• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

“Şəraba lisenziya verən dövlət qurumu kolbasaya halal deməsin” - Etiraz -Fotolar

  • Digər
  • 14 Fevral 2014 13:49
  • 2 808 Baxış
“Şəraba lisenziya verən dövlət qurumu kolbasaya halal deməsin”  - Etiraz -Fotolar

“SAB” markası altında istehsal edilən kolbasa və sosislər halallıq standartlarına tam uyğundur”, - bunu adıçəkilən ət məhsullarının istehsalçısı “Zəhmət Ruzi” şirkətinin direktor müavini Əliheydər Fərəcullayev deyir. “Zəhmət Ruzi” şirkəti son günlər Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Azərbaycanda halal ət və sosislərin istehsal olunmadığı barədə iddialara etirazını bildirir.

Xatırladaq ki, bu günlərdə Komitə Azərbaycanda heç bir şirkətin onlardan halallıq sertifikatı almadığını və bu səbəbdən də bazarda halal ət məhsulunun olmadığını bildirmişdi.

Əslində isə Əliheydər Fərəcullayevin sözlərinə görə, onlar, eləcə də ” JF Kristal” və “Səhliyalı” kimi şirkətlər halal məhsul üzrə sertifikatı almaq üçün Komitəyə müraciət ediblər, amma sertifikatın hələ hazır olmadığı, üzərində iş getdiyi cavabını alıblar.

Komitənin “Azərbaycanda halal kolbasa və sosis satılmır” bəyanatından sonra bəzi alıcıların yerli məhsullara etimadının itməsi barədə danışan direktor müavini dedi ki, onlar bu söz-söhbətdən sonra hər həftənin şənbə gününü “Açıq qapı günü” elan ediblər. “Biz alıcıları qrup şəklində Xırdalanda yerləşən zavodumuza dəvət edirik, qoy, gəlib gözləri ilə görsünlər ki, kolbasa-sosis necə hazırlanır. Bizdə istehsalda halallıqla bağlı bütün tələblərə ciddi riayət olunur, xammal kimi nəinki ətin, eyni zamanda qatqıların da bu standartlara uyğun olmasına çalışırıq.”

Ə.Fərəcullayev bildirir ki, əslində halallıq sertifikatı vermək üçün Komitə özü bir sıra tələblərə cavab verməlidir. “Dünyanın heç bir yerində şəraba sertifikat verən qurum halallıq sertifikatını vermir. Spirtli içkilər və s kimi haram qidalara sertifikat verən bir qurumun halallıq üzrə sertifikatı verməsi mümkün deyil. Digər tərəfdən, komitə İslam Əməkdaşlıq Təşkilatının 2011-ci ildə qəbul elədiyi sənədlərdən bir tək “Halal qida” deyilən sənədlərə qoşulub, digər iki sənədə-akkreditasiya ve sertifikasiya sənədlərine qoşulmayıb.Biz bunu əminliklə deyə bilərik, çünki bu tələblərə əməl eləmək üçün Komitədə ən azı ilahiyyatçılardan ibarət xüsusi şöbə fəaliyyət göstərməlidir.”

20 ildir ki, bazarda olan “Zəhmət Ruzi” şirkəti xarici ölkələrə də halal mal ixrac etmək üzərində düşünür. Bu məqsədlə şirkət artıq 5 aydır ki, Türkiyənin halal qidaya sertifikat verən GİMDES adlı təşkilatı ilə işləyir və hazırda zavodda bu qurumun nümayəndələri audit edirlər. “Biz tək Azərbaycan bazarı ilə kifayətlənmək istəmirik, xarici ölkələrə çıxmaq üçün isə bizə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin lisenziyası yox, beynəlxalq bazarda tanınan qurumların sertifikatları lazım olacaq. Beynəlxalq bazarda halal nişanlı məhsul satmaq üçün bir sıra standartlara cavab vermək lazımdır. Ən əsası isə halallıq üzrə beynəlxalq sertifikat verən, qərərgahı Malayziyada yerləşən JAKİM adlı təşkilatın yoxlamasından keçmək lazımdır ki, biz hazırda bu işləri həyata keçiririk.”

Gündəlik istehsal gücü 12-15 ton ət məhsulları olan “Zəhmət Ruzi” şirkətinin nümayəndəsi istehsalda Hindistandan gətirilmiş camış ətindən istifadə etmələri barədə iddialara da cavab verdi. Onun sözlərinə görə, yalnız Azərbaycanda yetişdirilən mal və toyuq ətindən istifadə edirlər. “Ola bilər ki, bu söz-söhbət bizim kirayədə olan soyuducularımızda saxlanılan xarici məhsullara görə yayılıb. Amma bu ət bizə yox, kirayəçilərimizə məxsusdur” – deyə, Ə.Fərəcullayev bildirdi.

Mediada kolbasa və sosislərin istehsalında at və eşşək ətindən istifadə olunması barədə kifayət qədər yazılıb. Bu yaxınlarda Qusarda coxlu sayda at və eşşəyin kəsildiyi ərazi tapılanda birmənalı şəkildə ətin kolbasa istehsalına yönəldildiyi qeyd olunurdu. Bu səbəbdən də həm bir alıcı kimi, həm də media nümayəndəsi kimi istehsal prosesini öz gözümüzlə görmək istədik. “Kolbasanın hansı şəraitdə istehsal edildiyini görsəniz, bir də onu yeməzsiniz” deyimlərinə əks olaraq sex, soyuducu anbarlar, laboratoriya, avadanlıqlar öz təmizliyi, səliqəsi ilə göz oxşayırdı. Bütün işçilər xüsusi geyimdə, başı papaqlı, əllərini dezinfeksiya ediləndən sonra istehsal sahəsinə buraxılırlar. İstehsalın əksər hissəsi avtomatlaşdırılıb , alman və italyan texnologiyalarından istifadə olunur.

Seymur

Fotolar Nuronundu

Oxşar xəbərlər

Xəbər lenti

DAHA ÇOX XƏBƏR