• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Ölkəsindən qaçırılan “Kiçik Herakl”- Prezident onun üçün 1 milyon dollarından keçdi - FOTOLAR

  • Digər
  • 15 Fevral 2014 12:14
  • 4 862 Baxış
Ölkəsindən qaçırılan “Kiçik Herakl”- Prezident onun üçün 1 milyon dollarından keçdi - FOTOLAR

Naim Süleymanoğlu 23 Yanvar 1967-ci ildə Bolqarıstanın Mestanlı Diyarında dünyaya gəlib. Ağır atletikada nüfuzuna görə, dünyanın gəlmiş-getmiş ən yaxşı ağır atletidir. O, 9 yaşından ağır atletika ilə məşğul olmağa başlayıb. Qazandığı qələbələrlə hər kəsi özünə heyran qoyub.

Publika.Az-ın “II taym” layihəsi çərçivəsində bu dəfə “Kiçik Herakl” ləqəbi ilə tanınan Naim Süleymanoğlu haqqında məlumat verəcəyik.

Karyerası ərzində üç Olimpiya qızıl medalı, yeddi dünya çempionluğu və altı Avropa çempionluğu yaşayıb. 46 dəfə dünya rekordu qırıb.

Onun, ən sevimli məşğuliyyəti stolüstü tennisdir.

Karyerada ilk addımlar - Rekord üstünə rekord

1984-cü ildə (16 yaşında ikən) təkanla qaldırmada çəkisinin 3 qatını qaldıran ikinci ağır atlet kimi tarixə düşüb.

16 yaşında rekord qıraraq yenə çempion olur. Beləliklə, ağır atletika tarixində ən gənc dünya rekordçusu ünvanını qazanır.

1983 - 1986 -cı illərdə gənclərdə 13, böyüklərdə 50 olmaqla tam 63 dəfə rekord qıraraq Dünya və Avropa çempionatlarında 52, 56 və 60 kq çəki dərəcələrində çempionluqlar yaşadı.

İlin ən güclü atleti

O 3 il arxa-arxaya - 1984, 1985 və 1986-cı illərdə Dünya üzrə ilin ən güclü ağır atleti seçilib.

Olimpiadanın boykot edilməsi karyerasına təsir etdi

1984-cü ildə Los Anceles Olimpiadasını SSRİ ilə birlikdə Bolqarıstanın da boykot etməsi səbəbilə Naim Süleymanoğu orada iştirak edə bilmədi.

Türkiyəyə mühacirət etdi

Bolqarıstandakı təzyiqlərdən xilas olmaq və Türkiyə adına turnirlərə qatılmaq üçün 1986-cı ildə Melburnda təşkil olunan dünya çempionatında Türkiyə səfirliyinə sığındı. Onun Türkiyəyə gətirilməsində şəxsən Turqut Özalın əli var.

“Naim Süleymanovu qaçırdılar”

Türkiyə Ağır Atletika Federasiyasının vitse-prezidenti Halil Kılıçoğlu Naim Süleymanoğlu barədə xatirələrində idmançının Türkiyəyə gətirilməsindən sonra yaranan vəziyyətdən danışıb.

“Bolqar rəsmiləri “Naim qaçırıldı” deyərək, Avropa Ağır Atletika Federasiyasına şikayət edir. Buna görə, Avropa Ağır Atletika Federasiyası Afinada məhkəmə qurmuşdu. Biz də məhkəmədə Naimin türk olduğunu və öz istəyi ilə gəldiyini bildirdik. Naimin 1988-ci il Seul Olimpiadasında iştirak lisenziyasının ən böyük mərhələsini keçdik. Daha sonra da rəhmətlik Özalın verdiyi 1 milyon dollara da Naimin lisenziyasını aldıq”.

Mətbuatda yayılan xəbərlərə görə, mərhum prezident T.Özal bir dəfə naim haqqında danışarkən "Biz Amerikada bir şirkətə Türkiyənin təqdimatı üçün ildə 70 milyon dollar pul ödəyirik. Naimin etdiyi reklamı bu pulla edə bilərsinizmi?”- deyə, bildirib.

Türkiyə vətəndaşlığı alan idmançı adını dəyişdirdi

O dövrdə Bolqar hökumətinin türk adlarını qadağan etməsi səbəbi ilə adı Naum Şalamanov kimi tanınırdı. Lakin Türkiyəyə gəldikdən sonra adını və soyadını dəyişərək Naim Süleymanoğlu etdi.

Türkiyə adına qazanılan qələbələr

Türkiyənin şərəfini qoruduğu dövrlərdə bir çox qələbələrə imza atdı.1988-ci ildə Avropa Çempionatında Türkiyəni təmsil etdi və üç qızıl medal qazandı. Bununla yanaşı, 60 kq çəki dərəcəsində 200 kq qaldıraraq dünya rekordu qırdı.

Olimpiadalarda Süleymanoğlu birdən qaldırmada müvafiq olaraq 145, 150.5, 152.5 kq, təkanla qaldırmada 175, 188.5, 190 kq, ümumilikdə isə 320, 339, 342.5 kq-ın öhdəsindən gələrək 6 dünya, 9 olimpiya rekordu qırdı. Bununla da möhtəşəm zəfər əldə etdi. Beləliklə, Türkiyəyə olimpiadalar tarixində güləşdən sonra ilk qızıl medal qazandıran idmançı oldu. 1992-ci il Barselona Olimpiadasında rəqibləri üzərində əzici üstünlük əldə edərək, qızıl medalı çox rahat şəkildə qazanmışdı. Həmin il Beynəlxalq Ağır Atletika Mətbuat Komissiyası tərəfindən “Dünyanın Ən Yaxşı İdmançısı” seçildi. 1993-cü ildə keçirilən Dünya Çempionatında isə 3 qızıl medal qazanaraq növbəti dəfə dünya rekorduna imza atıb.1994-cü ildə Bolqarıstanda keçirilən Avropa Çempionatında yalnız üç qaldırış edərək 3 dünya rekorduna sahib oldu. İstanbulda keçirilən Dünya Çempionatında ilk dəfə Türk izləyicisi qarşısına çıxıb. Zədəli olmasına baxmayaraq 3 dünya rekordu qıraraq üç qızıl medal qazanıb. 1995-ci il Avropa Çempionatında yenə zədəli olmasına baxmayaraq 1 qızıl, 2 gümüş medal qazanaraq Türkiyənin ümumi komanda hesabında birinci olmasında böyük rol oynayıb.

Çində təşkil olunmuş dünya çempionatında zədəsi davam edirdi və buna baxmayaraq 3 qızıl medal qazanmağı bacarıb. 1996-cı il Atlanta Olimpiadasında 64 kiloda 4 dünya rekordu qıraraq 3-cü dəfə Olimpiadalarda medal qazanmış idmançı kimi tarixə düşüb.

Möhtəşəm uğurlardan sonra gülünc məğlubiyyət

2000-ci il Sidney Olimpiadasında isə 33 yaşında olması və zədəsi səbəbi ilə 3 cəhddən heç birini reallaşdıra bilmir və Olimpiadada uğursuzluq yaşayır. Bu uğursuzluq mətbuatda “gülünc məğlubiyyət” kimi xarakterizə edildi.

Beynəlxalq Ağır Atletika Federasiyasının vitse-prezidenti seçildi

Naim Süleymanoğlu Beynəlxalq Ağır Atletika Federasiyasının 2000-ci ildə Afinada keçirilən konqresində vitse-prezident postuna seçildi. Lakin idmançı bu vəzifədə çox qala bilmədi. Bu vəzifədən ayrıldıqdan sonra nizamsız həyat yaşaması səbəbiylə xeyli artıq çəki aldı. Çəkisi 85 kq-a qədər qalxmışdı. Bu çəki də onun üçün həddindən çox idi.

İdmançının içki hərisliyi

Rekordları alt-üst edən Naim, 2009-cu ildə İzmirdə bir barın qapısı önündə yatarkən görüntülənmişdi. Bu da onu sevənlər tərəfindən nifrətlə qarşılanmışdı. Bununla bağlı Türkiyə Ağır Atletika Federasiyasının keçmiş vitse-prezidenti Halil Kılıçoğlu belə deyib:

“Bir səhər qəzeti açaraq, oxuyuram, “Rekordları alt-üst edən Naim, İzmirdə bir barın qapısı önündə yatarkən görüntülənib”. Əslində mən də daxil olmaqla, ona əməyi keçən hər kəs bunlara üzüldük. Onu bu vəziyyətə, dost çevrəsi salıb”.

Onun içki düşkünlüyü sonradan səhhətində də müəyyən problemlər yaratdı. Belə ki, vəziyyətinin pisləşməsi ilə xəstəxanaya qaldırılır, bir müddət komada qalır.

Naimin Süleymanoğulu, Hafiz Süleymanoğlu və Halil Mutlu

Naim Süleymanoğlu onunla eyni vaxtda parlayan Halil Mutlu ilə əsla rəqib olmayıb. Bu üzdən jurnalistlər onları şahmat taxtası arxasında rəqib ediblər. Hər ikisi şahmatı yaxşı bacarıb.

Ancaq Azərbaycandan Türkiyəyə gedib məşhurlaşan Hafiz Süleymanoğlu Naim Süleymanoğlunun ən güclü rəqiblərindən olub.

“Milliyet”in 24.01.1990 tarixli arxivindən

Hafiz Süleymanoğlu 5 dünya rekordu qırdıqdan sonra iki güclü atlet arasında böyük rəqabət başladı.

Hafiz Süleymanoğlu Naim Süleymanoğlu ilə bağlı “Mən Türkəm, sözümü tutaram. 60 kq-a çıxıb Naimin rekordlarını əlindən alacam”-demişdi.

Naim isə ona meydan oxuyan Hafizə “Onun Konyadakı dərəcələrinə görə sevindim. Ancaq 60 kq-da yarışa bilməz. Rekordumu isə qıra bilməz. Bu imkansız. Müsabiqə tam fərqlidir. Həmçinin, mənim psixologiyam da ondan fərqlidir“- deyə cavab vermişdi.

Qazandıqlarını necə itirdi?

Karyerası boyunca əldə etdiyi varidatının hamısını əldən çıxardı. Mətbuatda yazılanlara görə, İstanbulda 13 ev, Ankarada 1 ev, Boğazda bir ev, Emlakbankdan verilən 2 bağ evi, 8 avtomobil, 20 min Cümhuriyyət qızılı, İş Bankından verilən 342 Cümhuriyyət qızılı, Antalyada çox sayda torpaq sahəsini qısa müddətdə itirdi.

Aygün İlqarqızı

Oxşar xəbərlər

Xəbər lenti

DAHA ÇOX XƏBƏR