Qardaşını ürəyindən bıçaqladı
Bizi izləyin

Digər

Qardaşını ürəyindən bıçaqladı

Yelena uşağını da götürüb niyə vətənə qayıtdı?

Yelenanın Azərbaycanda kimsəsi yox idi. O, bura Səmədin xatirinə gəlmişdi. Səmədi çox sevirdi.

Səməd Yelenanı Ukraynadan gətirmişdi. Ailəsindən ayrılandan sonra baş götürüb Ukraynaya gedən Səməd bir neçə il orda işlədi. Yelena ilə tanış olanda Səmədin həyatdan aldığı yaralar təzə-təzə qaysaqlanırdı. Yelena onun yaşadığı evin sahibinin qızı idi. Bir ildən sonra onlar evlənməyə qərar verdi. Səməd evlənməzdən əvvəl anasını görmək üçün Vətənə gəldi. Anasına Yelenanı sevdiyini, onunla xoşbəxt olduğunu başa saldı. Bir dəfə oxu daşa dəyən Səmədin xoşbəxt olması anası üçün şad xəbər idi.

  • Nə deyirsən, ana?
  • Nə deyəcəm, ay oğul, təki sən xoşbəxt ol. Sənə xoş, mənə də xoş. Allah xeyir versin!

Səməd anasının əllərini öpüb, aldığı xeyri-duanı götürüb Ukraynaya qayıtdı. Yelena ilə evləndi. Xudmani məclis təşkil edib dost-tanışlarla ikinci evliliyini qeyd etdi.

Bir ildən sonra Səmədin üçüncü qızı dünyaya gəldi. Birinci arvadından olan iki qızı anaları ilə kənddə yaşayırdı. Arvadından ayrılsa da, qızlarına atalıq edirdi Səməd. Vaxtlı-vaxtında pullarını göndərir, əlaqə saxlayır, onları görmək üçün ara-sıra kəndə gedirdi.

Səbinənin beş yaşı olanda Səməd Azərbaycana qayıtmağa qərar verdi. Yelena da onun bu istəyinə, qərarına qarşı çıxmadı. “Sən harda, mən də orda” – dedi.

Qohum-əqrəba, bacı-qardaş yığışıb Səmədin ailəsini qarşıladılar. Yelenanı da, Səbinəni də bağırlarına basdılar. Hətta Səmədin o biri arvadından olan qızları da atasının ikinci ailəsini qarşılamağa gəlmişdi.

Səməd kənddə çox qalmadı. Bir-iki aydan sonra Bakıda işlərini yoluna qoydu, özünə iş tapıb ailəsini də yığıb şəhərə köçdü. Hər şey yaxşı idi. Səməd əsl xoşbəxtliyin nə olduğunu indi bilirdi.

Birinci arvadı ilə arasında kəskin anlaşılmazlıq vardı. Bir birini heç başa düşmürdülər. Səməd ali təhsilli, mədəni, xaraktercə çox mülayim və mehriban adam idi. Arvadı isə Səməddən çox fərqli idi. Bir evin içində, nəinki qayınanası ilə, hətta əri ilə, qayınları ilə də dil tapa bilmirdi. Belə olan halda, iki körpəsini nəzərə alıb Səməd ata evindən çıxıb, kənddə torpaq sahəsi aldı, ev tikib köçdü. Ancaq evindəki söz-söhbət səngimədi. Vəziyyətin getdikcə pisləşdiyini görən Səməd ayrılmağa qərar verdi. Tikdiyi evi ailəsinə verib evdən çıxdı. Boşandıqdan sonra kənddə yaşaya bilmədi. Böyük qardaşı ilə münasibətləri o qədər yaxşı olmasa da, onunla məsləhətləşməyi özünə borc bildi. Hamısı ilə halallaşıb ölkədən çıxdı.

Əslində, Səmədgil bacı-qardaşlıqda çox mehriban idilər. Lakin onun arvadı öz əmisi qızı olduğundan, böyük qardaşı onların boşanmasına qarşı çıxmışdı. Qohum-əqrəba arasına ayrı-seçkilik düşəcək deyə, onların boşanmasının qəti əleyhinə idi. Səmədin arvadı da qaynının bu münasibətindən Səmədə qarşı kefi istəyən kimi istifadə edirdi. Odur ki, Səmədin qardaşı ilə münasibətləri gündən-günə pisləşdi. Lakin Səməd öz kiçikliyini etdi, ata əvəzi olan qardaşından halallıq almadan getmək istəmədi.

Səməd şəhərdə yeni həyata başlamışdı. Hər şey ürəyincə idi. Ailənin nə olduğunu indi başa düşürdü. Yelena ilə münasibətləri getdikcə dərin sevgiyə çevrilirdi.

Səməd Yelenasız yaşaya bilməyəcəyini anlamışdı. Səbinə isə onların həyatına rəng qatmışdı.

Artıq Səbinənin məktəb yaşı çatmışdı. Səməd Səbinənin sənədlərini kirayənişin olduqları evin yaxınlığındakı məktəblərdən birinə verdi. Səbinə birinci sinfə getdi. Onu hər gün məktəbə atası aparıb-gətirirdi. Məktəblər tətilə buraxılan kimi də kəndə aparır, Səbinə tətil günlərini nənəsinin, bacılarının yanında keçirirdi. Hər dəfə kənddən qayıdandan sonra qonşu uşaqlara kənddəki rəfiqələrindən, bacılarından danışırdı. Atası həm Yelenanın, həm də Səbinənin xoşbəxt olmasından ötrü əlindən gələni əsirgəmirdi. Onları hər şeylə təmin etmək üçün özünü oda-közə vururdu.

Yelena kəndə gedəndə qayınanası, baldızları ilə elə dolanırdı, elə bil yüz ildir onlarla bir evdə yaşayır. Səməd bunu gördükcə həm ürəyi fərəhdən dağa dönür, həm də Yelenanı daha çox sevirdi. Çünki Yelena qohum-əqrəbanın, ailəsinin yanında Səmədin başını aşağı eləməmişdi.

Sonuncu dəfə Səməd ailəsi ilə kəndə gedəndə anası ilə məsləhətləşdi ki, daha kirayədə yaşamaq istəmir. Ev almaq üçün əlində bir az pul var. Üstünü düzəltmək üçün birinci ailəsinə verdiyi evin yaxınlığında boşanmamışdan əvvəl aldığı torpaq sahəsini satmaq istəyir. Onsuz da keçmiş ailəsinin bu sahəyə ehtiyacı yox idi. Həm onlara hazır ev vermişdi Səməd, həm də necə lazımdırsa maddi ehtiyaclarını ödəyirdi. Ona görə də anası onun bu fikrinə razılıq verdi.

  • Oğul, burdakı uşaqlarının ev-eşiyi var, hər şeylə təmin etmisən, Səbinə də sənin balandı, onun da sənin üzərində haqqı var. Onun da rahat evdə yaşamaq hüququ var.
  • Anam...gözəl anam, mən çox xoşbəxtəm. Həm də ona görə ki, sən mənim bu xoşbəxtliyimi başa düşürsən, mənim ailəmi bağrına basırsan.
  • Oğul, mən bu dünyada yaşadığımı yaşamışam. Öz payımı yemişəm, səni də, o biri övladlarımı da xoşbəxt görəndə daha da xoşbəxt oluram. Odur ki, sənin belə rahat olduğunu, üzünün güldüyünü görüb necə sevinməyim, necə mane olum?

Ancaq sən saydığını say, gör fələk nə sayır. Birinci arvadı Səmədin torpaq sahəsini satmaq fikrini eşidəndə dəliyə döndü:

  • Ora mənim uşaqlarımın haqqıdır. Onların haqqını heç kimə yedirtmərəm!-dedi.
  • Qızım, bala, sənin balaların Səmədin də balasıdır, o, heç vaxt balalarının haqqını yemədi. Onların qayğısına qaldı, nə lazımdırsa, onu da elədi. Səbinə də onun övladıdır. Onun da rahat evdə yaşamaq haqqı var. Səməd dişlə-dırnaqla, min bir əziyyətlə tikdiyi evi səndən olan övladlarına verdi. Halal xoşları, sağ-salamat yaşasınlar. Ancaq boş torpağı satıb özünə, ailəsinə ev almasında nə qəbahət var axı, bala?
  • Olmaz! Qoymaram! Ölərəm, ancaq qoymaram o torpağı satıb urusa, ondan olan qızına versin!

Bu söhbət sonradan yaşanacaq faciənin başlanğıcı oldu. Bu dəfə də Səmədin əmisi qızı qaynının onun tərəfində olacağına əmin oldu və ondan istifadə etdi. Səməd ona qarşı qaldırılmış qardaşının qarşısına keçməyi özünə ar bilsə də, buna məcbur idi. Aralarında onsuz da xoşagəlməz münasibətin olduğu bəlli idi. Bu söhbət də böyüdükcə münasibətlər daha dözülməz oldu.

Səməd anası ilə söhbətindən sonra Bakıya qayıtdı. Qızının oxuduğu məktəbə yaxın yerdə ev tapdı. Ev sahibi ilə danışıb behləşdi. Yelena da, Səbinə də sevincdən yerə-göyə sığmırdılar. Öz evləri olacaqdı. hər gün üçlükdə evlərini necə bəzəyəcəklərini, təzə evə nələr alacaqlarını danışıb, sevinclərini bölüşürdülər.

Səməd şənbə günü ailəsini də götürüb kəndə getdi. Ramazan bayramı ilə bağlı məktəblərdə bayram tətili olduğundan bir neçə gün qalmaq imkanı vardı deyə, getmişkən torpaq məsələsini həll edib arxayın olmaq istədi.

Ancaq bu gediş onların həm kəndə, həm kənddən son gedişləri oldu.

Keçmiş arvadının etdiyi cəhdlər öz bəhrəsini verdi. Səməd böyük qardaşı ilə çox ciddi mübahisə etdi. Qardaşı heç cür onun bu torpağı satıb rus qızına verməsinə razı deyildi. Səməd isə onu başa sala bilmirdi ki, rus qızı dediyi bu qadın onun qanuni həyat yoldaşı, qızının anasıdır. Mübahisə böyüyüb o yerə çatdı ki, qardaşı Səmədə əl qaldırdı. Onların səs-küyünə anası, Yelena, Səmədgili görməyə gələn böyük bacısı da gəldi. Əlbəyaxa olan qardaşları ayırmaq üçün qadınlar nə qədər qıy-qışqırıq salsalar da, onları ayırıb sakitləşdirmək mümkün olmadı.

Anası yüyürüb qonşuluqda yaşayan ortancıl oğlunu çağırdı. Onlar qaranəfəs özlərini evə çatdırdılar. Elə darvazadan içəri keçmişdilər ki, yerdə süpürləşən qardaşların səsi kəsildi. Qardaşı Səmədi üstündən itələyib arxası üstə yerə atdı. İkisi də al-qanın içində idi. Qardaşı Səmədi Yelenanın gözləri qarşısındaca bıçaqlamışdı.

Səmədi xilas etmək mümkün olmadı. Bıçaq ürəyinə girmişdi.

Bu faciədən sonra Yelena nə Səmədin ailəsindən, nə də qanuni şəkildə ona və qızına çatan mirasdan heç nəyə yiyə durmadı. Qayınanası:

  • Qızım, getmə, Səbinə mənim də nəvəmdir, Səmədin iyini ondan alıram, aparma onu. Mənimlə yaşayın, onsuz da bu boyda evdə tək yaşayıram - desə də Yelena razı olmadı.
  • Mən bura Səmədlə yaşamağa gəlmişdim, Səmədə görə gəlmişdim, onsuz mənim burda işim yoxdur. Mənim evim də, Vətənim də Səməd idi, indi mən hər yerdə yersiz-yurdsuz adamam. Qızıma görə yaşamaq məcburiyyətindəyəm, yoxsa heç yerə getməz, Səmədin yanına gedib, onun yatdığı torpaqda yatardım...

Yelena Səmədi öz vətəninə tapşırıb qızı Səbinəni də götürüb gəldiyi yerə - Ukraynaya qayıtdı.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm