• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Üfüqlərin qovuşması: Professor Aida İmanquliyeva yaradıcılığının Hermenevtik Mahiyyətinə dair

  • Digər
  • 15 Fevral 2014 21:11
  • 1 863 Baxış
Üfüqlərin qovuşması: Professor Aida İmanquliyeva yaradıcılığının Hermenevtik Mahiyyətinə dair

Bu məqalədə professor Aida İmanquliyevanın əsərlərinə istinad edərək onun yaradıcılığının hermenevtik aspektlərini və bəzi fəlsəfi-ədəbi çalarlarını şərh etməyə səy göstərəcəm. Ümidvaram ki, bu fəlsəfi şərh gələcəkdə mütəfəkkir xanım alimimizin yaradıcılığının əhatəli tədqiqində ip ucu olaraq öz töhfəsini göstərəcəkdir. Məhz hər hansı bir mövzuda yazılan məqalələrin də mahiyyət olaraq funksiyası müəyyən işarə və ip ucları ilə mövzunun elmi aktuallığını vurğulamaqdan ibarətdir.

Əvvəlcə onu qeyd edim ki, Aida xanımla sağlığında görüşmək və elmindən bəhrələnmək mənə nəsib olmasa da, qismətimdə Aida xanımın “Yeni ərəb ədəbiyyatı korifeyləri” kitabını 2007-ci ildə İstanbulda “Modern Arap Edebiyatının Usta Kalemleri” adı altında tərcümə etmək mənə nəsib olmuşdur. Məhz Aida xanım bu kitabı son dərəcə elmi ciddiyyətlə və ədəbi-fəlsəfi dərinliklə yazdığı üçün gənc bir alim olaraq mənim yetişməmə də böyük təsir göstərmiş və hal-hazırda da göstərməkdədir. Qeyd olunan kitabın Türk dilinə tərcümə edilməsindən 6 il ötməsinə baxmayaraq, kitab ərəb ədəbiyyatı, xüsusilə şərq-qərb münasibətlərini tədqiq edən alimlər və tədqiqatçılar üçün Türkiyədə də öz aktuallığını qoruyub saxlamaqdadır. Məhz müxtəlif məqalələrdə Aida xanımın bu kitabı elmi mənbə olaraq istifadə olunmaqdadır.

Məqalənin adında qeyd olunan “üfüqlərin qovuşması” (fusion of horizons) və “hermenevtika” ifadələri 20-ci əsrin məşhur filosofu H. Qademerin tərəfindən hermenevtikanı izah edərkən ortaya atdığı fəlsəfi baxış tərzidir. Qısaca olaraq bu baxış tərzinə görə, ümumiyyətlə, insanlar bir-birlərini qavrama və anlama prosesində özlərinə aid anlayışlarını, yəni üfüqlərini bölüşərək və qovuşduraraq mövzuları müzakirə edir və bir-birlərini anlayırlar. Məhz bu mövzu geniş mənada həm fəlsəfədə, həm də ədəbiyyatda müxtəlif aspektlərdən aktuallıq kəsb edir. Aida xanımın əsərlərini tədqiq etdiyimizdə də belə bir baxış tərzi ilə rastlaşırıq. Belə ki, Aida xanım öz ifadələri ilə millət və xalqların ədəbiyyatlarının hermenevtik əlaqəsini belə izah edir: “Dünyanın müxtəlif bölgələri arasındakı qarşılıqlı əlaqələr sayəsində hər bir milli ədəbiyyatın nailiyyəti başqa, hətta məkan etibarı ilə uzaq ədəbiyyatların da nailiyyətinə çevrilir...istənilən xalqın mədəniyyəti xaraktercə mili olub, ümumbəşəri nailiyyətlərlə qırılmaz surətdə bağlıdır“.

Ümumiyyətlə, Aida İmanquliyevanın yaradıcılığında hermenevtik metodologiya baxımından elmlərarası təhlillər və ya müasir fəlsəfədə aktual mövzulardan hesab olunan interdissiplinar-multidissiplinar baxış tərzlərinin tətbiq olunduğuna rast gəlmək mümkündür. İmanquliyeva, klassik ərəb ədəbiyyatına dair yazdığı bir məqalədə real həyat, bədii əsər və etik qaydalar fonunda məsələni belə qiymətləndirir: ``İbn Həzmin qayğısız gənclik illərinin xatirəsi olan “Göyərçinin boyunbağısı” həm müstəqil bədii əsər, həm də əxlaq normalarının təhlilinə həsr edilmiş traktatdır. Əsərdə müəllif sevgi, sədaqət məsələlərinə toxunur və irəli sürdüyü mənəvi-psixoloji fikirləri həyatdan gətirdiyi inandırıcı misallarla möhkəmləndirməyə çalışır. Bu misallar əsasən o vaxtkı ispan həyatından götürülmüş lövhələrdən ibarətdir.

Təsadüfi deyildir ki, Aida İmanquliyevanın yaradıcılığı heremenevtik baxımdan inteqrativ mahiyyətə malik olaraq ədəbiyyat-fəlsəfə əlaqələri kontekstində tezis, təhlil və nəticələrlə son dərəcə zəngindir. Məhz Professor Nərgiz Paşayeva haqlı olaraq bu məsələni belə qiymətləndirir: “ ...dünyanın əqli elmlə və ya əhval elmi ilə dərki məsələsi Aida xanımın məşğul olduğu Şərq ədəbiyyatının və fəlsəfəsinin əsas mövzularından idi”.

Ədəbi və fəlsəfi kontekstdə şərq-qərb münasibətləri

Hər hansı bir mədəniyyətin meydana gəlməsinin əsasını inteqrativlik və özünü dərk prosesi təşkil edir. Bu həm fərdi, həm də ictimai dünya görüşünə istinad edir. Məhz buna görə də müxtəlif mədəniyyətlər arasında olan transformasiyalar özünü dərkə istinad edərək dünya görüşlərinin qarşılıqlı nüfuz etmə mənasına gəlir. Milli kimlikdən fərqli olaraq, özünü dərk sosial tərifə ehtiyac olmadan fərdi şüuru əks etdirir. Məhz milli kimlik məfhumu mərhələli olaraq milli özünü dərkə istinad edərək formalaşır. Belə ki, mədəniyyətlərin inteqrativliyi və özünü dərk prosesi daha əhatəli varlıq anlayışı və davranış modelləri vasitəsi ilə yaranır. Fenomonologiya metodu ilə mütləq bir idrak səviyyəsinə çatmağa səy edən məşhur Alman filosofu Edmund Husserl həyat dünyasının elmi tədqiqata müdaxilə etdiyini, bu dünyanın bizə verilmiş olduğunu və bizim özümüzü ancaq onun içində təcrübə və idrak edə bildiyimizi vurğulamışdır. Məhz Aida İmanquliyeva bu kontekstdə Livanın belə bir coğrafi məkanda, Şərqlə-Qərbin kəsişmə nöqtəsində yerləşməsini də intellektual mühitin yaranmasına səbəb olduğunu ifadə edir. İmanquliyeva bu sintez məsələsinə toxunaraq Əndəlisdə yaranan ədəbiyyatın Qərbi Avropa və Şərq arasında vasitəçilikdə rolunun böyük olduğunu vurğulayır: ”Ərəblərin mənimsədikləri antik, qədim şərq və ərəb-müsəlman ənənələri Əndəlis vasitəsilə Avropaya yayılırdı”.

Ümumiyyətlə, mədəniyyətlərarası dialoqun əsasını “mən” və “başqası” məfhumlarının münasibətləri təşkil edərək funksionallıq və mahiyyət baxımından həlledici rola malik olurlar. Belə ki, “mən”, hər hansı bir mədəniyyətin və ya sivilizasiyanın daxilində “başqa”larından fərqli düşünmə sistemləri ilə qarşılaşır. Nəticədə “mən`” sivilizasiyalararası əlaqədə həm qəbul etmə, həm də ayrılma mənasında özünü ancaq başqası və ya başqa sivilizasiya vasitəsi ilə müəyyən edir. Levinasın da qeyd etdiyi kimi: “ insanlığın mənbəyi bəlkə də Başqasıdır”.

Aida İmanquliyeva ədəbi-fəlsəfi ümumiləşdirmə nöqteyi nəzərindən Cübran Xəlil Cübran, Əmin ər-Reyhani və Mixail Nuayməni bu kontekstdə belə dəyərləndirir: “Onlara, əzəldən Şərq xalqlarının mədəniyyətinə xas olan ümumbəşəri və humanist ideallar əsasında öz doğma mədəniyyətlərində bu dəyərlərin təsdiq üçün müvafiq üsullar tapmaq asan idi. Eyni zamanda, heç vaxt unutmaq lazım deyil ki, bu yazıçıları öz vətəninin adət-ənənələrini və öz dilini qoruyub saxlayan mühacirlər mühiti əhatə edirdi. Buna görə də onlar iki mədəni ənənənin- həm Şərqin, həm də Qərbin mədəni əlaqələrinin daşıyıcıları oldular”.

Ümumiyyətlə isə, hermenevtik prosesin özünü dərk məfhumu ilə birbaşa əlaqəsi vardır və burada əsas ölçü nüfuz etmə xüsusiyyətinə malik olmaqdır. Başqa bir ifadə ilə, özünü dərk digər mədəniyyət ünsürləri ilə açıq və bölüşə bilən mahiyyətdə olmalıdır. Həyat tərzinin müxtəlifliyi və fərqli mədəniyyət formaları, özlərini yarada bilmə qabiliyyətlərinin şaquli və üfüqi səviyyədə var olmaları ilə səciyyələnir. Belə bir mədəniyyətdə özünü dərkin ən təsirli iki nümunəsi olaraq Böyük İsgəndərin siyasi hakimiyyəti altında yaranan mədəniyyətlər hövzəsi və İslam mədəniyyətinin Abbasi, Əndəlüs, Osmanlı və Hind hövzələrində meydana gələn dəyişik formalarını göstərmək mümkündür. Daha sonralar İslam mədəniyyətinin uzunmüddətli inteqrasiya prosesində İpək Yolu vasitəsilə iqtisadi və mədəni əlaqələr Buxaradan Qahirəyə, İstanbuldan Qrenadaya qədər əraziləri əhatə etmişdir. Bunun nəticəsində də fərqli şəhərləşmə modeli vasitəsi ilə meydana gələn həyat tərzləri, müştərək məfhumlar kateqoriyası və linqvistik vasitələr müxtəlif intellektual məktəblərin ortaya çıxmasına səbəb olmuşdur.

Mətnin mahiyyəti və hermenevtik dialoq

Müasir Qərb fəlsəfəsində və mədəniyyətində hermenevtik metodlarla mətnlərin və simvolların kəşf edilərək interpretasiya (şərh-təfsir) məsələsi öz aktuallığını mühafizə edir. Belə ki, məşhur fransız filosof və hermenevtik mütəxəssis Pol Rikora görə, bir mədəniyyəti şərh etmək və ya onun simvollarını yozmaq o mədəniyyəti müəyyən dərəcədə dəyişdirmək mənasına gəlir. Nəticədə bu şərh və yozumlar sayəsində “şərhlərin-yozumların toqquşması” (conflict of interpretations) məsələsi ortaya çıxır. Bu isə normaldır və ancaq hermenevtik metodologiya ilə izah oluna bilər. Rikor, şərhinə ehtiyac duyulan mətn və simvolların müəyyən xüsusiyyətlərə malik olduğunu vurğulayır. Belə ki, şərh və yozumlar sayəsində fərqli izahlar meydana gəlir. Məhz bu izah və açıqlamalar “çox mənalılıq” prinsipinə dayanılaraq anlaşılmalıdır. Bu şərh və ya mənaları anlayaraq qəbul edən hər hansı bir insan, eyni zamanda bunları öz dünyagörüşünə də tətbiq edir. Nəticədə, Rikora görə, hər bir hermenevtik fəaliyyətdə “başqasını” anlama üzərindən eyni zamanda insanın özünü anlama prosesi həyata keçirilir. Bu kontekstdə Aida xanım analitik tərzdə modern hermenevtik fəlsəfədə aktual bir problem olan yazıçı-oxucu əlaqəsinə toxunaraq mövzunu belə qiymətləndirir: “Ədəbiyyat yazıçı ilə oxucu arasında mənəvi vasitəçi olmalıdır. O, insan qəlbinin sirlərini və dərinliklərini öyrənməli, “söz hoqqabazlığı və şer dekoru sərgisinə” çevrilməməlidir”. İmanquliyevanın bu ifadələri eyni zamanda fəlsəfi hermenevtikada yazıçı və ya müəllifin niyyətini mətn vasitəsilə müəyyən etmə problematikasına da işarə edir. Nəticədə, bu fəlsəfi görüşə görə, hər hansı bir mətndə müəllifin niyyətini və məqsədini kəşf etmək fəlsəfi hermenevtikanın əsas hədəfidir.

Digər cəhətdən, şərqşünas alimimiz İmanquliyeva, ədəbiyyatın da sistemli şəkildə elmi meyarlarla tədqiq olunmasının vacibliyini ifadə edərək məhz ədəbiyyatın elmi mahiyyətini klassik şair-alim olan İbn Əbdi Rəbbihiyə istinad edərək izah etməkdədir: “İbn Əbd Rəbbihi şerə yeni, orijinal bir məzmun gətirmişdir. O, elmin bəzi mühüm əsaslarının daha anlaşılan və yadda qalan olması məqsədilə onları şerlə ifadə etmək təşəbbüsünü irəli sürmüşdür və poetik ölçülərin əsası və tarix elmi haqqında bir neçə rəcəz yazmışdır.

Ümumiyyətlə, ədəbiyyat və fəlsəfə əlaqəsinin əsasları qədim Yunan fəlsəfəsindən etibarən aktuallıq kəsb etməyə davam edir. Belə ki, qədim Yunan fəlsəfəsində varlığı və mətnləri anlamada iki fəlsəfi metod olmuşdur. Bunlardan birincisi rasional metoddur ki, burada bütün arqumentlər əqli-məntiqi tutarlılığa istinad edilərək əsaslandırılmaqdadır. İkinci metod isə `ezoterik-batini`, yəni hər bir işarənin və sözün arxasında daxili məzmun və ya gizli məna vardır. Bu düşüncə tərzi ilə hər şey başqa bir şeyin simvolu və ya işarəsidir. Nəticədə, sonsuz işarələr sistemi içərisində mənalar mövcuddur. Məhz bu kontekstdə İmanquliyeva, romantik fəlsəfi əsaslara istinad edən ədəbi stildə yazmanın mahiyyətini dolğun şəkildə öz yaradıcılığında təsvir və təhlil edərək mövzunu belə qiymətləndirir: “Romantiklərin yaradıcılığında həmişə olan digər ən mühüm cizgilər şəxsiyyətin və cəmiyyətin qarşılıqlı əlaqəsi, böyük keçmişin kiçik bu günə qarşı qoyulması, ideal və gerçəklik arasındakı uyğunsuzluqdur. Bərqarar olan ictimai münasibətlərə qarşı üsyankar etiraz, subyektivizm və pessimizmin əhval ruhiyyəsi, tövbəkarlığa və peyğəmbərliyə meyl, didaktizm elementləri və həmişə yüksək olan emosional hal-qəzəb, inkar, sevinc, təsdiq, məhəbbət və nifrət, mərhəmət də romantizmə xasdır”.

Məhz qeyd olunan arqumentlər çərçivəsində qeyd edə bilərik ki, həm fəlsəfədə həm də ədəbiyyatda mətnlər vasitəsilə dünya görüşləri rasional və məcazi dil vasitəsilə ifadə edilməkdədir. Təsadüfi deyildir ki, bu mənada məşhur Alman filosofu Martin Haydegger dili “varlığın evi” adlandırmaqdadır. Yəni varlıq (mövcudat) və var olma sözlər vasitəsilə dildə “dilə gələrək” rasional təfəkkür səviyyəsindən ikinci kateqoriyaya, lüğəvi həqiqət kateqoriyasına daxil olur. Nəticədə, Aida xanımın da ifadə etdiyi kimi, müxtəlif xalq və millətlər arasında ədəbiyyat sayəsində çoxçalarlı fəlsəfi-ədəbi inteqrasiyalar reallaşır: “Ədəbi əlaqələrin tarixi xalqların tarixi ilə qırılmaz surətdə bağlıdır. Dünya xalqları ədəbiyyatı arasındakı əlaqələrin tədqiqi göstərir ki, ayrı-ayrı ədəbiyyatların meydana gəldiyi dövrdən onların arasında müxtəlif əlaqə faktları mövcud olmuşdur. Şifahi ədəbiyyatda, xüsusilə Şərq xalqları folklorunda ədəbi əlaqələrin dərin iz buraxması onların tarixən çox qədim kökləri, qaynaqları olduğunu sübut edir”.

Yekun olaraq qeyd etməliyəm ki, Aida İmanquliyevanın yaradıcılığı həm fəlsəfi, həm də ədəbi mətnlərin anlaşılması və şərh olunmasında müasir dövrdə genişcə tətbiq olunan hermenevtik tezis və təhlillər ilə zəngindir. Məhz Aida xanımın əsərlərində hermenevtik metod vasitəsi ilə ixtisaslararası (interdissiplinar) əlaqələrin ən aktual nümunələrinə rast gəlmək mümkündür. Nəticədə, İmanquliyevanın bütün yaradıcılığı ekzistensial olaraq varlığı, mətnləri və ümumiyyətlə, ədəbi əsərləri anlayaraq öz həyat anlayışımızı və mənəvi dünyamızı zənginləşdirməmizdə böyük əhəmiyyət kəsb edir və edəcəkdir.

Rəşad İlyasov, fəlsəfə doktoru

Oxşar xəbərlər

Xəbər lenti

DAHA ÇOX XƏBƏR