İşbazlardan köhnə Yeni il ənənələri – saxta endirimlər - FOTOLAR
Bizi izləyin

Digər

İşbazlardan köhnə Yeni il ənənələri – saxta endirimlər - FOTOLAR

31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ənənəvi olaraq bir sıra işbazları da hərəkətə gətirib.

Söhbət ayrı-ayrı iş adamlarının öz ərzaq və geyim mağazalarında həmişə olduğu kimi bu il də həyata keçirdikləri saxta endirim kampaniyalarından gedir. Məsələ burasındadır ki, üzərlərinə “Endirim”, “Şok endirim” sözləri yazılan elanların sayı gündən-günə artır. Bütün bunlar alıcıları aldatmaq, saxta endirim kampaniyaları ilə istehlakçıların inamından istifadə etməklə pul qazanmaqdır. Təəssüf ki, paytaxtın xüsusən də mərkəzi hissələrində belə hallara daha çox rast gəlinir.

İqtisadiyyat və Sənaye Nazirliyindən bildirdilər ki, nazirliyin Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən belə tədbirlər müntəzəm olaraq həyata keçirilir və qeyri-dəqiq reklamdan istifadə edən sahibkarlara qarşı tədbirlər görülür. Dövlət strukturunun həyata keçirdiyi tədbirlər haqqında məlumatlar nazirliyin saytında yerləşdirilir. Nazirlik işçilərinin yoxlamalar zamanı üzləşdikləri qanun pozuntuları barədə məlumatlar ictimaiyyətə təqdim olunur. Bir müddət əvvəl İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və Dövlət Xidməti tərəfindən Bakı şəhəri, Yasamal rayonu, M.A.Əliyev küçəsi, 154 ünvanında fəaliyyət göstərən "Musa-96" firmasına məxsus mağazada qeyri-dəqiq reklamdan istifadə edilməklə istehlakçıların çaşdırılması hallarının müəyyənləşdirilməsi buna əyani misal ola bilər. Belə ki, mağazanın vitrinində satışda olan malların qiymətinə 50 faiz endirim edilməsi barədə reklam yayımlansa da, mağazada bu endirimin tətbiq olunmadığı aşkara çıxıb. Bundan başqa, qeyd olunan reklamların aidiyyəti strukturlardan icazə alınmadan yayımlandığı da müəyyən edilib.

Dövlət Xidməti tərəfindən görülmüş tədbirlər nəticəsində qanunsuz reklamların yayımı dayandırılıb. Qanun pozuntusuna yol vermiş "Musa-96" firması barəsində qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülüb. İstehlakçılara endirimli mal alarkən diqqətli olmağı tövsiyə edən İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin bir müddət əvvəl Bakı şəhəri, Yasamal rayonunda fəaliyyət göstərən fiziki şəxslərdən birinə məxsus mağazada qeyri-dəqiq reklamdan istifadə edilməklə istehlakçıların çaşdırılması hallarının müəyyənləşdirilməsi bu qəbildən olan xoşagəlməz hallara qarşı mübarizənin davam etdirildiyini göstərir. Belə ki, bu mağazanın da vitrinində diqqəti cəlb etmək üçün iri şriftlərlə "Endirim 30-40 faiz" məzmunlu reklam yerləşdirilsə də, mağazada satışda olan malların qiymətlərinə endirim tətbiq edilmədiyi ortaya çıxıb. Bundan başqa, qeyd olunan reklamların aidiyyəti strukturlardan icazə alınmadan yayımlandığı da müəyyən edilib.

Bununla əlaqədar, Dövlət Xidməti tərəfindən görülmüş tədbirlər nəticəsində qanunsuz reklamların yayımı dayandırılıb.
Qanun pozuntusuna yol vermiş şəxs barəsində isə qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülüb.

Sadaladığımız faktlar sübut edir ki, aidiyyəti dövlət strukturu tərəfindən belə hallara qarşı mübarizə davam etdirilsə də, saxta endirim kampaniyaları hələ də davam edir. Qeyd edək ki, qapılarının üzərinə “Endirim” yazılmış bir neçə geyim mağazasında müşahidə apararaq, həmin endirimlərin nə dərəcədə doğru olub-olmadıqlarını araşdırdıq. Məlum oldu ki, “Şok endirim”lər edən mağazalarda qadın koftalarının qiyməti 7-10 manat arasında dəyişir. Ayaqqabıların qiyməti (mövsümə uyğun olaraq) 8-40 manat arasında dəyişir. Şalvarların qiymətləri onların tikildikləri parçaların tərkibinə görə fərqlidir – 10 manatdan 50 manata qədər.

Satıcılar bildirdilər ki, qiymətləri dekabrın ortalarından, Yeni il bayramı münasibətilə “endiriblər”. Hazırda satışda olan malların qiyməti əvvəlkiylə müqayisədə 20 faiz aşağı salınıb. Qiyməti 10 manata olan kişi və qadın koftaları 7 manata, 12 manatlıq ayaqqabılar 8 manata, dekabrın əvvəllərində və ortalarında 15 manata satışda olan şalvarlar indi 10 manata, 50 manatdan baha qiymətə satılan geyimlər isə haazırda 50 manatdır. Şübhəsiz ki, bu, satıcıların dedikləridir. Söylənilənlərin doğru olub-olmadığı, yaxud bu malların dekabrın əvvəllərində həqiqətən də deyilən qiymətə satılıb-satılmadığı dəqiq bəlli deyil...

Azad İstehlakçilar Birlyinin sədri (AİB), ekspert Eyyub Hüseynov bildirdi ki, ayrı-ayrı geyim mağazaları, habelə digər alqı-satqı mərkəzləri tərəfindən saxta endirim kampaniyalarına yalnız Yeni il bayramı ərəfəsində yox, il boyu, ayrı-ayrı mövsümlərdə də rast gəlinir: “Təəssüf ki, belə xoşagəlməz hallar, aldadıcı vədlər il boyu davam edir. Saxta endirim kampaniyaları ilə əlaqədar istehlakçılar bir sıra problemlərlə üzləşirlər. Vətəndaş aldadıcı endirim elanını görüb mağazaya daxil olur və görür ki, əslində, malların qiymətləri endirilməyib. Satıcılar isə bildirirlər ki, bu endirimlərin bizim mallara aidiyyəti yoxdur. İkinci xoşagəlməz hal bundan ibarətdir ki, istehlakçı nəyi isə alıb evinə aparandan sonra malın özünün tələbatını ödəmədiyini gördükdə, malı geri qaytarmaq, dəyişmək istəyir. Satıcılar isə bildirirlər ki, endirimdə olan mallar geri qaytarılmır və ya dəyişdirilmir. Halbuki “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanunda belə məsələlər nəzərə alınmayıb. Vətəndaş endirim kampaniyası çərçivəsində aldığı malı dəyişdirə bilər. Üçüncüsü, vətəndaş endirim kampaniyası çərçivəsində almaq istədiyi malın əvvəlki qiymətini görmək istəyır. Lakin malların köhnə qiymətlərini əks etdirən heç bir sənəd olmur. Beləcə, istehlakçılar aldadır”.

Azad İstehlakçilar Birlyinin sədri əlavə etdi ki, Nazirlər Kabinetinin 16 mart 2014-cü ildə təsdiq etdiyi qərara görə, malların üzərində məsul şəxsin imzası və möhürü olan qiymət sənədləri olmalıdır və əvvəlki, habelə sonuncu qiymət də yazılmalıdır ki, istehlakçı onun doğruluğuna inansın: “Bu yaxınlarda bizə bəzi mağazalar şəbəkəsindən narazı olan istehlakçı tərəfindən şikayət edildi. Vətəndaşlara mağazalar şəbəkəsinin öz mallarına endirimlər etməsi ilə bağlı SMS-lər göndərilir. Vətəndaş uzaq məsafədən mağazaya gəlib malı seçir, lakin deyirlər ki, endirim mala aid deyil. Təəssüf ki, əhalinin aldadılması davam edir. Biz bu məsələlərlə bağlı dövlət orqanlarına məlumatlar vermişik”.

Azad İstehlakçılar Birliyinin sədri bildirdi ki, belə xoşagəlməz halların qarşısının alınması üçün həm onun rəhbərlik etdiyi AİB, həm də istehlakçı hüquqlarını qoruyan müvafiq qurumlar nəzarəti daha da artırmalıdırlar.

Anar Tağıyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm