Bakıya göndərilən “spetsnaz”ı görmüşdüm
Bizi izləyin

Digər

Bakıya göndərilən “spetsnaz”ı görmüşdüm

Xəbər qəfildən gəldi. Baltik dənizi sahillərində, Kalininqrad vilayətində hərbi xidmət çəkirdim. Buranın keçmiş adı Keniqsberq idi. İkinci Dünya müharibəsindən sonra almanları bu yerlərdən qovmuşdular, keçmişdi sovet dövlətinin tərkibinə. Elə xidmət keçdiyim hərbi hissənin də bir çox kazarmaları almanlardan qalma binalarda yerləşirdi.

O vaxtlar soyuq müharibə dövrü idi. Kalininqradda sovetin elitar hərbi hissələri yerləşirdi. Azərbaycandan hər adam bu hərbi hissəyə düşmürdü. Ancaq rus dilini bilən, yaxşı fiziki hazırlığı olanlar burda xidmət keçə bilərdi.

Fiziki məşqlərin ardı-arası kəsilməsə də, halımdan məmnun idim. Hərbi hissənin şəraiti əla idi. Əsgərlər üçün kazarmalarda videomaqnitofonlar belə quraşdırılmışdı. Halbuki adi vətəndaşların çox az hissəsinin evində videomaqnitofon olardı. Evə məktub yazmırdıq. Ancaq zəng edirdik. Qoruduğumuz RLS bütün Qərb dövlətlərinin hava məkanını nəzarətdə saxlayırdı. Məktub yazarkən əsgərlər bəzən şəkil də göndərirdilər. Şəkillərə isə məxfi obyektlərin əksi düşürdü. Buna görə məktub yazmağa qadağa vardı...

90-cı ilin yanvarında nədənsə evə zəng etməyə imkan yaratmadılar. Yalnız həyəcanlı xəbərlər alırdıq. Qərargahda, məxfi şöbədə işləyən türkmənlər bizə deyirdilər ki, Naxçıvanda sərhədlər dağıdılıb, Bakıda mitinq gedir...

Belə xəbərlər mənə qəribə gəlirdi. 1988-ci ilin mayında Bakını tərk edəndə vəziyyətin bu cür qəfil dəyişəcəyini gözləmirdim.

Bizim hərbi hissədən 3 kilometr aralıda başqa bir hərbi hissə yerləşirdi. Onların əsgərləri tam fərqli idi. Aralarında yaşlısı, cavanı vardı. Deyirdilər ki, onlar yetimlərdir, internat uşaqlarıdır. Uşaq vaxtlarından hərbi hazırlıq keçirlər. Qışda qarda ayaqyalın qaçırdılar. Fiziki cəhətdən çox güclü idilər. Bizim əsgərlər onlara “parusnımorskoy pexota” deyirdilər. 90-cı ilin yanvarında həmin bu xüsusi təyinatlılardan ibarət düz 3 təyyarə Bakıya uçdu. Uzun illər sonra bildim ki, bunlar “QRU”-nun (Rusiya Hərbi Baş Kəşfiyyat İdarəsi) xüsusi briqadası imiş.

Axı “onları niyə Bakıya aparırlar” sualına zabitlərimiz cavab vermirdi. Bəlkə də, cavabı bilmirdilər.

Nəhayət, fevralın 1-də qonşu korpusda, orduya yeni çağırılan əsgərlərin saxlandıqları kazarmadan Kamil adlı bir nəfər bakılı yanımıza gəldi. Əlində qəzet vardı. Gözləri dolmuş halda bizə uzatdı. “Səhər” qəzeti idi. 20 yanvar qırğını haqda yazılmışdı. Təkrar-təkrar oxuduq. Evə zəng etmək yenə mümkün olmurdu. “Görən, evdəkilər salamatdırlarmı?” - bu sual bizi rahat buraxmırdı...

Bizim kazarmada yalnız iki azərbaycanlı vardı. Nahar vaxtı çatanda yeməyə getməkdən imtina etdik.

Dostlarımıza qəzeti göstərib hər şeyi anlatdıq. Çeçen, dağıstanlı, gürcü, türkmən, özbək, belarus və ruslardan bəziləri bizimlə həmrəy olaraq nahara getmədi. Bu, bölük komandiri Solovyovu hövsələdən çıxardı. “Siz azərbaycanlıların hamısını qırmalı idilər” dedi...

Onu da deyim ki, hərbi hissədə mayor Yusupov soyadlı dağ yəhudisi vardı. Qafqazdan olanları çox istəyirdi, qoruyurdu. Hərbi hissədə komissar idi. Solovyovun bu hədyanını eşidən kimi yuxarı instansiyaları xəbərdar etdi...

Bir qədər keçəndən sonra qırmızı paqonlu “osobistlər” Solovyovu elə gözümüzün qarşısında həbs etdilər.15 sutkalıq qaubvaxt cəzası aldı. Briqadadan bütün azərbaycanlıları baş qərargaha apardılar. Bizə telefonla evə zəng etməyə şərait yaratdılar...

Evlə danışdım. Salamatçılıq idi. Ancaq bir qonşumuz Ayna Sultanova yaxınlığında vurularaq şəhid olmuşdu...

O vaxt bütün hərbi hissələrdən azərbaycanlı əsgərlərin kütləvi qaçışı oldu. Mən də istəyirdim, ancaq xidmətin sonuna 2 ay qalmışdı. Kamilə və hərbi hissəni tərk etmək istəyən daha 2 azərbaycanlıya isə kömək etdik. Mülki paltar tapdıq, pul topladıq. Onlar bu pulla hərbi hissədən çıxıb Kalininqrada getdilər. Orada yerli bazarda alver edən həmyerlilərimiz vardı. Kamilgili maşına oturdub, Azərbaycana kimi ötürmüşdülər. Düz 3 min kilometr yolu...

Hərbi hissələrdə isə çaxnaşma idi. Bəzi kazarmalarda azərbaycanlı və ermənilər atışmışdı. Ölənlər vardı.

O vaxtdan nə bizi, nə erməniləri məxfi obyektləri qorumağa göndərdilər. Yəni bizə bir də silah verilmədi. Ehtiyat edirdilər...

O hadisələr yaddaşımda məhz belə qalıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm