Bankların real sektoru maliyyələşdirməsində bu il dönüş olacaqmı?
Bizi izləyin

Digər

Bankların real sektoru maliyyələşdirməsində bu il dönüş olacaqmı?

Dövlət başçısı yanvarın 10-da Nazirlər Kabinetinin (NK) 2014-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2015-ci ildə qarşıda duran vəzifələrə həsr olunan iclasında 2015-ci ildə bank resurslarının iqtisadiyyatın real sektoruna yönəldilməsinin prioritet olacağını bildirdi. Prezident çıxışında bir növ dolayı yolla əmin olduğunu vurğuladı ki, banklar qeyd olunan sahədə, nəhayət ki, bu il “sözünü deyəcək”.

Bu artıq ölkədə banklara üçüncü çağırışdır. Belə ki, onların real sektoru kreditləşdirməli olduğu ilk dəfə keçən ilin fevralında regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının başa çatması ilə əlaqədar keçirilən konfransda, daha sonra hökumətin iyul ayındakı 2014-cü ilin ilk yarısının yekunlarına həsr olunan iclasında qeyd olunmuşdu.

Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən keçən ilin əvvəlindən istehlak kreditlərinə məhdudiyyətin tətbiqi də dövlət başçımızın tapşırığı ilə olmuşdu. Belə ki, AMB sədri Elman Rüstəmov NK-nın yuxarıda qeyd etdiyimiz iclasında istehlak kreditlərinin Mərkəzi Bank tərəfindən tənzimlənməsinin sərtləşdirilməsinin də ölkə rəhbərinin tapşırığına əsasən həyata keçirildiyini bildirib. “Nəticədə, istehlak kreditlərinin artım tempi ötən illə müqayisədə 1,9 dəfə azalaraq 19 faizə, ipoteka kreditləri istisna olunmaqla isə cəmi 13 faizə enib”, - E. Rüstəmov əlavə edib. Avtomobil kreditlərinə gəldikdə isə 31 faiz azalıb. Sözümüz bunda deyil.

Ancaq iş ondadır ki, neftin qiyməti artıq 8-ci aydır ucuzlaşmaqda olduğundan ölkəmizin gəlirləri azalmaqdadır. Bu isə iqtisadiyyatın bütün sahələrinə təsir göstərməli və ən əsası istehsal və hasiledici sahələrin maliyyələşdirilməsi imkanlarını məhdudlaşdırmalıdır. Düzdür, bu, bizdə hələ özünü göstərmir. Və bank sektorunun neftin qiymətindən “əziyyət” çəkdiyi hiss olunmur. Xatırladaq ki, 2008-2010-cu illər arasında qlobal maliyyə və iqtisadi böhran zamanı da banklarımız itkiyə məruz qalmadı. Bəzi banklar kreditləşdirməni müvəqqəti dayandırsa da, iflas qeydə alınmadı.

Lakin burada başqa məqamlar var. O da bundan ibarətdir ki, neftin qiyməti düşməmişdən öncə də kommersiya banklarımız real sektoru istənilən səviyyədə maliyyələşdirmirdilər. Yuxarıda qeyd etdiklərimizə əsasən Prezident bu məsələni qaldıranda neft hələ ucuzlaşmamışdı. Odur ki, “qara qızılın” dəyərinin enməkdə olması və ölkəmizin dövlət gəlirlərinin azalması bank resurslarının iqtisadiyyatın real sektoruna yönəldilməsində heç bir bəhanə rolu oynaya bilməz.

Ancaq çox iş görmək lazımdır. Başqa sözlə desək, bankların real sektoru maliyyələşdirməsini genişləndirməyə nail olmaq üçün, əslində, nə lazım olduğu və nələr edilməli olduğu ciddi şəkildə nəzərə alınmalıdır.

İlk növbədə, kredit faizləri aşağı salınmalıdır. AMB rəhbərliyi 2014-cü ildə faiz dərəcələrinin azaldığını, ümumiyyətlə, son illərdə onların 18-dən 14 faizə qədər düşdüyünü nəzərə çatdırıb ki, bir sıra təminatçı istehlak kreditləri və mikrokreditlər üzrə faiz dərəcələrinin isə yüksək olduğu və bu sahədə hələ çox işlər görmək lazım gəldiyi vurğulanıb.

Ancaq söhbət uzunmüddətli kreditlərdən getməlidir.

Biz, əvvəlki şərhlərimizdə də yazmışıq ki, ölkəmizdə biznes kreditləri üzrə təklif əslində, qeyri-qənaətbəxş səviyyədədir. AMB sədri deyib ki, 2014-cü ildə uzunmüddətli kreditlər 19 faiz artıb, biznes kreditləşməsinin genişlənməsi davam edib. “Biznes kreditləri 18 faiz, o cümlədən sənaye 36 faiz artıb. Regionlara kredit qoyuluşları isə 39 faiz artıb”, - E. Rüstəmov əlavə edib.

Söhbət Sahibkarlığa Kömək Milli Fondu xəttiylə verilən kreditlərdən getməməlidir. Keçən ilin fevralında regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramlarının icrasına həsr olunmuş konfransda dövlət başçısı da qeyd edib ki, son illər ərzində ölkəmizin bank sektoru sürətlə inkişaf etsə də, bankların iqtisadiyyatın real sektoruna daha çox maliyyə resursları yatırmalarının vaxtı gəlib çatıb, ancaq təəssüf ki, vəziyyət başqa cürdür.

“Bankların funksiyalarından biri də ondan ibarətdir ki, ölkə iqtisadiyyatına daha böyük təkan versinlər. Xüsusilə dövlət də bank sektorunun inkişafına böyük dəstək verir. Əhali tərəfindən banklara inamın artırılması üçün dövlət çox böyük tədbirlər görüb. Bilirsiniz ki, əmanətlər sığortalanır və bu addım banklara inamı böyük dərəcədə artırıb. Ona görə, banklar da öz sosial məsuliyyətini dərk etməli və iqtisadiyyatın real sektoruna kredit şəklində daha çox vəsait ayırmalıdırlar” - deyə, Prezident vurğulamışdı.

Hələ o zaman yazmışdıq ki, ölkənin bank sektorunda likvidlik problemi aşkar görünməsə də, onların maliyyə resurslarına çıxış imkanları məhduddur. Kreditlərin faiz dərəcələrinin yüksək olması da bundan irəli gəlməkdə idi. Həmin dövrün statistikasına əsasən, iqtisadiyyata qoyulan kreditlərin 30 faizə yaxın hissəsini bankların xaricdən cəlb etdikləri maliyyə təşkil edirdi. Ona görə də 2014-cü ilin fevralına bankların 4,2 milyard manat xarici borcu var idi.

İkincisi isə, təbii ki, istehsal və ticarətdən kənar xidmət sahələrinə uzunmüddətli kreditlərin qoyuluşu məqsədilə iqtisadiyyatın bütövlükdə qeyri-neft sektorunda mövcud risk səviyyəsi azaldılmalı və bu sahədə də kompleks tədbirlər həyata keçirilməlidir. Keçən il istehlak kreditlərinin məhdudlaşdırarkən real sektorun maliyyələşdirilməsində ciddi canlanma əldə etmək üçün bunun kifayət olmadığını yazmışdıq. Başqa sözlə desək, bankların əsas gəlir mənbəyini “kəsməklə” vəsaitlərini məhz sözügedən sahəyə yönəldəcəklərini düşünmək absurd idi. Çünki hər bir bank yatırım üçün çalışır. Lakin heç bir bank nə qədər çox pulu olsa da, riskli yerə onu sərf etmir.

Sözün qısası, cari ilin dövlət büdcəsi haqqında qanunun tətbiqinə dair Fərmanda AMB-ə kommersiya banklarının kreditləri üzrə faiz dərəcələrinin aşağı salınması, həmin dərəcələrlə adıçəkilən qurumun uçot dərəcəsi arasında fərqin azaldılması istiqamətində əməli tədbirlər görmək və görülən işlər barədə hər 6 aydan bir dövlət başçısına məlumat verilməsinin tapşırılması mühüm addım olsa da, real sektorda risk səviyyəsinin də azaldılması və bu sahədə yumşaldıcı tədbirlər həyata keçirmək yaddan çıxarılmamalıdır.

Dövlət başçısı da qeyd edib ki, müxtəlif istehlak kreditlərinə və layihələrə də vəsait ayrılmaq lazımdır. Çünki Azərbaycanda ticarət mərkəzləri, ofis və yaşayış binaları tikilir. Və bu da təbiidir, çünki ölkə və iqtisadiyyat inkişaf edir - insanların bu layihələrə ehtiyacı var. Başqa sözlə desək, bu da lazımdır.

“Ancaq ölkə iqtisadiyyatı üçün hazırda real sektora qoyulan vəsait prioritet təşkil edir” – deyə, dövlət başçısı qeyd edib.

Pərviz Heydərov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm