• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

Okan Bayülgen: dörd evlilik, Mehmet Ali Erbilin “sevgilisi”, Atatürk amili – FOTOLAR

  • Digər
  • 6 Yanvar 2015 12:20
  • 3 354 Baxış
Okan Bayülgen: dörd evlilik, Mehmet Ali Erbilin “sevgilisi”, Atatürk amili – FOTOLAR

Publika.az məşhur sənət adamlarının həyatı və yaradıcılığı ilə bağlı növbəti araşdırmanı təqdim edir.

Bu dəfə “Hədəf” Azərbaycanda da yetərincə tanınan və əslində, heç bir təqdimata ehtiyacı olmayan şoumen, teleaparıcı, kino, teatr və dublyaj aktyoru, fotoqraf, rejissor…və nəhayət, sadəcə, Okan Bayülgendir.

Uşaqlıq illəri

Okan Kaan Bayülgen 1964-cü il martın 23-də İstanbulun Cihangir bölgəsində polkovnik Həmid Bayülgenin oğlu jurnalist Ümid Bayülgenlə rəssam Ayla xanımın ailəsində dünyaya gəlir. Okanın altı yaşı olanda valideynləri boşanır. Bu arada qeyd edək ki, Bayülgenin babası, vəkil Həmdi Üge bir müddət Atatürkün “Qurani Kərim”i türkcəyə tərcümə etdirdiyi Elmalılı Məhəmməd Həmdi Yazırın ailəsindən olan Rəhimə xanımla evli idi. Elə onun həmin babası nə az, nə çox beş dəfə ailə qurmuşdu.

Okanın valideynlərinin boşanmasından xəbər tutmaması üçün 1970-ci ildə anası Ayla xanım onu Göztepedəki “Daş məktəb”ə yazdırdı. Ancaq sonra baş verənlərdən belə məlum olur ki, məqsəd heç də uşağı mənəvi zərbədən qorumaq deyilmiş. Çünki həmin ərəfədə həm Ümid Bayülgen, həm də Ayla xanım ikinci dəfə ailə həyatı qururlar. Okanın atasının ikinci nikahından Ozan və Okşan adlı iki oğlu dünyaya gəlir. Boşanandan sonra Bodruma köçən Ayla xanım isə İsmet Görgün adlı şəxslə nikah masasına oturur.

İlk eşq

Bu illərdə Okan anasının valideynləriylə yaşayır. İbtidai təhsilini Şişli bölgəsindəki “19 Mayıs” məktəbində başa vuran Bayülgen təhsilini Qalatasaray liseyində davam etdirir və buradakı şagird klubunda musiqi, ədəbiyyat, folklor kimi sahələrlə maraqlanır, müxtəlif bilgiləri mənimsəyir. Buradakı ilk il Okan üçün çox düşərli olur, qısa müddətdə müəllimlərin və sinif yoldaşlarının sevgisini qazanmağı bacarır. Növbəti il isə Okan üçün hər şey dəyişir. O, Mustafa Kamal Atatürkün Cenevrədəki xüsusi nümayəndəsi olmuş məşhur diplomat İlerinin oğlu, yazar və siyasətçi Rasih Nuri İlerinin bir qohumuna aşiq olur və məktəbə getmək istəmir. Qeyd edək ki, Rasih Nuri İleri 2014-cü ilin dekabrında 94 yaşında dünyasını dəyişib. Okanın məktəbə getməməsindən xəbər tutan Ayla xanım onu yanına – Bodruma çağırır. Qəribədir ki, uşağını öz valideynlərinin ümidinə buraxan Ayla xanımın yadına Okan yeniyetmə yaşlarına çatanda düşür…

Psixoloji pozuntular

Halbuki anası ikinci dəfə nikaha daxil olduğu illərdə Okan Bayülgen ciddi psixoloji gərginliklər keçirir. İş o həddə çatır ki, o, Türkiyənin məşhur psixiatrlarından olan Metin Özekə tez-tez müraciət etməli olur. Bəlkə də, məhz bu səbəbdən onun bugünkü davranışlarında da müəyyən əsəbilik əlamətləri hiss olunur. Ancaq belə davranışın efir obrazı üçün olması da istisna deyil.

Fransa macəraları və antikvarçı qadın

…1984-cü ildə Okan fotoqraf təhsili almaq üçün Fransaya gedir. Tours universitetinin hüquq və iqtisadi elmlər fakültəsində hüquq ixtisası üzrə təhsil almağa başlayan Bayülgen fikrini də, fakültəsini də dəyişir. Bu dəfə o, həmin universitetin iqtisadiyyat fakültəsini seçir. Bu vaxt Okan Fransada antikvarçı bir qadınla tanış olur. Qadınla mütəmadi olaraq antik əşyalar sərgisinə, teatra gedir. Ancaq o, bu fakültədə oxumaqdan da vaz keçir və təhsilini yarımçıq qoyub, Türkiyəyə qayıdır. Bu dəfə Memar Sinan Universitetinin konservatoriya bölümünə imtahan verir və uğur qazanır. 1989-cu ildə - 25 yaşında ilk ali təhsilini başa vurur. Ardınca həmin universitetin sosial elmlər fakültəsinin magistratura pilləsini bitirir.

Məşhurluğa doğru…

1989-cu ildən etibarən Bayülgen məşhurlaşmaq dönəminə qədəm qoyur. Əvvəlcə dövlət teatrlarında rejissor kimi fəaliyyətə başlayır. Bəzi tamaşalarda isə özünü aktyor kimi də sınayır və bu sınaq çox uğurla nəticələnir.

Onu çoxları şoumen kimi tanısa da, Bayülgen Türkiyə teatrı tarixinə düşməyi bacarıb. Belə ki, 1989-cu ildə dövlət teatrında tamaşa qoyanda Okanın cəmi 25 yaşı var idi. Buna qədər heç kim 25 yaşında dövlət teatrında tamaşa səhnələşdirməmişdi.

İlk sınaq

Rejissorluqla yanaşı, Bayülgen özünü radioaparıcı kimi də sınayır. 1991-ci ildə Kent FM-də “Son Saatlar” adlı proqramla efirə çıxan Okan eyni zamanda “Gənc İndiana Cons” serialının Türkiyədə çəkilən bölümündə rol alır. Ardınca xəbər aparıcısı qismində mikrofon önünə keçir. Televiziyaya keçdikdən sonra da radiodakı işlərini davam etdirən qəhrəmanımız 1995-ci ildə “Radio Contact”da işə başlayır. Ümumiyyətlə, Okan Bayülgen Türkiyənin bir neçə radiosuyla iş birliyi qurub və bunun, demək olar ki, hamısı uğurlu alınıb.

Onun televiziya karyerası isə “Satel TV”-də başlayır. Klip verilişinin aparıcısı kimi fəaliyyətə başlayan Bayülgen ATV-də gecə yarısı efirə çıxan “Gece kuşu” proqramıyla diqqətləri çəkməyi bacarır. Getdikcə məşhurluğun zirvəsinə doğru irəliləyən şoumen qəfil “yoxa çıxır” və iki il efirlərdən uzaq qalır. Ancaq onun qayıdışı yetərincə möhtəşəm alınır. Kanal D-də “Zaga” verilişi ilə geri dönən Bayülgenin bu layihəsi tez-tez dəyişən qruplar, eskizlər, dekorasiya, orkestr, fərqli proqram anlayışı, canlı telefon bağlantıları ilə türk tamaşaçısı üçün sözün əsl mənasında yenilik olur. Artıq o, Yılmaz Ərdoğan, Cem Yılmaz və Beyazıt Öztürklə birlikdə dövrünün yüksələn dörd şoumenlərindən birinə çevrilir.

Telelayihələr

2004-cü ildə Bayülgen növbəti layihə ilə tamaşaçısını təəccübləndirir. “Herkes Bunu Konuşuyor” adlanan proqram əyləncəli olmasına rəğmən, həm də ciddi proqram idi. Okan elm, musiqi, məşhur mədəniyyət, media dünyasından və müxtəlif sənət növlərindən müxtəlif yönlü qonaqlarla birlikdə, keyfiyyət, əyləncə və maraqlılığı özündə cəmləşdirən bir proqram ortaya qoya bilir. Ancaq nə qədər maraqlı olsa da, bu proqram cəmi bir il davam edir və 2005-ci ildə Okan Bayülgen tamaşaçı qarşısına ”Televiziya Makinası” ilə çıxır. Yazının bu yerində qəhrəmanım barədə bir neçə kəlmə öz fikrimi bildirməyim, məncə, yerinə düşər. Medianın tənqidinə rəğmən, Okanı türk tamaşaçısına sevdirən ən əsas məqam tabuları qırması, heç kimi təqlid etməməsi və özü olmasıdır. Məncə, ona nifrət etdiyini deyənlər də Bayülgenə baxırlar. Çünki bu adam atdığı hər addımla özünə qarşı maraq yarada bilir. Müsahibələrinin birində “özünüzü necə təqdim edərdiniz” sualına verdiyi cavaba nəzər salaq:

“Dəli, axmaq, səfeh….Hamı özünə o sözləri deyir onsuz da. Məsələn, oyanıb öz-özünə “nə gözələm” deyən adamın başında bir problem var. Ümumiyyətlə, “nə axmağam”, “nə sefehəm” kimi sözləri özümüzün ünvanına tez-tez işlədirik”.

Məncə, hər şey aydındır. Kim özünə qarşı bu qədər səmimi tənqidçi ola bilər? Təbii ki, çox az adam. Bəlkə və elə çox güman ki, onun fərqi də bundadır.

Okan Bayülgenin yaradıcılığı barədə danışarkən onun özünü kinoaktyor kimi sınamağına da toxunmaq lazımdır. Amma onun bu sahədə debütü yetərincə gec – 32 yaşında olur. Mustafa Altıokların rejissorluğu ilə çəkilən ”İstanbul Kanatlarımın Altında” filmində canlandırdığı Salih xarakteriylə “ən yaxşı aktyor” mükafatını alır. Ardınca 1997-ci ildə “Ağır Roman”, 1999-da “Romantik”, 2000-ci ildə “Oyun Bozan”, 2001-də ” Hemşo ve Komiser Şekspir”, 2002-ci ildə “Sır Çocukları”, ”Gülüm” filmlərinə çəkilir. Bayülgenin filmoqrafiyasında “Utanmaz Adam”, “Size Baba diyebilirmiyim?” adlı televiziya serialları da var.

Qəhrəmanımızı fərqləndirən başqa bir cəhət isə təsirli səs tonu, eyni dərəcədə təsirli olan “vurğulamaları” və Anadolu türkcəsini çox dəqiq bilməsidir. Məhz buna görə o, özünü dublyaj sahəsində də sınaya bilib. “Şrek, “Garfield” kimi animasiyaların türkcəyə dublyajını edib.

Fotoqraflığı

Bayülgen fotoqraflığa bir neçə il öncə ad günündə özünə hədiyyə etdiyi “Leica M6” fotoaparatı ilə başlayıb. O, indiyə qədər müxtəlif firmalar üçün kataloq və moda çəkilişləri edib. Bayülgenin 2006-cı ilin mayında Dolmabahçe Sarayı İncəsənət Qalereyasında Zekai Demir ilə birlikdə etdikləri Madaqaskar səyahətindən fotoşəkillərin yer aldığı “Baobab Yolu” adlı sərgisi açılıb. Hətta sərgidə nümayiş olunan fotolardan ibarət kitab da nəşr olunub.

Şəxsi həyat

Bir neçə cümlə də qəhrəmanımızın şəxsi həyatı barədə. Okanın ilk evliliyi çox gənc yaşda olur. Amma yeni tanış olduğu fransız qadının sayəsində həmin evlilik sona yetir. Ardınca Bayülgen daha iki dəfə nikah masasına oturur. Əvvəlcə reklamçı Qaye xanımla qurduğu ailə uğursuz alınır. Türk məşhurun üçüncü evliliyi isə 1996-ci ildə aktrisa Zeyno Günençlə baş tutur. Ancaq Okan bu dəfə də ailəsini qoruya bilmir və 1998-ci ildə onlar boşanırlar.

2009-cu il Okanın dördüncü evliliyi ilə yadda qalır. Şirin Ediger ilə Türkiyənin İtaliyadakı səfirliyində sadə bir nikahla münasibətlərini rəsmiləşdirir. Cütlük dünyaya gələn qızına İstanbul adını qoyur. Ancaq Bayülgenin bu nikahı da beş il davam gətirir və 2014-cü ildə Okanla Şirin boşanırlar.

Bayülgen ötən ilin sonlarından professor Sevil Atasoyun qızı Selin Atasoyla birlikdədir. Cütlüyün münasibətlərini rəsmiləşdirəcəyi də gözlənilir.

Okan “mavi”dir?

Bütün məşhurlar kimi, Okan Bayülgen haqda da zaman-zaman müxtəlif şayiələr yayılıb. Hətta bu şayiələr onun oriyentasiyasıyla da bağlı olub. Türkiyənin sarı mətbuatı bir zamanlar yazırdı ki, Okan Bayülgenle həmkarı Mehmet Eli Erbil yaxın dostdurlar. Hətta iddia olunurdu ki, bu iki məşhur arasında “başqa” münasibətlər də var.

Qeyd edək ki, 2013-cü ildə Tv8 ilə yollarını ayıran və BeyazTv-də işə başlayan Bayülgen uzun müddətdir ki, Qalatada yaşayır.

Sonda Okan Bayülgenin oynadığı filmlərin siyahısını təqdim edirik:

1992 – “The Adventures of Young Indiana Jones: Daredevils of the Desert”

1996 – “İstanbul Kanatlarımın Altında”

1997 – “Ağır Roman”

1998 – “Utanmaz Adam” (serial)

1998 – “Mulan” (səsləndirmə)

2000 – “Oyunbozan”

2001 – “Şrek”(səsləndirmə)

2001 – “Komser Şekspir”

2001 – “Hemşo”

2002 – “Gülüm”

2002 – “Buz Devri” (səsləndirmə)

2002 – “Sır Çocukları”

2004 – “Şrek 2”(səsləndirmə)

2004 – “Garfield: The Movie” (səsləndirmə)

2005 – “Robotlar” (səsləndirmə)

2006 – “Cesur Balık” (səsləndirmə)

2006 – “Pembe Panter” (səsləndirmə)

2006 – “Sınav”

2007 – “Şrek 3”(səsləndirmə)

2007 – “Çirkin Ördek Yavrusu ile Farecik” (səsləndirmə)

2007 – “Donkey Xote” (səsləndirmə)

2007 – “Romantik”

2008 – “Garfield Komedi Festivali” (səsləndirmə)

2009 – “Kanalizasyon”

2010 – “Garfield 3 Boyutlu Süper Kahraman” (səsləndirmə)

İntiqam VALEHOĞLU

Oxşar xəbərlər

Xəbər lenti

DAHA ÇOX XƏBƏR