Məşhur aktyordan şok etiraf: “Buna görə iki filmdən imtina etdim” - FOTOLAR
Bizi izləyin

Digər

Məşhur aktyordan şok etiraf: “Buna görə iki filmdən imtina etdim” - FOTOLAR

“Ulduzlu axşam”da həmsöhbətim Bakı Bələdiyyə Teatrının aktyoru, Azərbaycanda və Rusiyada çəkilən bir çox filmlərin baş qəhrəmanı İlqar Musayevdir. İlqar səhnə sirləri ilə yanaşı, şəxsi həyatı ilə də bağlı bəzi gizlinləri açıb-tökdü.

- Səncə, niyə Azərbaycan səhnəsində erotika insanlar tərəfindən fərqli qarşılanır? Bu səhnələrə həvəslə baxsalar da, həmin rola çəkilən aktrisa, yaxud da aktyorları az qala topa tuturlar?

- Bu, mentalitetlə bağlı olan bir məsələdir. Biz azərbaycanlı olaraq gərək səhnədə də əndazəni aşmayaq. Çünki bizim təqdim etdiyimiz tamaşaya teatrda, evdə hər kəs ailəsi ilə oturub baxır.

- Axı peşəkar aktyor səhnədə istənilən obrazı oynamağı bacarmalıdır. Həm də söhbət əsl sənətdən gedirsə, mentalitet sözü burda bayağı səslənmir ki?

- Düzdür, sənət başqa şeydir və lazım olan yerdə erotik məqamlar da çəkilməlidir. Çünki bu tamaşa, yaxud film ölkə xaricinə də çıxarılır, festivallarda iştirak edir və s.

- Sən özün necə, erotik səhnələrə çəkilərkən mentaliteti nəzərə alırsan? Ümumiyyətlə, belə səhnələrə çəkilmisənmi?

- Mən özüm həm Bakıda, həm də Rusiyada 64 seriyalıq irihəcmli bir serialda çəkilmişəm. Belə səhnələr Azərbaycanda çəkildiyim filmdə də vardı. Rusiyada çəkildiyim serialda isə 7-8 belə səhnəyə çəkilmişəm.

- Tərəf müqabillərin, yəqin ki, azərbaycanlı aktrisalar olmayıb?

- Xeyr, tərəf-müqabillərim tatar, rus, ukraynalı - digər millətlərə mənsub aktrisalar olub.

- Səncə, azərbaycanlı aktrisa səninlə həmin açıq-saçıq səhnələrə çəkilərdimi?

- Məncə, çəkilməzdi. Amma bu sualı aktrisalara ünvanlasanız, daha yaxşı cavab verərdilər. Çünki əsasən aktrisalar belə rollarda oynamaqdan imtina edirlər.

- Mentalitetdən danışırıqsa, sən də bir Azərbaycan kişisisən. Ümumiyyətlə, belə səhnələrə çəkilərkən tərəddüdlərin olur?

- Hesab edirəm ki, əndazəni aşmadan o səhnələrə çəkilmək olar. Əgər filmdə bir-birini sevən iki insanın sevgi səhnəsini nümayiş etdiririksə, bir öpüş, yaxud, qucaqlaşmaq normaldır. Amma bir də var ki, o filmdə, yaxud tamaşada, bu əndazə aşılır, onda deyirəm ki, sağ olun, mən çəkilmirəm.

- Elə bizim milli filmlərimizdə də erotik səhnələr var. Məsələn, “Babamın babasının babası” filmində Zeynəbin çılpaq soyunub çimdiyi səhnə… Xatırlasaq, açıq-saçıq səhnələri olan filmlərimiz çoxdur.

- Kinonun da öz sirləri var axı. Bəzən bu rollara azərbaycanlı olmayan dublyorlar dəvət edirlər. Məncə, bizdə də belə səhnələrə çəkilməyə razılıq verənlər var, elə çəkilirlər də. Bu sənəti seçmişiksə, hər birimiz istənilən səhnəni oynamağı bacarmalıyıq. Söhbət peşəkar aktyor və aktrisadan gedirsə... Elə mən özüm də bunu bacarmalıyam.

- Mənə çox maraqlıdır, xoşlamadığın bir rejisssorun filminə çəkilərsən?

- Sənətini xoşlamadığım, yoxsa şəxsiyyətini?

- Fərq eləməz?

- Sənətini, çəkdiyi filmləri bəyənməsəm, əlbəttə, çəkilmərəm. Bu günə qədər dişimlə-dırnağımla, min bir əziyyətlə qazandığım hörməti, əlbəttə, itirmərəm. Və təbii ki, belə bir rejissordan təklif alsam, etiraz edərəm.

- Olub elə bir rejissor?

- Olub.

- Elə birbaşa üzünə demisən ki, sənin filminə çəkilmərəm?

- Yox, açıq şəkildə etiraz etməmişəm. Haradasa bir bəhanəylə aradan çıxmışam, məsələn, demişəm ki, məşğulam, müqaviləm var.

- Bəs elə bir rejissor varmı, ürəyində “kaş onun filmində çəkilərdim” demisən, amma indi o rejissor həyatda yoxdur…

- Bizdən əvvəlki nəsillə çəkilmək hər bir aktyorun arzusu olub. Amma bugünkü gündə Mehriban Ələkbərzadə, Rövşən Almuradlı, Vahid Mustafayev, Vaqif Mustafayev, Elxan Cəfərov, Nicat Manafov, Elvin Mirzəyevin filmlərində çəkilmişəm.

- Ənənəvi sual olsa da, mənə maraqlıdır, hansısa aktyora baxıb, sevib, bu sənəti seçmisən, yoxsa?..

- Uşaqlıqdan bu sənəti sevmişəm. Hətta 3-4 yaşımdan belə plastilindən heç kimin bacarmadığı fiqurları düzəldirdim. Efirdə gördüyüm “Üç muşketyor” filmində olan bütün personajları – qoşunları, zirehli paltarları, atları plastilindən hazırlayırdıq, xalça üzərində 700-800 qoşunu döyüşdürürdük. “Ömər Muxtar”, “Dədə Qorqud” filmlərindəki personajları elə hazırlayırdım ki, hər kəs baxıb heyrətlənirdi. Hətta o vaxt “Yeddi oğul istərəm” filminə baxıb hazırladığım at heykəlləri süvenir kimi o vaxtkı Lenin adına mədəniyyət evində saxlanılırdı. Hətta atın quyruğuna qədər hazırlamışdım. O dövrdə bütün filmlərə baxırdım və film qəhrəmanları kimi hərəkət edirdim. Evdə də əlimdən bezmişdilər.

- Etiraf edirsənmi ki, bir aktyor kimi daha çox Vahid Mustafayevin “Xoca” filmindən sonra tanındın?

- Düzdür, amma “Xoca”dan əvvəl məni daha çox “Yaddaş” filmi tanıtdı.

- Amma nədənsə bizim yadımızda “Xoca”dan sonra qaldın.

- Əslində, mənim ilk işim “Cavadxan” filmində olub. “Hüseyn Cavid”də də çəkilmişdim.

- Görünür, təbliğatdan da çox şey asılıdır. “Xoca” filmi daha çox nümayiş olundu və daha çox səs-küy yarada bildi… Sözsüz ki, yaxşı mənada.

- Yəqin ki…

- Ən çox nəyə pul xərcləməyi sevirsən?

- Vallah, elə ailəmə...

- Ailən deyərkən, kimləri nəzərdə tutursan?

- Evliyəm və üç uşağım var, pulu onlara xərcləməyi xoşlayıram.

- Xanımın qısqancdırmı, səni kinoya, tərəf-müqabillərinə qısqanırmı?

- Əvvəllər olurdu belə hallar. “Seçilən” filminin təqdimat mərasiminə onu da gətirmişdim. Orada baxıb gördüm ki, içində qısqanclıq hissi baş qaldırıb və bunu büruzə də verdi. Amma mən ona cavab verdim ki, sən özün də tanıyıb mənə ərə gəlmişdin. Bilirsən ki, mənim sənətim budur və heç nə də dəyişməyəcək.

- Onun reaksiyası nə oldu bəs?

- Mənim cavabımdan sonra, deyəsən, artıq o da öz işini bildi, daha doğrusu, bunun çəmini tapdı.

- Maraqlıdır, necə?

- Sadəcə, filmlərimə bir də baxmadı. Evdə fikir verirəm ki, valideynlərim, uşaqlarım oturub çəkildiyim filmə baxır, amma o heç vaxt baxmır. Hətta mən ona deyəndə ki, bu dəqiqə çəkildiyim filan filmi göstərirlər, kanalı çevir baxaq, deyir: “Aaa, xəbərim yoxdur, yaddan çıxıb”. Bilir e, sadəcə, özünü xəbərsiz kimi göstərir. Ancaq mən bilirəm ki, o filmə baxmaq istəmir. Təbii ki, hər kəsin içində bir qısqanclıq hissi olur.

- Çəkildiyin filmə baxmamaqla iş bitirmi? Axı siz ailəvi olaraq, yəqin ki, harasa birgə gedirsiniz, küçədə, getdiyiniz məkanlarda yaxınlaşıb, avtoqraf alan gənc xanımlar da olur. Onda vəziyyətdən necə çıxırsınız?

- Kimlərinsə mənə yaxınlaşıb, xoş sözlər söyləməsindən onun narahatlıq hissi keçirdiyini duyub, özümü elə sərt şəkildə aparıram ki, heç kim mənə yaxınlaşıb, nəsə deməsin.

- Hisslər elədir ki, bilmirsən səni harada, necə yaxalayacaq. Yəni heç kim aşiq olmaqdan sığortalanmayıb. Sənin də Azərbaycanda və ölkə kənarında çəkildiyin filmlərdə yaraşıqlı, məşhur tərəf müqabillərin olur. Heç evli ola-ola tərəf-müqabilinə vurulub, sevgi yaşadığın zamanlar olub? Amma bəri başdan deyim ki, bu suala səmimi cavab verəcəyinə inanmıram.

- Ölkədə çəkilən filmdə belə hal yaşanmayıb, amma ölkə kənarında olub belə şey. Buna görə də film bitəndən sonra aldığım ikinci dəvətdən imtina etdim.

- Niyə?

- Bildim ki, belə səhvə yol vermək olmaz. Dərhal filmdən imtina edib, Azərbaycana qayıtdım.

- Başqa millətdən olan o aktrisa səni nəylə cəlb etdi ki?

- Biz aktyorlar sizlərdən fərqli olaraq bir deyil, bir neçə həyat yaşayırq. Hansısa bir filmdə baş kəsirəm, haradasa çox mülayim insan oluram, bir serialda kiminləsə eşq yaşayıram və s.

- Serial bitəndən sonra o sevgi bitmir ki?

- Xoş fikirlər haradasa insanın beynində qalır.

- Rusiyada yaşanacaq bir sevgi macərasına görə bir filmi qurban verdin demək?

- Bir yox, iki böyük proyektimiz vardı, imtina etdim.

- Başqası olsaydı, bəlkə də, yaşayardı o hissləri. Peşman olmadın ki?

- Əslində, o sevgi ikinci dəfə gəlirsə və onu itirəndə daha dəyərli olur.

- Xanımına olan əvvəlki hisslər, eyni həyəcan bu gün də qalıbmı?

- Bəli, mən ailəmi çox sevirəm.

- Belə çox sevdiyin üçün tərəf-müqabilinə vurulmuşdun?

- Bilirsiniz, mən bir il evə gəlmədən orda yaşadım və gün ərzində on altı saat onun üzünü gördüm. Səhərdən-axşama qədər bir yerdə olurduq. Mən həmin müddət ərzində obrazın içindəydim, onun taleyini yaşayırdım və bu ab-havadan çıxmaq mümkün deyildi.

- Xanımına bu əhvalatı danışdın?

- Yox, amma mən bilirdim ki, o, hansı hissləri keçirir və mənim qayıtmağımı səbirsizliklə gözləyir. Atam zəng edirdi mənə, danışırdıq axı. Həm də elə şeyi demərəm də heç. Pis olardı xanımım.

- Nə vaxtsa, belə bir sevgiyə yoluxacağından qorxmursan ki?

- Çox pis bir şeydir və əlbəttə, buna görə qorxuram. Çünki hər kəsin bir yaşam tərzi, həyat tempi var.

- Tez vurulansan?

- Əvvəllər tez-tez vurulurdum, amma indi yox.

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm