“Qanlı Yanvar”ın icraçısı Yazov: “Ordunu şəhərə mən daxil etdim, Qorbaçov hiylə işlədərək...”
Bizi izləyin

Nida Xəbər

“Qanlı Yanvar”ın icraçısı Yazov: “Ordunu şəhərə mən daxil etdim, Qorbaçov hiylə işlədərək...”

Qanlı Yanvar hadisələrindən 28 il ötür. Bütün proseslərin başında Qorbaçov dayanırdı. SSRİ müdafiə naziri, marşal Dmirti Yazov isə Bakıya yeridilən qoşunun törətdiyi qırğınların, vəhşiliklərin birbaşa icraçısı idi. Törətdiyi cinayətə görə layiqli cəzanı almasa da, hər halda, ona ölkədən çıxmaq qadağası qoyulub. Lakin o, həqiqəti boynuna almaqdan imtina edir.

Publika.az xəbər verir ki, Yazov “Lider Tv”-nin Moskva bürosunun rəhbəri Anar Həsənovla müsahibəsində 20 Yanvar hadisələrindən, həmçinin Qarabağ münaqişəsindən bəhs edib.

- SSRİ-nin dağılmasında Qarabağ münaqişəsi böyük rol oynadı. Siz o hadisələrin mərkəzində idiniz. Bununla bağlı sizin fikrinizi bilmək istəyirik. Günahkar kim idi?

- Qorbaçovun yenidənqurma dövrü zamanı Ermənistanda zəlzələ baş verdi. Həmin vaxt artıq münaqişə də başlayırdı. Mən onda erməni mədəniyyət işçilərinin iclasında iştirak edirdim. Yazıçı Silva Kaputikyan Qarabağ haqqında danışmağa başlayanda Qorbaçov xüsusi tərzdə soruşdu: “Siz Artsax haqqında danışırsınız?” Ermənilər Qarabağı “Artsax” adlandırır. Bu, onlarına xoşuna gəldi. Onlar gülümsəməyə başladılar və Qorbaçova dedilər: “Siz tarixi bilirsiniz”.

Əslində, Qorbaçov tarixi bilmirdi. Ona, sadəcə, kimsə bu haqda demişdi və o, ermənilərin xoşuna gəlmək üçün belə etdi. Bu görüşdə ciddi suallara toxunulmuşdu. Ermənilər Qarabağı Azərbaycandan ayırmağı tələb edirdilər.

İclasda MK Siyasi Büronun üzvləri Nikolay Rıjkov və Slyunkov da iştirak edirdi. Biz bir-birimizin üzünə baxdıq. Anladıq ki, Qorbaçov danışıq aparmır, odun üzərinə yağ tökür. Müdafiə naziri kimi 172 min azərbaycanlının öz torpaqlarından qovulduğu artıq mənə məlum idi. Sumqayıtda xüsusilə vəziyyət gərgin idi. Bu, Siyasi Büroda şok effekti yaratdı. Qorbaçov məni, Kryuçkovu və Bakatini yanına dəvət etdi. Dedi ki, Bakıda vəziyyət pisdir. Bakıya ezam olunmuş Girenko və Primakovla telefon vasitəsilə danışırdı. Onlar Bakıda fövqəladə vəziyyət elan edilməsinin vacibliyini deyirdilər. Çünki “azərbaycanlılar erməniləri pəncərələrdən atır və buradan nəhəng qan iyi gəlir”. O zaman Qorbaçov hiylə işlədərək özünün yerinə müavini Bobkovu Bakıya göndərdi. Mən də getdim. Nəticədə, nümayəndə heyəti böyük oldu.

Bakıda Girenko, Primakov, Mütəllibov və Azərbaycan MK-nın başqa üzvləri toplaşdı. Mən 3 gün ərzinə fövqəladə vəziyyət elan edəcəyimizi bildirdim. Moskvada Çkalov aeroportundan uçarkən artıq hansı rayonlara desant alaylarının yerləşdirilməsi haqdaəmr verdim. Biz radiovasitəsilə qoşunların şəhərə girişi haqda elan etdik. Televiziya partladılmışdı. Bunu kimin etdiyini bilmirəm. Radio vasitəsilə insanları küçələrə çıxmamağa çağırdıq. Qoşunlar şəhərə sakinləri öldürmək məqsədilə girməmişdi. Məqsəd vəziyyəti sabitləşdirmək, ermənilərlə azərbaycanlılar arasında münaqişəni həll etmək idi.

- Rəsmi məlumatlara görə, Bakıda 136 insan həlak oldu.

- Siz bunun qoşunların daxil olduğu vaxt baş verdiyini nəzərdə tutursunuz?

- Bəli.

- Biz heç bir insanı öldürmədik.

- Amma faktlar var ki, bir neçə insan avtomat süngüləri ilə öldürülüb. Azərbaycan Milli Elmlər Akademiyasının əməkdaşları avtomobildə qətlə yetiriliblər.

- Bizim əsgərlərimizin kimisə vurmağı haqda mənə məlumat verilməmişdi.

- Bəs tankın altında qalan təcili yardım maşını?

- Mən tankın altında qalan təcili yardı maşını haqda heç nə bilmirəm. Bakıda tanklar yox idi. Sadəcə, piyada döyüş maşınları vardı.

- Putin Bakıda olanda Şəhidlər xiyabanına baş çəkdi və bildirdi ki, bu, Sovet rəhbərliyinin hərbi cinayətidir.

- Nə deyə bilərəm? Qoy danışsın. O deyir ki, bu, Sovet İttifaqının cinayətidir? Lakin sovet hökuməti təkcə Moskva, yaxud Azərbaycanda deyildi. Bu gün o hökumətin yaxşı tərəflərini hamı inkar edir.

- Siz özünüzü 20 Yanvar hadisələrində günahkar hesab edirsinizmi?

- Mən özümü günahkar hesab edirəm? Mən başqasının əmrini yerinə yetirirdim. İndi o əmrləri verən insan hər şeydən imtina edir. Mən ölkədən çıxa bilmərəm. Mən hara getsəm, həbs olunacağam. Çünki fövqəladə vəziyyəti mən elan etmişdim, ordunu şəhərə mən daxil etmişdim. İnsanların güllələnməsində məni günahkar hesab edirlər. Kimi ittiham edirlər?

Məni, Yazovu. Mən insanları güllələməyi əmr etmirdim. Həm Bakıda, həm Vilnüsdə. Mən gəldim, çünki məni göndərmişdilər. Təkcə məni yox, daxili işlər nazirini, dövlət təhlükəsizlik katibini də göndərmişdilər. Ölkədə daxili vəziyyətə görə mən cavab verməli idim? Əlbəttə ki, ilk növbədə daxili işlər naziri cavab verməli idi. Mənim vəzifəm ölkənin sərhədlərini müdafiə etmək və düşmənlə vuruşmaq idi. Məni aldatdılar.

Xatırlayıram, Heydər Əliyev öz məqalələrinin birində yazırdı ki, Qorbaçovu və o hadisələrin icraçısı Yazovu bağışlamayacam.

Lakin mən öz vəzifəmi yerinə yetirdiyimi hesab edirəm. Vətəndaş müharibələri zamanı həmişə mülki insanlar məhv olur. Qoşunları mən daxil etdim, lakin bu mənim “güllələyin” əmrini verməyim demək deyil.

Asif Nərimanlı

PUBLİKA.AZ-dan: Yazov öz cinayətini etiraf etməkdən imtina edir. Bu gün 20 Yanvar istintaqı ilə bağlı materiallar Rusiya prokurorluğunda saxlanılır və Moskva bu sənədləri Bakıdakı həmkarlarına ötürmək istəmir. Bir neçə ölkə DmitriYazovu cinayətkar elan edib. Lakin bu ittihamlar hələlik hüquqi statusunu almayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm