər işlədiyim bütün filmlərim ortaq layihələrdi.

- Bəs Azərbaycanla ortaq layihələr eləmək planı varmı?

- Niyə də yox?! Əslində belə tədbirlər o ortaq işlər üçün zəmin hazırlayır, bir-birimizlə tanış oluruq. Həmin anda bir şey olmasa belə, bir-birimizin yadında qalırıq. Ehtiyac olanda da bir-birimizə müraciət eləyirik. Məsələn, mən son filmimi Bosniya ilə ortaq çəkdim. Bosniya Film Festivalına getmişdik. Festivalın direktoru həm də prodüser idi. Sonra onunla başqa yerdə görüşdük. Bu vaxta qədər ortaq layihələri həmişə fransızlarla işləyirdim. Bu dəfə Bosniyanı seçdim. Çünki mədəniyyətlərimiz bir-birinə daha yaxındı, şərtlər də daha münasibdi. Azərbaycanla da eyni şey ola bilər. Çox məmnun olarıq.

- Azərbaycanlı rejissorlardan, aktyorlardan kimləri tanıyırsınız?

- Aktyorlardan heç kimi. Amma keçən il Asiya-Pasifik film festivalında İlqar bəylə- İlqar Nəcəflə tanış olduq. O, “Buta” filmi ilə gəlmişdi festivala, mükafat da aldı.

Söhbətləşdi: Aygün Aslanlı
Publika.Az

Oxşar xəbərlər

Xəbər lenti

DAHA ÇOX XƏBƏR