Aygün Kazımovanın şəhidlərə hörmətsizliyi
Bizi izləyin

Digər

Aygün Kazımovanın şəhidlərə hörmətsizliyi

10-15 il əvvəl Azərbaycanda şou deyəndə adamın ağlına şan-şöhrətli, hörmətli, insanların sevdiyi insanlar gəlirdi. Amma indi nəinki şounun içində olmaq, hətta şoudan yazmaq “zapadlo” gəlir adama.

Çünki indi bu söz bir gecəlik eyş-işrətlə, yarıçılpaq qadınlar, qulağı sırğalı, dodağı botokslu, qaşı alınmış “kişilərlə”, Samiraldo ilə, Rəqsanəylə, Maral Tahirqızıyla assosiasiya olunur.



İnanın səmimiyyətimə ki, son zamanlar bir neçə həmkarın, dost-tanışın “sən də şoudan yazırsan” sualına “hərdənbir yazıram” deyib, utana-utana cavab vermişəm. İndiyə kimi iqtisadiyyatı çıxmaq şərtilə, idmandan kriminala qədər bütün sahələrdən yazmışdım, amma bu qədər utanmamışdım, özümü ayıb bir iş görürmüş kimi hiss etməmişdim.


Yenə də inanın səmimiyyətimə ki, Hafiz Hacıyevin hər seçkiqabağı efirdə göstərdiyi şou bundan daha abırlı, urvatlı və dözüləcəkdir.


Heç haradan başlayıb, harada bitirəcəyimi bilmirəm. Söhbəti bu qədər uzatmağımın səbəbi var...
Dünən Azərbaycan ordusu üç şəhid verdi, üç əsgərimizi itirdik, üç ailənin çırağı söndü, üç nəsil yasa büründü...
Düzdür, üç əsgərimizin qisasını 17 erməni dığasını cəhənnəmə vasil etməklə ala bildik. Heç bəlkə də, ala bilmədik. Çünki bizim bir əsgərimizin dırnağı bütün erməni xalqından qiymətlidir.



Azərbaycanda fəaliyyət göstərən bir sıra diplomatik korpusların nümayəndələri, xüsusən Türkiyənin ölkəmizdəki səfiri Alper Coşkun xalqımıza başsağlığı verərək bunları yazdı:


“Təmas xəttində şəhid olan azərbaycanlı qardaşlarıma Allahdan rəhmət, ailə və yaxınları başda olmaqla, Azərbaycana başsağlığı diləyirəm”.

Əvəzində bu dövlətin ən yüksək sənətçi titulunu daşıyan xalq artisti Aygün Kazımova doğum gününü təntənəli qeyd etməkdən vaz keçə bilmədi. Şou əhlini başına toplayıb özünün “zerkalnıy” yaşını - 44-nü qeyd elədi.
Ora gələn cavan sənətçiləri, uşaq-muşaqları da heç nə mənəvi məsuliyyətdən azad etmir. Amma həmin uşaq-muşaqları ora yığan uşaq-muşaq deyil, bu ölkənin xalq artistidir. O xalq artisti ki, bu dövlətdən ev də alıb, titulunun imkan verdiyi bütün imtiyazlardan geninə-boluna istifadə də edib. Halbuki bu gün bir yazısı Aygün Kazımovanın bütün yaradıcılığından daha qiymətli qələm adamlarımız kirayələrdə ömür-gün çürüdürlər.
Həmin doğum günü tədbirini, heç olmasa, bir gün ertələmək olmazdımı? Ora gələcək şou əhlininmi xətrinə dəyəcəkdi? Cəhənnəmə dəysin!


Bilirsiniz, bəzən mətbuat da istənilən səviyyədə ədalətli ola bilmir. Bəzən ola bilmir, bəzən də ədalətli olmağı bacarmır. Sizə çox primitiv bir misal çəkəcəyəm. Dünən əkiz bacılar efirdə milli valyutamızı – manatı cıranda içi mən qarışıq hamı alt-üst paltarını başına çəkdi ki, dövlət atributudur, nə bilim cinayətdir, cəzadır və sair. Sağ olmamışları eninə-uzununa, geninə-boluna tənqid etdik.


Amma bu gün bircə jurnalist Aygün Kazımovanın üç şəhid verdiyimiz halda özünə təntənəli ad günü keçirməyindən yazmadı. Bəzilərinin yadına düşmədi, bəziləri fanatdır, bəziləri, bəlkə də, qorxularından klaviaturaya yaxın gedə bilmədilər. Deməli, gücümüz əkizlərə çatacaq qədərdir. Hələ ondan da az.
Kimlərəsə pafoslu görünəcəksə, cəhənnəmə görünsün. Amma şəxsən mən bu yazıya görə istənilən şəxsə, şəxslərə, tənqidlərə, təhdidlərə hazıram.


Yox, əgər haqlı olduğumu düşünürsünüzsə, içinizdəki səmimiyyət yetərlidir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm