• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

5000 manatdan yuxarı olan bütün əmanətlər vergiyə cəlb ediləcək – AÇIQLAMA

  • Digər
  • 8 Yanvar 2015 14:12
  • 1 436 Baxış
5000 manatdan yuxarı olan bütün əmanətlər vergiyə cəlb ediləcək – AÇIQLAMA

Əmanət faizlərinə tətbiq edilən güzəşt müddətinin ən azı 1 il uzadılmasının vacibliyi qeyd edilsə də, hökumət fikrində qətidir. Hətta bununla bağlı Vergi Məcəlləsinə dəyişiklik layihəsi hazırlanaraq parlamentə təqdim edilib. Məcəlləyə təklif edilmiş dəyişikliyə əsasən, bundan sonra yerli bank və xarici bankın Azərbaycan Respublikasındakı filialı tərəfindən fiziki şəxslərin əmanətləri üzrə ödənilən illik faiz gəlirlərinin ancaq 500o manatadək olan hissəsi vergidən azad olunacaq. Layihə olduğu kimi qəbul olunsa, bu halda orta hesabla 5000 manatdan yuxarı olan (illik 10%-lə cəlb edilmiş) bütün əmanətlər vergiyə cəlb ediləcək.

Məsələyə münasibət bildirən iqtisadçı ekspert Samir Əliyev deyir ki, əmanətin illik faizi azaldıqca vergiyə cəlb edilməyən əmanətin həcmi də artacaq və ya əksinə: “Məsələn, illik 9%-lə 5555 manat, 8%-lə 6250 manat məbləğində güzəştli əmanət qoya biləcəklər. İllik faiz dərəcəsi 11-ə qalxdıqda isə güzəştli əmanətin məbləği 4545-ə qədər azalacaq. Ancaq burada əmanətçilərin 2 vacib nüansa diqqət yetirməsi çox vacibdir. Birincisi, göründüyü kimi, söhbət konkret olaraq bir banka yatırılmış əmanətdən gedir. Əmanətçi vergi ödəməmək üçün əmanətlərini bir neçə hissəyə bölməklə müxtəlif banklarda yerləşdirə və ya onu ailə üzvlərinin adlarına keçirə bilər. Bu, ailə əmanətlərin inkişafını stimullaşdıracaq. İkinci nüans faizin vergiyə cəlb olunan hissəsi ilə bağlıdır. Əgər əmanətçi banka illik 10%-lə 10 min manat yatırıbsa, bu halda onun gəliri 1000 manat olacaq və deməli, ödəyəcəyi vergi məbləği 50 manat ((1000 AZN – 500 AZN) x 10%) olacaq”.

İqtisadçı deyir ki, hazırda ölkə üzrə əmanət qoyuluşunun həcmi 7 milyard manatdan çoxdur. Orta illik faiz dərəcəsi isə 10%-ə yaxındır: “Deməli, söhbət 70 milyon manat vəsaitdən gedir. Güzəşt davam etsəydi, hökumət bu qədər vəsaiti əmanətçilərə hədiyyə etməli idi. Ancaq neftin ucuzlaşması fonunda neft gəlirlərinin azalması büdcənin icrasında problemlər yarada bilər. Bunları önləmək üçün hökumət vergi mənbələrini artırmağa başlayıb ki, onlardan biri də əmanətlərə vergi tətbiqinin bərpasıdır.

Əmanətlərin həcminə görə strukturu açıqlanmadığından, yeni güzəşt sisteminin tətbiqindən büdcənin nə qədər qazanacağını söyləmək çətindir. Hər bir halda, bu, 70 milyon manatdan az olacaq və xeyli əmanətçinin gəlirlərinə toxunacaq. 2015-ci ilin dövlət büdcəsində dividendlərdən, faizlərdən və icarədən gəlir vergisi 81 milyon manat artımla proqnozlaşdırılıb. Böyük ehtimalla, bu artımın təxminən yarısı əmanətçilərin hesabına örtüləcək”.

S.Əliyev bildirir ki, yeni güzəşt mexanizminin bank sistemi üçün yeganə üstünlüyü əmanət bazarında təmərküzləşmənin azaldılması olacaq: “Hazırda əmanət bazarının təxminən yarısı ölkənin 5 iri bankının payına düşür. Yerdə qalan yarısına isə 39 bank nəzarət edir. Vergi güzəştinə düşmək üçün əmanətçilər vəsaitlərini banklar arasında bölməli olacaqlar ki, bu da vəsaitlərin bərabər paylanmasını stimullaşdıracaq.

Ancaq bu addım Mərkəzi Bankın 2015-ci ildə kredit faizlərinin aşağı salınması ilə bağlı qarşısına qoyduğu məqsədə çatması təşəbbüsünə ziddir. Çünki yeni sistem bazarda əmanət faizlərinin artımına gətirib çıxaracaq. Əmanətçini itirməmək və ödənilməli olan vergi məbləğini kompensasiya etmək üçün bank faiz dərəcəsini qaldırmalı olacaq. Bu isə əmanətlərin bahalaşmasını şərtləndirəcək. Deməli, bu il kreditlərin ucuzlaşmasını gözləmək tezdir”.

İqtisadiyyat şöbəsi

Oxşar xəbərlər

Xəbər lenti

DAHA ÇOX XƏBƏR