Yeni binalarda mənzillərin rayonlar üzrə qiymətləri – AÇIQLAMA
Bizi izləyin

Digər

Yeni binalarda mənzillərin rayonlar üzrə qiymətləri – AÇIQLAMA

İlkin yaşayış mənzil bazarında satışa təklif olunan “podmoyak” yaşayış mənzillərinin hesablanmış orta təklif qiyməti 1377 (кv.m) dollardan 1354 (кv.m ) dollara düşüb. Azalma -1,67% təşkil edib. Milli valyuta ilə ifadədə ucuzlaşma 1062 manat olub.

Bazarı Publika.az-a şərh edən iqtisadçı-ekspert Nüsrət İbrahimov bildirir ki, bazar portfelində ümumi təkliflərin sayı ötən ay ilə müqayisədə dəyişməz qalıb - 535 ədəd. Bu da öz növbəsində, 2014-cü ilin əvvəli ilə müqayisədə -0.1% az, ötən ilin müvafiq ayı ilə müqayisədə isə 0,01% çox deməkdir: “İlkin yaşayış mənzil bazarında təklif edilən mənzillərin əksər hissəsini kvadratmetri 800-1250 AZN qiymət aralığında olan mənzillər təşkil edib. Bu dəyərdə olan mənzillər ümumi portfelin 50.9%-nə bərabər olub. Ümumi təklif portfelinin qalan 49,1%-i isə 800 AZN-dən ucuz mənzillərin və kvadratmetri 1250 AZN-dən baha olan mənzillərin payına düşür. Hər iki qiymət dəyərində olan mənzillər ayrı-ayrılıqda ümumi bazar payının müvafiq olaraq 25,7% və 23,4%-nə malikdirlər”.

N.İbrahimov deyir ki, 2014-cü ilin dekabrında aparılan araşdırmalar ilkin yaşayış mənzil bazarına təklif olunan “pod moyak” birotaqlı mənzillərin qiymətlərinin dəyişməz qaldığını göstərir: “İki, üç və çox otaqlı mənzillərin qiymətlərində müvafiq olaraq -8,0%, -5,0% və -6,0% azalma olub”.

O, ilkin mənzil bazarındakı qiymətlərin nisbətən azalmasını alıcılıq qabiliyyətinin aşağı düşməsi ilə izah edir. Məlum olur ki, son ayda bаzаrdа təklif olunan “podmoyak” mənzillərin ümumi orta sahəsi nisbətən artaraq, 113.2 kvadratmetr təşkil edib: “Otaqlar üzrə isə birotaqlı mənzilin ümumi sahəsi ortalama 59, iki otaqlı 88.3, üçotaqlı 130.8, dörd və beşotaqlı mənzillərdə isə, müvafiq olaraq orta sahə 181 və 239 kvadratmetr qeydə alınıb. Hesabat ayı üzrə təklif portfelində satışa çıxarılan “podmoyak” mənzillərin sayında artım əsasən Nərimanov və Binəqədi rayonlarında qeydə alınıb. Buna da əsas səbəb tikilməkdə olan binaların yekunlaşmasıyla bağlıdır. Ümumilikdə, ay ərzində iri çoxmənzilli yaşayış binalarında təklifin həcmi, həmişəki kimi, şəhərin II və III zonalarında mütləq çoxluq təşkil edib. Yaranmış vəziyyət isə son nəticədə əhalinin sıxlığının bu zonada artmasına zəmin yaradıb”.

Bu arada ikin yaşayış mənzil bazarında kvadratmetrin qiymətinə görə təklif olunan ən bahalı ev 4 otaqlı təmirsiz mənzildə qeydə alınıb. Ekspert deyir ki, Səbail rayonunda, “İçəri Şəhər” metrostansiyası yaxınlığında yerləşən 282 kvadratmetr sahəyə malik olan, tam təmirsiz mənzilin kvadratmetrinin satışa təklif olunan qiyməti 3200 manat təşkil edib: “Ən ucuz mənzil isə Abşeron rayonu, Xırdalan qəsəbəsində yerləşən 75 kvadratmetrlik sahəyə malik yeni tikili, 2 otaqlı mənzildə qeydə alınıb – kvadratmetri 400 AZN”.

N.İbrahimov deyir ki, yeni tikili mənzil bazarında ay ərzində Bakı şəhəri rayonları üzrə оrtа qiymət azalması ən çox Abşeron, Nəsimi və Nizami rayonlarında müşahidə edilib. Müvafiq olaraq -5.9%, -6.0% və -9.5%. Qiymət artımı isə daha çox Xətai rayonunda - 4.2% qeydə alınıb.

Rayonlar üzrə orta bazar qiymətlərinə gəlincə, Abşeronda kvadratmetrin qiyməti 626 manat, Binəqədidə 1051 manat, Nərimanov rayonunda 1230 manat, Nəsimi rayonunda 1200, Nizami rayonunda 830 manat, Qaradağ rayonunda 500 manat, Sabunçu rayonunda 720 manat, Səbail rayonunda 1650 manat, Suraxanı rayonunda 450 manat, Xətai rayonunda 1130 manat, Yasamal rayonunda 995 manat olub.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm