Xankəndinin məhbəsi
Bizi izləyin

Digər

Xankəndinin məhbəsi

FAKT

"Ermənilərin girov götürdüyü azərbaycanlılar Dilqəm Əsgərov və Şahbaz Quliyevin Azərbaycanın işğal edilmiş Xankəndi şəhərində qanunsuz mühakiməsi başa çatıb".

ŞƏRH

2014-cü ildə Azərbaycanın gündəmində üç şəxs əsas yeri tutdu. Onlardan üçüncüsü noyabrın 12-də təmas xəttini keçən Ermənistan silahlı qüvvələrinə məxsus helikopteri vuran İlkin Muradovdur. İlkin Muradov ona "vur, komandir" "əmri"ni verən, tanımadığımız əsgərlə birlikdə hər kəsin fərəhlənməsinə, qələbə hissindən bir damcı da olsa dadmasına səbəb oldu. Helikopterin vurulması anı vətəndaşlarımız tərəfindən dəfələrlə izlənildi, paylaşıldı, sevinclər bölüşüldü. İlkin Muradov isə Müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmri ilə "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı ilə təltif edildi.

Bu il fərqlənənlər içərisində ilk ikilikdə isə işğala, separatçı rejimə rəğmən doğma yurdunu görməyə gedən Şahbaz Quliyev, Dilqəm Əsgərov və Həsən Həsənov adlı həmyerlilərimiz oldu. Separatçılar tərəfindən H.Həsənov öldürüldü, digərləri isə həbs olunaraq ağır işgəncələrə, sonda isə qondarma mühakiməyə məhkum edildilər.

İşğalçı rejimin ittihamına görə, Dilqəm Əsgərov Kəlbəcərdə erməni Smbat Sakanyanı öldürüb. Həsən Həsənov isə Yerevan sakini Sərkis Abramyanı odlu silahla qətlə yetirib, Kotayk vilayətinin sakini Karine Davtyanı yaralayıb.

Halbuki onlar həbs ediləndən sonra məlum oldu ki, bu iki insan illərdir tanıdıqları gizli yolla Kəlbəcərə gedir, orada valideynlərinin məzarını ziyarət edir, daha sonra isə geri qayıdırmışlar. Bu faktlar video və fotolarla da aşkarlandı. Yəni onların məqsədi hansısa separatçını öldürmək yox, öz doğma torpaqlarını görmək, ziyarət borclarını yerinə yetirmək olub. Halbuki, hətta Kəlbəcərdə onlara müqavimət göstərəcək hər hansı bir ermənini də öldürmək haqqına sahib idilər. Çünki torpağını işğal edən kəsləri öldürmək bütün hüquqların tanımalı olduğu məsələdir.

Dünən girov götürülənlərin yekun "məhkəməsi" oldu. Qondarma məhkəmə Dilqəm Əsgərova ömürlük, Şahbaz Quliyevə isə 22 il azadlıqdan məhrumetmə cəzası verdi. Təbii, bu qondarma məhkəməni nə biz, nə də ki başqa bir dövlət tanıyacaq. Girov götürülənlər də buna görə heç də heysflənməyəcək. Tarix onları öz vətənində girov götürülən və təkbaşına separatçıların qondarma "məhkəmə"sində özlərini müdafiə edən şəxs kimi tanıyacaq. Üstəlik, 2015-ci ildə Azərbaycan hökuməti onları girovluqdan xilas olmasına da nail olacaq. Bu ərəfədə biz həm də Bakıdakı hər şar partlayışına da reaksiya verən, lakin iki həmyerlimizin tutulmasından xəbərsiz olduğunu iddia edən Psaki və onun yandaşlarının hansı standartlarla çalışdıqlarını da gördük.

...Girovlar mütləq gələn il azad ediləcəklər. Bu gün Xankəndinin məhbəsində yaşayanlar, sabah onun bütün torpaqlarında yaşayacaqlar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm