• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

Vətəni sevməyin ustası – bir qəhrəmanın anatomiyası

  • Digər
  • 3 Fevral 2015 17:10
  • 761 Baxış
Vətəni sevməyin ustası – bir qəhrəmanın anatomiyası

Bəzi insanlar içlərində bəslədikləri Vətən sevgisi sayəsində özlərində qeyri-adi güc hiss edir və fiziki baxımından özündən daha güclü rəqibi məhv etməyə qadir olurlar. Bu, qəhrəmanlıq hissini duymaq və onu qabarıq şəkildə büruzə verməkdən asılıdır. Tarixdə bu cür nadir hadisələr olub və yəqin ki, olacaq.

Azərbaycan ordusunun əsgərlərindən biri – Mübariz İbrahimov da cəsurluq hissini Vətən sevgisiylə birləşdirərək böyük qəhrəmanlığa imza atıb, xalqımızın qəlbində taxt qurub və eləcə də yaddaşlarda gələcək nəsillərə nümunə olacaq parlaq bir iz buraxıb.

Mən Mübariz İbrahimovun qəhrəmanlığını günümüzü doldurmuş şou-əyləncə xəbərlərinin bol(z)luğunda vətənpərvərliyin ölmədiyini, əbədi-əzəli gen yaddaşımızın oyanması və özünü təsdiqi kimi dəyərləndirirəm. O, əsgəri borcunu şəhidlik zirvəsi ilə tamamlayaraq, hamımızın korşalmış yaddaşını silkələdi, boğazdan yuxarı, umacaqlı urapatriotluğa gerçək hərəkəti ilə zərbə vurdu. Bundan sonra cəmiyyətin, gələcək nəslin yaddaşının dirçəldiyi qənaətindəyəm.

Türkiyədə vaxtilə Milli Təhlükəsizlik qurumunda işləyən Yavuz Cemal bir şəxs olub. Hər kəs onun çox igid və cəsur adam olduğunu deyirmiş. Bir gün onun silahdaşları çox çirkin bir əmələ əl atırlar. Təşkilata yalandan Yavuz Cemalın xain birisi olduğunu bildirir və onun öldürülməsini tələb edirlər. Edam günü Yavuz Cemalın silahdaşlarından biri əsgərlərə güllələmə əmri verir. Ancaq əsgərlər komandirlərinə böyük hörmət bəslədiklərindən, tətiyi çəkmirlər. Əmr yenə təkrar olunur: “Əsgər, atəş!”. Əsgərlər isə əllərini belə tərpətmirlər. Sonda Yavuz Cemal əsgərləri səsləyir: “Əsgər, hazır ol!”. Nə edəcəyini bilmədən təəccüb içində çaş-baş qalan əsgərlər bu səsi eşidən kimi nişan alma vəziyyətini alırlar. Yavuz Cemalın əmri onları “ayıldır”. Yavuz Cemal əsgərlərin hazır vəziyyətdə olduqlarını görüb gülümsəyə-gülümsəyə öz ölümünə fərman verir: “Atəş!!!”.

Vətən sevgisi bütün sevgilərin fövqündə dayanır. Qurban Səidin “Əli və Nino” əsərində deyilir: “Kişi Vətəni və müharibəni sevər”. Mübariz İbrahimov ölümün gözünün içinə dik baxmaqla Yavuz Cemalı xatırladır. Ölümü heçə saymaq və onun gəlişini gülə-gülə qarşılamaq qəhrəmanlığın ən böyük nümunəsidir.

Bilmirəm, nə dərəcədə düzgündür, ancaq mənə elə gəlir ki, Vətən insanın darıxdığı yerdən, bir əsgərin anasına yazdığı məktubundan başlayır. Mübariz İbrahimov ölümü ilə anasına yazılmayan bir məktub yolladı: “Ana cənnətdə qovuşarıq…Vətən üçün ölümü seçdim”.

Artıq onun darıxdığı yer yoxdur, amma onun üçün darıxanlar çoxdur. Bundan sonra Mübariz İbrahimovu məzarlıqda yox, insanlarımızın ürəklərində axtarmaq lazımdır. Çünki əsl vicdanlı qərarı elə məhz ürəklər verir.

Mübariz İbrahimovun simasında bütün qəhrəmanlarımıza Allahdan rəhmət diləyirəm!

Qəbrin nurla dolsun, Vətən sevməyin ustası!

Oxşar xəbərlər

Xəbər lenti

DAHA ÇOX XƏBƏR