Azərbaycanda varlılar daha çox vergi ödəyəcəklər - Müsahibə
Bizi izləyin

Digər

Azərbaycanda varlılar daha çox vergi ödəyəcəklər - Müsahibə

Banklarda yerləşdirilən əmanətlərə tətbiq edilən gəlir vergisi müzakirə mövzusu olaraq qalır. Gəlir vergisinin tətbiqi ilə bağlı güzəşt müddətinin ləğvindən 3 həftəyə yaxın zamanın keçməsinə baxmayaraq, hələ də əksər kommersiya banklarında vergilərin hesablanması ilə bağlı müştərilərin sualları düzgün cavablandırılmır.

Əhalinin lazımi səviyyədə məlumatlandırılmaması bəzi əmanətçilərin öz depozitlərini banklardan çəkməsinə səbəb olur. Publika.az-ın bu yöndə suallarını iqtisadçı-ekspert Vüqar Bayramov cavablandırıb.

- Vüqar müəllim hazırda ən çox sual doğuran məsələ əmanətçinin bundan sonra nə qədər vergi ödəyəcəyidir. Bu məbləğ nə qədər olacaq?

- Əslində, tətbiq edilən gəlir vergisi az və orta məbləğli depozitlərin məbləğinə ciddi təsir göstərmir. Gəlir vergisi depozitə deyil, əmanətə hesablanan faizə (dividendə) tətbiq edilir. Bu o deməkdir ki, əgər bankda 10 min manat əmanətiniz varsa və həmin pula il ərzində 900 manat faiz hesablanıbsa, o zaman gəlir vergisi heç biri halda əmanətin əsas məbləğinə tətbiq olunmur. Gəlir vergisi hesablanan zaman 500 manat azaldılır və qalan məbləğə vergi tətbiq edilir. Məsələn, bankda 10 min manat depozit varsa və ona 900 manat faiz hesablanıbsa, o zaman ödənilən vergi cəmi 40 manatdır. 900 manatdan 500 manat çıxılır və qalan 400 manata 10 faiz vergi hesablanır: (900 manat - 500 manat) X 0.1= 40 manat. Bu isə o deməkdir ki, hesablanmış 900 manatın 860 manatı əmanətçiyə verilir, 40 manat isə büdcəyə köçürülür. Əmanətçi öz depoziti ilə birlikdə 9 faizlik depozit faizi ilə bir il ərzində orta hesabla 10 000 manatını 10860 manata çatdıra bilər. Əgər depozit məbləği 20 min manatdırsa və bu halda hesablanmış faiz 1800 manatdır və o zaman 1800 manatdan yenə də 500 manat çıxılır və qalan 1300 manatın 10 faizi hesablanır. Bu zaman 1800 manat əmanət faizinin 1670 manatı əmanətçiyə verilir, 130 manatı isə büdcəyə köçürülür. 20 000 manata görə əmanətçi 21670 manat alır”.

- Bəs necə etmək olar ki, 20 min manatı olan əmanətçi vergi ödəməsin?

- Bunun üçün əmanətçı öz pulunu 5000 manatdan olmaqa 4 bankda yerləşdirir. Hər bir bankda yerləşdirilən 5000 manata görə 9 faizlə orta hesabla 450 manat dividend hesablanır. Bu isə vergidən azad olunan 500 manatdan az olduğundan avtomatik olaraq vergidən azad edilir. Bununla da, 20 min manat pulu olan şəxs 4 müxtəlif bankda pulunu saxlamaqla vergi ödəməkdən azad olur.

- Əgər əmanət bankda ötən və ya əvvəlki illərin birində yerləşdirilibsə, o zaman vergi necə hesablanır?

- Tutaq ki, 20 min manat iyulun 1-də bankda 1 il müddətinə yerləşdirilib. Bu zaman 9 faizlə ümumi hesablanan əmanət dividendi orta hesabla 1800 manatdır. Aylar üzrə orta dividend faizi eyni olduğu üçün 1800 manat əmanətin 900 manatı 2014-cü ilin son 6 ayında, digər yarısı isə 2015-ci ilin birinci yarısında hesablanır. Bu isə o deməkdir ki, ötən il hesablanan əmanət faizləri ötən il götürülməyibsə və hətta 2015-ci ilin iyulun ilk günündə götürülsə belə, yenə də 900 manat vergiyə cəlb edilmir. Yalnız 2015-ci ildə hesablanan faizlər vergiyə cəlb ediləcək. Bu zaman 2015-ci ilin yayında əmanəti götürən zaman əmanətçinin faizi belə hesablanır: (1800- 900- 500) X 0.1 = 40 manat. 1800 manat dividenddən 900 manat ötən il hesablanan vergisiz faiz məbləği çıxılır və daha sonra ondan vergidən azad olunan 500 manat azaldılır və qalan pulun 10 faiz vergisi hesablanır. Bu isə o deməkdir ki, bu halda 20 min manat əmanəti olan şəxs iyulun 1-də 21760 manat alacaq və cəmi 40 manat vergi ödənişi edəcək. Digər tərəfdən, həmin 20 min manat ötən ilin fevralında bankda yerləşdirilibsə və bu zaman 2015-ci ilin ilk ayları üçün hesablanan dividendin məbləği azaldılan məbləğdən az olduğu üçün əmanətçi hər hansı vergi ödəmədən pulunu alacaq.

- Belə çıxır, əmanəti banklardan götürməyi məsləhət görmürsünüz?

- Əvvəlla, bankda olan depoziti götürən zaman cərimə tətbiq edilir və əksər hallarda müqavilə şərti pozulduğu üçün ya əvvəl hesablanan faizlər verilmir, ya da kifayət qədər kiçik faiz hesablanır. Bu o deməkdir ki, ötən il bizim nümunəmizdə 20 min manat depozit yerləşdirən əmanətçi 40 manat vergi ödəməyə görə 1760 manatdan keçməli olur. Bu isə heç bir halda başa düşülən deyil. İkincisi, depoziti məbləği böyük olmayan əmanətçilər kiçik vəsait ödəyirlər. Məsələn, orta hesabla 9 faizlə 20 min manat əmanəti olan 1670 manat dividend alır və cəmi 130 manat ödəyir və ya 30 min manatı əmanəti olan 2480 manat faiz alır və cəmi 220 manat vergi ödəyir. Göründüyü kimi, hətta sığortalanan məbləğ və faiz daxilində də belə ödənilən vergi 220 manatdır. Təsəvvür edin ki, sabah sığortalan əmanət faizləri 1 faiz aşağı salınır və o zaman sığortalanan şərtlər ilə 30 000 manata hesablanan faiz 300 manat, yəni indiki halda ödənilən vergi məbləğindən daha çox azalacaq. Ona görə də heç də böyük olmayan vergini ödəməmək üçün pulu evdə saxlamaq başa düşülən deyil. Üçüncüsü, ödənilən məbləğ vergidir və o da dövlət büdcəsinə köçürülür.

Biz xüsusən də indiki halda, büdcənin vəsaitə ehtiyacı olduğu halda nə üçün öz dövlət büdcəmizə töhvə verməyək. Neft satışından gəlirlərin azaldığı dövrdə büdcə daxil olmalarının artımına töhvə vermək sadəcə alqışlanandır. Gələcəkdə, büdcə gəlirləri balanslaşdırıldığından sonra bu verginin ödənilməsinə yenidən güzəştin tətbiq ediləcəyi istisna edilmir. Nəzərə almaq lazımdır ki, oxşar vergi bu ildən bir sıra Avropa ölkələrində də tətbiq edilməyə başlanıb.Əslində bu verginin tətbiqindən təxminən 50 milyon manat vəsaitin dövlət büdcəsinə cəlb edilməsi nəzərdə tutulur. Bu isə əsasən iri məbləğli depozitlərin hesabına mümkün olacaq. Deməli, varlılar daha çox vergi ödəyəcəklər.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm