• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

Sevgililərini parlamentə daşıyan milyonçu: o, Putinə mahnı da həsr edib - FOTOLAR

  • Digər
  • 10 Yanvar 2015 11:06
  • 2 435 Baxış
Sevgililərini parlamentə daşıyan milyonçu: o, Putinə mahnı da həsr edib - FOTOLAR

İtaliyanın ən zəngin vətəndaşı sayılır. Sərvətinin həcminə görə altıncı yerdədir. Varidatına banklar, futbol komandası, mağazalar şəbəkəsi, investisiya, pensiya fondları daxildir. 1994-1995, 2001-2006, 2008-2011-ci illərdə ən varlı vətəndaşı olduğu ölkəyə baş nazirlik edib. Söhbət Silvio Berluskonidən gedir.

Publika.az-ın "Milyonçu” layihəsi çərçivəsində keçmiş baş nazir, dollar milyarderi Silvio Berluskoninin həyat hekayəsini təqdim edir.

Manıslıqdan inşaat sektoruna

S. Berluskoni 1936-cı ildə Milanda dünyaya göz açıb. Atası Luici bankda sıravi işçi, anası Rosella evdar qadın olub. Ailə gəlirləri böyük olmasa da, zəruri istehlaklarına yetib. Buna rəğmən, oğullarının yaxşı təhsil almasına çalışıblar. Əvvəlcə orta məktəbdə, daha sonta liseydə təhsil alan Silvio 1961-ci ildə Milan Universitetinin tətbiqi hüquq fakültəsinin məzunu olur. Universitetdə oxuduğu illərdə pul qazanmağa başlayan iş adamı tələbə yoldaşları üçün kurs işi yazırmış. Yoldaşı aşağı qiymət aldıqda isə qonorarı geri qaytarırmış.

Universitetdə oxuduğu illərdə Silvio Berluskoni özünün ən yaxın dostu, ortağı Fedele Konfaloneri (“Mediaset S.P.A”-nın rəhbəri) ilə tanış olur. Yeri gəlmişkən onların yaxınlaşması musiqiyə olan sevgilərinin əsasında baş tutur. Deyilənlərə görə, Fedele pianoda ifa edir, Silvio isə kontrabasda onu müşayiət edirmiş. Bir qədər sonra dostlar bu həvəskar məşğuliyyətlərini biznesə çevirir, vokal-instrumental ansamblı yaradıb toy mərasimlərində, restoranlarda iştirak etməyə başlayırlar. Düzdür, ansamblın sifarişləri çox olmur. Amma Berluskoni kağız pulun əvəzində nufuzlu şəxslərin telefon nömrəsini əldə edə bilir. Məhz həmin tanışlıqlar sonradan onun yüksəlməsində rol oynayır.

Karyerasında ciddi işə Silvio tikinti şirkətindən başlayır. 1960-cı ildə İtaliyada tikinti bumu yaşananda isə prosesdə yaxından iştirak etməyi qərara alır. Atasının bankda kargüzar vəzifəsinə işə düzəlməklə bağlı təklifini rədd edir. 1961-ci ildə biznesə atılır və "Edilnord" tikinti şirkətini yaradır. Milanın Şimalında varlılar ücün yaşayış kompleksləri tikmək niyyətinə düşür. Maraqlıdır ki, onun ideyası həmkarları tərəfindən dəlilik kimi qarşılanır. Lakin Berluskoni iş adamı kimi uğur qazanır. Onun bu uğurunun səbəbi də tikinti üçün əraziləri çox ucuz qiymətə almasında olur. Belə ki, həmin ərazilərdən təyyarələrin uçuşu, enişi üçün istifadə edildiyindən ucuz satılırdı. Berluskoninin ikinci uğuru manıslıq edərkən qurduğu əlaqələrin sayəsində ərazi üzərindən təyyarələrin hərəkət istiqamətini dəyişdirmək olur. Nəticədə, rayonun ərazisində torpağın qiyməti qalxır. Beləcə zəngin, rahat "Milan -2”, daha sonra "Milan- 3” yaşayış kompleksləri yaranır.

1975-ci ildə Silvio “Fininvest SpA Holdinq”i yaradır. 70-ci ilin sonlarında media sektoruna atılır. "Telemilano" telestudiyasını alır. Bu studiya gələcəyin maqnatına daha da yüksəyə qalxmağa kömək edir. 1985-ci ildə Silvio artıq İtaliyanın kabel televiziyasının 85% səhminin sahibinə çevrilir. Yenə də əlaqələri sayəsində o, məşhur proqramları olan üç kanala –"Kanal-5”, "İtaliya-1”, "Rete-4” kanallarına sahiblənir. Media şirkətlərini “Fininvest SpA Holdinq” in tərkibində birləşdirir. Bu şəkildə o, 80-ci illərin ortalarında İspaniya, Fransa (La Chinq), Almaniya(Telefunt, 1987) və İspaniyada (Telechinco, 1989) televiziya kanallarına ortaq olur. 1986-cı ildə futbol klubu "Milan”ı satın alır. Həddən artıq kasıb vəziyyətdə olan kluba sərmayə yatırmaqla komandanı gücləndirir. Sonrakı 2 ildə Silvio "La Stando” mağazalar şəbəkəsinə də investisiya yatırır. Bu arada 1990-cı ildə Berluskoninin gücündən qorxan hökumət media haqqında yeni qanun çıxarır. Berluskoni “11 Giornale” adlı bölgə qəzetindəki hissələrini, üç televiziya kanalını satmaq məcburiyyətində qalır. Əvəzində həmin ildə sığorta şirkətinin, investisiya və pensiya fondunun sahibinə çevrilir. 1991-1993-cü ildə film çəkdirməyi qərara alır. İki film – "Aralıq dənizi”, "Qayaya dırmanan” filimlərinə prodüserlik edir. Yeri gəlmişkən, bu filmlərdən birində Hollivud ulduzu, italyan mənşəli Silvestr Stallone də rol alır.

Nəhayət, Berluskoni siyasətdə...

Fantastik dərəcədə varlanan Berluskoni bəxtini siyasətdə sınamağa qərar verir. Niyə də olmasın? Onun sərəncamında PR üçün nə lazımdırsa var – pul, telekanallar, minlərlə azarkeşi olan futbol komandası. 1994-cü ildə o, biznesi tərk edir və siyasətlə məşğul olmaq məqsədilə “Forza Italia”( "İrəli İtaliya”) hərəkatını yaradır. Təşkilat parlamentdəki 630 yerdən 366-nı qazanır. Berluskoninin özü isə 3 dəfə baş nazir olur. İş adamının sonuncu baş nazirlik müddəti 2008-2011-ci illərdir. Bu arada Berluskoni haqqında vəzifəsindən sui-istifadə, korrupsiya ittihamları irəli sürülməsinə rəğmən, ötən müddətdə rəqibləri ona daim uduzur. Berluskoni hakimiyyətdən könüllü istefa verir. Respublika Senatı tərəfindən təsdiqlənən və Nümayəndələr Məclisindən keçən maliyyə sabitlik qanununun ardından istefaya gedəcəyini açıqlayan iş adamı özünün və hökumətinin istefasını prezident Corco Napolitanoya təqdim edir.

İş həyatı kimi, Berluskoninin siyasi karyerası da dinamik olub. O, məhkəməyə cəlb edilib, hətta döyülüb də. Berluskoniyə qarşı ilk hücum 2005-ci ildə baş verib. İş adamı Romada tripodla hücuma məruz qalaraq qulağından zərbə alıb. 2009-cu ildə Milanda keçirilən mitinqlərin birində kütlənin arasından qabağa çıxan şəxs ona heykəl atıb. Nəticədə, Berluskoninin dişləri düşüb, burnu sınıb, üst dodağı partlayıb. Düzdür, Massimo adlı psixoloji problemi olan həmin şəxs baş nazirdən üzr istəyib. Bununla belə, törətdiyi zorakılığının nəticəsi kimi 6 il müddətinə azadlıqdan məhrum edilib.

Sevgililəri

Zəif cins qarşısında zəifliyi ilə tanınan Berluskoni rəsmi şəkildə 2 dəfə evli olub. Onun birinci arvadı Karla Dall Ole idi. Karla ilə iş adamının evliliyi 1965-ci ildən 1985-ci ilə kimi çəkib. Karla ilə boşanan Berluskoni keçmiş teatr aktrisası Veronika Lario ilə ailə həyatı qurub. Onlar 1985-ci ildən 2010-cu ilə qədər evli olublar. Berluskoninin bu iki evlilikdən 5 övladı var. Oğulları - Persilvio və Luigi, qızları - Maria Elvira, Barbara və Eleanor.

İş adamının sevgililərinə gəlincə, siyahı olduqca böyükdür. Siyahıya modellərdən tutmuş, Liviyanın sabiq lideri Qəddafinin qızı Ayişə Qəddafiyə qədər bir çox qadın daxildir. Onun sonuncu sevgilisi kimi isə 29 yaşlı Franceska Pascalinin adı çəkilsə də, 2014-cü ilin martında 25 yaşlı Susanna Canzianla paparasilərə yaxalanır. Berluskoninin millət vəkilləri ilə olan sevgi münasibətləri də ayrı mövzudur. Hətta onun millət vəkilləri ilə şəkilləri bir müddət italyan paparatsilərinin qazancına belə çevrilmişdi. Yeri gəlmişkən, Berluskoninin özəlliklərindən biri də əlaqəsi olduğu qadınları siyasi arenaya gətirməsi, hətta onların parlamentə daxil olmasını təşkil etməsidir. Məsələn, yuxarıda qeyd etdiyimiz məşhur heykəl hücumundan sonra Berluskoni dişini müalicə edən köhnə balerina və stomatoloq Nikole Minettiyi namizəd kimi irəli sürür, deputat seçdirir. Berluskoninin gözəl qadınları parlamentə daşımaq niyyəti yalnız stomatoloqla bitmir. Aktrisa Ancelina Coliyə bənzəyən italyan model Qraziana Kaponeyenin də Avropa Parlamentə düşməsini təmin edir. Açıq şəkildə bildirir ki, sevimli qadınlarını deputat və nazir kürsüsündə görməkdən xoşlanır. Onu da bildirək ki, Berluskoni şəxsən "sol partiyaların qadın namizədləri çirkindir, siyasətə girən qadınların gözəl olması vacibdir” kimi sözlərin müəllifidir.

Berluskoninin həyatı ilə bağlı maraqlı məqamlardan digəri onun dəfələrlə fırıldaqçılıq, rüşvətxorluq və seksual cinayətlərdə, o cümlədən qanunları pozmaqda ittiham edilməsidir. O həddi-büluğa çatmamış fahişələrin xidmətindən istifadədə və vəzifə səlahiyyətlərini aşmaqda günahlandırılır. Berluskoniyə qarşı belə ittihamlardan ən məşhuru Mərakeş əsilli Kərimə əl-Mahruqla sonuncunun 18 yaşı olduğu zaman pul qarşılığında cinsi münasibətə girməsidir.

Bundan əlavə, iş adamı Milan yaxınlığındakı Arkore şəhərində yerləşən villasında "bunqa-bunqa” adlanan eyş-işrət məclislərinin (qrup seks məclislərinin) təşkilində ittiham edilir. Hətta bununla bağlı 2011-ci ilin aprelində başlayan səs-küylü məhkəmə prosesinə şahid qismində Amerikanın məşhur aktyoru Corc Kluni və onun rəfiqəsi Elizabet Kanalis də dəvət edilərək dindirilmişdi. Berluskoninin özü isə ittihamı absurd adlandıraraq deyirdi ki, "bunqa-bunqa" adıyla məşhur olan qonaqlıqlarda pis bir şey axtarmaq lazım deyil: “Onlar yalnız elitar axşam ziyafətləri idi. Mənim üçün xüsusi bir dövr idi. Çünki həyat yoldaşımdan ayrılmışdım, anam və bacım ölmüşdü. Evə dönürdüm və kimsəni tapa bilmirdim. Özümü çox bədbəxt hiss edirdim".

O həmçinin bildirir ki, heç vaxt intim münasibətlərə görə qadına pul verməyib. Sadəcə, gənclərin arasında olmağı, onları dinləməyi sevir.

O adam xəstədir

Silvionun adınının daim seks qalmaqalları ilə gündəliyə gəlməsini keçmiş həyat yoldaşı Veronika Lario belə izah edir: ”O adam xəstədir və müalicəyə ehtiyacı var”. Qeyd edək ki, boşandıqları zamanı Lario Berluskonidən illik 43 milyon avro təzminat tələb etmişdi. Ancaq 200 min avroluq təkliflə qarşı-qarşıya qalmışdı.

Albom buraxır

Qeyd etdiyimiz kimi, gəncliyində müğənni kimi fəaliyyət göstərən Berluskoni maqnat olduqdan sonra musiqi albomu buraxmaq yönündə arzularını reallaşdırır. O, 2003-cü ildə sevgiyə aid "Better with a Song” albomunu buraxdırıb. Berluskoninin musiqi fəaliyyətində maraqlı faktlardan biri də Rusiyanın keçmiş və indiki prezidenti Vladimir Putinin İtaliyaya gəlişi münasibəti ilə mahnı bəstələməsidir. Berluskoni Putinin şərəfinə "Mən həmişə sənin haqqında düşünürəm” mahnısını yazır. Deyilənlərə görə, görüşdə Berluskoni qonağına bu bəstə ilə yanaşı "O sole mio”, "Torna a Surriento”, "I' te vurria vasa”, "Toska” və "Turandot” operalarından ariyalar da səsləndirir. 2006-cı ildə o, 70 illiyinin şərəfinə daha bir albom çıxartdırır.

Berluskoninin Türkiyənin baş naziri Rəcəb Təyyib Ərdoğanla yaxın münasibətləri var. Hətta o, Ərdoğanın oğlu Nəcməddinin toyunda şahidlik də edib.

Berluskoni “Forbes” də

“Forbes” jurnalının 2011-ci ildəki qiymətləndirməsinə əsasən, o, 7,8 milyard dollarlıq sərvəti ilə dünyanın 118-ci ən varlı insanı statusunu allb. 2014-cü ildə isə Berluskoninin sərvətinin həcmi 6,9 milard dollar olub. Bir ildə sərvəti 72,5 milyon dollar artıb. Berluskoni hazırda dünyada 141-ci, İtaliaya isə 6-cı ən varlı şəxsdir.

Leyla Əliyeva

Oxşar xəbərlər

Xəbər lenti

DAHA ÇOX XƏBƏR