Nehrə yağı
Bizi izləyin

Digər

Nehrə yağı

Murad Köhnəqala yazır

Gördüm bir “kəndiskoy” qarı nehrə yağı satır. Özü də yağları bir kilo-bir kilo paketlərə vurub. Ay anam, bunun biri neçəyədi? Dedi, oğul, 5 manata satırdım, ta axşambazarıdı, sənə 4 manatdan verərəm.

Ölmürəmmi kənd malından ötəri! Yağa baxdım, sapsarı, çiçək kimi. Yağın rəngi onun ayranqarışıq ətrini yadıma saldı. Hərdən havalar soyuyanda kənddən bizə nehrə yağı göndərirlər, o yağ qurtarana qədər uşağın canı “Ankor” yağlarından xilas olur.

İndi bu qarının piştaxtasında nehrə yağını gördüm, rəhmətlik nənəm, uşaqlığım, inəyimiz yadıma düşdü.

Bir xaşalqarın inəyimiz vardı, boz qırmızı rəngə çalırdı. Ancaq nənəm onun adını, nədənsə, Ağca qoymuşdu. Axşam-sabah vedrəni altına qoyub sağanda gah əzizləyər, gah da onunla dalaşardı.

Ağca balaca zavoda bənzəyirdi, elə hey çənəsi işləyirdi. Onun ağzının rahat durduğunu görən olmazdı. Gecələr xəlvətcə qoruqlarda otlayıb gələrdi. İldə bir bala doğardı, növbə ilə, bir il erkək, bir il dişi.

Naxıra qatanda başqa inəklərlə sakit davranardı, ancaq ona toxunan heyvanı buynuzunda oynadardı. Örüşdən qayıdanda qapımızın ağzında bir dəfə mələyərdi, yəni mən gəldim. Bəlkə də inanmayacaqsınız, özünüz bilərsiniz, ancaq Ağcanın gülümsər bir sifəti vardı.

Uşaqlıq illərimin ən yaddaqalan mənzərələrindən biri də budu: Nənəm alçaq kətildə üzü Ağcaya tərəfə oturub oxuya-oxuya onu sağır. Ağca mənə sarı boylanıb hərdən sakitcə “mööö!” eləyir. Buzovu yanında olduğuna görə çox xoşbəxtdi.

Öz adəti üzrə quyruğunu yüngülcə bulayır. Ağcanın gözəl rəngi fonunda, nənəmin başındakı xırdaca qırmızı güllərlə naxışlanmış bənövşəyi yaylığı, öz əlləri ilə tikdiyi çit düyməli koftası və beli qatmalı uzun tumanı görünür. Burda bir tərəkəmə bicliyi də var.

Nənəm buzova buruntaq verərək onu Ağcanın sütun kimi möhkəm ayağına bağlayıb. Vedrə südlə dolduqca Ağca elə bilir onu balası əmir. Balasını gözü önündə saxlamasan Ağca heç vaxt sağdırmağa qoymaz.

Ağcanın uzun, yerlə sürünən, heç bir inəkdə görmədiyim gözəl quyruğu vardı. Quyruğunun qurtaracağı topa, qıvırcıq idi. Axşamlar evə qayıdanda nənəm onun quyruğunun bıtırqanlarını təmizləyərdi.

Günlərin bir günü atam Ağcanı bağın baş tərəfindəki gavalı ağacına bağlayır. İnək otlaya-otlaya ağacın başına fırlanır və həm boğazındakı kəndir, həm də uzun quyruğu ağaca dolanır.

Ağaca dolanmış Ağca tam sıxılaraq kəndirdə boğulurmuş. Boğuq səslə mələyərək nənəmi haraya çağırıb. Atam uzaqdan görüb ki, inək çatıda boğulur. Lakin yaxınlaşdıqca Ağca hürküb dartınaraq öz nəfəsini kəsirmiş.

Atam qaça-qaça balta arxasınca gedib. Gavalı ağacına dolanmış kəndiri bir zərbəylə kəsib. Boynu azad olan Ağca qaçan kimi quyruğunun ağaca dolanmış yeri qopur.

Biz məktəbdən gələndə gördük ki, Ağcanın quyruğunun yarısı yoxdu. Ağca başını aşağı sallayıb durmuşdu. Elə bil yaraşıqdan düşdüyünü özü də hiss eləyirdi. Nənəm onun üzündən öpüb: “Əvvəl-axır sənə göz dəyməli idi” dedi.

Ancaq bir neçə gündən sonra üz-gözümüz gödəkquyruq Ağcaya da öyrəşdi. O, yenə gözəl və yaraşıqlı idi. Ağca hər il bir uzunquyruq bala doğmaqda davam eləyirdi...

Hə, bazardakı nənə dedi, bala, oğlumun başı üçün, əsl Bərdə yağıdı. Nehrəni özüm bu əllərimlə çalxamışam. Dördcə dənə qalıb, apar, peşman olmazsan. Mən yağın bir kilosunu alıb evə gətirdim.

Səhər bir dilim çörəyi kövrəldib yağdan ləzzətlə üstünə çəkdim. Baxdım ki, nehrə yağı nə gəzir? Nənə marqarin yağını ayranla yoğuraraq mənə nehrə yağı adına sırıyıbmış.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm