Bayramı qara gələnlər...
Bizi izləyin

Digər

Bayramı qara gələnlər...

O qədər yorğun idim ki, sözlə ifadə eləməyə çətinlik çəkirəm. Mətin otağından çıxıb gəldi ki, nə gec qayıtdın, ata, bu qədər işləmək olmaz axı... Deyəsən, bunu elə-belə, sözgəlişi dedi. Hiss elədim ki, əslində bu, söhbətə körpüdü, nəsə başqa sözü var. Gözlərini gözlərimin içinə zillədi. 13 yaşlı uşağın davamlı baxışlarından üşəndim:

-Nə olub? Məktəbdə problemin var?
-Yox, ata...
-Bəs...
-Bu gün mamanın telefonuna zəng vurmuşdum (o nömrə on aya yaxındı ki, bağlıdı)... Niyəsini soruşma-heç özüm də bilmlrəm... (Səsi qırıldı). Dedilər ki, bu nömrə mövcud deyil...
Içim qanadı. Mətinin bayaqkı davamlı baxışlarından əsər-əlamət qalmamışdı. Indi o, yaşla ləbələb dolmuş gözlərini israrla gizlətməyə çalışırdı. Və... başını çiynimə qoyub hönkür-hönkür ağladı. Nə illah elədimsə, mənim də çiyinlərim sözümə baxmadı.

-Sən ağlama, ata. Bütün günahlar məndədi, hərdən “3” alıb gələndə, mama bərk əsəbiləşirdi. Ürəyi də ona görə ağrıdı...
...Ötən ilin iyununda Mehriban bizi-Şəbnəmi, Mehini, Mətini və məni tənha buraxıb getdi...

...1982-ci ildə ikimiz də sənədlərimizi universitetin jurnalistika fakültəsinə vermişdik. 3-cü-xarici dil imtahanından sonra kəsilənlərin sayı lap çox olmuşdu. Vəziyyəti öyrənmək üçün qəbul şöbəsinə getdim. Sima xanım (Süleyman Rəhimovun gəlini) gülə-gülə dedi ki, təbrik eləyirəm, ay Zöhrab, nəhayət, üçüncü cəhdin uğurlu alındı. Tarix imtahanına cəmi 18 nəfər buraxılıb, daha heç kim kəsilməyəcək, hamınız qəbul olunacaqsız. Amma hələ heç kəsə heç nə demə haa, yaxşı?
Qapıdan uça-uça çıxdım və həyətdə Mehribanla qarşılaşdım. Ağzını açmağa imkan vermədim-Sima xanım nə demişdisə hamısını qoydum ovcuna. Əvvəl inanmaq istəmədi. Uzun həngamədən, and içib-qan qusandan sonra o da əmin oldu ki, tələbə biletini almağımıza lap az qalıb.

Universitetin həyətindən avtobus dayanacağına qədər qoşa getdik. Dayanacaqda durar-tutmaz qayıtdım ki, sənəd verdiyimiz ilk gündən sən xoşuma gəlmisən. İnşallah, 5 il bir qrupda oxuyacağıq, mən səni sevəcəm və axırda da evlənəcəyik. Bunları birnəfəsə hansı cəsarətlə dediyimi xatırlayanda indi də tüklərim biz-biz durur.
Bu “monoloq”u bitirən kimi ondan uzaqlaşdım. Beş-altı addım aralanandan sonra hikkəylə dediyi söz kürəyimə xəncər kimi saplandı:
-Tərbiyəsiz!!!

...Sentyabrın 1-i auditoriyaya girəndə gördüm ki, ikinci partada Mirşahinlə əyləşib. Tənəffüsdə Mirşahindən xahiş elədim ki, yerini dəyişsin. Və keçib həmin boş yerdə əyləşdim-ta beşinci kursa qədər ayrılmadıq. 86-nın dekabrında Şamaxıda-ata ocağında toyumuz quruldu.

...87-də təyinat bölgüsü vaxtı ağsaqqalımız Nəsir İmanquliyev (Tanrı ruhunu şad eləsin!) məni gənc mütəxəssis kimi Bakı qəzetində işə götürdü.

...88-də Şəbnəm, bir il sonra isə Mehin dünyaya gəldi. 99-da Tanrı anamın dualarını eşidib oğul nəvə payını da əsirgəmədi-Mətin evimizə Allahın hədiyyəsidi.

...Həkimlər demişdi ki, ürəyinə cərrahi müdaxilə olmasa, yaşamağın qeyri-mümkündü. Ankarada Qəlb Xəstəxanasında həkimlər və tibb bacıları nə bacarırlarsa hər şeyi etdilər-ürəyin 2 gün döyündü, nəbzin asta-asta vurdu. Gözlərinsə açılmadı ki, açılmadı. Neçə vaxt həsrətində olduğun doğmalar-Şəbnəm Stokholmdan, Mehin Ayovadan, Səcarəddin Yaponiyadan, Cəlal Moskvadan uçub gəlmişdilər. Sən gözünü açmadın. Və... və üçüncü gün-iyunun 4-ü hər şeyə nöqtə qoyuldu...

Sən hamımızı taleyin ümidinə buraxıb getdin. Biryolluq, əbədilik...
...Martım 20-də Şüvəlan məzarlığındakı qəbir evini ziyarətə gəlmişdik-övladlarınla. Heç dəyişməmisən. Saçlarını axırıncı dəfə necə daramışdınsa, eləcə də durur. Sifətindəki məsum gülüş də elə həminkidi. Amma qara mərmərdən biçilmiş paltarın, deyəsən, səni bir az sıxır. Çox-çox uzaqlara zillənmiş gözlərin isə bizi görəndə elə bil bir az canlandı. Mənə elə gəldi ki, nəsə demək istəyirsən. Nə?..

Övladların bir-birinə sarılıb hönkür-hönkür ağlayırdılar. Onları ovuda bilmədim.
Bu mənzərəyə şahidlik eləyən ürək daha nə qədər dözəcək, görəsən?..
Novruz bayramı bu il bizim ocağa qara gəldi...

Ocağınız sönməsin!..

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm