Ölümlə üz-üzə qalan aktrisa: “Səbətdə üç ilan gətirmişdilər”
Bizi izləyin

Digər

Ölümlə üz-üzə qalan aktrisa: “Səbətdə üç ilan gətirmişdilər”

Publika.az-ın “Ulduzlu axşam” layihəsində bu dəfə həmsöhbətim Gənc Tamaşaçılar Teatrının yaşılgözlü, cazibədar aktrisası Nübar Novruzovadır.

Onunla uzun illər fəaliyyət göstərdiyi teatrda görüşdük. Əvvəlcə aktrisanın iştirakı ilə təqdim olunan “Ağ ölüm” tamaşasına baxdım, söhbətimizə isə qrim otağında başladıq…

Onu da deyim ki, bir vaxtlar onu Hollivud ulduzu Ornella Müti ilə dəyişik salırdılar.

- Nübar xanım, sizi “Şöhrət və ya unudulan adam” tamaşasından tanıyıb sevmişəm... Bu, sizin teatrda ilk rolunuz idi?

- Yox, ondan əvvəl mənim ən uğurlu rolum rejissor Tariyel Vəliyevin quruluşunda hazırlanan “Geriyə yol yoxdur” tamaşası olub. Orada Kamal Xudaverdiyev mənim atamı oynayırdı və çox qəribədir ki, həmin tamaşada da mən bədbəxt qadın obrazında idim. Anam məni atıb getmişdi. Qılman İlkinin əsəri əsasında hazırlanan bu tamaşa böyük uğur qazandı. Ardınca “Bir ailədə” adlı tamaşada oynadım və yenə də tamaşa uğur qazandı. Xalq artisti Səməndər Rzayev məni öpüb dedi: “Azərbaycan səhnəsinə yeni bir istedad gəlib”. Bundan əvvəl isə mənim haqqımda ən gözəl sözləri Həsən Seyidbəyli, Mehdi Məmmədov, Tofiq Kazımov kimi teatr xadimləri, görkəmli rejissorlar söyləmişdi. Kurs rəhbərimiz Zəminə Hacıyevanın hazırladığı diplom tamaşasında Şekspirin “Qış nağılı” tamaşasında oynadım və adını çəkdiyim o nəhəng rejissorlar haqqımda yüksək fikirlər səsləndirdilər. Onu da qeyd edim ki, Rza Təhmasib və Ədil İsgəndərovun kursunda oxuyurdum. Onlar dünyalarını dəyişdikdən sonra kurs rəhbərimiz Zəminə Hacıyeva oldu.

- Bildiyim qədəri ilə, aktrisa kimi fəaliyyətinizə ilk olaraq televiziyadan başlamısınız…

- Bəli, mən onda tələbə idim və televiziya tamaşalarında oynayırdım. Televiziyada işə başlayanda da ilk xoş sözü Nahid Hacıyevdən eşitdim. Nahid müəllimin mənim üçün yazdığı bir tamaşada oynadım, obrazın adı da elə adı da Nübar idi, mənə ithaf etmişdi. Nahid Hacıyev haqqımda o qədər gözəl fikirlər söylədi ki, az qala sevincimdən uçacaqdım.

- Bəs necə oldu ki, televiziyadan teatra qayıtdınız?

- Günlərin bir günü görkəmli aktyorumuz Yusif Vəliyev televiziyada məni gördü və Gənc Tamaşaçılar Teatrına apardı. Dedi ki, səhnəyə yeni bir istedad gətirmişəm. Ağakişi Kazımov, Azərpaşa Nemətov, Müharib Tağıyev mənə baş rollar verdilər.

- Yəqin, gözəlliyinizin də rolu olub ki, hər zaman sizə baş rollar veriblər?

- Desəm ki, gözəl olmuşam, bu, düzgün olmaz, mənim haqqımda başqaları nəsə deyə bilər. Şəkillərimi göstərə bilərəm. 1981-ci ildə Leninqradda keçirilən gözəllik fotomüsabiqəsinin qalibi olmuşam.

- Maraqlıdır, o dövrdə necə oldu ki, belə bir beynəlxalq müsabiqəyə qatıldınız?

- Bir tədbirdəydim, məni teatrın keçmiş direktoru çağırıb dedi ki, bəs sənədlərini hazırla, Leninqraddakı gözəllik fotomüsabiqəsinə qatılırsan. Mən də etiraz etmədim. Həmin müsabiqədə birinci yerə layiq görüldüm. O yarışmaya bütün ölkələrdən qızlar qatılmışdı.

- Münsiflərin diqqətini ən çox nəylə çəkdiniz və hansı kriteriyalarınıza görə o qədər qızın arasında fərqləndiniz?

- Sizə bir söz deyim də, o vaxtlar indiki kimi gonbul deyildim. Dərzilər mənim bədən ölçülərimi götürəndə təəccüblənir və deyirdilər ki, sənin ideal ölçülərin var. Belim bax bu boydaydı (əliylə göstərir - C.S). Bircə problemim vardı: boyumun balacalığı. Amma boyuma görə də bədən ölçülərim vardı. İndi o günlərin həsrətini çəkirəm. Bizim qrimçimiz vardı, Sara xala, otağında bir mənim şəklimi vurmuşdu, bir də Ornella Mutinin. Mən onun otağına girəndə o şəkilləri dəyişik salırdım. Bilmirdim ki, hansı mənəm. İlk dəfə elə bildim ki, Ornellanın da şəkli mənim hansısa tamaşadan çəkilən şəklimdir. Özündən soruşdum ki, Sara xala, bu, hansı tamaşadan çəkilən fotodur? Qayıtdı ki, bu, Ornella Mutidir, səni bu aktrisaya bənzədirəm. Bilmirəm, gəncliyimə görə idi, ya gözəlliyimə, sənətimə görə, nədənsə məni çox istəyirdilər. O müsabiqədən sonra məni çox gözəllik müsabiqələrinə dəvət etdilər, amma getmədim.

- Maraqlıdır, uşaqlıqdan aktrisa olmaq arzusunda idiniz?

- Yox, heç ailəmiz də mənim aktrisa olmağımı istəmirdi. Naxçıvanda orta məktəbdə oxuyanda məni Naxçıvan Televiziyasında kiçik bir filmə çəkmişdilər. Xırda bir rol idi, ağacların arasında ağ paltarda gəzib-dolanırdım. O filmdən sonra müəllimlərim dedilər ki, səndən gözəl aktrisa olar. Həmin vaxt musiqi məktəbinə gedirdim - fortepiano sinfinə. Atam mənim musiqiçi olmağımı arzulayırdı. Anam da kənd qadını idi, o da mənim ali təhsil almağımı istəyirdi. Özümsə hüqüqşünas olmaq arzusunda idim. Elə müəllimlərimin istəyi ilə sənədlərimi İncəsənət İnstitutuna verdim və qəbul da olundum. Heç yadımdan çıxmaz, mən imtahana girəndə müəllimlər baxıb gülürdülər, mənsə özümü itirmişdim ki, görəsən nəyə gülürlər. Gah əlimlə paltarımı düzəldirdim, gah da saçımı. Sən demə, məndən xoşları gəldiyi üçün gülürlərmiş. Müəllim sarıdan bəxtim çox gətirib. İnstitutda da oxuyanda həmişə baş rolları mənə verirdilər.

- Bəs sizə olan diqqət, qayğı, etimad ətrafınızda qısqanclıq, paxıllıq hissi oyatmırdı?

- Əslində, o zaman belə şeylərin fərqinə varmırdım. Yaşa dolandan sonra fikir verməyə başladım.

- Hər halda, paxıllıq hissi olsaydı, sizə baş rollarda oynamağa imkan verməzdilər...

- Yox, mənə paxıllıq həmişə olub. Bunu hər zaman hiss etmişəm. Balıqlar bürcündə doğulduğum üçün hissiyyatlı insanam. Ətrafımda baş verənləri hiss eləmişəm. Sadəcə, dedi-qoduya, paxıllığa fikir verməmişəm. Fikir versəydim, artıq bu dedi-qodu böyüyəcəkdi, enerji itirəcəkdim və başım səhnəyə deyil, belə mənasız söz-söhbətlərə qarışacaqdı.

- Bu paxıllığın əziyyətini çəkdinizmi?

- Maraqlıdır ki, kimlərsə mənə badalaq vurmaq istəyəndə güclü olurdum. Badalaq hiss etməyəndə düşünürdüm ki, yəqin ölmüşəm və heç kimə lazım deyiləm. Həmişə beləyəm. Badalaq hiss etməyəndə oturub depressiyaya düşürdüm ki, yəqin, lazımsız aktrisayam.

- Yəqin, bütün bunlar o vaxtlar olub, indi belə deyil…

- Niyə elə düşünürsən? Yəni demək istəyirsən ki, indi heç kimə lazım deyiləm? Bu gün də paxıllığı hiss edirəm.

- Məni düzgün başa düşmədiniz. Demək istəyirəm ki, siz bu gün sözünü deyən, sevilən, tanınan bir aktrisasınız, heç kim sizə güc gələ bilməz...

- Analıq məzuniyyətindən qayıdıb səhnəyə gələndə çoxları üzümə dedi ki, niyə gəlmisən? Onda 45-46 yaşım vardı. Bax, otaq yoldaşım, bu gənc aktrisa Təhminə xanım onda israr etdi ki, Nübar Novruzova əvvəlki otağında oturmalıdır. Heç mənim köhnə iş yoldaşlarım, dostluq etdiyim aktrisalar bu sözü demədilər. Bu xanım məni öz stulunda oturdub, yer verdi, dedi ki, biz səni görüb sənətə gəlmişik. Demək istəyirəm ki, gənc aktyor və aktrisaların mənə olan sevgisindən ruhlanıram. Onların üzündə özümə qarşı təbəssüm görəndə sevinirəm. Onlar məni yaşadır.

- Çoxlarının xəyal etdiyi, amma oynaya bilmədiyi Kleopatra rolunda çıxış etmək də qismətiniz olub. Bəlkə, bu tamaşadan danışaq?..

- Mən o tamaşada canlı ilanla oynamışam. Rejissor Ramiz Mirzəyev məni həmin tamaşaya dəvət etdi. O vaxt rejissor Rövşən Almuradlının çəkdiyi “46 bənövşə” tamaşasına dəvət almışdım. Ramiz müəllimə dedim ki, “46 bənövşə” tamaşasına dəvət almışam, orada oynayacağam. O dedi ki, sən hər zaman o tamaşada oynaya bilərsən, amma Kleopatranı hər zaman oynaya bilməzsən. Razılıq verdim. Çəkiliş zamanı səbətdə üç ilan gətirdilər. Ay aman!!! Kənd qızı olmağıma, at çapmağıma baxmayaraq, ilandan həmişə qorxmuşam. Bəxtimdən də heç ilanla rastlaşmamışdım da. İlanları görən kimi məni əsmə tutdu, özümü itirdim. Tərəf müqabilim gəlib iki kəlmə söz deyəndən sonra, qəfildən özümü Kleopatra kimi hiss etməyə başladım. Necə rolun təsirinə düşdümsə, əlimi atıb ilanı götürdüm, qoydum sinəmə. Çəkiliş heyətinə dedim ki, başlayın, mən oynamağa hazıram.

- Bəs qorxmadınız?

- Yox, rolda olanda özümü unutmuşdum. Həm də ilanın zəhərini çıxarmışdılar.

- Yeri gəlmişkən, səhnədə başınıza gələn ekstrim vəziyyətlər çox olub? Bəlkə, bir-iki hadisəni bölüşəsiniz?

- Danışım də... Elçinin “Qar qız” tamaşası göstərilirdi. Mən də Qar qızı oynayırdım. Küləyi də bir aktyorumuz oynayırdı. Səhnədə Külək rolunu oynayan aktyor məni qəfildən götürüb aparmalıydı. Amma elə oldu ki, o aktyor məni götürüb qəfildən fırladıb, səhnəyə atdı. Mən işıqların üstünə düşüb, oradan da salona düşdüm. Onda binamız yox idi, bu tamaşanı o zamankı 26-lar adına mədəniyyət sarayında oynayırdıq.

- Bəs zədələnmədiniz?

- Əzildim, amma durub oyunuma davam etdim. Heç kimə ağrımı hiss etdirmədim. Ağır zədə də ala bilərdim, belim sına bilərdi, Allah qorudu.

- Aktyor bunu bilmədən etmişdi, yoxsa qəsdən?

- Bir aktrisanın istəyi ilə etmişdi. Bu barədə danışmaq istəmirəm. O vaxt dedim axı, aktrisalar arasında səhnəarxası qalmaqallar yaşanırdı. Bayaq paxıllıqdan danışırdıq, bax o paxıllığın bariz nümunəsiydi.

- Tamaşaçı bunu hiss etdi?

- Yox.

- Maraqdan öldüm, kim idi o aktyor, o aktrisa?

- Yox, adlarını çəkməyəcəyəm, çünki ikisi də rəhmətə gedib.

- Bəlkə, bir maraqlı hadisə də danışasınız…

- “Qəzəlxan” filminin çəkilişi zamanı atdan enəndə ayağım sürüşdü, halım pis oldu. Buz tapıb gətirdilər, ayağıma qoydular, ağrını hiss eləmədən oyuna davam elədim. “Duel” tamaşasının çəkilişləri zamanı da başıma iş gəlib. Dənizdə çəkiliş zamanı kamera suya düşdü, çəkilişi yarımçıq qoyub, Bakıya qayıtdıq... Bir hadisəni də xatırladım. Yuli Qusman bu yaxınlarda “Qorxma, mən səninləyəm” filminin ikinci hissəsini çəkirdi. Orada at arabası ilə dağdan aşağı enirdik. Necə oldusa, at götürüldü və araba üzüaşağı sürətlə getməyə başladı. Dərədən aşağı yuvarlanacaqdıq, yaradıcı heyət qaça-qaça gəlib, atı güclə sakitləşdirdi. Onda çox qorxduq, Allah bizi saxladı. Yuli Qusman da çox qorxmuşdu. O, zarafatla dedi ki, siz neyləyirsiniz, indi bütün mətbuat yazacaq: “Nubar Novruzova çəkiliş meydançasında intihar etdi”. Belə maraqlı hadisələr çox olub.

- Arzuladığınız, amma oynamadığınız elə bir rol varmı?

- Bəli. “Süküt divarı” adlı bir tamaşa var, həmişə o tamaşada oynamaq istəmişəm. Onda cavan qız idim, Naxçıvan Teatrı bu tamaşanı Bakıda Aktyorlar Evində göstərmişdi. Əsas rolda da Xalq artisti Zemfira Əliyeva oynayırdı. Mən bu tamaşanı həm Naxçıvanda, həm də Bakıda görmüşdüm. 19 yaşım vardı və düşündüm ki, kaş müəyyən yaşa çataydım, bu ana rolunu oynayaydım. Artıq o yaşa çatdım, amma o tamaşanı teatrdan yox elədilər. Arzuladığım və möhür vura biləcəyim rollar çox olub, amma mənə verməyiblər. Mən həmin dövrdə qastrollara da çox getmişəm və demək olar ki, teatrın yükünü çiynimdə daşımışam. Qastrollar üçün başqa tamaşalar hazırlanırdı – yığcam, fərqli. Mənim oynamaq arzusunda olduğum tamaşalar isə teatrın tamaşaçıları üçün hazırlanırdı. Qastrollara gedib plan doldurmaq və teatrı saxlamaq lazım idi. Buna görə çox arzuladığım rolları itirdim, oynaya bilmədim.

- Bəlkə, o rolların adlarını çəkəsiniz?

- Nə mənası var? Artıq qatar gedib.

- Qastrol zamanı başınıza maraqlı hadisələr gəlib heç?

- Əlbəttə. Onda insanlar da çox mehriban idi, bizim kimi sənət adamlarına böyük dəyər verirdilər. Bir dəfə Lənkəranda “Ana laylası” tamaşasını oynayırdıq. Bir də gördüm, zalın ortasında hamı əlində qəzet yelləyir. Heç nə başa düşmədim. Tamaşa qurtarandan sonra hamısı o qəzetlərlə gəlib məndən avtoqraf aldılar. Onda başa düşdüm ki, “Kommunist” qəzetində haqqımda məqalə çıxıb. Onda da indiki kimi deyildi, “Kommunist” qəzetində hər adam haqqında məqalə yazmırdılar. Mənə həmin gün bir səbət fransız ətri gətirmişdilər. Bir-ikisini qrimçilərə verdim. Qalanını da evə apardım. Onda yadımdadır ki, Gülşən Qurbanova, Xuraman Hacıyeva, Solmaz Qurbanova da yanıma gəldi ki, görüm bu qız avtoqrafa nə yazır. Yazırdım ki, həyatda ümidlə yaşa. Onda cavan qız idim. Onlar mənim bu avtoqrafıma baxıb gülürdülər. Amma illər keçəndən sonra, həmin aktrisalar artıq yaşa dolmuşdular və mənim yazdığım sözləri avtoqraf kimi sevənlərinə yazırdılar. Mənə dedilər ki, ay qızım, sən o vaxt gənc olsan da, uzaqgörənsənmiş.

- Bu sənətə gəldiyinizə görə peşman deyilsiniz ki?

- Bəzi məqamlarda peşmançılıq çəkdim. Çəkdiyim əziyyətlərin dəyərini görmədim. Sağ olsun, dövlətimizi, Prezident Mükafatı alıram. O da olmasa, balamı necə böyüdərəm? Amma insanların mənə olan sevgisini görəndə peşmanlıq hissim yoxa çıxır. İnsanların mənə olan alqışı məni yaşadır. Özümü o an xoşbəxt sayıram. Elə bilirəm ki, bir gözəl quşam, səmalarda uçuram. Mən uşaq kimiyəm, hər şeydən tez inciyirəm, tez də barışıram. Əslində, insan həyatda əziyyətlər də çəkməlidir, axı o, robot deyil.

- Sizə ən əziz olan rolunuz hansıdır?

- Hamısı mənə əzizdir, fərq qoymuram. Çünki o rolları ürəkdən oynamışam. Hamısı övladım kimidir.

- Yeri gəlmişkən, bir qızınız var, Allah saxlasın, onun da aktrisa olmasını istərdinizmi?

- Yox, istəmirəm, çünki bu sənət çətin, əziyyətli sənətdir. Qızım özü də istəmir.

- Maraqlıdır, necə anasınız, sərt, yoxsa, göründüyünüz kimi mehriban, həlim?

- Sərt anayam. Hətta qızım mənə hərdən deyir ki, məni tərifləmirsən, xoş söz demirsən. Düz deyir, qızıma xoş söz deməkdə xəsislik edirəm, çünki istəmirəm arxayınlaşsın. Bu yaxınlarda onun təhsil aldığı məktəbə getmişdim, hamı onu tərifləyirdi. Deyirlər, çox ağıllı qızın var... Yəqin ki, seçimini özü edəcək. Qızım özü də deyir ki, ana, mən çapalaya-çapalaya da olsa, uğura özüm nail olmaq istəyirəm. Eynən mənim kimi. Mən də arzularıma çapalaya-çapalaya nail olmuşam.

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm