Yeni vergilər avtomobillərin qiymətini nə qədər artıracaq? – Ekspert rəyləri
Bizi izləyin

Digər

Yeni vergilər avtomobillərin qiymətini nə qədər artıracaq? – Ekspert rəyləri

Ölkə prezidenti Vergi Məcəlləsinə edilmiş dəyişiklikləri təsdiqləyib.

Həmin dəyişikliklər nəticəsində xaricdən gətirilən avtomobillərə görə ödənilən aksiz dərəcələri yenilənib. Dəyişikliklər nəticəsində minik avtomobillərinin mühərrikinin həcmi 2000, 3000, 4000, 5000 və bundan çox olduqda mühərrikin həcminin hər kubsantimetrinə görə - 0,20 manat tutulacaq. Bundan əlavə, 400 manat + mühərrikin həcminin 2001-3000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə - 1,5 manat, 1900 manat + mühərrikin həcminin 3001-4000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə - 4 manat, 5900 manat + mühərrikin həcminin 4001-5000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə - 8 manat aksiz vergisi hesablanacaq.

Avtomobil bazarı üzrə ekspert Ramil Osmanlı deyir ki, vergi rüsumunun tətbiqi məhsulun qiymətinin artımına gətirib çıxarır. Onun fikrincə, vergi rüsumlarının artımının bir müsbət tərəfi də var. O da kənar ödənişlərin aradan qalxmasına təsiri ilə bağlıdır: ”Düşünmürəm, aksiz vergisinin artırılması ölkəyə avtomobil idxalını azaltsın. Çünki yeni aksiz dərəcələri avtomobilin dəyərinə 2-3 faiz təsir edir. 30-40 min manatlıq avtomobilin dəyərində 500-1000 manat artım idxala hər hansı şəkildə təsir etmir”.

İqtisadçı-ekspert Vüqar Bayramov isə bu fikri paylaşmır. O hesab edir ki, aksiz dərəcələri bahalı avtomobillərdə 10 min manatdan artıq qiymət artımına gətirib çıxaracaq: “Vergi Məcəlləsinə edilən son dəyişikliklərə görə, mühərrikinini həcmi 2 000 kubsantimetrə qədər olan avtomobillərdə mühərrikin hər kubuna görə aksiz vergisinin məbləği 15 qəpikdən 20 qəpiyə, mühərriki 2000-300 kubsantimetr olan avtomobillərdə 1 manatdan 1,5 manata, 3000-4000 kubsantimetr olan avtomobillərdə 2 manatdan 4 manata, 4000-5000 kubsantimetr avtomobillərdə 4 manatdan 8 manata, mühərrikinin həcmi 5 000 kubsantimetrdən artıq olan avtomobillərdə isə 4 manatdan 10 manata qaldırılıb. Son dəyişikliklərə diqqət yetirəndə bəlli olur ki, mühərrikinin həcmi daha bahalı olan avtomobillərdə daha yüksək qiymət artımları müşahidə ediləcək. Məsələn, mühərrikinin həcmi 5 000 kubsantimetrdən artıq olan avtomobillərdə qiymət artımları hətta 10 min manatdan da yüksək olacaq. Xüsusən də yeni istehsal olunan, işlənməmiş avtomobillərdə daha ciddi qiymət artımlarının olacağı gözlənilir. Mühərrikin həcmi 4000-5000 kubsantimetr olan avtomobillərdə isə qiymət artımları 6600 manatadək yüksələcək. Bu növ avtomobillərdə orta hesabla 5000 manat qiymət artımı olacaq. Mühərrikin həcmi 2 000 kubsantimetrə qədər olan avtomobillərdə isə cüzi xərc artımları gözlənilir. Bu avtomobillərin ölkəyə idxal xərci 100 manatdan çox artmayacaq. Əgər bu avtomobillərdə qiymət artımı müşahidə ediləcəksə, o zaman o, süni qiymət artımı olacaq.

2013-cü ildə ölkəmizə 103 min avtomobil idxal olunmuşdu. Bunların 94 mini minik avtomobilləri idi. Güman olunur ki, 2014-cü idə avtomobil idxalı əvvəlki illə müqayisədə 30 faizdən artıq azalıb. Bu isə daha çox ötən ilin aprelində ölkəmizdə Avro-4 standartlarının tətbiqi ilə bağlı istehsal ili köhnə olan avtomobillərin idxalına tətbiq edilən qadağa ilə bağlı idi. Avtomobil idxalına tətbiq edilən aksiz vergilərinin artırılması bu il avtomobil idxalını azaltmaqla yanaşı, ölkəmizə daha çox mühərrik həcmi kiçik olan maşınların gətirilməsinə səbəb olacaq. Bu isə o deməkdir ki, qiymət artımları mühərrik həcmi böyük olan avtomobillərə tələbin azalmasına səbəb olacaq ki, bu da bahalı maşınların satışında durğunluq ilə ifadə olunacaq. Əksinə, mühərrik həcmi kiçik olan avtomobillərin satışının çoxalacağı gözlənilir”.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm