Böyük qayıdış
Bizi izləyin

Digər

Böyük qayıdış

Rusiya Konstitusiysına edilən dəyişikliyə görə, prezident müddəti 4 ildən 6 ilə qədər artırılıb. Yəni Putinin 8 illlik (2000-2008) prezident müddətinin (əslində Dmitri Medvedevin prezidentiyi də Putinin nəzarəti altında keçdi, yəni dövlətə rəhbərliyi faktiki baş nazir həyata keçirirdi – E.Ş.) üstünə 12 ili də əlavə etsək, bu qəddar Stalin hakimiyyətindən də uzun zaman edər. Ancaq Putinin gələcəyə yönəlik proqnozları özünü doğrultmaya da bilər.



Putini məşhurlaşdıran iki amil

Vladimir Putin 2000-ci ildə prezident kürsüsünə yiyələndikdə reytinqi yüksək idi və sonrakı 8 ili də sakit keçdi. Bunu iki amillə izah etmək olardı. Birincisi, Putin Çeçenistanda silahlı müqavimətə böyük ölçüdə son qoymuş, bu bölgəni yenidən Rusiyanın nəzarəti altına keçirmişdi. Halbuki, özündən əvvəlki prezident Boris Yeltsin çeçen mücahidlərinin əlində əsir-yesir qalmışdı. Doğrudur, qiyamçı bölgənin ram edilməsi Çeçenistana və Rusiyaya baha başa gəldi, on minlərlə insan tələf oldu, ancaq hər halda Qroznı Moskvaya tabe etdirildi. Putini sadə xalqın gözündə məşhurlaşdıran ikinci amil yeni prezidentin bacarığından çox həmin dövrdə neft və qazın artan qiymətləri idi. Putin hakimiyyət başına gələnə qədər neftin qiymətləri aşağı olmaqla yanaşı, Rusiyanın xarici borcu da yüksək rəqəmlərlə ifadə olunurdu. Rusiyanın isə əsas gəlir mənbəyi enerji resurslarının satışı sayılır. Putinin bəxti bunda da gətirdi. O Kremlə gələr-gəlməz neftin dünya bazarlarında artan qiymətləri kəllə-karxa qalxdı ki, bu da Putinə kəmərləri sıxmadan müxtəlif sosial qrupların maaşlarının artırılmasına və Rusiyanın beynəlxalq maliyyə qurumlarına olan bütün borcları qaytarmasına şərait yaratdı.

Buna baxmayaraq, Putin prezidentliyi dövründə ciddi islahatlar aparmadı, əksinə Rusiya demokratik islahatlar və insan haqları sahəsində xeyli gerilədi. Putin o illərdə müxalif mövqedən çıxış edən populyar NTV televiziya kanalının sahibi Vladimir Qusinskini sıxışdıraraq, onu kanalı dövlətin nəzarətindəki Qazprom şirkətinə satmağa məcbur etdi. Təzyiqlərə dözməyən iş adamı Qusinksi sonda Rusiyanı tərk etmək məcburiyyətində qaldı. Daha sonra Rusiyanın tanınmış iş adamı Xodorkovski hədəf seçildi. Xodorkovskinin “Yukos” neft şirkəti milyardlar qazanırdı və heç kim buna mane olmurdu. Elə ki, Xodorkovski siyasətə adlamaq istədi, onu həbs etdilər, adını da qoydular ki, dövlətdən gəlirlərini gizlədib. Halbuki, Rusiyada sənədləri qaydasında olmayan kifayət qədər oliqarx var. Sadəcə, bu oliqarxlar siyasətə qarışmadıqlarından və Kremlə başağırısı yaratmadıqlarından Putin onlara dəymədi.


Varis oyunu

Putinin 8 il sonra Kremli varisi Medvedevə ötürməsi də böyük planın tərkib hissəsi idi. Putin Konstitusiyanı dəyişərək, ard-arda üçüncü dəfə prezident seçilmək istəyindən vaz keçdi. Bunun əvəzinə o başqa plana imza atdı. Kimsə 4 il prezident olmalı və bundan sonra kürsünü Putinə qaytarmalı idi. Medvedev Putinin bu şərtini qəbul etdi. Medvedev Kremldə Putinin kölgəsinə çevrildi. Hamı anlayırdı ki, ölkəyə faktiki nəzarəti Putin həyata keçirir. Medvedev cəmi iki dəfə Putindən fərqli mövqe ortaya qoydu. Birinci dəfə o Putinin yaxın silahdaşı Moskva meri Yuri Lujkovu istefaya məcbur etdi, ikinci dəfə isə Liviyada baş verənlərə özəl mövqe ortaya qoydu. Putin Müəmmar Qəzzafinin devrilməsini istəmir, oradakı proseslərə qarışmağı doğru saymırdı. Medvedev isə əksinə, BMT Təhlükəsizlik Şurasındakı səsvermədə Qəzzafiyə qarşı sanksiyaya yaşıl işıq yandırdı. O günlərdə Kremldə Putin otursayd, böyük ehtimalla Rusiya veto hüququndan istifadə edərdi.

Bütün digər durumlarda Medvedev Putinin istəyi əleyhinə heç bir addım atmadı. Bunun nəticəsidir ki, Medevedev 4 il islahatlardan sərasər danışsa da, bu istiqamətdə ciddi addım atmadı.


6 ilini tamamlaya biləcəkmi?


Putin yenidən qayıdır. Ancaq bu dəfə ona çətin olacaq. Rusiyanın narazı elektoratı ayılıb və daha susmaq istəmir. Putin gələcəkdə bu amillə hesablaşmaq məcburiyyətindədir. Yox əgər o, keçmiş prezidentlik illərində olduğu kimi müxalifəti və narazı elektoratı sıxışdırmaq və əzmək yolunu tutarsa, Rusiyada qarşıdurma meylləri güclənəcək.

Rusiyada korrupsiya və məmur öşbaşınalığı tüğyan edir. Putinin iki yolu var: o ya bu mənfi amillərlə mübarizə apararaq islahatları sürətləndirəcək, ya da heç nəyə dəymədən neft və qaz pulları hesabına əvvəlkitək ölkəni idarə etməkdə davam edəcək. Əslində Putin ciddi dilemma qarşısındadır. Çünki, hər iki yol ona problemlər vəd edir. O, islahatlara yaşıl işıq yandırsa, özünün formalaşdırdığı sistemi dağıtmaq məcburiyyətinndə qalacaq ki, qəlpələri özünə də dəyə bilər. Çünki, dərin islahatlar populyarlığın azalması və korruprisyalaşmış məmur təbəqəsi ilə üz-üzə gəlmək deməkdir. Ancaq hər şeyin olduğu kimi saxlanılması da ona yaxşı heç nə vəd etmir. Neft və qazın qiymətləri sabit deyil, Rusiya isə daim maliyyə axını tələb edir. Yəni Putin vəziyyətin gərginləşəcəyi halda qiymətlərin artırılmasına da gedə bilər. Məhz buna görədir ki, bəzilərinin fikrincə, Putin 6 illik prezidentlik müddətini tamamlamaya da bilər.


Putinin prezidenliyi Azərbaycana nələr vəd edir?


Vladimir Putin prezident seçildiyi 2000-ci ildə ilk xarici səfərini Azərbaycana gerçəkləşdirdi. Boris Yeltsin dövründən fərqli olaraq Putinin prezidentliyi dövründə Azərbaycanla münasibətlərdə istiləşmə meylləri qeydə alındı. Ancaq bu sözdə istiləşmə Azərbaycana real heç bir xeyir gətirmədi. Putin Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli üçün heç bir addım atmadı.

Medvedevin 4 illik prezidentliyinin də Dağlıq Qarabağ münaqişəsinin həllinə təsiri olmadı. Doğrudur, Medvedev Putindən fərqli olaraq böyük fəallıq nümayiş etdirdi, 10 dəfə Azərbaycan və Ermənistan prezidentlərini bir araya gətirdi. Ancaq bu vasitəçiliyin də bizə bir xeyri olmadı. Medvedev xoş niyyətli görünməyə çalışsa belə, münaqişənin həlli məqsədilə Ermənistan prezidentinə təsir etmək istəmədi. Bu ərəfədə Putinin bağlı qapılar arxasında keçmiş erməni həmkarı Robert Köçəryanla görüşləri isə xeyli suallar doğurdu.

Bu gedişlə, Putinin yeni prezidentlik dönəmi də Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə yaxşı heç nə vəd etmir. Əksinə, rəsmi Bakının qarşısında dayanan başlıca məqsəd danışıqları Kremlin nəzarətindən çıxarmağa çalışmasıdır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm