“Quşbaz”ın “səyahəti”: əsirlik, ikiyə bölünən baş və tənha qaçış - FOTOLAR
Bizi izləyin

Digər

“Quşbaz”ın “səyahəti”: əsirlik, ikiyə bölünən baş və tənha qaçış - FOTOLAR

Radikal islamçı quplaşmaların əlinə girov düşən avropalıları, adətən, dəhşətli ölüm gözləyir. Son vaxtlar terrorçular tərəfindən öldürülən jurnalistlərin və digərlərinin edam səhnələrini sosial şəbəkələrdə yayılan videolarda az izləməmişik.

İsveçrəli Lorenso Vinçequeera isə öz aqibəti ilə barışmayıb. O əsir düşdüyü Filippin terrorçularının düşərgəsindən qaça bilib. Üstəlik, qaçarkən onlardan birini doğrayıb.

Filipinsayağı cihad

Lorensonu əsir almış qruplaşma “Əbu Səyaf” adlanır. Bu qruplaşma 1990-cı ildə Abdurajik Abubakr Cənclani tərəfindən yaradılıb. Cənclani hələ gənc yaşlarında Əfqanıstanda sovetlərə qarşı döyüşüb. Elə orada da vaxtilə dünyada “bir nömrəli” terrorçu sayılan Üsamə Bin Ladenlə tanış olub. Bin Laden Cənclaniyə Filippində “Əl Qaidə”yə tabe olan qruplaşma yaratmaq üçün 6 milyon dollar verib. Yaranandan bəri də bu qruplaşma Filippin hökuməti ilə silahlı mübarizə aparır.

Cənclani özü 1998-ci ilin dekabrında hərbçilərlə toqquşmada öldürülüb. Ondan sonra qruplaşmaya düz 8 il onun qardaşı Kəddafi Cənclani rəhbərlik edib. Lakin Kəddafi də qardaşının taleyini yaşayıb.

“Əbu Səyaf” qruplaşması ilk vaxtlarda yalnız xristianlara qarşı cihad aparıb. Amma sonradan bu mübarizə kommersiya çalarları almağa başlayıb. Kəddafi Cənclanin rəhbərliyi zamanı isə xristianları girov götürərək pul müqabilində azad etməyə başlayıb.

Filippində 5 qardaşdan ibarət “Müqtədir qardaşları” ailəsini hamı tanıyır. Ailə üzvləri dəniz quldurluğu ilə məşğuldurlar və qruplaşmaya da girovları məhz onlar gətirir.

“Əbu Səyaf”ın ilk səs-küylü girov əməliyyatı 2000-ci ildə Spidan şəhərində keçirilib. Həmin vaxt qruplaşma 21 nəfəri əsir alıb. Onların arasında 3 alman, 3 fransız, 2 afrikalı, 2 finlandiyalı, 2 liviyalı olub. Terrorçular girovlarla bağlı danışıqlar aparmaq istəyənləri də əsir götürüblər.

Fransız jurnalistlər terrorçulardan müsahibə almaq fikrinə düşüblər. Tezliklə fransızların çəkiliş qrupunun bütün üzvləri də girov götürülərək, əlləri-qolları bağlı halda o biri əsirlərin yanına atılıb.

Girovlar Liviyanın ovaxtkı prezidenti Müəmmər Qəddafinin köməkliyi ilə azad edilib. Onlar təyyarə ilə Liviyaya gətiriliblər.

Ümumilikdə, “Əbu Səyaf” 2000-ci ildən bəri 20-dən çox jurnalisti girov götürüb. Qruplaşma daha çox ABŞ vətəndaşlarını girov götürməyə üstünlük verir. Bununla da dünyaya ABŞ kimi nəhəngin necə çarəsiz duruma düşdüyünü nümayiş etdirməyə çalışırlar.

Qruplaşma 2001-ci ildə Dos-Palmas turist şəhərciyində 20 nəfəri girov götürüb. Onların arasında 3 nəfər ABŞ vətəndaşı olub. Onlardan birinin başı kəsilib.

27 fevral 2004-cü ildə “Əbu Səyaf” qruplaşması “Superferri-14” bərəsində partlayış törədib. Bu terror aktı nəticəsində 116 nəfər həlak olub və itkin düşüb.

2006-cı ildə isə Filippində keçirilən beynəlxalq sammitə hücum təşkil edilib. Yalnız xüsusi xidmət orqanlarının sayıqlığı nəticəsində hücumun qarşısı vaxtında alınıb.

Qruplaşmaya “Əl Qaidə” tərəfindən maliyyə yardımı edilir. Ancaq “Əbu Səyaf”ın əsas qazancı girovlardandır. Bir il ərzində girovlardan qazanılan məbləğ təxminən 25 milyon dollara çatır.

Qaçış

Lorenso Vinçequeera Filippinə 2012-ci ilin yanvarında gedib. Onun hobbisi təbiəti, əsasən də vəhşi quşları öyrənmək olub. Ancaq “quşbaz”ın səyahəti uğursuz başlayıb. 47 yaşlı Lorenso fevralın 1-də dostları -hollandiyalı Evold Horn və filippinli İvan Sarenasla birgə Tavi-Tavi vilayətində terrorçulara əsir düşüb. Sarenas girovları qayıqla aparılarkən suya tullanıb və terrorçuların əlindən qurtula bilib. Lorenso və dostu Horn üçün isə əzablı günlər başlayıb. Onları başqa girovlardan ayrı saxlanılıblar. Dostlar girovluqda keçirdikləri uzun gecələr zamanı qaçış planı hazırlayıblar.

Nəhayət, 2014-cü il dekabrın 6-da qaçmaq üçün şərait yaranıb. Həmən gün Filippin ordusu “Əbu Səyaf” düşərgələrini artilleriya atəşinə tutub. Partlayışlardan sonra terrorçular arasında qarışıqlıq düşüb. Lorenso risk etməyə qərar verib – bu şans bir daha ələ düşməyə bilərdi.

Lorenso Cuxuri Xussain adlı terrorçu ilə əlbəyaxa olaraq, onun kəmərindəki xəncəri çıxarmaq istəyib. Lakin terrorçu cəld tərpənərək ona bıçaqla zərbə endirib. Lorensonun xoşbəxtliyindən bıçaq yalnız onun üzünü sıyırıb keçib, ciddi xəsarət yetirməyib. Lorenso imkan taparaq xəncəri Xussainin əlindən alıb onun başına vurub. Terrorçunun başı iki yerə paralanıb.

Lorenso onu öldürdükdən sonra dostu Evol Hornun yanına gedib. Bədbəxtçilikdən, Horn bir qədər əvvəl xəstələndiyindən zəifləyibmiş. Əldən düşən, halı olmayan hollandiyalı qaça bilmədiyinə görə Lorensoya tək qaçmağı məsləhət görüb.

Başqa çıxış yolu olmadığından, tək qaçmaq qərarına gələn “quşbaz” isveçrəli özünü cəngəlliyə atıb. Onu bir gün sonra filippinli hərbçilər taparaq xilas ediblər. Lorensonu helikopterlə hospitala çatdırıblar. Zəifləyib əldən düşsə də, “quşbaz”ın həyatı üçün təhlükə yox idi.

Amma nə Horn, nə də başqa girovlar haqda hələ də məlumat yoxdur.

İlqar Atabəyli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm