• USD 1,7339 +0,12% EUR 1,8516 +0,84%
    • GBP 2,1859 +0,79% RUB 0,0272 +0,74%

“Heç mənim şeirimi çap edən yoxdur” – xalq şairi kimə gileylənibmiş? – FOTOLAR

  • Digər
  • 15 Yanvar 2015 13:34
  • 668 Baxış
“Heç mənim şeirimi çap edən yoxdur” – xalq şairi kimə gileylənibmiş? – FOTOLAR

İstəsən, yuxuna gələrəm sənin,
gələrəm dəniz kimi.
Üzünə incilər çilərəm sənin,
çilərəm dəniz kimi.
Yoluna şəfəqlər səpərəm hərdən,
səpərəm dəniz kimi.
İstəsən üzündən öpərəm hərdən,
öpərəm dəniz kimi.
Adını qəlbinin sahillərinə
yazaram dəniz kimi...
"Sevmirəm" söyləsən bir axşam mənə,
susaram dəniz kimi,
susaram dəniz kimi...

Bu həzin misraları nahaqdan xatırlamadım. Sevilən şair Nəbi Xəzrinin bu gün anım günüdür. Şeirləri dillər əzbərinə çevrilən şairin elə misralarına bəstələnmiş mahnıları da hər zaman sevə-sevə dinlənilir.

Publika.az anım günündə şairi yaxın dostu sevilən yazıçı Vidadi Babanlının xatirələri ilə yad edir.

“Nəbi Xəzrini mən həmişə işıqlı xatirələrlə yad edirəm, çünki Nəbi özü də işıqlı insan idi. Şeirləri də özünə bənzəyirdi: təbii, səmimi. Onun şeirlərində olan səmimiyyət, həzinlik tanınmış bəstəkarlarımızı da özünə cəlb edib. Elə buna görə də gözəl misralarına saysız-hesabsız musiqilər bəstələnib. Müslim Maqomayev, Şövkət Ələkbərova, Yalçın Rzazadə kimi sənətkarlar bu mahnıları xalqa sevdiriblər. Şövkətin oxuduğu “Dərələr” bu gün də dillər əzbəridir. Nəbi insan kimi də çox ləyaqətli, sözünün ağası olan bir insan idi. Biz onu sözü üzə deyən, mərd adam kimi tanıyırdıq. Heç vaxt heç kimə yaltaqlanmazdı. Bir də Nəbidə xoşladığım bir gözəl cəhət vardı. Nəbinin xoşladığı şeir vardısa, mütləq həmin şairi təbrik edər, tərifləyərdi. Bu xüsusiyyət hər yazara nəsib olmur. Yazarlar adətən bir-birlərinə qısqanclıqla yanaşırlar. Ona şair kimi dəyər verdiyim kimi, insan kimi də qiymətləndirirdim...

Yadımdadır ki, o vaxtlar mənim Moskvada özümdən xəbərsiz iki şeirim çap olunmuşdu. Nəbi də, mən də həmin vaxt Moskvada təhsil alırdıq. Bir dəfə mənə zəng etdi ki, Vidadi, şeirin çap olunub, səni təbrik edirəm. Hətta onu da gülə-gülə söylədi ki, neçə ildir burdayam, heç mənim şeirimi çap edən yoxdur, amma sənin şeirlərinə diqqət var. Çox sevinirdi buna...

Nəbinin belə xoş sözlərini tez-tez eşidirdim. 2002-ci ildə ürəyimdən müalicə alırdım. Sağalandan sonra xəstə olduğum zaman yazdığım şeirləri çap etdirdim. Nəbi mənə zəng edib, hal-əhval tutdu və şeirlərimi çox bəyəndiyini bildirdi. Hətta zarafat da etdi ki, Vidadi, mən də ürəyimdən müalicə almışam, amma sənin şeirlərin mənim şeirlərimdən güclüdür...

Nəbinin şeirlərini cavanlar da çox sevirdi. Çünki təsirli yazırdı. Mən onun yoxluğu ilə barışa bilmirəm. Nəbi Xəzrinin Azərbaycan poeziyasında xüsusi yeri olub və bu gün də o yer görünür”.

Qeyd edək ki, Nəbi Xəzrinin ömür yolu da maraqlı və rəngarəng olub. 1924-cü il dekabrın 10-da Bakıda tacir ailəsində anadan olub. Atası Kərbəlayi Ələkbər Baba oğlu kəndin tanınmış tacirlərindən olub. Bir ilin içində üç oğlunun vəfatına dözməyib, həmin il özü də dünyasını dəyişib. 1943-1945-ci illərdə “Kommunist” qəzeti redaksiyasında korrektor və Azərbaycan radiosunda diktor vəzifələrində çalışıb.

20 yaşlı gənc şairin yaradıcılığı Səməd Vurğunun nəzərindən qaçmır və onu təkidlə 1945-ci ildə Yazıçılar İttifaqına üzvlüyə keçirir. “Çiçəklənən arzular” adlı ilk şerlər kitabı 1950-ci ildə çap olunub.

O, 1945-1947-ci illərdə Azərbaycan Dövlət Universitetində, 1947-1949-cu illərdə Leninqrad Dövlət Universitetində, 1949-1952-ci illərdə Maksim Qorki adına Ədəbiyyat İnstitutunda ali təhsil alıb.

Dənizi hədsiz sevdiyindən, xəzri küləyinin də insanlara dəniz ətrini bəxş etdiyinə görə 1958-ci ildə "Xəzri" təxəllüsü götürüb. Nəbi Xəzri 2007-ci ilin yanvarın 15-də səhər saat 10:45-də kəskin işemik insultdan vəfat edib1-ci Fəxri Xiyabanda dəfn edilib.

Cəvahir

Oxşar xəbərlər

Xəbər lenti

DAHA ÇOX XƏBƏR