Dünyanın ən məşhur “avara”sının taleyi...
Bizi izləyin

Digər

Dünyanın ən məşhur “avara”sının taleyi...

“Hind kinosunun atası”, “Yoldaş Avara” və “Şərqin mavi gözlü kralı”...

Keçmiş Sovetlər İttifaqında ona Hind kinosunun fövqəladə və səlahiyyətli səfiri, “Yoldaş Avara”, bütün dünyada isə “hindli Çarli Çaplin”, “Hind kinosunun atası”, “Şərqin mavi gözlü kralı”, “Hindistanın I Pyotru” deyirdilər. Həqiqətən, onun qəhrəmanları həm görünüşcə, həm də sadəlövhlüyü və xeyirxahlığı ilə Çarliyə çox bənzəyir. Ancaq Çarli cəmiyyətin problemləri qarşısında nə qədər çarəsiz, nə qədər məğlubdursa, Rac Kapurun qəhrəmanları bir o qədər nikbindirlər, sonda da həmişə qalib gəlirlər.

Rac Kapur filmlərində əyləncə, kommersiya elementləri ilə sosial problemləri, ölkəsinin insanlarına əziyyət verən ədalətsizlikləri birləşdirə bilirdi. Onun personajları ağlaya-ağlaya güldürən, göz yaşlarını təbəssümün arxasında gizlədən sadə hindlilərdi. Buna görə onu Hindistanda hər kəsdən, hər şeydən çox sevirdilər.

O kosmonavt Hindistana gələ bilməyəcəkdi...

70-ci illərin əvvəllərində Bombeyə sovet kosmonavtı gəlməli idi. Ölkədə siyasi mübarizə kəskinləşmiş, İndira Qandinin üzərinə hücumlar başlamışdı. Radikal qüvvələr kosmonavtın səfərini pozmaq istəyirdilər. Bundan xəbər tutan Rac şəhərə radio quraşdırılmış avtomobillər göndərir. Onlar bütün şəhəri dolaşaraq elan eləyirlər ki, Rac Kapur filan gün filan saatda sovet kosmonavtını qarşılayacaq və hamını ona qoşulmağa çağırır. Görüş günü meydana minlərlə insan toplaşır.

Kim idi, Rac Kapur?

Rac Ranbir Kapur 14 dekabr 1924-cü ildə Pişəvərdə (indi Pakistanın şimali-qərbində sərhəd əyaləti) aktyor Pritxvirac Kapur və Rama Pritxviracın ailəsində dünaya gəlib.

Hindlilərin nəsil-şəcərə adətlərinə görə Rac əslində teatr aktyoru olmalıdı idi. Onun atası – Pritxvirac Kapur 30-40-cı illərin böyük kino və teatr xadimi, Bombeydə “Pritxvi Txietar” adlı teatrın sahibi və baş rejissoru idi. Yeri gəlmişkən, o, oğlunun filmlərində çəkilib: “Avara” filmində ata rolunu, “Üç dənizin arxasına səyahət” filmində isə vəzir rolunu ifa edib. Rac da altı yaşında, atasının teatrında səhnəyə çıxmış, on dörd yaşında artıq peşəkar aktyora çevrilmişdi. Ancaq həyatını teatra, yox kinoya bağladı. On bir yaşında çox kiçik bir rolda çəkildiyi “İnqilab” filmindən sonra bir çoxları kimi o da kinematoqrafiyanın sehrindən çıxa bilmədi.

İlk addımlar...

İlk dəfə kinoda on bir yaşında çəkilib- “İnqilab” (1935) filmində epizodik rolda oynayıb. Gənc yaşlarında atasının teatrında həm aktyor, həm tərtibatçı rəssam kimi çalışıb. 40-cı ildən fəal surətdə filmlərə çəkilməyə başlayıb, “Bombey Tokiz” studiyasında rejissor asisstenti işləyib. 1946-cı ildə “Alov” filminə quruluş verib. Filmdən gələn gəlirlə 1948-ci ildə “Rac Kapur Films” studiyasını yaradıb və “Yağış mövsümü” filmini istehsalata buraxıb. Lakin Rac Kapura əsl şöhrəti 1951-ci ildə çəkdiyi və boş rolu ifa etdiyi “Avara” filmi gətirib. Çox böyük səs-küyə səbəb olmuş film Kann festivalının mükafatına layiq görülüb. 1955-ci ildə çəkdiyi “Cənab 420” filmindən sonra Hindistanın ən yaxşı rejissoru elan olunub. “Gecənin örtüyü altında” adlı növbəti filmi (1956) məşhur hind rejissoru və aktyoruna Karlovı-Varı festivalının “Büllur Qlobus” mükafatını qazandırıb.

Avara...

Onun sənətinin zirvəsi “Avara” əziyyətlə “boya-başa” çatmışdı. Filmin ilkin büdcəsi çox az idi və çəkilişlər başlayan kimi qurtarmışdı. Rac filmi tamamlamaq üçün bir-bir dostlarına, tanışlarına ağız açmağa, borc almağa məcbur olmuşdu. Çəkilişlər davam etdikcə borc dağı da böyüyürdü. Dostlarda pul qalmamışdı. Artıq tərəf müqabili Nərgizin ailəsi də pul verməkdən imtina eləyirdi. Onda R.Kapurun həyat yoldaşı Krişna öz daş-qaşlarını girov qoydu. Film tamamlandı, ekranlara çıxdı və böyük uğur qazandı.
Kinematoqrafiya onun sevgisini heç vaxt cavabsız qoymamışdı. Rac Kapurun çəkdiyi və çəkildiyi hər film ona böyük uğur gətirmişdi, sorağını vətəninin sərhədlərindən kənara yaymışdı. Amma onun şöhrətinin istinad nöqtəsi də, zirvəsi də “Avara” filmi oldu.

Avara və Rəşid Behbudov...

Burda haşiyə çıxaraq qeyd edək ki, 1954-cü ilin payızında hind kinematoqrafiyasının bir qrup nümayəndəsi ilə Sovet İttifaqına səfər eləmiş R.Kapur, “Avara”da səslənən mahnıları Rəşid Behbudovun ifasında dinləyəndən sonra onun hind müğənnisi Mukeşdən ( filmdə mahnılarını məşhur hind müğənnisi Mukeş oxuyur) daha yaxşı oxuduğunu deyib, Behbudovla tanış olmaq istədiyini bildirib. İki dahi sənətkarın elə o vaxtdan başlayan dostluğu ömürlərinin sonuna qədər davam eləyib.
Kapur Moskvada Rəşib Behbudovla tanış olanda, həm də sevimli yeməyini tapmışdı – “Dənizçisayağı makaron”u. Dəftərçəsinə adını ilk dəfə eşitdiyi kimi yazdığından – “macarony bovlatski” – qonaq getdiyi yerlərdə nə istədiyini uzun-uzadı izah eləməli olurdu. Əvəzində “Dənizçisayağı makaron” R.Kapurun studiyanın həyətində verdiyi məşhur ziyafətlərin ana xörəyi idi.

Şorgöz Rac Kapur...

Rac gözəl qadınları da sevirdi. Heç bir ətəyi buraxmırdı. Ancaq bir dəfə – çoxsaylı rəfiqələrindən biri öz rəqibini, az qala, boğmaq istəyəndə gənc ulduz qərara gəlir ki, ağlını başına toplasın, gəzib-əyləndiyi bəsdi, sabit həyata başlamaq vaxtıdı. Tezliklə on altı yaşlı xalası Krişna ilə evlənir. Krişna həddindən artıq gözəl, sözəbaxan, üzüyola.... və təcrübəsiz, yataqda maraqsız idi. Odur ki, Racın sabit həyatı uzun çəkmir, bal ayından dərhal sonra katibəsi ilə “yaxın ünsiyyət” yaradır.

Avara və kraliça...

Onların taleləri ilk dəfə 1946-cı ildə “Alov” filmində kəsişmişdi. Onda Racın 22, Nərgizin isə 18 yaşı vardı.
Nərgiz çəkiliş meydançasına yaşlı bibisinin müşayiəti ilə gəlirdi. O dövrün adətlərinə görə, subay müsəlman qızın nəinki təkbaşına çoxlu kişinin arasında olmaq, heç küçəyə də çıxmağa da ixtiyarı yox idi. Ancaq şıltaq, dəlisov Nərgiz bibisinin gözündən yayınıb Racın ağlını başından almağa fürsət tapırdı. Hərçənd bunun üçün ciddi səyə ehtiyac yox idi.

Rac Kapur Nərgizi “Kraliça” adlandırırdı. Onlar “Rac Kapur films” studiyasının emblemində də birlikdədirlər – əlində musiqi aləti tutmuş Rac və təsəlli verirmiş kimi ona doğru əyilmiş Nərgiz. Bu emblem hələ də dəyişməyib və sanki studiyanın, Rac Kapurun həyatının ən xoşbəxt anlarını əbədi özündə qoruyur. Çünki Rac Kapur Nərgizlə işlədiyi illəri həyatının ən xoşbəxt dövrü hesab eləyirdi, onun çəkiliş meydançasındakı bütün şıltaqlıqlarına dözürdü. Nərgiz isə çox şıltaq, dəymədüşər idi.

Kamera qarşısında ehtiraslı öpüş

Deyilənlərə görə, «Avara» filminin çəkilişləri zamanı gənc aktrisa gah işığı düzəltməyi tələb eləyib, gah mətni dəyişməyi. Axırda da Raca aktyorluq dərsləri keçməyə başlayıb. Amma R.Kapur da daxil olmaqla heç kimin ona etiraz etməyə gücü çatmırdı. Bu, kommersiya baxımından filmin imicinə zərər vurardı. Başqa rejissorlar, prodüserlər Nərgizin uğrunda rəsmən döyüşürdülər. Racın gücsüzlüyündən ilham alan aktrisa, tərəf müqabilini incidir, sataşır, onu qıcıqlandırırdı. Günlərin bir günü özünü saxlaya bilməyən Rac kameranın önündə Nərgizin dodaqlarından öpür, dərhal da paçasından güclü zərbə alır. Nərgiz isə heç kimə heç nə hiss etdirmədən rolunu oynayır.

Hər dəfə Nərgiz çəkiliş meydançasında onun gözlərinin içinə baxa-baxa «Səni həyatımdan çox sevirəm» deyəndə Rac bunun reallıqda baş verdiyinə inanmaq istəyirdi. Lakin hind gözəli ehtiraslı oğlan üçün axıra qədər əlçatmaz qaldı. Yeddi illik birgə fəaliyyətdən, on beş filmdən, əllidən çox sevgili rolundan sonra yaradıcı tandemlərinin özünü tükətdiyini düşünən Nərgiz “Rac Kapur films” studiyasından ayrıldı, amma Racın həyatının kraliçası titulunu heç vaxt itirmədi.

Kommunist Rac Kapur...

Kapur hind cəmiyyəti üçün ciddi əhəmiyyət daşıyan mövzuları seçərkən heç vaxt yanılmırdı. Daima uşaq cinayətkarlığı (“Ayaqqabısilən” 1954), pakistanlı qaçqınların taleyi (“Sanqam” 1964), kasta bərabərsizliyi (“Bobbi” 1973) mövzularını fona qoyurdu və bunu o qədər peşəkarlıqla eləyirdi ki, onlar parıltılı, cəzbedici sevgi-məhəbbət, musiqi xəttinin arxasında itib-batmırdılar. Təsadüfi deyil ki, “Avara” da daxil olmaqla onun bir neçə filminin ssenari müəllifi kommunist partiyasına rəğbət bəsləyən yazıçı, kinematoqrafist Hoca Əhməd Abbas idi.

Onun taleyi...

Rac Kapur ömrünün sonuna qədər kinematoqrafik fəaliyyətini davam etdirib. Çəkdiyi hər film ölkəsində də, ondan kənarda da müəllifinə böyük uğurlar gətirib.

Rac Ranbir Kapur Hindistanın ən yüksək kinomükafatı – Dadasaab Pxalke mükafatını aldıqdan qısa müddət sonra – 1988-ci il iyunun 2-də dünyasını dəyişib.

Məşhur hindlinin övladları hələ də onun yolunu davam etdirirlər. R.Kapurun böyük oğlu Randxir rejissor, ortancıl oğlu Rişi aktyor, kiçik oğlu Raciv isə atası kimi həm rejissor, həm də aktyordur. Qızı Ritu Nanda isə bütün dünyada atası haqqında yazdığı kitablarla tanınır. Hazırda Rac Kapurun iki nəvəsi – Karina və Karişma Hindistanın sevilən kino aktrisalarıdır.

Aygün Aslanlı

Publika.Az




Oxumağa davam et
Reklam
Reklam

Gündəm