Bu qatarın dalınca baxma...
Bizi izləyin

Digər

Bu qatarın dalınca baxma...

Əhvalat vaqe olur Bakı dəmiryol vağzalında. Vağzala çatanda yadıma düşdü ki, su almamışam. Yaxınlaşdım perron ərazisindəki səyyar məntəqəyə, “qardaş ordan bir yarımlitrlik qazsız su ver” deyib 1 manat uzatdım satıcıya.

Qulağında “nauşnik”, ağzında saqqız olan satıcı mənə 50 qəpik qaytardı. Dedim, cavan oğlan, səhv qaytarmısan ee, suyun qiyməti 20 qəpikdir, üstündə də yazılıb. Dedi ki, bizdə su 50 qəpikdir. Mübahisənin davamını niyə yazıb başınızı ağrıdım ki, belə mənzərələri hər biriniz görmüsünüz.

Nə isə, ordan aralanıb, platformaya keçəndə məlum oldu ki mobil telefonuma kontur almalıyam. Tez 2 manat uzatdım ki, “qardaş ordan mənə 2 manatlıq kontur ver”. Satıcı pulu qaytarıb mənə nə desə yaxşıdır? “Kontur 2 manat 20 qəpikdir!”.

Dedim ki, necə yəni 2 manat 20 qəpik? Əvvəla ağzında “2 manatlıq kontur” deyirsən, üstündə də 2 manat yazılıb, sənin nə ixtiyarın var firmanın kartını baha satırsan, axı 2 manata satdığına görə sənə faiz ödəyirlər...

Cavan oğlan mənə tərs bir baxışla aldı görək nə dedi. “Müəllim, avadanlıqdan danışırsan ee imamzada haqqı. Elə bil Azərbaycanda yaşamırsan. Gəl sən burda bircə gün işlə görüm neçəyə satırsan. Bilirsən nə qədər yerpulu, polis pulu, təmizlik pulu, nə bilim nə pulu veririk?”.
Müxtəsəri, mindik Bakı-Qazax qatarına. Qatar əyilib-büzülərək yola düşdü. Atlanıb düşən vaqonların iyi-qoxu o yandan, cırıldayan relslərin, çırpılan qapıların səsi bu yandan, sərnişinlərin bağırtısı bu biri yandan, telefonda bərkdən oxudulan küçə meyxanaları o biri yandan... Vaqon lap dəlixanaya döndü. Hələ söhbət “SV” vaqondan gedir haa, guya ən mədənisi budu.

Biləcərini keçəndən sonra məclislər qızışdı. Pah atonnan, vaqonda bir konsert başladı gəl görəsən. Pendir, bozartma, soğan iyi, meyvə arağının ürəkbulandıran ətri, sağlıq səsləri, bələdçi ilə mübahisələr... Hətta yalan olmasın kupelərin birində toy mahnıları oxudub deyəsən qol-qanad açıb oynayırdılar da...

Bir azdan bələdçi gəldi ki, yaxşı çayımız var, dedik, dayıcan, bizə 2 fincan gətir gəlsin. Allah heç kimə belə çay göstərməsin... Yaxşısı budur, burasını danışmayım, çayı içmədən qaytarıb pulunu ödədik, hər stakan üçün 1 manat! Qəndqabının üstündə vaxtı keçmiş daş kimi konfet də vardı axı...

HAŞİYƏ: Bələdçiyə çayın pulunu uzadanda dedi ki, son aylarda ilk dəfədir qatarda kitab oxuyan adam götürür, özü də 1 kupedə 2 nəfər birdən! O qədər təsirlənmişdi ki çayın pulunu almaq istəmırdi...

Qayıdanda yenə Bakı-Qazax qatarına, “SV” vaqona bilet almışdıq. Qatarların vaqonları həmişə qarmaqarışıq gəldiyindən hansı nömrəli vaqon harda dayanır bilmək olmur. Tovuz stansiyasının perronu boyu sərnişinlər əllərində ağır yük o yan qaçır, bu yana qaçır. “Ay provadnik, filan vaqon harda dayanır” səsindən qulaq tutulur...

Nə isə, qatar yola düşdü. Həə, bax burda Kərəmi ağlamaq tutur. Gəliş səfərimiz bunun yanında yalan oldu. Danışıb qızıl kimi vaxtınızı niyə alım ki, elə bayaq təsvir etdiyim mənzərələrin iki qat artığını təsəvvür edin, vəziyyət aydın olsun. Sadəcə, bir hadisəni danışım.
Deməli, qatar stansiyadan tərpənən kimi qonşu kupedə bizimlə bərabər minmiş sərnişinlərin möhtəşəm yeyib-içmək məclisi başladı. 4 göz lazım idi bu əsrarəngiz məclisi görməyə.

1 saatdan sonra vaqonda söyüşün biri 1 qəpik, süpürləşmə və sair tərbiyəsizlik halları baş alıb getdi. Kupedən bayıra çıxanda gördüm, qaydasız döyüş (və söyüş) üzrə dünya çempionatı gedir. Qanlı döyüş bələdçinin qatar polislərini çağırmasından sonra güc-bəla ilə başa çatdırıldı.

Məlum oldu ki, sərxoş gənclərdən biri qonşu kupedəki qızın tək getdiyini güman edib, ona “padxod” edib, “akazivaeçka” qızın qardaşı qonşu vaqonda tanışına baş çəkməyə gedibmiş...

...Köşəmin yeri dolduğundan qalan məcaraları yaza bilməyəcəm, lütfən üzrlü hesab edin.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm