Ərə getmək istəyənlər üçün Kant
Bizi izləyin

Digər

Ərə getmək istəyənlər üçün Kant

Arvadının başıboşluğundan danışan bir alim o birisinə deyir ki, mənim bütün bədbəxtçiliyimin səbəbi Kantdır: "Axı hardan biləydim ki, bu zalım qızı əlində nümayişkaranə şəkildə tutduğu Kantın kitabıyla bütün şəhəri gəzib tora salmaq üçün məhz mənim kimi axmaq birisini axtarırmış".

Kant oxumağın hər zaman üçün bir dəb olduğunu və birisinin özünü gözə dürtmək, intellektini nümayiş etdirməkdən ötrü "böyük alman filosofu İmmanuel Kantın transendental fəlsəfəsi"ndən sitatlar gətirməyinin izahını vermək üçün, açığı, özümdən uydurduğum bu lətifədən gözəl variant ağlıma gəlmədi. Ancaq həqiqətən, Kant belə Kantdır ki, ər axtaran bir qızın əlində onun kitabının olması bu qızın dərin ağlından, adını dilinə gətirən tanımadığınız adamın geniş dünyagörüşündən xəbər verir. Lap xəbər verməsə də, dərin ağıl və geniş dünyagörüşü barədə görüntülər yaranır.

Bəli, bu filosofun adı və fəlsəfəsi o qədər populyardır ki, hətta zaman-zaman fəlsəfəyə, elmə qətiyyən dəxli olmayan geniş kütlələrin arasında həm bir dəb və meyl, həm də ciddilik və intellekt simvoluna çevrilib. Bəşər tarixinə "meymundan insana" həqiqəti bəxş edən Darvin, proletariatın babası və inqilab nəzəriyyəçisi Karl Marks, XX əsr elminə yeni yön verən Ziqmund Freyd, "kəşf etdiyini sona qədər özü də anlamayan" Eynşteyn yox, məhz özünün transendental fəlsəfəsi ilə İmmanuel Kant! Hələ həqiqi elm, fəlsəfə ilə məşğul olanların bu ismə və bu ismin yaratdıqlarına münasibətini demirəm...

Hər halda bunun bir səbəbi olmalıdır.Heç kim deyə bilməz ki, Kant, məsələn, adıçəkilən şəxsiyyətlərdən daha asan, yaxud daha çətin başadüşüləndir. Təbii ki, hər birinin öz yeri var. Elə isə nədir Kantı bu qədər populyarlaşdıran, dəxli oldu-olmadı, müxtəlif, bir-birinə zidd məkanlarda və insanlar arasında onu sevimli edən?

Bunun səbəblərini tapmaq üçünsə "xalis zəka" ilə İmmanuel Kantın "transendental fəlsəfə" aləminə baş vurmaq gərəkdir. Lakin "həyat-fəlsəfə-fəlsəfi nəzəriyyə" üçlüyü kontekstində müqayisəli fikirlərlə bəzi gərdişlər etmək şərtilə...

Fəlsəfəyə kütləvilik yaddır. Əslində, bizim ali məktəblərdə "konspekti" tutulan, "filan cərəyan budur və yaradıcısı filankəs olub"dan uzağa getməyən tədrisin fəlsəfəyə qətiyyən dəxli yoxdur. Fəlsəfə yalnız fərd və xarakterlərin anladığı, fərd və xarakterləri qidalandıra bilən bir nəsnədir. Ondan nəsə gözləməyinə dəyərsə, bu, bir fərdin gözləntisindən savayı bir şey deyil. Dünyanı anlamağa çalışan və "ulduzlu göylər" altında tənhalığını dərk edərək, "bilmirəm, haradan gəlirəm, hara gedirəm və hətta kiməm" sorusu qarşısında əzilən məsum "Mahabharata" qəhrəmanısayağı düşünən bəşər övladı üçün fəlsəfədən gözəl sığınacaq yoxdur.

Məsələn, Hind fəlsəfəsi bu sorunun cavabını yadlaşmada görür: "Kimsəsiz doğulmuşuq, kimsəsiz də gedirik. Necə ki, bu dünyaya gələndə kimsən olmur, eləcə də gedəndə səni bir doğman, bir yaxının da olsa, müşayiət eləmir. Ona görə də müdriklik bu dünyada qətiyyən özlərinə yaxın qazanmazlar. Ən yaxşısı odur ki, tək gəldiyin kimi, tək də gedəcəksən. Həyat o qədər də uzun deyil ki, özünə yaxınlar qazanasan".

Maraqlısı odur ki, bəşəriyyətə böyük mədəniyyət və elm inciləri bəxş etmiş şəxsiyyətlərin demək olar ki, hamısı bu metafizik anlamdan keçmiş, dünyanı, həyatı analoji baxışlarla qavramışlar. Kant da istisna deyil.

Bütün həyatını qədim hind brəhmənləri kimi tənhalıqda keçirərək evlənməyən, 80 yaşında belə zehninin itiliyini qoruyub-saxlamış, həyatının sonuna qədər yazıb-yaratmış Kantın cavan yaşlarında bir dostuna yazdığı məktubundan gətirilən iqtibasa diqqət edək:

"Əmin ola bilərsən, insan yalnız təklikdə, fərd olaraq mənalıdır. İnsan yalnız təklikdə, fərd olaraq yaşayanda, vuruşanda öz ömrünün mənasını bütün heybəti ilə hiss edir, ondan dönə-dönə həzz alır. Yaxınlarının sayı nə qədər çoxdursa, bir o qədər mənasızlıq və bozluq aləminin əzabından əziyyət çəkirsən. Hər doğma, hər yaxın sənə bir mərhumiyyət, bir çərçivə gətirir. Bu isə narahat ruh sahibləri üçün cəhənnəm əzabından betərdir".

Kant qədim Şərq, ələlxüsus, qədim Hind fəlsəfəsinə xas bir sıra əsaslı elementlərə yenidən, lakin daha çox elmilik yükü daşıyan nəzəriyyələrlə baxmışdır. Bu onun kainatın, qalaktikanın quruluşu haqda yazdığı erkən metafizik əsərlərində özünü daha bariz gösdərir. Bizim öyrənmək üçün nəzərə almağa məcbur olduğumuz ilk şərt də məhz budur.

Ona görə də eynən Artur Şopehauerin öz fəlsəfəsini öyrənməyə başlayanlara aid etdiyi məşhur tələbinin Kanta da aid olduğuna inanıram. Lakin bir şərtlə. Belə ki, Şopenhauer, sistemindəki həqiqətlərdən dəhşətə gəlib ümidsizliyin ağuşuna düşməmək üçün Hind fəlsəfəsini və Platonu oxumayanlara əsərlərinə qətiyyən yaxın durmamağı məsləhət görür. Göründüyü kimi, söhbət anlaşılmazlıqdan yox, filosofun "uzun müddət görməyən gözə güclü günəş şüası düşərsə, kor olar" kimi formalaşdırdığı inamından gedir. Kantı oxumazdan əvvəl Hind fəlsəfəsi ilə tanışlığın vacibliyi isə hansısa qorxu və ümidsizliklə yox, birbaşa bu sistemi dərindən qavramaqla izah olunmalıdır.

Bu filosof çoxlarından fərqli olaraq, yaratdığı sistemlə qorxu və ümidsizlik, yox daha çox ideal nizam-intizam təəsüratı yaradır. Onun fəlsəfəsinə hiss və emosiya deyilən anlamlar yaddır. Çünki Kant nə Hegel kimi sırf "kabinet filosofu"dur, nə də Şopenhauerin təbiriylə desək, xalis "həyat filosofu". Bu adam özünün yaşamı, həyat tərzi və yaratdığı nəhəng sistemlə birgə bu iki anlayışın, yəni "kabinet"lə "həyat"ın tən ortasında dayanır. Bu baxımdan, Kant fəlsəfəsi həm "kabinet"ə, həm də "həyat"a vurğunların istəyinə uyğun, hər iki tərəfin rəğbətinə iddialıdır.

Təsadüfü deyil ki, müasirləri tərəfindən "özündən başqa kimsəni bəyənməyən və özünü fəlsəfədə sınayan yarımçıq həkim, yarımçıq tacir" adlandırılan özünə vurğun Artur Şopenhauer belə alman filosoflarından yalnız Kantın adını rəğbətlə çəkir və onun fəlsəfi sistemiylə tanış olmağı zəruri hesab edir.

Söhbət Kantdan gedirsə, bu məqamda ali məktəb auditoriyalarından tutmuş, müxtəlif elmi mübahisələrdə səslənən "fəlsəfə elm, yoxsa dünyagörüşüdür" sualı üzərində baş sındırdığım dövrləri xatırlamaya bilmirəm. Qətiyyətlə ikincinin tərəfində durmuşam. Elm qanunlarla, özünün maddi-texniki tərcübəxanası ilə başqa elmlərdən yox, məhz öz daxili prinsiplərindən, qaydalarından doğan kateqoriyalarla elmilik yükü qazanır. Fəlsəfə isə "elm" adını qazanmaq üçün ilk əvvəl özünün ehtiva etdiyi elmiliyi metafizikadan, bu ikisini ədəbiyyatdan və sənətdən, hər şeyi isə mifologiyadan, inancdan, dindən ayrılmalıdır. O zaman yerdə qalan nədir? Təbii ki, heç nə! Və fəlsəfənin "elm" olması da həmin "heç nə" qədər absurddur...

Lakin Kantın fəlsəfəsi ilə tanışlıq sonunda bu "fəlsəfə-elm" ikibaşlığına da bir aydınlıq gətirir. Kantın sistemində fəlsəfə sonun əvvəli və əvvəlin sonu olaraq təzahür edir.

Kanta görə də dəqiq elmləri bilmədən fəlsəfəni oxumaq mənasızdır. Çoxları belə hesab edir ki, filosof, o dövrdə metafizika ilə fəlsəfənin sərhədləri dəqiq təsəvvür edilmədiyi üçün belə düşünüb. Ancaq bu, heç bir halda əsrin tələbi deyildi. Çünki ən azından, həmin sərhəddin heç indi də dəqiq təsəvvür edilmədiyi qənaətindəyəm.

Ümumiyyətlə, fəlsəfənin sərhədləri yoxdur, çünki onun sərhədləri ilə iç-içədir. Elmlərin sərhədlərinin sonsuzluğu isə hamıya gün kimi aydındır. Kantın həmin tələbinin səbəbinin başa düşülməsi üçün isə elə bircə onun "Xalis zəkanın tənqidi"ni oxumaq kifayətdir. Beyin və düşüncə aydınlaşacaq, gözləriniz qarşısında sizə qaranlıq və anlaşılmaz görünən kainatın dəqiq bir sxemi görünəcək. Bu nəhəng zəka sahibinin sarsılmaz və elmi əsaslarla qurduğu piramidal sistem sizi valeh edəcək, çox sirlər aydınlığa qovuşacaq. Bax, budur, dəqiq elmin fəlsəfəyə yardımı!

Kantın böyüklüyü isə onda idi ki, onun sistemində elmlə metafizika qovuşur və sözün əsl mənasında fəlsəfə yaranır.

Onun həyat və yaradıcılığına dair müxtəlif dövrlərdə o qədər əsərlər yazılıb ki, artıq hər kəs yarızarafat, yarıgerçək bir kantologiya elminin mövcudluğundan danışır. Çünki bu filosofun ayrı-ayrılıqda həm həyatı, həm fəlsəfəsi, həm də elmi araşdırmaları xüsusi maraq kəsb edən mövzulardır.

Kant barədə nələr yazılmayıb ki? Fransız Jan-Baptist Bötyül "İmmanuel Kantın seksual həyatı"nı qələmə alıbsa, məşhur kolumbiyalı professor İrvin Edman da onun "Kosmoqonik görüşləri"ni araşdırıb. Araşdırma sahəsinin belə genişliyi və rəngarəngliyi isə təbii ki, alman filosofunun orjinal tərzi, yaradıcılığınlın elmin, mənəviyyatın, ümumi hümanitar dünyagörüşünün müxtəlif sahələrini əhatə etməsiylə bağlıdır.

Kantın həyat tərzi haqqında maraqlı və bəzən də əfsanəyəbənzər rəvayətlər dolaşır. Bu adam bütün həyatı boyu 1724-cü ildə doğulduğu Kenisberq şəhərini düz vəfat edənə kimi-1804-cü ilədək tərk etməyib. Evlənməyin elmi yaradıcılıq üçün böyük maneə olduğunu qəbul edən Kant bütün həyatı boyu Prussiyanın bu kiçik əyalət şəhərində tək-tənha yaşayıb. Söyləyirlər ki, Kantın gündəlik yaşamı o qədər dəqiq ölçülüb-biçilibmiş , hətta Kenisberq sakinləri onun gündə gəzintiyə çıxdığı vaxta görə saatlarını düzəldirmişlər. Onun yaşamının sadəliyi isə sağlığındaca dillər əzbəriymiş. Qohumlarından, hətta doğma bacılarından və qardaşlarından belə uzaq gəzməyə çalışan bu adamın evində bütün həyatı boyu yalnız bir qulluqçu olub ki, onun da əsas vəzifəsi filosofun kiçik mənzilini səliqəyə salmaq, kitabxanasına qulluq etməkmiş. Kant həm də dövrünün yeganə filosofudur ki, fəlsəfə ilə məşğul olmağa başladığı vaxtdan xüsusi olaraq müəllimliklə pul qazanmağın daşını atıb və yaşamını yalnız əsas peşəsi fəlsəfə ilə təmin edib.

Bədəncə zəif, fiziki cəhətdən xəstə, zəif səsli bu insan elə sağlığındaca əldə etdiyi bütün nailiyyətlərə, yetmiş olduğu məşhurluq zirvəsinə yalnız özünün güclü və yenilməz iradəsinin hesabına çatmışdı. Kant həyatı, varlığı, ruhu, müəllimlik fəaliyyəti, həmçinin elmi və fəlsəfi yaradıcılığı ilə bütövləşmiş şəxsiyyət olduğu üçün bütün dövrlərdə başa düşülüb, öyrənilib.

Onun fəlsəfəyə gəlişi də özünəməxsus olub. Cavanlıq yaşlarında evlərdə dəqiq elmlərdən- riyaziyyatdan, fizikadan fərdi dərslər keçən Kantın məşğul olduğu elmlər sırasının tam siyahısı xeyli genişdir: astranomiya, fiziki-coğrafiya, minerologiya, antropologiya, təbiətşünaslıq...

Bu baxımdan Kant yalnız filosof deyildi, həm də alim idi. Təsadüfi deyil ki, onun ilk kitabları da məhz təbiətşünaslıqla bağlı olub. Bu isə elə bir dövr idi ki, kainatın geosentrik quruluş sistemi haqqında təsəvvürlər öz yerini heliosentrik sistemə verməkdə idi. Müxtəlif elm sahələrində təcrübə və eksperimentallığa meyl özünü daha bariz gösdərirdi. Dünya alimləri təcrübənin elm üçün hansı önəm kəsb etdiyini get-gedə daha aydın başa düşürdülər. Kant məhz bu zamanda, elmin və təbiətşünaslığın belə bir vacib inkişaf mərhələsində hərtərəfli elmi araşdırmalara başlayır.

Buna görə də bu fəlsəfəyə yalnız mücərrəd fikirlərin, fəlsəfi kateqoriyaların yer aldığı nəzəriyyə kimi baxmaq düzgün deyil. Onun fəlsəfəsi təcrübə və nəzəriyyəni, varlığı və ruhu, Yer həyatını və kosmosu birgə nəzərdən keçirir, qarşıya çıxan sualları da bu cütlüklərin iştirakı ilə kompleks şəkildə həll edir. Fəlsəfəyə belə yanaşma isə yalnız dövrün tələbləri üçün deyil, həm də bəşər elminin sonrakı mərhələsinin zəruri inkişafından ötrü vacib idi.

Bununla da, belə demək mümkünsə, Kant, Nyutonun ölümündən sonra onun Avropa elmində daşıdığı yükü öz çiyinlərinə götürür və bu missiyanın bir növ növbəti carçısına çevrilir. Beləliklə, məşhur ingilis aliminin təbiətşünaslığa gətirdiyi kəşflər məhz Kant fəlsəfəsində bir daha təsdiqlənir, elmin gələcək inkişafından ötrü yeni mərhələ yolunu oynayır. Ümumiyyətlə, Kantın elə yalnız elmi irsi sələflərinə təbiətşünaslıqda, fizikada, astranomiyada böyük kəşflər həyata keçirmələrinə xeyli nəzəri material verib. Məsələn, bu gün qalaktikanın quruluşu haqqında hamının "Kant-Laplas nəzəriyyəsi" adlandırdığı elmi dünyagörüşü də, əslinə baxanda, elə Kantın adıyla adlandırılmalıdır. Çünki onun 1755-ci ildə anonim olaraq çap etdirdiyi kosmoqonik nəzəriyyəsini Laplas yalnız bir neçə onillikdən sonra təkrarlamışdı.

Onu yalnız həmişə qlobal və geniş miqyaslı suallar maraqlandırıb. Əvvəlcə əsasən kainatın quruluşu, Yerin yaranması və inkişaf mərhələləri, təbiət-ruh-mənəviyyat məsələləri ilə olan Kant, çox gec-təxminən 41 yaşından başlayaraq sırf fəlsəfəyə baş vurur. Məşhur "Xalis zəkanın tənqidi" isə artıq xeyli təcrübəli və yaşlı Kantın beyin məhsuludur. 1781-ci ildə işıq üzü görən bu əsərlə kenisberqli mütəfəkkir Platondan və Aristoteldən sonra tarixdə dünya fəlsəfəsinin inkişafı üçün möhtəşəm və sarsılmaz bir sistem qurdu. Məhz bu ildən başlayaraq bir-birinin ardınca insan və təfəkkür problemləriylə məşğul olan Kantın yeni-yeni əsərləri çapdan çıxır.

Kant sistemi qətiyyən ilk baxışdan göründüyü kimi, hansısa soyuq metafizik kateqoriyalar yığınağından ibarət qeyri-real nəzəriyyə deyil. Əksinə, bu nəzəriyyə birbaşa insanın öz əqlinə, təfəkkürünə, ruhuna nəzər salmasına kömək edir. Onun transendental fəlsəfəsi insana mikrodünyasına, anadan olduğu gündən düşüncəsində, təfəkküründə formalaşan anlayışların anatomiyasına izah verir, düşüncədə olan nizamsızlığa bir nizam gətirir. Bu sistemin köməyi ilə hamının bildiyi, adət etdiyi vərdişlərin, hadisələrin, hətta fikirlər və düşüncələrin belə izahı verilir. Belə bir izah isə fiıosofun fəlsəfəyə gətirdiyi terminlərin köməyi ilə mümkündür. Bu baxımdan, daha aydın şəkildə anlanması üçün termin seçimi edən söz sərrafı dayanır.

Kant fəlsəfəsinin etik yönümü onun bütün yaradıcılığının tamamlanması üçün son həlqəni- İnsan həlqəsini verir. Onun ayrıca sırf mənəviyyat haqda geniş araşdırması olmasa da, ümumən Kant fəlsəfəsi insan xoşbəxtliyinə çalışan bir sisremdir. Ancaq burada da fərq var. Əgər başqaları mənəviyyata "mən necə xoşbəxt olum" sualının cavabını tapmaq üçün müraciət edirlərsə, Kant mənəviyyatı da birbaşa insanın kamilləşməsinə və yalnız bundan sonra xoşbəxtliyə çatmasından ötrü bir nəzəriyyə sistemi kimi baxır. Buna görə də digər filosofların mənəviyyata ünvanlandıqları "mən necə xoşbəxt olum" sualını Kant "mən xoşbəxt olmağa necə layiq olum"la əvəzləyir.

Əslində, Kantın transendental fəlsəfəsinin kökündə də məhz bu etik norma dayanır. Transendental fəlsəfənin digər fəlsəfi cərəyanlardan əsaslı fərqi və üstünlüyü də məhz bundadır. Bu sistem yalnız izah etmir, yalnız aydınlaşdırmır, həm də izah etməklə, aydınlaşdırmaqla bərabər İnsana kainat və özü haqda məlumat verməklə, onun kamilləşməsinin də qeydinə qalır.

İmmanuel Kant yaşadığı 80 il ərzində tam fəlsəfi sistem yaratmağa nail olub. Onun nəzəriyyəsi haqqında söylədiyimiz "sonun əvvəli və əvvəlin sonu" fikri də məhz bu tamlığı əks etdirir. Çünki elmin, fəlsəfənin, texniki tərəqqinin inkişaf səviyyəsindən asılı olmayaraq, bütün yollar əvvələ, yəni metafizik dünyagörüşü ilə müasir elm arasında əvəzedilməz körpü olan Kant fəlsəfəsinə aparır...

Oxumağa davam et
Reklam
Reklam

Gündəm